Moldova öz gələcəyini Avropada görür

post-img

Kişineu Moskvanın MDB “çətirindən” çıxmaqda israrlıdır

Rusiya-Ukrayna müharibəsindən sonra bir çox postsovet ölkəsi Moskvaya qarşı münasibətini köklü şəkildə dəyişib. Kreml tərəfindən Ukraynaya qarşı aparılan hərbi təcavüzü ədalətsiz və təhlükəli hesab edən bəzi dövlətlər SSRİ-nin varisi ilə əlaqələri minimuma endirməyə və onun təsir dairəsindən uzaqlaşmağa çalışırlar.

Bu prosesdə ən qətiyyətli addımları ilə seçilən ölkələrdən biri şübhəsiz ki, Moldovadır. 2020-ci ildə Maya Sandunun prezident seçilməsindən etibarən rəsmi Kişineunun xarici siyasətində kəskin dönüş hiss olunur. Sandu administrasiyası ölkənin gələcəyini birmənalı olaraq Avropa İttifaqında görür. Aprelin 2-də Moldova parlamentinin Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxma barədə qanun layihəsini son oxunuşda qəbul etməsi məhz bu strateji xəttin məntiqi nəticəsidir. Hüquqi prosedura müvafiq olaraq, parlamentin qəbul etdiyi qanun layihəsi Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Daha sonra Moldova Xarici İşlər Nazirliyi ölkənin təşkilatdan ayrılması ilə bağlı rəsmi bildirişi MDB-nin İcraiyyə Komitəsinə göndərəcək və bununla da Kişineunun qurumla olan bağlarının hüquqi müstəvidə qırılma prosesi yekunlaşacaq.

Moldovanın MDB orbitindən uzaqlaşması, əslində, illərdir davam edən süni tərəfdaşlığın məntiqi sonu və labüd iflasıdır. Kişineunun bu addımı hansısa ötəri siyasi konyunkturun məhsulu sayılmamalıdır. Bu, uzun illər kök salmış sovet mirası ilə kollektiv Qərb dəyərləri arasında amansız müharibənin hüquqi müstəviyə transferidir. Rəsmi Kişineunun bu yolda atdığı hüquqi addımlar 1993-cü ildə qəbul edilmiş MDB Nizamnaməsinin 9-cu maddəsi ilə tənzimlənir ki, bu da üzv dövlətin təşkilatdan çıxmaq niyyətini 12 ay əvvəldən rəsmi bildirişlə bəyan etməsini tələb edir. Lakin Moldova tərəfi bu bürokratik proseduru gözləmədən təşkilat daxilində imzalanmış 400-ə yaxın çoxtərəfli müqaviləni hissə-hissə denonsasiya (ləğvetmə) etmək yolunu tutub. Hazırda ölkə parlamenti ticarətdən tutmuş, təhlükəsizlik sahəsinə qədər uzanan 150-dən çox sazişi qüvvədən düşmüş hesab edir. Bu prosedurlar başa çatdıqdan sonra ölkənin MDB ilə yeganə bağı yalnız bəzi ikitərəfli iqtisadi razılaşmalar şəklində qala bilər ki, bu da de-fakto tam ayrılma mənasına gəlir.

Enerji asılılığı məsələsində Rusiyaya məxsus “Qazprom” şirkəti ilə yaşanan gərginliklər və Rumıniya vasitəsilə alternativ qaz dəhlizlərinin yaradılması Kişineuya mümkün böhrana qarşı davamlılıq qazandırıb. Xatırladaq ki, 2022-ci ildə sözügedən şirkət Moldovadan 709 milyon dollar borc tələb etmişdi. Lakin beynəlxalq audit bu rəqəmin əsassız olduğunu, 276 milyon dolların sənədləşdirilmədiyini, 400 milyon dolların isə vaxtı keçmiş iddia olduğunu sübuta yetirdi. Cavab olaraq “Qazprom” 2022-ci ilin oktyabrında tədarükü 30 faiz azaltdı ki, bu da ölkədə qaz tariflərinin 301 faiz artmasına və inflyasiyanın 28.7 faizə yüksəlməsinə səbəb oldu. Çıxış yolu kimi alternativ Yaş-Ungen-Kişineu kəməri işə salındı. Nəticədə 2022-ci ilin dekabrından etibarən Moldova (Dnestryanı bölgə istisna olmaqla) tarixində ilk dəfə “Qazprom”dan asılılığı tamamilə dayandıraraq Rumıniya və Avropa bazarlarından qaz almağa başladı. Bununla da bir daha sübut olundu ki, MDB artıq üzv dövlətlər üçün real iqtisadi dəyər yaradan platforma olmaq funksiyasını itirib. Əksinə, təşkilat çərçivəsində qalmaq bir çox hallarda siyasi və maliyyə riskləri yaradan amilə çevrilir. Məhz bu səbəbdən postsovet məkanında inteqrasiya meyilləri getdikcə fərqli istiqamətlərə – əsasən Avropa və qlobal bazarlara yönəlir.

***

MDB-nin parçalanma prosesində geosiyasi zəncirin növbəti halqası böyük ehtimalla Ermənistan olacaq. İrəvanın KTMT ilə münasibətlərini dondurması və MDB platformalarından nümayişkaranə şəkildə uzaqlaşması Moldovanın keçdiyi yolun Cənubi Qafqazdakı təzahürüdür. Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirilən son danışıqlardan sonra ölkəsinin KTMT-yə qayıtmayacağını bildirib. Belə görünür ki, MDB-nin hazırki fəaliyyəti Rusiya-Belarus ittifaqının dar hüdudlarına sıxılmış, həyat qabiliyyətini itirmiş və gələcək vəd etməyən karkas rolundan o tərəfə keçə bilməyəcək. Necə ki, yeni dünya düzəninin formalaşdığı bu dövrdə BMT kimi işlək mexanizmləri fəaliyyətsiz qurumun sonu yaxınlaşırsa, MDB-ni də oxşar aqibət gözləyir.

Beləliklə, MDB-nin gələcəyi ilə bağlı bundan sonra əsas sual təşkilatın mövcudluğunu nə qədər davam etdirə biləcəyidir. Reallıq göstərir ki, postsovet məkanında vahid inteqrasiya modeli mərhələli şəkildə dağılır və onu daha çevik, qarşılıqlı maraq əsaslı və çoxtərəfli əməkdaşlıq formatları əvəzləyir. Bu kontekstdə Moldovanın və potensial olaraq Ermənistanın atdığı addımlar MDB-nin tədricən siyasi-hüquqi formalığa çevrilməsi prosesini sürətləndirən katalizator sayıla bilər.

Elçin MİRZƏBƏYLİ,
Milli Məclisin deputatı, politoloq

Moldovanın MDB-dən çıxmaq barədə qərarı postsovet məkanında gedən geosiyasi transformasiya prosesinin məntiqi davamı kimi qiymətləndirilməlidir. MDB uzun müddətdir ki, daha çox simvolik və postsovet əlaqələrini qoruyan mexanizm kimi çıxış edir. Moldova da son illər bu qurumun fəaliyyətində, demək olar ki, iştirak etmirdi. Bu baxımdan, MDB-dən çıxış daha çox “de-fakto” vəziyyətin “de-yure” təsdiqi kimi qiymətləndirilə bilər.

Moldovanın bu qərarı onun Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımların davamıdır. Son illər rəsmi Kişineu açıq şəkildə Qərbyönümlü siyasət yürüdür və MDB-dən uzaqlaşma bu strategiyanın tərkib hissəsidir. Bu xüsusda qərarı strateji kursa uyğun uğurlu hesab etmək olar. Əgər Avropa strukturlarına inteqrasiya prosesi davamlı və ardıcıl şəkildə həyata keçirilərsə, daxili siyasi sabitlik qorunarsa və iqtisadi transformasiya effektiv idarə olunarsa, bu, Moldovanın mövcud iqtisadi-siyasi kollaps vəziyyətindən çıxmasına zəmin yarada bilər. Əks halda, bu addım Moldovanı çətin vəziyyətə sala bilər ki, bu da həm daxili, həm də xarici riskləri artırar. Moldovanın MDB-dən çıxışı, ola bilsin ki, Rusiya-Ukrayna müharibəsi fonunda regionda yeni gərginlik risklərini də artıracaq. Xüsusilə, Dnestryanı region faktoru burada əsas təhlükə mənbəyidir. Bu separatçı bölgə Rusiyanın hərbi və siyasi təsiri altındadır və Moldovanın Qərbə inteqrasiya kursu ilə açıq ziddiyyət təşkil edir. Dnestryanı bölgədə yerləşən Rusiya hərbi kontingenti say və imkan baxımından məhduddur. Təxminən 1500 nəfərlik bu qüvvə əsasən sülhməramlı status altında fəaliyyət göstərir və genişmiqyaslı hücum əməliyyatı aparmaq qabiliyyətinə malik deyil. Onların texniki təminatı və logistik dəstəyi də kifayət qədər zəifdir. Bu baxımdan, həmin ərazidən Kişineuya qarşı klassik hərbi hücum ehtimalı aşağı qiymətləndirilir. Belə bir cəhd baş versə belə, onun uzunmüddətli və uğurlu hərbi kampaniya xarakteri daşıması inandırıcı görünmür. Daha real ssenari Rusiyanın Moldovaya qarşı birbaşa hərbi müdaxilədən çox hibrid təsir alətlərinə üstünlük verməsidir.

Əgər Moldova bu prosesi düzgün idarə edə bilsə, iqtisadi və siyasi institutlarını gücləndirsə və Qərb tərəfdaşları ilə effektiv əməkdaşlıq qura bilsə, bu addım uğurlu nəticələr verə bilər. Əks halda, ölkə həm daxili sabitlik, həm də regional təhlükəsizlik baxımından yeni risklərlə üz-üzə qala bilər. Beləliklə, Moldovanın qarşısında duran əsas problem seçim etməkdən daha çox, seçimin nəticələrini idarə etməkdən ibarətdir.

Tacir SADIQOV
XQ



Siyasət