Mədəniyyət beşiyimiz Şuşa yenidən azad, nəğməli günlərinin rəmzi olan möhtəşəm bayram atəşfəşanlığına bülənd olmuşdu. İki gün idi ki, orada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı ətraf dağlara əks-səda salmışdı.
Ötən şənbə keçirilmiş yaddaqalan açılış mərasimindən sonra ənənəvi festivalın çal-çağırlı bayram proqramı təqdim olunub. Müxtəlif ölkələrdən gələn ifaçıların iştirakı ilə açılış konserti olub, sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanan “Babalı Sərvərin boynuna” adlı teatr tamaşası nümayiş olunub.
Eyni zamanda, bu il ölkəmizdə 2-ci dəfə keçirilən Uşaq İncəsənət Festivalının (UİF) xüsusi zonasında bu tədbirin ilk qalibləri öz istedad və bacarıqlarını nümayiş etdiriblər. 20-dən artıq qaliblə bərabər, Şuşada yaşayan uşaqlar, şəhər sakinləri və qonaqlar üçün xüsusi, interaktiv şərait yaradılıb. Səhnəyə çıxmaq istəyən hər kəsə belə bir imkan verilib. Zəka oyunları, interaktiv əyləncələr və yaradıcı fəaliyyət sahələri uşaqların böyük marağına səbəb olub. Festival atmosferini gücləndirən çadırlarla qurulmuş düşərgə prototipi və promo məhsulların təqdimatı hamıya unudulmaz anlar yaşadıb. Axşam saatlarında ocaq başında bir araya gələn iştirakçılar, şeir, musiqi və nağılvari çıxışlarla günü unudulmaz xatirəyə çeviriblər. Festivalın mənəvi kulminasiya nöqtəsi “Mədəniyyət səninlə tanınır!” mesajı ilə qoyulub.
Bazar günü isə “Xarıbülbül” festivalı Cıdır düzündə Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramının təqdimatı ilə davam edib. Universitetin rektoru Şahin Bayramov jurnalistlərə açıqlamasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman zabitlərimizin, əsgərlərimizin fədakarlığı, şəhidlərimizin axan qanı sayəsində Şuşada növbəti dəfə “Xarıbülbül” bayramının keçirildiyini deyib. Bildirilib ki, işğaldan azad olunmuş torpaqlarda ölkə rəhbərinin sərəncamı ilə yaradılmış Qarabağ Universitetinin bu festivalda ilk dəfə iştirak etməsinin xüsusi önəmi var.
Universitetin Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri Gülşən Qasımzadə və İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəsli təhsil ocağının cəmi bir il ərzində möhtəşəm yekun konsertlə “Xarıbülbül” Festivalında çıxış etməsindən qürur duyduğunu dilə gətiriblər. Qeyd edək ki, bu cür festivallar gənc nəsildə milli-mənəvi dəyərlərə bağlılığı daha da gücləndirir, onların tariximizi, mədəni irsimizi daha dərindən mənimsəməsinə və bu dəyərləri gələcək nəsillərə ötürmək məsuliyyətini dərk etməsinə şərait yaradır.
Festival çərçivəsində 140 yaşını qeyd etməyə hazırlaşdığımız dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə görkəmli müğənni və bəstəkar, Xalq artisti, Milli Məclisin deputatı Polad Bülbüloğlunun konserti keçirilib. Orkestrə ünlü sənətkarın oğlu Murtuza Bülbül dirijorluq edib. İlk olaraq səhnədə Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi nümayiş olunub. Sonra Polad Bülbüloğlunun ifasında müxtəlif əsərlər səslənib.
Daha sonra Xalq artisti Mənsum İbrahimovun ifasında muğam və xalq mahnılarımız təqdim olunub. Dalğa-dalğa ətrafa yayılan musiqi sədaları Şuşanın təmiz nəfəsi kimi könülləri ehtizaza gətirib.
Xatırladaq ki, “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən doğma məkanına – Şuşaya qayıdıb. Bayramı izləyən hər kəsdə “Xarıbülbül”ün artıq hər il özünün əbədi ünvanından dünyaya sülh və mədəniyyət ismarıcları yayacağı qənaəti daha da güclənib.
Ə.DOSTƏLİ
XQ