Lavrov, Ermənistan və Mozambik

post-img

Yaxud Rusiya XİN rəhbərinin İrəvan səfərinə sözardı

Xarici işlər naziri Sergey Lavrov İrəvana Rusiya amilini xatırlatmaq üçün getmişdi. Əslində, bu, gözlənilən idi. Mövcud fonda ikitərəfli münasibətlərə dair müəyyən pozitiv fikirlərin səslənəcəyini də proqnozlaşdırmaq olardı. Ancaq bəribaşdan deyək ki, Rusiya XİN rəhbəri Ermənistanda diplomatik subliminalizmin dozasını həddən artıq yüksəyə qaldırdı. Bu barədə sonda söz açacağıq. Hələlik isə...

Anlayırıq ki, Rusiya və Ermənistan müttəfiqdirlər və birincinin ikincini qorumaqla bağlı yazılı öhdəliyi var. Hərçənd, müttəfiqliyin qarşılıqlı əsasda olduğunun fərqindəyik. Axı Moskva ilə Bakı arasında da müttəfiqlik müqaviləsinin mövcudluğuna baxmayaraq, heç vaxt Şimal qonşumuzun hansısa rəsmisinin dilindən eşitməmişik ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qorumağa hazırdır. Əlbəttə, sözümüz bunda deyil. Birincisi, özümüz hər şeyə qadirik, hansısa dövlətə ehtiyacımız yoxdur. İkincisi isə Rusiyada erməni sevdasının xroniki xəstəliyə çevrildiyindən xəbərdarıq.

Əlqərəz, indi Lavrov özü müəyyənləşdirsin ki, onun İrəvana səfərindən əvvəl baş nazir Nikol Paşinyanın blogerlərinin Prezident Vladimir Putini, az qala, Hitler kimi göstərən plakatlarında pis nə isə var, yoxsa yox? Məsələn, biz duruma tolerant yanaşırıq. Çünki Qərb Ermənistanda demokratiyanın olduğunu deyir. Ola bilər, erməni demokratların Lavrovdan və Putindən xoşları gəlmir...

Bəli, bütün bunlara rəğmən Kremlin baş diplomatı İrəvanda Rusiyanın Ermənistanı qorumağa hazır olduğunu bildirirsə, deməli, ən azından, yumor hissi çox güclüdür. Amma sual olunur: Moskva İrəvanı kimdən müdafiə edəcək? Axı ikincini qoruyanlar var. Məsələn, Avropa İttifaqının Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində lövbər salmış mülki müşahidə missiyası. Missiyanın üzvləri təpədən-dırnağadək binoklla “silahlanıblar”. Ermənistanın baş diplomatı Ararat Mirzoyandan, N.Paşinyandan tutmuş, hay hakim komandasının ən xırda məmurunadək, hamı bir ağızdan deyir ki, Aİ müşahidəçiləri olmasaydılar, Azərbaycan əsgərləri İrəvanda parad keçirirdilər.

O zaman ehtimal edək ki, Rusiya kosmik dövlət kimi müttəfiqi Ermənistanın yadplanetlilərdən müdafiəsini təşkil edəcək. Yəni, bu yerdə Lavrovun Kremlin hakim rol oynadığı və İrəvanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından danışması bir o qədər yerinə düşmür. Çünki qurum, tutaq ki, Marsdan, yaxud Yupiterdən müdafiə məsələlərinə baxmır. Üstəlik, haylar təşkilatın işindən qane olmadıqlarını dəfələrlə bildiriblər. Hətta, KTMT-dəki fəaliyyətlərini dondurduqlarını açıqlayıb, onun sıralarını tərk edəcəklərini dilə gətiriblər. Ermənistan KTMT-ni bəyənmir. Zorla deyil ki?

Hə, az qala, unutmuşduq. Rusiyanın XİN başçısı İrəvanda ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazır olduğunu da dilə gətirib. Hesab edirik ki, cənab Lavrov, yenə düz eləmir. Axı həm Paşinyan, həm Mirzoyan, həm də digər yanlar dəfələrlə deyiblər ki, Moskvanın vasitəçiliyinə ehtiyac duymurlar. Hələ Ermənistan parlamentinin spikeri Alen Simonyan əsəbi halda bildirmişdi ki, Qarabağı Ermənistandan alıb Azərbaycana verən Rusiya olub. Ona görə də Lavrov gərək məsələnin üzərinə gəlməyəydi. Amma nə etsin, yəqin yaşlanıb, bir çox şeylər yadından çıxıb. Hərçənd, buna bir o qədər inanmırıq.

O səbəbdən inanmırıq ki, dünən, srağagün yaşananlar bir yana, Lavrov daha əvvəl, hətta otuz il əvvəl baş verənləri də xatırlayır. Amma Paşinyanın jurnalistləri belə şeyləri bilmir, qoca diplomatın üstünə son dərəcə aqressiv formada düşür, Rusiyanı Qarabağın itirilməsinə görə günahlandırırlar. Əlbəttə, Lavrov söz altda qalan deyil və bildirir ki, heç kəs Moskvanı bu məsələdə qınaya bilməz. Çünki Rusiya rəhbərliyi artıq olmayan Qarabağ münaqişənin həlli üçün ədalətli baxış irəli sürüb (?). Baxış da bu imiş ki, Azərbaycanın 7 rayonu geri qaytarılacaq, Qarabağın statusu məsələsinin həlli isə gələcək nəsillərin öhdəsinə buraxılacaq.

Bu cavabına görə Lavrova nə isə demək fikrindən uzağıq. Adam İrəvanda başqa nə danışmalıdır ki? Ancaq bir problem var. Rusiya XİN rəhbəri sözügedən variantı ədalətli saydığını deyib. Elə isə məsələnin üzərində bir qədər ətraflı dayanaq. Təsəvvür edin, Moskva əvvəl ermənilərə dinc şəkildə yeddi rayonu geri qaytarmağı təklif edir, onlar razılaşmırlar. Axırda da Paşinyan “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verib Rusiyanın erməni təəssübkeşliyi üzərində qurulmuş oyunlarını pozur, müharibəyə səbəb olur və Ermənistan savaşda rüsvayçı məğlubiyyətə uğrayır. Mövcud fonda isə Lavrovun “yaddan çıxardığı” bir məqam var – Azərbaycanın şəhidlər verərək, öz haqqını əldə etdi. Bu, heç bir halda unudulmamalıdır.

Problem ondadır ki, Rusiyada 44 günlük müharibədən sonra da Qarabağın statusu məsələsinin həllini gələcək nəsillərə saxlamaqdan dəm vurulurdu. Elə Lavrovun özü də bu haqda danışırdı. Görəsən, Bakıdan möhkəm qışqırsaq, İrəvana “cəhənnəmə getdi status” fikri çatarmı? Amma qışqırmırıq, cənab Lavrovun qulağında problem yaranar. Qərib və son zamanlar daha da qəribləşmiş Ermənistanda narahatlıq keçirməsini istəmirik.

Digər tərəfdən, Lavrov, nə qədər danlasa da, mahiyyətcə, qəmgin hayların başını sığallamaqla, könüllərini almaqla məşğuldur və düşünürük ki, ona “nəcib işində” maneçilik törətməyək. Həm də ona görə problem yaratmayaq ki, Rusiya XİN başçısının ermənilərin “üstünə bağırmağı” da var: “Baş verənlər (Qarabağın əldən çıxmasını nəzərdə tutur – red.) kompromis təkliflərin geri çevrilməsinin nəticəsində oldu. Seçim hüququ realizə edilmədi”.

Əslində, Lavrov onu da demək istəyirdi ki, Ermənistan üçün faciəli durum ölkənin üzünü Qərbə çevirməsinin nəticəsində baş verdi. Obrazlı desək, it arabanın kölgəsini öz kölgəsi hesab etdi. Məsələn, Rusiya XİN rəhbəri bildirib ki, Ermənistan müstəqillik əldə etdikdən sonrakı bütün illərdə rus silahlarından istifadə edib, o cümlədən heç vaxt rəsmi olaraq iddia etmədiyi 7 rayonu ələ keçirmək üçün: “Ermənistanın ilk liderlərindən də heç biri Dağlıq Qarabağı müstəqil quruluş kimi tanımaqdan danışmırdı. Rusiya silahı Azərbaycanın mübahisəsiz ərazilərini ələ keçirmək və orada istehkamlar, döyüş xətləri qurmaq üçün istifadə edilib. Bu onu göstərirdi ki, ərazilərin çox uzun müddət saxlanılması gözlənilirdi. Bəzi analitiklər isə onların Azərbaycana qaytarılması niyyətinin ümumiyyətlə olmadığını bildirmişdilər”.

Sonda üzərində dayanacağımızı bildirdiyimiz diplomatik subliminalizm də Lavrovun indi diqqətə çatdırdığımız məhz bu iqtibasıdır. Bəli, Rusiya XİN rəhbərinə verilmiş sual Ermənistanın Rusiya silahları ilə Azərbaycan torpaqlarını ələ keçirməsi ilə bağlıdır. Hesab edirik ki, sualın qoyuluşu qəribədir və belə təəssürat yaranır ki, burada əvvəlcədən planlaşdırılmış motiv var. Kremlin baş diplomatının Mozambikin bayrağında “Kalaşnikov” avtomatının təsvirinin yer aldığını xatırlatmasında da həmçinin. O zaman belə nəticəyə gələk ki, əslində, Rusiya XİN rəhbəri cavabında təxminən bunları deyirdi: Bizim silahımızla ərazilər tutdunuz. O əraziləri ki, sizə məxsusluğunu deməkdən qorxurdunuz. Belə qorxurdunuzsa, niyə Rusiyadan üz döndərdiniz? Mozambik kimi yaşayardınız da. Bəs bilmirdiniz ki?..

Ə.RÜSTƏMOV
XQ

Siyasət