IV MƏQALƏ
Türk Dünyası Xartiyası
Macarıstanda qəbul edilən bəyannamədə göstərilir ki, “...dövlət başçıları Türk Dünyası Xartiyasını (DTX) türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici çərçivə kimi tanıyıblar”.
Məlumdur ki, TDX 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən 11-ci Zirvə toplantısında qəbul edilmişdir. Xartiya Naxçıvan müqaviləsi və “Türk dünyası 2040 Baxışı” sənədləri əsasında hazırlanmışdır. Əsas məqsəd türk kimliyi əsasında tarixi, mədəni, dil və ənənəvi əlaqələri möhkəmləndirməkdən, türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığın miqyasını genişləndirməkdən və beynəlxalq hüquq prinsiplərinə sadiq qalmaqdan ibarətdir.
Türk dövlətləri başçıları Ortaq Türk dünyasını qoruyub saxlamağı üstün tutmaq ideyasını qəbul etmişlər. Əsas məqamlardan biri ondan ibarətdir ki, TDT üzvləri beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq dövlətlər arasında münasibətlərin qurulmasının yeni prinsiplərini müəyyən etmişlər. Onu türk əməkdaşlığının modeli kimi təsəvvür etmək gərəkdir.
Bundan başqa, TDX-nın mühüm özəlliklərindən biri əməkdaşlıq mərhələlərini həyata keçirmək prinsipinin önə çıxarılmasıdır. O cümlədən, ortaq türk mədəni irsi, ortaq əlifba və ortaq türk dilinin formalaşması əməkdaşlıq prosesinin vacib mərhələləri kimi qəbul edilmişdir.
Vurğuladığımız məqamların prizmasında hansı səbəblərdən Xartiyanın qəbulundan heç bir il keçməmiş TDT-nin Budapeştdə ona bir daha qayıtmasının səbəbləri aydın olur. Belə görünür ki, türk dövlətləri TDT-yə qarşı aparılan informasiya, siyasi, diplomatik və ideoloji təbliğatın fərqinə ciddi surətdə varmışlar. Bir neçə istiqamətdən türk xalqlarını və dövlətlərini bir-birindən uzaqlaşdırmaq xəstəliyinə tutulmuş dairələrin fəaliyyətləri getdikə genişlənir. Öncəki məqalələrdə vurğuladığımız kimi, çox təəssüf ki, TDT-yə qarşı prosesdə “sapı özümüzdən olan baltalar” da canfəşanlıq edirlər.
Belə alınır ki, TDT bundan sonra daha dərindən və geniş miqyasda təşkilatı laxlatmağa göstərilən cəhdlərə qarşı çıxacaqdır. Bu da o deməkdir ki, yaxın perspektivdə türk dövlətləri daha intensiv surətdə ideoloji və informasiya savaşının mərkəzində olacaqdır. Türk cəmiyyətləri bütövlükdə bu mübarizədə iştirakın vacibliyini və yalnız qələbəyə hesablanmış fəaliyyət göstərməli olduğunu qəbul etməlidir.
Ortaq Türk dünyası
Bu anlayışın mədəni, etnik, coğrafi, siyasi, iqtisadi və geosiyasi aspektləri vardır. TDT onların hamısını qarşılıqlı əlaqədə özündə ehtiva edir. Buna görədir ki, Ortaq Türk dünyasının formalaşması həm mərhələli prosesdir, həm də çox sayda faktoru nəzərə almağı tələb edir. İndiki mərhələdə Ortaq Türk dünyasından ortaq türk kimliyinə keçid üstünlük təşkil edir. Eyni zamanda, Ortaq Türk dünyasının mədəni, siyasi və geosiyasi istiqamətlərdə formalaşması prosesi başa çatmamışdır. Macarıstan Sammitində bu istiqamətdə türk dövlətlərinin fəaliyyətlərini davam etdirməkdə qərarlı olduqları xüsusi vurğulanmışdır. Bununla “Ortaq Türk dünyası” anlayışının iki mühüm aspektinin uyğunlaşdırılması ön plana çıxmalıdır.
Birincisi, Ortaq Türk dünyası ortaq mədəniyyət məkanı kimi dərindən qavranılmalıdır.
İkincisi, Ortaq Türk dünyasının siyasi və geosiyasi özünütəsdiqi hüquqi kontekstdə yekunlaşmalıdır. Bu prosesin mühüm tərkib hissəsi TDT-nin Türk dünyasını təmsil edən təşkilat kimi beynəlxalq ictimaiyyət tərəfindən siyasi, hüquqi və geosiyasi qəbul edilməsindən ibarətdir. Bizcə, Macarıstan Sammitində bu aspekt ciddi yer almışdır. Onun konkret ifadəsi bir neçə bənddə əks olunmuşdur.
Məsələn: “Təşkilatın üzvləri regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid və çağırışlar yaradan terrorizm və transmilli mütəşəkkil cinayətkarlığın bütün formaları, terrorizmin maliyyələşdirilməsi və kibercinayətkarlıqla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini bir daha təsdiqləyirlər”; “TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etmək, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirmək və dəstəkləmək”; “İrqçiliyin, ayrı-seçkiliyin, ksenofobiyanın, İslama qarşı nifrətin və dezinformasiyanın bütün formaları ilə mübarizədə əməkdaşlığı davam etdirmək məqsədilə beynəlxalq platformalarda səyləri əlaqələndirilmək”; “Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı prosesi”nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilir” və s.
Qərbin TDT-yə münasibəti
Qərbin Türk Dövlətləri Təşkilatına münasibətinə Azərbaycanın II Qarabağ müharibəsində zəfəri ciddi təsir etmişdir. Lazur Sahili Universitetinin ictimai hüquq professoru Kristian Vallar bununla bağlı 2025-ci ilin yanvar ayında keçirilən tədbirdə demişdir ki, “2020-ci ilə qədər Bakı və Paris arasında münasibətlər dinamik və məhsuldar şəkildə inkişaf edib. 2017-ci ildə ilk səfərim zamanı Bakıda fransız diplomatları ilə görüşdüm və onlar iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivlərini qeyd etdilər. Lakin 2020-ci ildən sonra bütün uğurlu proseslər dayandı. Azərbaycan Cənubi Qafqaz regionunda mühüm yer tutur”.
Bu onu ifadə edir ki, Fransa da daxil olmaqla, Aİ-nin böyük dövlətləri Azərbaycanın qələbəsini adekvat dərk edə bilməmişlər və bu da bütövlükdə Qərbdə ənənə halını almış bir yanlış təsəvvürün hələ də qaldığını göstərir. Qərbli analitiklər və alimlər onu qısa belə ifadə edirlər: “Avropa Türk birliyini özlərinə təhdid kimi qəbul edirlər”. K.Vallar da daxil olmaqla avropalı intellektuallar bu yanlış yanaşmanın dəyişdirilməsi vaxtının çatdığını xüsusi qeyd edirlər. Proseslər də göstərir ki, Vaşinqton və Londonun da müsbət təsirləri nəticəsində Qərb siyasi şüurunda TDT-nin yeri və rolu tədricən müsbətə doğru yeniləşir. Bu proses əsas olaraq Azərbaycan və Türkiyənin fəaliyyəti sayəsində baş verir. Onun artıq iki mühüm əlamətini vurğulaya bilərik.
Birincisi, Azərbaycan ən yüksək səviyyədə Avropanın enerji və milli təhlükəsizliyinin təminatçılarından biri kimi qəbul edilir. Bunun fonunda Aİ-nin TDT siyasəti yeni məzmun alır. Yəni artıq TDT Aİ üçün (həm də digər böyük güclər üçün) adi bir təşkilat deyildir – onun fəal üzvü Azərbaycan Uzaq Şərqdən Avropaya qədər geniş bir geosiyasi məkanda aktiv fəaliyyət göstərir və çox sayda dövlətə öz müsbət töhfəsini verir.
İkincisi, Türkiyə geniş bir geosiyasi məkanda əsas söz sahiblərindən biri kimi özünü təsdiq edir. Onun əlaməti olaraq ABŞ-ın Türkiyənin xeyrinə bir sıra regionlardan çəkilməyə başlamasını və Rusiyanın Türkiyə faktoruna qlobal dünya düzəni kontekstində getdikcə daha çox önəm verməsini göstərə bilərik.
TDT yeni mərhələdə
Yuxarıda vurğuladığımız faktlar və proseslər fonunda Macarıstan sammitindən TDT üçün yeni mərhələnin başladığı nəticəsini çıxara bilərik. Bu mərhələdə başlıca hədəf “Ortaq Türk dünyası” ideyasının TDT timsalında siyasi, geosiyasi və hüquqi statusunun tamamlanmasından ibarətdir. Həmin prosesin iki aparıcı gücü vardır – Azərbaycan və Türkiyə!
Bu mərhələnin əsas əlaməti geosiyasi aspektdə TDT-nin yeni güc olmasının özünütəsdiq etməsi olacaqdır. “Yeni güc” dedikdə TDT-nin başqa regional və beynəlxalq təşkilatlardan fərqli olaraq yalnız ədalətlilik, hüquqilik və qarşılıqlı faydalı əməkdaşlıq kriteriyaları əsasında yeni dünya düzəni yaratmaq istiqamətində fəaliyyət göstərəcəyi nəzərdə tutulur. Bununla TDT-nin bir təşkilat kimi qlobal geosiyasi düzəndə əsas qüvvələrdən biri olması reallaşacaq.
Bu ümumi tezisin semantikasında TDT-nin bir təşkilat kimi müasir özəlliyi vardır.
İttifaq dövləti, yaxud dövlətlərin ittifaqı?
Siyasi-hüquqi ədəbiyyatda “ittifaq dövləti” ilə “dövlətlərin ittifaqı” arasında ciddi semantik və funksional fərqlərin olduğu vurğulanır. İttifaq dövlətində hakimiyyət üzv dövlətlərin “üstündədir” – ona tabeçilik vahid Konstitusiya ilə müəyyən edilir. “Dövlətlər ittifaqı”nda isə ittifaq hakimiyyəti üzv dövlətlərdən asılı olur. Yəni üzvlərin hər birinin suverenliyi və müstəqilliyi tam təmin edilir. Dövlətlərin ittifaqı millətlərüstü vahid hakimiyyət formalaşdırmır (İ.Q.Blyünçli, Q.Ellinek, N.M.Korkunov və başqaları). Burada Avropa İttifaqı istisnadır, lakin onun üzləşdiyi problemlər dünyaya məlumdur. Bəs TDT vurğulanan birlik növlərindən hansına aid edilə bilər?
Türk Dövlətləri Təşkilatının fərqi onun bazasını Ortaq Türk dünyası məkanının təşkil etməsi ilə bağlıdır. Çünki “Ortaq Türk dünyası” hüquqi statusu olan təşkilatın yaranması üçün öncədən mədəni, mənəvi, tarixi, siyasi, iqtisadi və geosiyasi təməl formalaşdırır. Bu da konkret təşkilatın mahiyyəti və məqsədində mədəniyyət, humanitarlıq, əməkdaşlıq və təhlükəsizliyi ön sıraya çıxarmaqla yanaşı, üzv dövlətlərin suverenliyi və müstəqilliyinin tam təminatı mexanizminin qurulmasını şərtləndirir.
Bu anlamda TDT güclü potensialı olan yeni növ regional təşkilatdır! Təşkilat türk dövlətlərinin ortaq maraqları istiqamətində əməkdaşlığı gücləndirəcək imkanlara və planlara malikdir. Bununla TDT regional və qlobal miqyasda Türk dünyasının səsi olacaq . Türklərin sülh, barış, əməkdaşlıq, ədalətlilik, təhlükəsizlik və humanitarlıq səsi! Bu keyfiyyətdə TDT yeni dünya düzəninin əsas geosiyasi güclərindən biri statusuna mütləq surətdə yüksələcək!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru