Lider humanizmi, vətəndaş məmnunluğu

post-img

Prezident İlham Əliyevin məhkumları əfv etmək ənənəsi cəmiyyətdə qarşılıqlı etimadı gücləndirib

Müasir Azərbaycan demokratik dəyər və təsisatların təşəkkül tapdığı hüquqi dövlətdir. Millətinə xidməti həyat amalına çevirmiş İlham Əliyev xalq qarşısında verdiyi vədləri 22 ildə əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Onun cəmiyyətdən gələn sosial sifarişlərə çevik reaksiya göstərməsi, vətəndaşları narahat edən məsələlərə həssas yanaşması, onların qayğıları ilə maraqlanması, çətinliklərin aradan qaldırılması üçün zəruri tədbirlər görməsi, qərarlar verməsi, nəticə etibarilə, çoxşaxəli humanizm siyasətinin həyata keçirilməsini şərtləndirən başlıca amillərdir.

Bu məqam xüsusi olaraq qeyd olunmalıdır: humanizm Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu siyasətin və müsbət ənənənin təməli Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hər zaman mərhəmət, insanpərvərlik dəyərlərinə böyük önəm verib və bunu hakimiyyətdə olduğu dövrdə daim diqqət mərkəzində saxlayıb. Məhz onun göstərişi ilə məhkumların cəzasının yüngülləşdirilməsi, yaxud onların cəzadan tam azad edilməsi tədbirlərini həyata keçirmək məqsədilə 1995-ci ildə Bağışlanma Məsələləri üzrə Komissiya yaradılıb, 2001-ci ildə isə o, Prezident yanında Əfv Məsələləri Komissiyası ilə əvəz olunub.

Bağışlamaq, yaxud əfv etmək. Bu yolun, ənənəyə çevrilmiş humanizm siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin mayın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam 220 şəxsə şamil olunub. Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad olunub.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Həmçinin islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunmuş 1 nəfər cəzadan azad edilib.

Prezident İlham Əliyev tərəfindən əfv edilənlərin arasında 16 əcnəbi də var. Onlardan 5 nəfəri İran, 4-ü Rusiya, 2-si Pakistan, 2-si Gürcüstan, 1-i Türkiyə, 1-i Fransa, 1 nəfəri isə Əfqanıstan vətəndaşıdır.

***

Sayca 71-ci əfv sərəncamının 28 May – Müstəqillik Günü öncəsi imzalanması əlahiddə əhəmiyyət kəsb edir. Axı bayramları, əlamətdar günləri ailəsi, doğmaları ilə birgə keçirmək hər bir insanın təbii arzusudur. Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı dövlətimizin humanizm siyasətinə, demokratik dəyərlərə sadiqliyinin əyani göstəricisidir. Azərbaycan dövlətinin davamlı olaraq həyata keçirdiyi bu siyasət xalq tərəfindən yüksək qiymətləndirilməklə yanaşı, əhalinin ölkə rəhbərliyinə etimadını daha da artırır. Dövlətimizin başçısı ictimai-siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının Prezidentidir və onların taleyinə diqqətlə yanaşır. Əfv bu diqqətin qayğıya çevrilməsinin təzahürüdür – desək, səhv etmərik.

Dövlət başçısının 26 may tarixli əfv sərəncamı, eyni zamanda, milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılan önəmli addımların davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan humanizm siyasəti məhz insan amilinə verilən qiymətin bariz nümunəsidir. Bu və ya digər səbəbdən cinayət törədənlərin, günah işlətmiş insanların əfv olunması bütün dövrlərdə istər humanizm, istər əxlaqi, istərsə də hüquqi baxımdan böyük önəm daşıyan addımdır. Qəbul olunmuş qayda və qanunlar, ədalət prinsiplərinin fərqli diktəsinə rəğmən, bağışlamaq yüksək humanizm dəyəri kimi qəbul olunur. Sadə dillə izah etsək, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzadan azad edilməsi dərin mənəvi keyfiyyətlərdəndir. Bu, həm də dövlətin həmin şəxsə etimad və inamının göstəricisidir. Əməllərindən peşmançılıq hissi keçirən məhkum yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq şansına ehtiyac duyur. Burada qarşılıqlı öhdəlik məsələsi də ortaya çıxır. Yəni, dövlətin məhkumlara etimad göstərməsi onlarda özünəinam hissini artırır, bundan sonra daha məsuliyyətli vətəndaş olmaq zərurətini ortaya qoyur.

Əlbəttə ki, sərəncam imzalanarkən əfv olunan şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi üzrə təşkilatların müraciətləri nəzərə alınır. Məhkumların şəxsiyyəti, ailə vəziyyəti, sağlamlığı, törətdikləri cinayətlərin ağırlıq dərəcəsi, eləcə də cəza çəkdikləri müddətdə davranışları xüsusi önəm kəsb edir.

ARAYIŞ: Müstəqillik dövründə Azərbaycanda 70 əfv sərəncamı imzalanıb, 12 amnistiya aktı qəbul edilib. Heydər Əliyevin hakimiyətdə olduğu 1993–2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib və 32 əfv sərəncamı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox məhbusa şamil edilib. Əfv sərəncamları ilə 3 mindən çox şəxs cəzadan azad edilib. Ən böyük əfv 2023-cü ildə Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı – “Heydər Əliyev İli” çərçivəsində olub. O zaman 801 məhbus vaxtından tez azadlığa çıxıb. Məhz Heydər Əliyev humanizminin nəticəsi olaraq 1998-ci ildə ölkəmizdə ölüm hökmü aradan qaldırılıb. Azərbaycanın adı Şərqdə bu cəzanı ləğv edən ilk ölkələrdən biri kimi tarixə düşüb.

***

Əfv etmək dövlətin artıq ənənəyə çevrilmiş humanizminin, milli həmrəyliyə xidmət edən siyasətinin göstəricisidir. Humanizm, insanpərvərlik və tolerantlıq. Azərbaycan xalqı bu ali dəyərləri aydın şəkildə dərk edir, yaşayır və qoruyur.

Dövlət başçısının bugünədək imzaladığı bütün əfv sərəncamları vətəndaş–dövlət münasibətlərinin yeni şərtlər zəminində formalaşdırılmasına xidmət edir. Həmin şərtlər cəmiyyətdə ədalətin və qanunun aliliyi prinsiplərinə söykənən qarşılıqlı etimad, hörmət və rəğbət kimi mental dəyərlərdir. Əfv etmək həm də həyatlarının hansısa məqamında səhv etmiş insanları doğru yola sövq etməyin bir üsulu, onlara verilən şansdır.

Prezident İlham Əliyevin növbəti sərəncamı ilə 220 insana azadlıq, bu qədər ailəyə sevinc bəxş edildi. Biz isə ümid edirik ki, azadlığa çıxan şəxslər bundan sonra həm qovuşduqları ailələrinin xoşbəxt və rahat yaşayışı, həm də bir vətəndaş kimi ölkənin inkişafı naminə dürüst və faydalı əməllərin arxasınca gedəcəklər. Dövlət və cəmiyyət onlardan yalnız bunu gözləyir.

İmran BƏDİRXANLI
XQ



Siyasət