XX əsrin bədii salnaməsini yaratmış ustad sənətkar

post-img

İlyas Əfəndiyev – 111

Mayın 26-da XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq İlyas Əfəndiyevin anadan olmasının 111 illiyi tamam oldu. Zəngin bədii yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat xəzinəmizə misilsiz töhfələr bəxş etmiş, həm ölkəmizdə, həm də xarici ölkələrdə geniş şöhrət qazanmış ölməz sənətkarımızın bədii irsi müasir dövrümüzün bədii salnaməsidir.

82 illik ömrünün 60 ildən çoxunu bədii yaradıcılığa həsr etmiş, ədəbiyyatın bir çox janrında dəyərli əsərlər yaratmış ustad sənətkarımızın uzunömürlü, aktuallığını, müasirliyini və bədii təravətini itirməyən əsərləri xalqımızın söz xəzinəsinin qiymətli inciləridir. İlyas Əfəndiyev minillik Azərbaycan bədii mədəniyyətinin, türk-müsəlman təfəkkürünün ən yaxşı ənənələrini yeni epoxada davam etdirərək, mənəviyyatımızın zirvəsinə yüksəldi. O, ədəbiyyatımızda – nəsrdə və dramaturgiyada lirik-psixoloji üslubun banisi, öz rejissor və aktyor məktəbi olan "İlyas Əfəndiyev teatrı”nın yaradıcısı kimi əbədi şöhrət qazandı.

Bütövlükdə, sənətkarın bədii yaradıcılığı xalq təfəkkürünün zəngin xəzinəsi üstündə yaranmışdır. Onun yaradıcılığında müasirlik əsərlərinin ideya-məzmununda, yaratdığı obrazların dünyagörüşündə, mənəvi-əxlaqi aləmində özünü göstərir. "Dağlar arxasında üç dost”, "Söyüdlü arx”, "Körpüsalanlar”, "Üçatılan”, "Geriyə baxma, qoca”, "Sarıköynəklə Valehin nağılı” kimi romanlardakı Sarıköynək, Sərvinaz, Səkinə, Şəriyyə, Yaqut, Qızyetər və s. qadın obrazları İlyas Əfəndiyevin çoxsaylı obrazlar qalereyasında xüsusi yer tutur.

Yaradıcılığı boyu yalnız qəlbinin səsinə qulaq asan yazıçı yazırdı: "Uzaq və yaxın dünənimizə, milli-mənəvi mənliyimizə mən heç vaxt direktivlərin, proqramların, ayrı-ayrı dövlət rəhbərlərinin iradəsinin və istəyinin tələbi ilə yanaşmamışam”. Akademik Bəkir Nəbiyev haqlı qeyd edirdi: “İlyas Əfəndiyevin əsərləri azərbaycançılığın, ilk növbədə, məhz ədəbi, milli-mənəvi dəyərlər, yüksək bəşəri ideallar işığında təqdimindən və tərənnümündən ibarətdir ”.

Xalq yazıçısı İlyas Əfəndiyev dərin psixoloji tapıntılarla zəngin olan dramları ilə teatr sənətimizdə yeni bir mərhələ acdı. Dramaturqun "İntizar”, "İşıqlı yollar”, "Bahar suları”, "Atayevlər ailəsi”, "Sən həmişə mənimləsən”, "Mənim günahım”, "Unuda bilmirəm”, "Məhv olmuş gündəliklər”, "Mahnı dağlarda qaldı”, "Qəribə oğlan”, "Bağlardan gələn səs”, "Xurşidbanu Natəvan”, "Büllur sarayda”, "Şeyx Məhəmməd Xiyabani”, "Bizim qəribə taleyimiz”, "Sevgililərin cəhənnəmdə vüsalı”, "Tənha iydə ağacı”, "Ağıllılar və dəlilər”, "Odlu səhradan gəlmiş şeytan”, "Bizə inan”, "On manatlıq lüstr”, "Hökmdar və qızı” kimi 22 pyesindən 19-u Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulub və çağdaş teatrımızın inkişafına güclü təsir göstərib.

Yüksək ideya-bədii səviyyəsinə, tarixi hadisələrin real təsvirinə və müvəffəqiyyətli səhnə təcəssümünə görə, dramaturqun "Xurşidbanu Natəvan” əsəri həm oxucuların, həm də tamaşaçıların dərin marağına səbəb oldu. Ümummilli lider Heydər Əliyev "Xurşidbanu Natəvan” pyesinin uğurlu tamaşasına baxdıqdan sonra öz fikirlərini dramaturqa bildirərək demişdir: "Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim Şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Mən son monoloqunuza görə sağ ol deyirəm”.

Yarım əsrdən artıq bir dövrdə milli teatrı öz çiyinlərində saxlamış qüdrətli qələm sahibinin dram əsərləri bu gün də səhnədə öz estetik təravətini, aktuallığını və müasirliyini qoruyub saxlayır. Sovetlər dönəmində yazıçı istər nəsr , istər də dram əsərlərində azadlığımızı, müstəqilliyimizi, mühacirət və repressiya mövzularını böyük cəsarətlə ədəbiyyatımıza gətirdi. 90-cı illərdə dramaturqun pyesləri Türkiyənin Ankara, Ərzurum, Sivas, Kayseri şəhərlərində də nümayiş etdirilib.

Xalq yazıçısının həm nəsri, həm də dramaturgiyası Azərbaycan kinematoqrafiyası üçün zəngin bədii material vermək qüdrətinə malikdir. Ədibin romanları, xüsusilə, “Sarıköynəklə Valehin nağılı”, “Üçatılan” və “Geriyə baxma, qoca” əsərləri bir neçə bədii filmə sığacaq material verməyə qabildir. Fikrimizcə, dramaturqun nəsrinin və dramaturgiyasının ekranlaşdırılması böyük bir tarixi zaman kəsiminin bədii materialda öyrənilməsi deməkdir. Bütövlükdə, ustad sənətkarın bədii iris həm də yaşadığı mürəkkəb zəmanənin salnaməsdir.

İlyas Əfəndiyev milli mədəniyyətimizə həsr etdiyi nəzəri-estetik məqalələri öz aktuallığı, məna tutumu ilə seçilir. Yazıçı həmin əsərlərində teatr və səhnə sənəti ilə bağlı bir sıra aktual problemlərə, o cümlədən dramaturq və teatr, rejissor sənəti, teatr tənqidi, aktyor ifası, tamaşanın məşqi, səhnə texnikası, rol bölgüsü, tamaşanın musiqisi və bədii tərtibatı kimi məsələlərə münasibət göstərmiş, fikir və arzularını bildirmişdir. "Teatr xalqın ən incə duyğularını, romantik xəyallarını, sevincini, dərdini, arzularını ifadə edir, xalqın teatrı onun milli mədəniyyətinin təntənəsidir” – deyən mütəfəkkir sənətkarın bu səpkili məqalələri milli dramaturgiyaya yeni baxış, duyum və üslub gətirdi. İlyas Əfəndiyevin teatr və səhnə haqqındakı nəzəri-estetik görüşləri bugünkü teatrşünaslıq elmi üçün də böyük əhəmiyyət kəsb edir.

Yazıçı milli-mənəvi dəyərlərimiz haqqında düşünərkən babalarımızın vaxtilə müqəddəs saydıqları namus ənənələrinin yanından sükutla keçə bilmir: "Bizim milli namusumuz hər dövrdə, hər bir çətinlikdə xalqımızın mənəvi dayağı olub. Milli namus yalnız ər-arvad məsələlərinə aid olmayıb. Atalarımız milli namus dedikdə, Vətən, millət namusu, qonum-qonşu təəssübü, böyük-kiçiyə hörmət və izzət haqqında düşünüblər”.

Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyi idi. O, öz yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna çatdı. Ancaq Qarabağın və doğulduğu Füzuli şəhərinin erməni faşistləri tərəfindən işğalı ona böyük dərd oldu. Qəlbində Qarabağ nisgili, Qarabağ düyünü ilə dünyadan köç edən unudulmaz sənətkarımızın nigaran ruhu şaddır. 44 günlük Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, dəmir yumruğu, müzəffər ordumuzun şücaəti, igid və yenilməz şəhidlərimizin və qazilərimizin fədakarlığı nəticəsində Qarabağ erməni işğalçılarından azad edildi.

Ümid edirik ki, erməni vandallarının ölməz sənətkarın Füzulidə yerlə-yeksan etdiyi ata yurdunda ev-muzeyi yaradılacaq, dərs dediyi orta məktəbə və Füzuli Dövlət Dram Teatrına Xalq yazıçısı İlyas Əfəndiyevin adı veriləcək.

Vəfa XANOĞLAN,
Azərbaycan Universitetinin müəllimi, sənətşünaslıq doktoru

Mədəniyyət