İşğalçıya verilən “Günnüt dərsi”

post-img

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun uğurlu əməliyyatından 7 il ötür

Əslində, ölkə əhalisinin böyük əksəriyyəti kimi, biz də Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun həmin tarixdəki uğurlu hərbi əməliyyatı barədə təfsilatı bilmirdik. Halbuki, 2016-cı ildəki Aprel döyüşlərinin, sonra Ermənistanın Tovuz istiqamətdə təxribatlarına cavab vermək üçün apardığımız əməliyyatların, nəhayət, 44 günlük İkinci Qarabağ müharibəsinin bəlkə də hər saatı barədə ölkə ictimaiyyətinə təfərrüatı ilə məlumat verilirdi.

2018-ci il mayın 20-də başlanıb 27-də başa çatmış Günnüt əməliyyatı barədə xeyli sonra məlumat aldıq. Xatırladaq ki, Günnüt Şərur rayonunda kənd adıdır. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Əməliyyata gəlincə isə rəsmi məlumat belədir: 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə tarixə “Günnüt əməliyyatı” adı ilə düşüb.

Həmin bir həftə ərzində Əlahiddə Ümumqoşun Ordusunun əks-hücumu nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya və Qaraqaya dağları azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Məlumatda bildirilir ki, döyüşlər nəticəsində, ümumilikdə, 11 min hektar ərazi işğaldan azad olunub. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan – Yeğeqnadzor – Gorus – Laçın – Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı verib. Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 əsgəri həlak olub, Ermənistan tərəfdə də itki çox olmayıb.

Prezident İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində Günnüt əməliyyatı barədə məlumat verdi. Dövlət başçımız həmin müsahibəsində xatırlatdı ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib: “Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və bu ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrin texnikasından üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə, Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur”.

Prezident bildirdi ki, Günnüt əməliyyatı Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdiyinə görə, yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışırdı. Azərbaycan da faktın üstünü vurmadı: “Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, onları əldə etdik”.

Dövlət başçısının fikrincə, İkinci Qarabağ müharibəsində də Naxçıvan Ordusunun hərbçiləri fəal iştirak ediblər. Muxtar Respublikadan gətirilən silah-sursat və texnikadan cəbhədə istifadə olunub: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi Bakıya gətirilmişdi və cəbhə bölgəsinə göndərilmişdi”.

Ekspertlərin fikrincə, Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini göstərirdisə, Günnüt əməliyyatı Silahlı Qüvvələrimizin nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiqləyirdi. 2020-ci ilin sentyabrından əvvəlki döyüşlərdə təcrübə qazanan qəhrəman əsgərlərimiz, zabitlərimiz Vətən müharibəsində, sadəcə, düşmənə aman vermədən onları cəmi 44 gün ərzində məğlubiyyətə uğratdılar.

Bu zaman xüsusilə xatırladılmalı məqamlardan biri də odur ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Günnüt əməliyyatından dörd gün əvvəl – 2018-ci il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə, silahlanmaya yeni qəbul edilən hərbi texnika ilə tanış olmuş və Naxçıvanda ordu quruculuğu istiqamətində görülən işləri yüksək qiymətləndirmişdi. Dövlətimizin başçısı Naxçıvan Ordusunun böyük qüvvəyə malik olduğunu və düşmənin istənilən təxribatının qarşısını ala, eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə biləcəyini qeyd etmişdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bundan cəmi dörd gün sonra Ali Baş Komandanın etimadını doğruldaraq, Günnüt əməliyyatını uğurla həyata keçirdi.

Etibarlı mənbələrin verdiyi məlumata görə, Günnüt əməliyyatından sonra işğaldan azad olunan ərazilərin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometrdən artıq yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar bərpa edilib.

Günnüt zəfəri, Aprel və Tovuz döyüşləri, nəhayət, Vətən müharibəsində şanlı Qələbəmiz Azərbaycanda mövcud olan Xalq – Dövlət – Ordu birliyinin möhtəşəmliyini ortaya qoydu. Bu faktlar xalqımıza və ordumuza iftixar gətirən parlaq səhifələrdir. Digər mühüm amil isə ondan ibarətdir ki, Günnüt əməliyyatındakı qələbəmiz, Azərbaycan hərbçilərinin göstərdiyi peşəkarlıq Ermənistan ordusunun şəxsi heyətinin vahiməyə düşməsinə səbəb oldu.

Sonda xüsusilə qabartmaq istədiyimiz digər fakt ondan ibarətdir ki, keçmiş məcburi köçkünlərimizin işğaldan azad edilmiş ərazilərə qayıdışı gündən-günə daha böyük vüsət alır. Bu isə təkcə ölkəmizin iqtisadi imkanlarından xəbər vermir. Bu fakt həm də ordumuzun gücü və qüdrəti sayəsində hər bir vətəndaşımızın rahat, sabitlik şəraitində yaşadığının göstəricisidir. Prezidentin dediyi kimi, Azərbaycan Ordusunun hər bir əsgər və zabiti milli dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında, eləcə də, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifəsini şərəflə yerinə yetirir.

İttifaq MİRZƏBƏYLİ

Siyasət