Aşqabad nəqliyyat sazişi: İrəvanın məkrli siyasi manevrləri

post-img

Dünyada iri tranzit və nəqliyyat yolları uğrunda mübarizə özünün ən kəskin mərhələsinə daxil olub. Səbəb bəllidir: nəhəng qlobal layihələrin iştirakçısı olmaqla, ölkələr yeni bazarlara çıxış imkanları əldə edə biləcəklər. Təbii ki, xalqının tərəqqi və rifahını düşünən hər bir dövlət bunu arzulayır və bu istiqamətdə ciddi səylər ortaya qoyur.

Məlumat üçün bildirək ki, Aşqabad sazişi 2016-cı ildə qüvvəyə minib. 2013-cü ildə Qətər sazişdən çıxdığını elan edib və 2 ildən sonra müsbət cavab alıb. 2016-cı ilin noyabrında Pakistan, iki il sonra, yəni 2018-ci ildə Hindistan sazişə qoşulublar. Qeyd etmək lazımdır ki, Aşqabad sazişinin iştirakçıları hazırda öz fəaliyyətlərini, ilk növbədə Şimal-Cənub nəqliyyat dəhlizi ilə uzlaşdırmağa çalışırlar.

Sənədi imzalayan ölkələr artıq 2013-cü ildən bir hissəsi təhvil verilən Türkmənistan-Əfqanıstan-Tacikistan dəmir yolundan, 2014-cü ildən Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı avtomobil yollarından, eləcə də Avropa İttifaqı və 14 Şərqi Avropa ölkəsini birləşdirən TRACEKA nəqliyyat dəhlizindən istifadə etməyi planlaşdırırlar.

Bu arada İran rəsmiləri qonşu ölkələrə Bəndər-Abbasda müstəqil liman təşkilatları yaratmağı təklif ediblər. Tehran-Aprin quru limanının açılışı zamanı Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Seyid Əbdülrəsul Mohacer Hicazi deyib ki, İran öz tranzit imkanlarını nəzərə alaraq, regional ölkələri birləşdirən logistika mərkəzinə çevrilə bilər. Hicazinin sözlərinə görə, bir neçə qonşu dövlət, o cümlədən açıq dənizə çıxışı olmayan Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri İran nəqliyyat şəbəkələri vasitəsilə Bəndər-Abbasa daxil ola bilərlər.

Bu il mayın 8-də Ermənistan İran, Türkmənistan, Özbəkistan, Qətər və Oman arasında 14 il əvvəl Aşqabadda imzalanmış beynəlxalq tranzit və nəqliyyat dəhlizinə qoşulmağa qərar verib. Ermənistan rəsmiləri bir müddət əvvəl bəyan ediblər ki, İrəvanın əsas niyyəti geniş Avrasiya məkanında nəqliyyat əlaqələrini gücləndirmək və bu çərçivədə “Şimal-Cənub” dəhlizi vasitəsilə yeni alternativ yollar yaratmaqdır.

Lakin yuxarıda qeyd etdiyimiz kimi, hazırkı mərhələdə Ermənistanın bu sazişə daxil olması, sadəcə iqtisadi və logistika ilə izah edilə bilməz. Ekspertlərin fikrincə, Ermənistanın bu nəqliyyat dəhlizində iştirakı, ilk növbədə, iqtisadi və logistik maraqlardan daha çox, siyasi hədəflərdən qaynaqlanır.

Belə bir məqamı da nəzərdən qaçırmaq olmaz ki, sözügedən sazişin iştirakçıları arasında Hindistan və Pakistan kimi bir-birilə açıq rəqabət və düşmənçilik münasibətində olan ölkələr var. Hazırda bu iki dövlət arasında hərbi qarşıdurma təhlükəsi nisbətən səngisə də, münaqişənin yenidən alovlanmayacağına heç kim zəmanət verə bilməz.

Belə bir daim artan hərbi-siyasi fon şəraitində Ermənistanın sazişə daxil olması, ya regiondakı gərginliklərə bələd olmamaqdan, ya da bilərəkdən bu gərginliklərdən geosiyasi qazanc əldə etməyə çalışmasından xəbər verir. Bu isə Ermənistanın siyasi məsuliyyətsizliyinin və qlobal güclər arasında təhlükəli oyuna girişdiyinin göstəricisidir.

Dehli isə İrəvandan Cənubi Qafqazda öz geosiyasi niyyətlərinə çatmaq üçün istifadə etməyə çalışır. Hindistanın Ermənistana silah satması, hərbi əməkdaşlığı gücləndirməsi, əslində, regionda balansın pozulmasına xidmət edən amillərdir. Belə olan halda, Ermənistanın Hindistanın da daxil olduğu Aşqabad sazişinə qoşulması bu əlaqələrin daha da dərinləşdirilməsi üçün istifadə edilə bilər. Bu isə təkcə Azərbaycan üçün deyil, regiondakı digər ölkələr üçün də təhdid yarada bilər.

Digər tərəfdən, Ermənistanın bu addımı Cənubi Qafqazda yeni bir qarşıdurma xəttinin yaranmasına zəmin yaradır. Çünki Pakistan Ermənistanı dövlət kimi tanımır və bu ona qarşı hər zaman sərt mövqedə dayanıb. Ermənistanın daxil olduğu layihədə Pakistanla təmas ehtimalı nəzəri baxımdan belə regionda gərginliyi artırır. Ermənistan hakimiyyəti bu addımla həm də Azərbaycan-Pakistan ittifaqına qarşı bir növ “alternativ cəbhə” formalaşdırmağa cəhd edir. Lakin bu, strateji baxımdan yanlış və perspektivsiz yoldur. Ermənistan bu yolla nə tranzit üstünlük qazana, nə də regionda sülhə töhfə verə bilər.

Hayların daxil olmaq istədiyi Aşqabad sazişində real logistika baxımından da ciddi suallar var. Ermənistanın nə regional nəqliyyat infrastrukturunda, nə də Avrasiya dəhlizlərində faktiki çəkisi var. Ölkənin nə dəmir yolları, nə də magistral şəbəkəsi bu cür layihələrin icrasına hazırdır. Bu isə onu göstərir ki, İrəvan rəhbərliyinin qərarı nəinki praktik məna, daha çox siyasi simvolizm daşıyır.

Nəticə etibarilə, Ermənistanın Aşqabad sazişinə qoşulması məsuliyyətsiz, hesablanmamış və regional sabitliyi pozmağa xidmət edən addımdır. Bu cür siyasət nə Ermənistanın iqtisadiyyatını gücləndirə, nə də onu regional oyunçuya çevirə bilər. Əksinə, bu manevr Ermənistanı daha da təcrid olunmuş vəziyyətə salmaq riski daşıyır.

Müstəqil Azərbaycanın isə tranzit və nəqliyyat imkanları nəzərəçarpacaq dərəcədə böyükdür. Ölkəmizin ərazisində fəaliyyət göstərən avtomobil, dəmir yolu və dəniz limanları infrastrukturu ikitərəfli və beynəlxalq qanunlar çərçivəsində bütün dost və tərəfdaş ölkələr üçün açıqdır. Azərbaycandan fərqli olaraq Ermənistan və onun havadarlarından olan İranın bəzi ekspertləri, nəqliyyat dəhlizləri məsələsinə siyasi don geyindirməyə cəhd edir.

Məsələn, iranlı ekspert Əhsən Movahədian bu günlərdə Ermənistan mətbuatına verdiyi açıqlamada bildirib ki, Ermənistanın bu platformaya qoşulması onun “Ankara-Bakı oxunun təzyiqindən qurtulması” üçün şans yaradır. Qonşu ölkənin ekspertinin bu fikri həqiqəti əks etdirmir, nə Azərbaycan, nə də Türkiyə dövlətlərinin heç bir ölkəni, eləcə də Ermənistanı təhdid etmək etmək, ona təzyiq göstərmək niyyətləri var.

Azərbaycan bölgədəki tranzit marşrutlarının əsas təşəbbüskarlarından biridir və regionda kommunikasiyanın açılması təşəbbüslərinə daim konstruktiv mövqe sərgiləyir. Bakı “Zəngəzur dəhlizi” ideyasını təqdim edərkən, əsas hədəfi Cənubi Qafqazın nəqliyyat xəritəsini yenidən formatlamaq və Avrasiya yükdaşımalarında rolunu artırmaq idi. Ermənistan isə bu layihəni dəfələrlə əngəlləyərək, əvəzində “Sülh yox, diversiya” siyasəti ilə çıxış edir.

İran tərəfi son zamanlar Ermənistanla iqtisadi və siyasi əlaqələri gücləndirməkdə maraqlı olduğunu nümayiş etdirir. Lakin bu yaxınlaşma, əslində, Ermənistanın vasitəsilə bölgədəki Türk birliyi layihələrinə qarşı alternativ təsir zonasının qurulması məqsədinə xidmət edir. İranlı ekspertin “Ermənistan İrana güvənərək geosiyasi blokadadan çıxacaq” fikri bir illüziyadan başqa bir şey deyil. Çünki İranın Aşqabad sazişi vasitəsilə təklif etdiyi “Şimal-Cənub” marşrutu nə siyasi baxımdan stabil, nə də iqtisadi baxımdan səmərəlidir.

Bundan başqa, Ə.Movahədian Ermənistanın “Dünyanın kəsişməsi” adlı təşəbbüsünü də tərifləyərək göylərə qaldırıb. Bu təşəbbüs faktiki olaraq regiondakı geosiyasi reallıqlara uyğun gəlmir. Bu layihənin Şərq-Qərb hissəsinin “Bakı tərəfindən sabotaj” iddiası ilə izah edilməsi isə yalnız Ermənistanın sülh sazişindən imtina etməsini ört-basdır etmək cəhdidir. Halbuki Azərbaycan tərəfi sülh danışıqlarına açıq şəkildə dəstək verir və Ermənistanda konstitusiya dəyişiklikləri məsələsində beynəlxalq hüquq normalarını əsas götürür.

Azərbaycanın mövqeyi aydındır: sülh olmadan əsl tranzit sabitliyi mümkün deyil. Ermənistan tərəfindən alternativ yollarla bu sülh prosesindən yayınmaq və özünə “dost” hesab etdiyi dövlətlər vasitəsilə təzyiq mexanizmi qurmaq cəhdləri heç bir real nəticə verməyəcək. Regionda sabit kommunikasiya infrastrukturu yalnız qarşılıqlı anlaşma və etimad mühitində qurula bilər.

Ermənistan on illərlə yürütdüyü təcavüzkar siyasətdən böyük zərər çəkib. Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Ermənistan iqtisadiyyatına ağır zərbə vurub. Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistanı hər keçən il bataqlığa sürükləyir. Ermənistan anlamalıdır ki, üz tutduğu Avropa ölkələrindən onun üçün nicat yolu yoxdur. Yeganə xilas yolu region ölkələri ilə sülh əmin-amanlıq şəraitində yaşamaq, yaxın siyasi-iqtisadi əlaqələr qurmaqdır.

Məsaim ABDULLAYEV
XQ

Siyasət