IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı

post-img

Dostluq və qardaşlığın söz bayramı

Elmlər Akademiyasının əsas binasının önündəki parkda Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı ilə IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir.

Türk dövlətləri arasında mədəni-ədəbi əlaqələrin daha da möhkəmlənməsinə töhfə olan festivalın hər günü bir ölkəyə – Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikalarına həsr olunur.

Kitab bayramı şeir saatları, müzakirələr, kitab təqdimatları, konfranslar, konsert proqramları, film nümayişləri, yubiley məclisləri ilə zəngindir. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni kitabları və əl işləri alıcılara təqdim edilir.

Bayramın ilk günləri Qırğızıstan və Özbəkistan ədəbiyyatı ilə şərəflənib. 3-cü gündə iştirakçılar Macarıstan ədəbiyyatına həsr olunmuş panel müzakirəsinə qatılıblar. Ramil Əhməd və Rəna Cahangirlinin moderatorluğu ilə keçən paneldə Macarıstan ədəbiyyatının zənginliyi, müxtəlifliyi və çağdaş dövrdə aktuallığı sərf-nəzər edilib. Azərbaycan və Macarıstanın ədəbi mühitinin nümayəndələri çıxışlarında bildiriblər ki, tarixi kökləri olan iki dövlət arasında mədəni əlaqələrin inkişafı, ədəbi mübadilə üçün qarşılıqlı tərcümələrin olması çox böyük əhəmiyyət kəsb edir. Həmçinin növbəti festivala qədər ortaq antologiyanin yaradılması təklif olunub. Tədbirdə macar şairlərinin şeirləri hər iki dildə səsləndirilib.

…Xalq şairi Ramiz Rövşənin imza saatı xüsusilə maraqlı keçdi. O, sakit, amma qətiyyətli səslə dedi: “Kitab sevgisi heç vaxt tükənməyən bir sevgidir. Mən o fikirdəyəm ki, kitabla ünsiyyət tamam başqa bir dünyadır”. – Bu sözlər gənclərin üzündə dərin bir təsir buraxdı və ədəbi festivalın ruhunu ən gözəl şəkildə ifadə etdi. Sonra sevimli şair oxucularının suallarını cavablandırdı, kitablarına avtoqraflar yazdı. Ramiz Rövşən şeirləri səsləndi və hər kəs, sanki, ədəbiyyatın işığında, poeziya qanadlarında yeni dünyalar kəşf etdi.

Ədəbiyyat və Kitab Festivalı çərçivəsində qırğız şairi Gülsaira Möminovanın və bizim unudulmaz şairimiz Nurəngiz Günün xatirəsinə həsr olunmuş “Gül dəftəri” adlı poeziya paneli də yaddaqalan oldu. Panelə şair Naringül Nadir moderatorluq edirdi. Paneldə müasir Azərbaycan poeziyasının xanım nümayəndələrindən Gülnarə Cəmaləddin, Gülşən Behbud, Aysel Xanlarqızı, Aypara Ayxan, Arzu Murad və Ülviyyə Niyazqızı çıxış etdilər. Onlar həm öz poetik nümunələrini, həm də Nurəngiz Günün qələmə aldığı şeirləri oxudular. Ədəbi diskursun poeziya üzərindən aparılması tədbir iştirakçılarına dərin hisslər yaşatdı.

Nurəngiz Günün qızı – Milli Məclisin deputatı Jalə Əliyeva tədbirin təşkil olunmasında əməyi keçənlərə təşəkkürünü bildirdi. O, eyni zamanda, sözügedən festivalın təkcə kitabın və ədəbiyyatın deyil, həm də Türk dünyasının ortaq ruhunun, birliyinin bayramı olduğunu diqqətə çatdırdı.

Festivalın təşkilatçısı Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza XQ-yə açıqlama verdi:

– Ümumiyyətlə, gördüyünüz kimi, festivalın proqramı olduqca cəlbedicidir. Bütün türksoylu ölkələrdən, o cümlədən Macarıstandan 20-dən çox tanınmış alim və qələm adamı qonağımızdır. Festivalda endirimli kitablar, sərgi və satış yarmarkaları var. Sərgidə yerli müəlliflərlə bərabər, bütün türk dünyası ədiblərinin əsərlərinə rast gəlmək mümkündür. Azərbaycana həsr ediləcək xüsusi gün mayın 28-nə – Müstəqillik Gününə təsadüf edəcək. İyunun 1-də isə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalı keçiriləcək.

Satışa çıxarılan kitabların qiymətlərinə gəlincə, festival boyunca çoxsaylı endirimlər və xüsusi təkliflər diqqət çəkir. Əksər pavilyonlarda kitablar satış qiymətlərindən 15–30 faiz endirimlə təqdim olunur. Bu, oxucular üçün böyük fürsətdir. Uşaqlar üçün nəzərdə tutulan kitablar, yeni çıxmış əsərlər, hətta klassik ədəbiyyat nümunələri əlçatan qiymətlərlə alıcı tapır. Bu, həm də daha geniş auditoriyanın kitaba yaxınlaşmasını təmin edən önəmli amildir.

Festival Azərbaycanın Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY və digər qurumların təşkilati dəstəyi ilə keçirilir.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət