28 May Müstəqillik Günüdür
27 may ilk Azərbaycan parlamentinin elan olunduğu gün kimi tarixi yaddaşımızda yaşayır. 107 il əvvəl məhz 1918-ci il mayın 27-də ilk Azərbaycan parlamenti olan Milli Şuranın yarandığı elan edilmişdi. Tariximizin çox vacib qərarları – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi, bu cümhuriyyətin müvəqqəti hökumətinin yaradılması və müvafiq səlahiyyətlərin ona verilməsi, habelə digər tarixi əhəmiyyətli hüquqi addımlar məhz Milli Şuranın adı ilə bağlıdır.
Milli Şura artıq buraxılmış Zaqafqaziya Seyminin müsəlman fraksiyasının üzvlərindən formalaşmışdı. Seymdə isə Azərbaycanı Ümumrusiya Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış deputatlar təmsil edirdi. Dolayısı ilə Milli Şura üzvləri Azərbaycan ərazisində keçirilmiş seçkilərdə bu ərazidə yaşayan əhalinin səs verib seçdiyi deputatlardan təşkil olunmuşdu və onların bu ərazidə yaşayan əhalini təmsil etmək hüququ var idi.
Nəzərə alsaq ki, Milli Şuranın təsis yığıncağında “Müsavat” və ona qoşulan bitərəf demokratlar qrupu, Müsəlman Sosialist Bloku, “İttihad” və “Hümmət” partiyaları iştirak etmişdi, deməli, bu qurum həm də o vaxtkı Azərbaycan cəmiyyətinin siyasi baxışlarını əks etdirirdi. Bu cür hərtərəfli təmsilçilik statusu isə Milli Şuraya öz seçiciləri adından çıxış edərək Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etməyə və ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyətini elan etməyə tam hüquqi əsas verirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximizi iki dövrə ayırmaq olar:
1. Milli Şura (və ya Tiflis, Gəncə və Bakı) dövrü – 1918-ci il mayın 27-dən dekabrın 7-dək davam etmişdir. Mayın 27-də təsis edilmiş Milli Şura iyunun 17-də öz fəaliyyətini müvəqqəti dayandıraraq 6 aydan gec olmayaraq Məclisi-Məbusanın çağrılması şərti ilə bütün qanunverici və icraedici hakimiyyəti müvəqqəti hökumətə vermişdi. Noyabrın 16-da isə Milli Şura öz fəaliyyətini yenidən bərpa etmiş və cəmi 4 gün sonra geniş tərkibli Məclisi-Məbusanın çağrılması haqqında qanun qəbul etmişdi.
Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdi. Milli Şuranın elan etdiyi İstiqlal Bəyannaməsi Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
2. Məclisi-Məbusan (Bakı) dövrü – 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək davam etmişdir. 17 aylıq fasiləsiz fəaliyyəti dövründə parlament İstiqlal Bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi.
Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun – qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. Ümumilikdə, Cümhuriyyət dövründə 160 parlament iclası keçirilmişdi. Bunun 15-i Azərbaycan Milli Şurasının, 145-i isə Azərbaycan Məclisi-Məbusanın fəaliyyəti dövrünə aiddir.
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin bütövlükdə fəaliyyəti daha çox ölkənin siyasi və ərazi toxunulmazlığının təmin edilməsinə, sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, elmin, təhsilin və səhiyyənin inkişafına, vətəndaşların hüquqlarının qorunmasına, dövlətin demokratik və hüquqi əsaslarının möhkəmləndirilməsinə yönəlmişdi. Bununla belə, bu dövr ərzində vətəndaşlıq, ümumi hərbi mükəlləfiyyət, mətbuat, Milli Bankın təsisi, Bakı Dövlət Universitetinin yaradılması, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi və digər sahələr üzrə çox vacib sənədlər parlamentdə müzakirə olunaraq qəbul edilmişdi. Qadınlara da kişilərlə bərabər səsvermə hüququ verməklə Azərbaycan Xalq Cümhuriyyəti o dövrün bir çox inkişaf etmiş Avropa dövlətlərini belə qabaqlamışdı.
Bütün bunların nəticəsidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz mövcudluğu ərzində həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi həyati əhəmiyyətli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində zəngin və şərəfli iz qoymuşdur.
Bəxtiyar ASLANBƏYLİ,
BDU-nun müəllimi, hüquq üzrə fəlsəfə doktoru