Azərbaycanın Aktaudakı Baş konsulluğu “Holiday İnn Aktau” mehmanxanasında 28 May Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edib.
Tədbirdə Manqistau Vilayət Maslixatının sədri, vilayət Xalq Assambleyasının, vilayətin Xalq Nəzarəti Şurasının rəhbərləri, Türkiyə, İran, Özbəkistan, Türkmənistanın Aktaudakı baş konsulları, konsulluğun əməkdaşları, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin professorları, Aktau şəhərində səfərdə olan “Caspian Energy Club” beynəlxalq platformasının nümayəndələri, Manqistau, Atırau, Uralsk, Aktöbe vilayətlərindəki Azərbaycan diasporunun üzvləri, Aktaudakı digər diasporların , yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak edib.
Baş konsul Ayxan Süleymanlı müsəlman şərqində ilk demokratik, dünyəvi respublikanın 107 il əvvəl Azərbaycanda yarandığını diqqətə çatdıraraq Xalq Cümhuriyyətinin 23 ay ərzində gördüyü işlər barədə iştirakçılara ətraflı məlumat verib.
XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının ötən müddət ərzində böyük inkişaf yolu keçdiyini, habelə ulu öndər Heydər Əliyevin neft strategiyası əsasında güclü iqtisadiyyatı olan, özünü təmin edən müasir dövlətə çevrildiyini bildirib. O hazırda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm irimiqyaslı layihələrə imza atdığını, o cümlədən ölkəmizin Qərb ilə Şərq arasında enerji və nəqliyyat dəhlizi rolunu oynadığını və mühüm logistik mərkəzə çevrildiyini xüsusi vurğulayıb.
Baş konsul Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini, 2023-cü ilin sentyabrında Qarabağda keçirilən 23 saatlıq antiterror əməliyyatları nəticəsində isə suverenliyimizin tam təmin olunduğunu iştirakçıların diqqətinə çatdırıb, həmçinin postmüharibə dövründəki vəziyyət haqqında məlumat verib.
Bildirilib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirkləndirilmiş ölkələr sırasındadır və 2020-ci ilin noyabr ayından bu günə kimi 388-dən çox azərbaycanlı minaya düşüb, onlardan 70 nəfəri həlak olub, 318 nəfəri isə xəsarət alıb.
Bildirilib ki, 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə etdiyi dövlət səfəri çərçivəsində prezidentlərin iştirakı ilə erməni işğalından azad edilmiş Füzuli şəhərində Qazaxıstan dövlətinin vəsaiti ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub. Baş konsul Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə Qazaxıstan prezidentinə və xalqına dərin təşəkkürünü bildirib.
Manqistau vilayət akiminin müavini Abbat Urisbaev öz hökuməti adından Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib, ən xoş arzularını bildirib. Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən A.Urisbaev ölkəsinin Azərbaycanın uğurlarına sevindiyini bildirib, hazırda Azərbaycan ilə Qazaxıstan arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha da inkişaf etdiyini deyib. Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərdən danışan akimin müavini hazırda əməkdaşlığımızın bütün istiqamətlər üzrə sürətlə inkişafının, qarşılıqlı səfərlərin həyata keçirildiyinin, beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizə verilən dəstəyin mövcud strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu söyləyib.
Ziyafət zamanı işğaldan azad edilən ərazilərdə Azərbaycanın mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması ilə bağlı görüntüləri özündə əks etdirən filmlər nümayiş etdirilib, kitab sərgisi və Aktauda yaşayan azərbaycanlı müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilib.
Qulu Kəngərli
Aktau