Bu günlərdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olub. Hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Hökumətlərarası Komissiyanın iclası keçirilib. İclasda Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib.
İclasın yekunlarına dair Ş.Mustafayev və Rusiya Baş nazirinin müavini Aleksey Overçuk iki ölkə arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasının Protokolunu imzalayıblar. A.Overçuk bildirib ki, Moskva Bakının ən önəmli ticarət tərəfdaşlarından biridir və Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10 faizi Rusiyanın payına düşür, 2025-ci ildə ticarət dövriyyəsinin yekun həcmi ilə bağlı hələlik qeyri-müəyyənlik qalmaqdadır. Statistik məlumatlara görə, 2025-ci ilin ilk altı ayında 16 faizdən çox artım olub. Bu, ikitərəfli iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərsə də, ilin ikinci yarısı üçün məlum səbəblərdən vəziyyət bir qədər fərqlidir. Ümumilikdə, bu iclas Rusiya–Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcını qoyduğunu və gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın genişlənəcəyini deməyə əsas verir.
Onu da qeyd edək ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətlərindən biri regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafıdır. Bu xüsusda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi xüsusi əhəmiyyət daşıyır. Bu, iclasın əsas müzakirə mövzularından biri olub. Yada salaq ki, “Şimal-Cənub” dəhlizi Hindistandan başlayan və İran, Azərbaycan, Rusiya ərazisindən keçməklə Avropaya qədər uzanan multimodal nəqliyyat xəttidir. Bu dəhliz yalnız ticari deyil, həm də regionun geostrateji mənzərəsini dəyişdirə biləcək layihədir. Rusiya bu layihənin inkişafına strateji maraq göstərir. Moskva üçün “Şimal-Cənub” marşrutu, Qərb sanksiyaları şəraitində yeni ticarət yollarına çıxış imkanı yaradır və Həştərxan, Mahaçqala və digər cənub limanlarının rolu bu kontekstdə artırılır, dəhlizin Rusiya ərazisindəki hissəsində də infrastruktur təkmilləşdirilir.
***
Protokoldan göründüyü kimi, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biri də maliyyə arxitekturasının müstəqilləşdirilməsidir. Bu məsələ xüsusilə son illər beynəlxalq siyasi-iqtisadi proseslər fonunda çox aktuallaşıb. Qərbin bir sıra ölkələrə qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində ənənəvi beynəlxalq maliyyə platformalarının siyasi təzyiq vasitəsinə çevrilməsi alternativ mexanizmlərə ehtiyacı artırır.
Milli valyutalarda qarşılıqlı hesablaşmalara keçid Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Hazırda ticarət münasibətlərində ikitərəfli hesablaşmalarda milli valyutaların payı 79,8 faizə çatıb. Bu amil həm də iki ölkənin ABŞ dollarından kənarlaşaraq öz milli valyutalarında ticarət etməyə meyilli olduqlarını əks etdirir. Amma istisnalar da mövcuddur: xüsusilə karbohidrogenlər və neft məhsullarının tədarükü üzrə bağlanan müqavilələr əsasən dollarla aparılır. Bu, həmin sektorlarda dünya bazarları ilə inteqrasiyanın hələ də güclü olduğunu və dolların üstünlüyünü qoruduğunu göstərir.
Enerji sektoru da ikitərəfli əməkdaşlığın mərkəzində dayanır. Azərbaycan Cənubi Qafqazın enerji ixracatçısı kimi mühüm rol oynayır, Rusiya isə dünya üzrə ən böyük enerji resurslarına malik ölkələrdən biridir. Bərpa olunan enerji texnologiyalarının ötürülməsi və “yaşıl enerji” layihələrində tərəfdaşlıq da gündəmin əsas mövzuları sırasındadır. Bu sahədə təcrübə və texnologiya mübadiləsi, enerji təhlükəsizliyi ilə yanaşı, ekoloji məsuliyyətin bölüşdürülməsi baxımından da əhəmiyyətlidir.
Sənaye əməkdaşlığı isə geniş sektoru əhatə edir və burada xüsusilə gəmiqayırma, kənd təsərrüfatı texnikası və emal sənayesi ön plana çıxır. Xəzər dənizinin strateji mövqeyi nəzərə alınaraq, liman infrastrukturunun və gəmi istehsalı potensialının inkişaf etdirilməsi hər iki ölkə üçün prioritet olaraq qalır. Bakı və Həştərxan limanları arasında əməkdaşlığın gücləndirilməsi, eyni zamanda sənaye məhsullarının lokallaşdırılması, texnoloji avadanlıqların birgə istehsalı və istehsal zəncirlərinin koordinasiyası da gündəmdədir.
Kənd təsərrüfatı sahəsində əməkdaşlıq isə həm iqtisadi, həm də sosial əhəmiyyət kəsb edir. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəzin əsas ixrac bazarıdır. Hazırda Azərbaycanın Rusiyaya əsas ixrac məhsulları meyvə-tərəvəz, spirtli içkilər və qida sənayesi məhsullarıdır. Əvəzində isə sənaye avadanlıqları, avtomobil hissələri, tikinti materialları və kimya məhsulları idxal olunur. Həştərxan görüşü çərçivəsində bu ticarət dövriyyəsinin genişləndirilməsi məqsədilə gömrük prosedurlarının sadələşdirilməsi, logistik marşrutların optimallaşdırılması və elektron məlumat mübadiləsi sistemlərinin tətbiqi barədə razılıqlar əldə olunub.
Bütün bunlarla yanaşı, Rusiya və Azərbaycan arasında regionlararası əməkdaşlıq formatları da fəallaşır. 2025-ci ilin əvvəlindən iki ölkə arasında 12-yə yaxın regionlararası biznes forumu keçirilib. Bu tədbirlər biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasına, ticarət, investisiya və logistik sahələrdə yeni layihələrin təşviqinə xidmət edir. Həştərxan vilayəti ilə əməkdaşlığın genişləndirilməsi bu baxımdan çox önəmlidir.
Etiraf etmək lazımdır ki, son aylar iki ölkə arasında müşahidə olunan siyasi gərginlik humanitar və ictimai, o cümlədən idman sahəsində qeyri-müəyyənlik yaradıb. Bu kontekstdə xüsusilə Rusiya idmançılarının Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə iştirakı sual altında idi. Söhbət, ilk növbədə, 2025-ci il sentyabrın 28-də Gəncə və Şuşa şəhərlərində start götürəcək III MDB Oyunlarından gedir. Bu nüfuzlu idman tədbiri Müstəqil Dövlətlər Birliyi çərçivəsində əməkdaşlığın mühüm platforması hesab olunur və siyasi deyil, humanitar məzmun daşıyır.
Məlumata görə, yarışlarda iştirak etmək üçün Rusiya Federasiyasından 262 idmançı rəsmi ərizə ilə müraciət edib. Lakin bölgədə və beynəlxalq səviyyədə yaranmış gərgin siyasi mühit, eləcə də qarşılıqlı münasibətlərdəki gərginlik bu iştirakın reallaşmasını sual altına salmışdı. Potensial risklər yalnız texniki və təşkilati xarakter daşımırdı, həm də siyasi amillərlə bağlı idi. Artıq bu sahədə də problem aradan qaldırılıb.
Beləliklə, çoxşaxəli və inteqrasiya olunmuş əməkdaşlıq modeli, yalnız mövcud iqtisadi əlaqələri dərinləşdirmək deyil, həm də gələcək regional və beynəlxalq çağırışlara çevik cavab vermək üçün dayanıqlı təməl formalaşdırır. Azərbaycan və Rusiya arasındakı ortaq maraqlara cavab verən bu strateji tərəfdaşlıq regionun iqtisadi xəritəsində mühüm rol oynayır.
***
Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva XQ-yə bildirdi ki, Həştərxanda keçirilən Hökumətlərarası Komissiyanın 23-cü iclası Azərbaycan və Rusiya arasında uzunmüddətli strateji əməkdaşlığın dərinləşməsi baxımından əlamətdardır: “İmzalanan protokol yalnız cari əməkdaşlıq istiqamətlərini təsdiqləməklə kifayətlənmir, həm də yeni çağırışlara uyğun çevik və funksional əməkdaşlıq formatlarının qurulmasına hüquqi və institusional əsas yaradır. Bu sənəd çərçivəsində nəqliyyat, enerji, sənaye, maliyyə və kənd təsərrüfatı kimi əsas sahələrdə planlaşdırılan birgə layihələr, təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionun iqtisadi inteqrasiyasının möhkəmlənməsinə xidmət edəcək. Eyni zamanda, maliyyə suverenliyi, ərzaq təhlükəsizliyi və innovativ texnologiyaların tətbiqi kimi sahələrdə əməkdaşlığın gücləndirilməsi, tərəflərə üçüncü tərəflərin təsirindən azad, dayanıqlı iqtisadi münasibətlər sistemi qurmağa imkan verir. Gələcək mərhələdə bu əməkdaşlığın daha da konkret nəticələr verməsi və real iqtisadi göstəricilərə çevrilməsi gözlənilir”.
Ekspert onu dedi ki, hər iki ölkə üçün qarşılıqlı faydalı və sabit münasibətlərin qorunması həm siyasi iradənin möhkəmliyi, həm də texniki səviyyədə koordinasiyanın səmərəliliyi ilə birbaşa bağlıdır: “Bu baxımdan, Həştərxan iclası yalnız növbəti texniki tədbir deyil, həm də gələcəyə yönəlik ciddi siyasi və iqtisadi mesaj daşıyan platforma rolunu oynayır. Regionun iqtisadi mənzərəsində baş verən dərin transformasiyalar fonunda, Azərbaycan və Rusiya kimi iki strateji qonşu dövlətin əməkdaşlıq modelinin çevikliyi, sabitliyi və real nəticələrə əsaslanması daha da aktuallaşacaq. Bu baxımdan, Azərbaycan–Rusiya münasibətlərində bu layihələr ətrafında gedən əməkdaşlıq uzunmüddətli strateji maraqlara xidmət edir və gələcək dövrlərdə daha geniş regional çərçivəyə yayıla bilər.
Onu da qeyd etməliyəm ki, Rusiya siyasi isteblişmentində iki ölkə arasında münasibətlərin korlanması üçün sistemli fəaliyyət göstərən qruplar mövcuddur. Bu qrupların fəaliyyəti uzun müddətli hesabda məhz Rusiya dövləyinin əleyhinə çevrilmiş fəaliyyətdir. Rusiya hakimiyyətinin qonşulara qarşı belə neqativ tendensiyanın aradan qaldırılması üçün ciddi diqqət göstərməsi vacibdir. İki ölkə arasında keçən ilin sonlarından yaranmış problemlər aradan qaldırmalıdır”.
Pünhan ƏFƏNDİYEV
XQ