Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 26-da davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmədə təqsirləndirilən şəxs Arkadi Qukasyanın müdafiəsinə yeni vəkilin qoşulduğu elan olunub. A.Qukasyan yeni vəkilinə etiraz etmədiyini bildirib.
Əvvəlcə təqsirləndirilən şəxs Madat Babayan dindirilib. O, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Təranə Məmmədovanın suallarına cavabında Ağdərə rayonunun Qozlukörpü kəndində silahlı birləşmənin tərkibində fəaliyyət göstərdiyini, döyüş postlarına çıxdığını deyib, lakin Ağdərənin kəndlərinin işğalında iştirak etmədiyini iddia edib.
Təqsirləndirilən şəxs 1992-ci ilin fevralında Ağdərədən Xocalıya gəldiyini məhkəmədə bir daha təsdiqləyib. Dövlət ittihamçısı Fuad Musayevin onun Ağdərədən Xocalıya gəlməsinin səbəbi barədə sualına isə “Dəstək, kömək üçün gəlmişdim” cavabını verib.
M.Babayan Valerik Petrosyan, Davit Qriqoryan, Albert Qriqoryan adlı şəxsləri tanıdığını, Lambert Karapetyanın dəstəsində döyüşdüyünü, onların Kəlbəcər rayonunda azərbaycanlı əhaliyə qarşı qətliamda iştirak etdiklərini təsdiqləyib.
Daha sonra prosesdə tərcüməçinin iştirakı ilə erməni dilində videomaterial tədqiq olunub. Videomaterialda Ağdərənin “azad edilməsi”nin 19-cu ildönümü ilə bağlı “bayram tədbiri” keçirildiyi, orada həmin vaxt qondarma rejimə “rəhbərlik” edən Bako Sahakyanın, Ermənistan nümayəndələrinin və digərlərinin iştirak etdiyi göstərilir. Tədbirdə Ağdərənin işğalında iştirak etmiş keçmiş döyüşçülərə medallar və hədiyyələr təqdim olunur.
B.Sahakyan videomaterialda bildirir: “Burada veteran döyüşçüləri təltif etməyimiz o deməkdir ki, biz bütün keçmiş döyüşçüləri təltif edirik. Yəni, bu o deməkdir ki, indi bölükdə, tağımda və ya dəstədə xidmət etməsindən asılı olmayaraq, bütün iştirakçılar təltif olunur”.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualını cavablandıran M.Babayan videomaterialda medal alan şəxsin onun özü olmadığını iddia edərək deyib: “Tanımıram, o, mən deyiləm”.
Təqsirləndirilən şəxs Bako Sahakyan prokurorların suallarına cavabında belə bir tədbir keçirildiyini təsdiqləyib. Lakin o, həmin tədbirdə M.Babayana medal verməsini nə təsdiq, nə də təkzib edib. B.Sahakyan vurğulayıb: “Bu sualı nəyə görə verdiyinizi başa düşürəm. Amma mən Madat Babayanla o vaxt tanış deyildim, burada tanış olmuşam”.
Təqsirləndirilən şəxs Melikset Paşayan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırarkən Əsgəran rayonunun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib. O, taborun tərkibində 1993–1994-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib. O, Azərbaycanın torpaqlarının işğalından sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Mən talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtaranadək talan etməyə heç nə qalmırdı”.
Təqsirləndirilən şəxs Birinci Qarabağ müharibəsində iştiraka görə qondarma rejimin “İgidliyə görə” “medal”ı ilə təltif olunduğunu da diqqətə çatdırıb və deyib: “Dəqiq xatırlamıram, ya Bako Sahakyanın, ya da Arayik Harutyunyanın dövründə idi”.
Daha sonra M.Paşayanla eyni taborda olmuş təqsirləndirilən şəxs Qarik Martirosyan dindirilib. O, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Fuad Musayevin suallarına cavabında müharibədə 1993-cü ildən iştirak etdiyini bildirərək deyib: “Əsgəran müdafiə rayonu”nun tərkibində idim, komandir Vitali Balasanyan idi”.
O, tərkibində olduğu taborun Ağdamda yerləşdiyini də söyləyib və əlavə edib: “Tabor əvvəlcə Əsgəranın Ağbulaq kəndində yerləşirdi. Ağdam alındıqdan sonra tabor həmin rayona yerləşdirildi. Tabor komandiri Vilen Safaryan, tağım komandiri Armen idi. Bölük komandirini xatırlamıram”.
Təqsirləndirilən şəxs tərkibində olduğu 31-ci taborun hərbçilərinin bir hissəsinin Ağdamın işğalında iştirak etdiyini də söyləyib, lakin özünün işğalda iştirak etmədiyini iddia edib və bildirib: “Ələ keçirilən ərazilərin müdafiəsi məqsədilə postda dururduq”.
Qarik Martirosyan təltif olunduğunu da təsdiqləyib: “İgidliyə görə” medalı ilə təltif olunmuşam. Bu, ya Arkadi Qukasyanın, ya da Bako Sahakyanın sərəncamı ilə oldu”.
Fasilədən sonra məhkəmə prosesi “İnsanların zorakılıqla yoxa çıxarılması, əsir və girovlara işgəncələrin verilməsi” fəsli üzrə sübutların tədqiqi ilə davam etdirilib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, işğaldan azad olunan ərazilərdə məzarlıqlar aşkarlanıb. İstintaq orqanları tərəfindən məzarlıqlara baxış keçirilib. Məhkəmədə həmin baxış protokolları tədqiq edilib.
Qeyd olunub ki, Azərbaycanın suveren əraziləri azad edildikdən sonra həyata keçirilən işlər zamanı insan meyitlərinin sümükləri olan çoxsaylı kütləvi məzarlıq aşkarlanıb. Həmin ərazilərə istintaq orqanı tərəfindən baxış həyata keçirilib.
Vurğulanıb ki, əsir və girov götürülmüş şəxslərin bəziləri saxlanıldıqları yerdə işgəncə, qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb. Həmçinin əsir və girov götürülmüş şəxslərin bir çoxu Azərbaycan dövləti və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilmiş tədbirlər, eləcə də onların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən pul müqabilində azad edilib.
Ardınca qeyd edilən fəsil üzrə zərərçəkmiş şəxs Zahid Həsənov ifadə verib. O, 1994-cü il martın 7-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində yaralandığını, martın 8-dək orada qaldığını bildirib və əlavə edib: “Martın 8-də həmin kəndə ermənilər daxil oldular və bizi - 4 yaralını əsir götürdülər. Yaralı vəziyyətdə bizi “KamAZ”la aparanda, ondan sonra isə xəstəxanada işgəncə verdilər.
Bizi Xankəndidəki 3 saylı uşaq xəstəxanasında saxladılar. Bizim əsir və girovlar, o cümlədən qadınlar və uşaqlar orada idilər. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) də bizə baxmırdı. Komitənin Mark adlı nümayəndəsi var idi, tibbi bacısı isə Veronika idi. Mən təxminən bir ay yarım orada qalmışam. Həmin müddətdə Mark oraya iki dəfə gəldi. Nə yaramıza baxdı, nə də başqa nəsə etdi. Sonra bizi Şuşa həbsxanasına apardılar, Mark oraya ümumiyyətlə gəlmədi”.
O, Xankəndidə xəstəxanada saxlanılan zaman orta məktəb şagirdlərinin müəllimləri ilə birlikdə onlara baxmağa gəldiyini söyləyib və deyib: “Bizi uşaqlara göstərib deyirdilər ki, baxın, bunlar türklərdir, sizin düşmənlərinizdir. Uşaqlar da bizə tüpürür, daş atırdılar”.
Zərərçəkmiş şəxs Xankəndidə saxlanılan zaman müalicə olunmadığını bildirib və əlavə edib ki, həmin müddətdə spirtli içki və narkotik maddələr qəbul etmiş Samvel, Vrej, balaca və böyük Boryalar, Karen, Armen, Serjik adlı erməni hərbçiləri və nəzarətçiləri tərəfindən mütəmadi olaraq yara olan yerlərinə yumruq-təpik, dəmir dəyənək, avtomat silahın qundağı ilə çoxsaylı zərbələr endirilməklə amansızcasına döyülüb, müxtəlif formalarda işgəncələrə məruz qalıb. Onunla birlikdə xəstəxanada saxlanılan Qurbanov İlham Salman oğlu, Nazim, Pənah İsgəndərov, Şahbaz, İqor Əliyev, Xasay, Abdullayev Eldar İsrayıl oğlu, Tərlan, Sevil, habelə adlarını xatırlamadığı azərbaycanlı əsir-girovlara da eyni formada ağır işgəncələr verilib.
1994-cü il aprelin 28-də Xasay, Pənah İsgəndərov, İqor Əliyev və Mürşüd Məstəliyev ilə birlikdə Şuşa həbsxanasına aparılıb, orada da Emin, Karen, Qor, Vren, Albert, Sergey, habelə adlarını bilmədiyi erməni nəzarətçilər tərəfindən mütəmadi olaraq ağac dəyənək, armatur və digər küt alətlərlə amansızcasına döyülüb, soyuq kameralarda ac-susuz saxlanılıb, ağır və çirkli işlərdə zorla işlədilərək məcburi əməyə cəlb edilib. Eyni zamanda, 1994-cü il mayın 1-də Karen tərəfindən tək kameraya salınıb, üstünə bir vedrə soyuq su tökülərək ağac dəyənəklə huşunu itirənədək döyülüb. 1994-cü il mayın 8-də Azər Aslanov və Mürşüd Məstəliyev ilə birlikdə Xankəndi şəhərində üçmərtəbəli binada yerləşən təcridxanaya aparılıb, Xankəndi şəhərindəki hərbi hospitalın yaxınlığında yerləşən və Karen Babayanın komandiri olduğu 4-cü taborda hər gün ağır işlərdə zorla işlədilib.
Zərərçəkmiş şəxs əsirlikdə olduğu zaman təqsirləndirilənlərdən Bako Sahakyanı batalyonda gördüyünü, batalyon komandirinin onu qarşıladığını bildirib.
Təqsirləndirilən şəxs Bako Sahakyan isə 1992-ci ilin sonlarından və sonrakı 30 il ərzində xidməti vəzifəsinə görə əsirlərlə, girovlarla əlaqədə olduğunu bildirərək deyib: “Mən həmin o beynəlxalq təşkilatlarla, BQXK ilə əlaqədə olmuşam”.
Dövlət ittihamçısı Vüsal Abdullayevin aydınlaşdırıcı xarakterli sualına isə B.Sahakyan cavab verməkdən yayınıb.
Zərərçəkmiş şəxs Zaur Gülməmmədov 1993-cü ilin fevralında Xocavənd rayonunun Nərgiztəpə yüksəkliyində gedən döyüşlərdə qarnından güllə yarası aldığını bildirib və qeyd edib: “Xəsarətdən huşumu itirdim, ayılanda gördüm ki, başqa yerdəyəm. Sonradan bildim ki, həmin yer Xocavənd rayonunun “Tək çinar” deyilən ərazisidir. Gözümü açıb yoldaşlarımı soruşmaq istəyəndə avtomatın qundağı ilə vurdular. Əvvəl Xocavənddəki “türmə”yə, sonra isə xəstəxanaya apardılar, orada əməliyyat edib gülləni çıxardılar. Yenə “türmə”yə, sonra Qırmızıbazara apardılar. Orada armatur, avtomatın qundağı ilə döyürdülər. Yediyimiz ancaq ot idi, qarın suyunu içirdik. Üç aydan sonra Andranikin ildönümündə gəldilər ki, aparırıq bunların başlarını kəsməyə. BQXK-dan nümayəndə gəldi. Ermənilər dedilər burada yaralı, ümumiyyətlə, azərbaycanlı hərbçi yoxdur. BQXK-nı aldadıb bizi öldürmək istəyirdilər.
Bizi elə yerə aparıb saxladılar ki, orada həkim yox idi. Saç-saqqalımız uzanmışdı, bədənimizi bit-birə basmışdı. Əlimizi yumağa qoymurdular. Bizimlə birgə əsir saxlanılan ağdamlı Habil var idi. Ağdamlı olduğuna görə döyə-döyə öldürdülər. Habili vəhşicəsinə döydükdən sonra gətirib üstümüzə tulladılar. Bədənində salamat yeri yox idi. Elə həmin gün can verdi. Mənim sol ayağımı üç dəfə sındırdılar. Sonra bizi Şuşaya apardılar. İşgəncələr yenidən başladı. Orada “Ovçarka” itini üstümüzə qısqırdırdılar, qolumda itin dişinin yeri qalıb (bu zaman qolunu göstərir – red.). Ağdamdan Tatar adlı oğlan var idi, onu bir həftə soyuducuda saxlayaraq dondurub öldürdülər”.
O, 9 ay əsirlikdə saxlanıldıqdan sonra əsir mübadiləsi zamanı Azərbaycana təhvil verildiyini bildirib və deyib: “Hazırda sol tərəfim protezdir”.
Zərərçəkmiş şəxs Əskər Əskərov Quba rayonunun Xınalıq qəsəbəsində anadan olduğunu, Kəlbəcər, Ağdərə, Laçın istiqamətlərində döyüşdüyünü bildirib. O, 1993-cü il aprelin 2-də erməni hərbçiləri tərəfindən əsir götürülüb. Zərərçəkmiş şəxsin sözlərinə görə, onu BTR-in arxasına bağlayaraq Kəlbəcər şəhərinin mərkəzi ilə dolaşdırıb, vəhşicəsinə döyüb, axşamlar dirəyə bağlayıb saxlayıb və digər işgəncələr veriblər.
Daha sonra cavan, yaşlı əsir-girovlar ilə birlikdə Ermənistanın Basarkeçər rayon daxili işlər şöbəsinin müvəqqəti saxlama təcridxanasına aparılmaqla kameralardan birində bir gün saxlanılıb. Daha sonra isə İrəvan şəhərində hərbi polisin hauptvaxtı kimi istifadə olunan yerə gətirilib. O, saxlanıldığı bütün yerlərdə yumruq-təpik, rezin dəyənəklərlə amansızcasına döyülərək işgəncələrə məruz qalıb. 1995-ci il yanvarın 15-də Bəxtiyar Tağıyevlə birlikdə Qazax rayonu ilə sərhəd ərazidən azad olunaraq Azərbaycan tərəfinə təhvil verilib.
Zərərçəkmiş şəxs Elçin Cəfərov bildirib ki, 1993-cü ilin mayında Nərimanov rayonundan hərbi xidmətə çağırılıb, Naxçıvan MR-də yerləşən hərbi hissədə xidmətə başlayıb. O, 1995-ci ilin iyununda Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onu Qarakilsə rayonunda 4-5 saat saxlayıb, sonra “Niva” markalı avtomobillə İrəvan şəhərinə aparıblar. Burada isə Ermənistanın Müdafiə Nazirliyinə, sonra isə müvəqqəti saxlama yerinə gətiriblər. Orada onu 23 gün saxlayıblar. Həmin müddətdə ona işgəncələr verilib. Onu daha sonra Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasına aparıb, 1996-cı ilin mayınadək orada saxlayıblar. Orada başqa azərbaycanlı əsirlər də olub.
Təcridxanada saxlandıqları müddətdə ona çoxlu işgəncələr verilib. O cümlədən fasiləsiz işlədilib, dəmirlə, digər predmetlərlə döyməklə, bədənlərinə qızdırılmış dəmir parçaları basmaqla əziyyət verilib.
Ermənilər onları öz tərəflərinə keçməyə məcbur edib, buna etiraz etdikdə isə amansızcasına döyüblər. Zərərçəkmiş şəxs 1996-cı il mayın 10-da əsirlikdən azad edilib, İrəvan hava limanından o, müxtəlif yerlərdə əsirlikdə saxlanılan 67 azərbaycanlı ilə birlikdə Bakıya göndərilib.
Zərərçəkmiş şəxslər onların nümayəndələrinin, müdafiə tərəfinin və təqsirləndirilən şəxslərin də suallarını cavablandırıblar.
Məhkəmədə zərərçəkmiş şəxslər barəsindəki tibbi-ekspertiza rəyləri də elan olunub.
Məhkəmə prosesi mayın 29-da davam etdiriləcək.
XQ