“Nur şəhəri”ndəki Gənclər evində 28 May Müstəqillik Günü münasibətilə icra hakimiyyəti və YAP yerli təşkilatının “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” mövzusunda birgə konfransı keçirilib. İştirakçılar ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə etdikdən sonra dövlət müstəqilliyimizlə bağlı sərgiyə baxış keçirilib. Ardınca sənədli film nümayiş etdirildi.
Konfransı açan Mingəçevir Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək bildirdi ki, çoxəsrlik tariximizin dövlətçilik salnaməsində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində dünyada gedən ictimai-siyasi proseslərin bir hissəsi idi. Bu dövrdə Azərbaycan xalqı yeni bir formada dövlətçilik qurmaqla Şərqlə Qərbin sivilizasiyasına yeni bir dövlət modeli vermiş, ilk qərarı ilə milliyyətindən, dinindən, sosial vəziyyətindən və cinsindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Xalq Cümhuriyyətinin yaranmasını elan etmişdir. Az müddət mövcud olmasına baxmayaraq, AXC çox işlər görmüşdür. Təəssüf ki, 1920-ci ildə Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində müstəqil Azərbaycan Respublikası süqut etmişdir.
Məruzəçi qeyd etdi ki, 1991-ci il oktyabr ayının 18-də qəbul edilmiş Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini dünyaya bəyan edib. Bununla da Azərbaycan xalqı müstəqilliyini bərpa etdi, cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaradıb. Ulu öndər Heydər Əliyevin dediyi kimi: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üç rəngli bayrağını və gerbini bərpa etdi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika, onun varisidir, bütün xalq onun varisidir”.
Amma müstəqilliyimizin bərpası xalqımıza heç də asan başa gəlməyib. Hakimiyyət uğrunda çəkişmələr, xaos, anarxiya, Ermənistanın torpaqlarımıza təcavüzü, cəbhədəki uğursuzluqlar, daxildə separatçılıq meyillərinin güclənməsi, dövlətçiliyin məhvinə doğru gedən prosesi sürətləndirib. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, qətiyyət və uzaqgörənliklə yerinə yetirməyə başlayıb. Bu, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması demək idi. Ulu öndərin apardığı ardıcıl, dönməz siyasət nəticəsində dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirildi, müstəqil Azərbaycan dünya birliyinin tam hüquqlu üzvünə çevrildi.
Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikası dövlət müstəqilliyinin elan olunmasını nəzərə alaraq 2021-ci il oktyabr ayının 15-də may ayının 28-nin Müstəqillik Günü elan olunması haqqında qanun qəbul etmişdir. Bu gün Prezident İlham Əliyev siyasi varislik ənənələrini layiqincə davam etdirir. 44 günlük Vətən müharibəsindən sonra biz dünyada qalib xalq kimi tanınırıq. Ölkəmiz sürətlə inkişaf edir, yeni zirvələrə doğru inamla irəliləyir. İşğaldan azad olunmuş ərazilərdə vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir.
Konfransda YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xalqımıza müstəqil Azərbaycanı bəxş etmişdir”, Mingəçevir Dövlət Universitetinin dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Məmmədli “Müasir Azərbaycanın inkişaf modeli Heydər Əliyev dühasının bəhrəsidir”, Mingəçevir Tibb Kollecinin ictimai fənnlər müəllimi Kəmalə Hüseynova “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi müasir ideologiyamızın əsasıdır”, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov “Heydər Əliyev ideyalarına əsaslanan Prezident – Xalq - Ordu birliyi zəfərlərimizin təminatçısıdır” mövzularında məruzələrlə çıxış etdilər.
Bildirildi ki, dəyişməz siyasi kursla irəliləyən Prezident İlham Əliyev xalqımızın şərəfli tarixi keçmişinin öyrənilməsi kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasını məhz müstəqil Azərbaycanın özü qədər əbədi olan ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt təşkil edir. Ötən il Prezident tərəfindən sərəncamla təsbit edilən 2025-ci il “Konstitusiya və Suverenlik ili” müstəqilliyimizin dönməz və əbədi olmasında mühüm mərhələdir.
İlqar HƏSƏNOV,
“XQ”nin bölgə müxbiri