Vyetnamın ən mötəbər tədbir məkanı və tarixi səhnəsi hesab olunan Hanoy Opera Binasında 28 May – Müstəqillik Günü və Azərbaycan–Vyetnam strateji tərəfdaşlığının qurulmasına həsr edilmiş rəsmi qəbul, daha sonra isə “Azərbaycan klassik musiqisinin inciləri” adlı təntənəli konsert proqramı keçirilib.
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam və həyat yoldaşı xanım No Fon Li konsert proqramını izləyiblər. Bu, Vyetnamın tarixində Baş katibin xarici ölkələrin milli günləri münasibətilə təşkil olunan tədbirlərdə ilk belə iştirakıdır.
Tədbirlərdə Vyetnamın dövlət və hökumət nümayəndələri, diplomatik missiya təmsilçiləri, mədəniyyət və ictimaiyyət xadimləri, iş adamları, Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, əvvəllər Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media nümayəndələri, həmvətənlərimiz, ümumilikdə təxminən 600 nəfər iştirak edib.
Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə 107 il bundan əvvəl müsəlman Şərqində qurulan ilk demokratik parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil, demokratik dövlət quruculuğu sahəsində həyata keçirdiyi mütərəqqi işlər barədə danışıb.
Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana və ulu öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin qurulduğu qeyd olunaraq hazırda bu tarixi əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.
Vyetnam xarici işlər nazirinin müavini Le Anh Tuan 28 Mayın Azərbaycan xalqı və dövləti üçün xüsusi önəm daşıdığını bildirərək 107 illik dövlət quruculuğu və inkişaf yolunda əldə edilmiş nailiyyətlər münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sonra Xalq artisti, professor Fəxrəddin Kərimovun dirijorluğu və Hanoy Filarmoniya Orkestrinin müşayiəti əsasında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə konsert proqramına start verilib. Xalq artisti Fidan Hacıyevanın ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri təqdim olunub. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Müslüm Maqomayev və Niyazi kimi böyük sənətkarların əsərlərinin yer aldığı konsert proqramı Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, eləcə də bütün qonaqlar tərəfindən böyük hərarətlə qarşılanıb.
Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı Fidan Hacıyeva və vyetnamlı ifaçı Nguyen Khac Hoa tərəfindən, “Salam, Vyetnam” mahnısı isə Fidan Hacıyeva və Vyetnamda yaşayan soydaşımız Sevinc Orucovanın ifasında Azərbaycan və Vyetnam dillərində səsləndirilib.
Konsertdən sonra Baş katib To Lam səfir Şövqi Mehdizadə ilə söhbət zamanı xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edərək Azərbaycan Prezidentinə onun salamlarını çatdırmağı xahiş edib. To Lam, həmçinin ölkəmizə səfərini yada salaraq, səfərin yaxın gələcəkdə müsbət nəticələrinin olacağına əminliyini ifadə edib.
XQ