Mayın 27-də Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev QHGT Tədqiqat Mərkəzinin gənclərin prioritet və perspektivlərini ön planda saxlayaraq onların qlobal problemlərin həllində mənalı iştirakına mühüm töhfələr verəcəyini qeyd edib.
Sonra BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək dayanıqlı inkişaf sahəsində gənclərin iştirakına yönəlmiş bilik və təcrübə mübadiləsinin önəmindən bəhs edib.
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli COP29 tədbirinin davamı olaraq, QHGT-nin Tədqiqat Mərkəzi cari ildə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi və su resurslarının səmərəli idarə olunması sahələrində innovativ yanaşmaları və onların tətbiqi imkanlarını araşdırır. Tədbir çərçivəsində mərkəzin gələcək fəaliyyət istiqamətləri, planlaşdırılan elmi tədqiqatların prioritet sahələri və əməkdaşlıq imkanları da müzakirə olunub. Qonaqlara QHGT-nin nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzinin kitabxanası və müxtəlif resursları ilə bağlı məlumat verilib.
Tədbir zamanı, həmçinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəsmi internet səhifəsinin təqdimatı keçirilib.