Azərbaycanın ərazi bütövlüyünün bərpasında Rusiyanın “minnət payı” varmı?
Şimal qonşumuzun soydaşlarımıza qarşı davranışında ciddi geostrateji səhvə yol verməsini, bəlkə də, onun müharibə qayğıları ilə izah etmək olardı. Fəqət, Rusiya ilə normal münasibətləri qoruyub saxlayan ölkəmizi Moskvanın neoimperialist taktikasına qurban vermək istəyi, Kremlin Azərbaycanı geopolitik rəqiblərin sırasına qoşmaq cəhdi başadüşülən deyil. Əslində, ortada anlaşılmaz heç nə yoxdur.
Kreml hər şeyə velikorus şovinizmi prizmasından baxmağa öyrəşib. Bu yanaşma isə gələcəkdə Rusiyanın özü üçün ciddi problemlər yarada, onu qonşu dövlətlərlə normal tərəfdaşlıq münasibətlərindən məhrum edə bilər. Rusiya güc strukturlarının son davranışları Kremlin bütün istiqamətlər üzrə postsovet respublikaları üçün aşkar təhlükəyə çevrildiyini göstərir. Bu zaman meydana rəsmi Moskvanın “ştatnı podpivalşıkləri” buraxılır.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib ki, Azərbaycan heç vaxt Rusiyanın strateji tərəfdaşı olmayıb. “Lenta.ru” saytına müsahibəsində ermənipərəst deputat qeyd edib ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqının, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil, amma onun üzvlərinə münasibətdə strateji tərəfdaş ifadəsi işlədilir. “Eyni zamanda, belə üzvlük açıq anti-Rusiya kursunun həyata keçirilməsindən qorunmur”, - deyə, o, qeyd edib.
K.Zatulinin müsahibəsində diqqəti cəlb edən olduqca maraqlı bir tezis var. Neçə illərdir ermənilərin muzdlu nökəri missiyasını yüksək səviyyədə yerinə yetirən deputat Rusiyanın “əsas məqsədinin” nədən ibarət olduğunu açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdikdən sonra Moskvanın “mövqeyini, reaksiyasını nəzərə almır”. Bununla da Zatulin, əslində, Kremlin Bakıya qarşı məkrli planının mahiyyətini açıb ortaya qoymuş oldu. Yəni belə məlum olur ki, Moskvanın Bakıdan əsas tələbi istər Ermənistanla sülh prosesinin müsbət sonluqla yekunlaşmasında, istər Cənubi Qafqazda 30 il bundan əvvəlki mənafelərinin bu gün də gözlənilməsində, istərsə də Ukrayna ilə davam edən hərbi münaqişədə bəzi nüansların nəzərə alınmasıdır. Həmin nüanslar Rusiyanın bölgədə Qərblə geosiyasi qarşıdurmasını, eləcə də qlobal enerji layihələrinin gerçəkləşməsini əhatə etdiyindən, Azərbaycanın yalnız milli maraqlarından çıxış etməsi Kremli qıcıqlandırırmış. Zatulinin ipucu verdiyi, amma açıqlamadığı Kremlin “əsas məqsədləri” tezisinin ehtiva etdiyi mətləblər bunlardır. Aydın məsələdir ki, Rusiyanın dəstəyi olmadan Ermənistan heç vaxt Qarabağı ələ keçirə bilməzdi. Məhz buna görə 44 günlük müharibədə tarixi qələbəmiz, ərazi bütövlüyü və suverenliyimizin tam şəkildə bərpası faktı Kremlin boğazında ilişib qalmış sümükdür.
***
“Bundan sonra Azərbaycan rəhbərliyinin Rusiyanın bu cür hərəkətlərə müdaxiləsindən ehtiyatlanmağa heç bir əsası qalmadı. Rusiya ilə xüsusi münasibətləri vurğulamaq zərurəti əhəmiyyət kəsb etməkdən çıxdı”. Bu sözləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasında Rusiyanın “minnət payı” olduğuna işarə vuran Zatulin belə hesab edir ki, Azərbaycan müstəqillik tarixi boyu heç vaxt Rusiya ilə strateji tərəfdaş olmayıb: “Bu, bizim tərəfimizdən səhvdir. Bizim Azərbaycandan Şimal–Cənub dəhlizinin elementi kimi istifadə etmək planlarımız, fikrimcə, çox problemlidir. Baxmayaraq ki, bu iş davam edir, amma hələ ki, irəliləyişə səbəb olmayıb”.
Beləliklə, xoruzun quyruğu tam göründü. Qərblə strateji enerji layihələrini gerçəkləşdirməyə qərarlı olan Azərbaycan bu səbəbdən Rusiya üçün arzuolunmaz tərəfdaşa çevrilir. Yəni, Kreml Zatulinin dili ilə deyir ki, Bakı regional və transmilli enerji layihələrini mənimlə razılaşdırmalıdır. Yersiz iddiadan və böyük hikkədən xəbər verən bu ultimatumun təsir gücünün çoxdan sıfıra endiyini Rusiya hakimiyyəti gec-tez qəbul etməyə məcbur olacaq.
Mövzu ilə bağlı XQ-yə açıqlama verən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıxovun fikrincə, Rusiya güc strukturlarının azərbaycanlılara qarşı hərəkətlərini zorakılıq aktları, əsl vəhşilik kimi qiymətləndirmək lazımdır: “Polisin dinc insanlara qarşı tətbiq etdiyi belə vəhşilik heç bir halda təsadüfən baş verə bilməz. Bunlar icraçıdırlar, əmr, yaxud tapşırıq hakimiyyətin çox yuxarı eşolonundan verilib. Konstantin Zatulin kimi ermənipərəst deputatların, digərlərinin səsləndirdiyi bəyanatlar bu versiyanı tamamilə təsdiqləyir.
Bəli, Rusiya hakimiyyətinə yaxın bu kimi adamlar Azərbaycanın uğurlarına, yeritdiyi müstəqil siyasət kursuna, beynəlxalq arenada artan nüfuzuna, dünya çapında etiraf olunan gücə çevrilməsinə qıcıqla yanaşırlar. Rəsmi Bakı bütün məsələlər üzrə öz mövqeyini kifayət qədər açıq şəkildə bildirir və axıradək eyni mövqedə qalır, sözünün üstündə durur. Təbii ki, bir çox hallarda Azərbaycanın mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Buraya Ukrayna müharibəsini, İsrail–İran qarşıdurmasını və başqalarını aid edə bilərik. Aydın məsələdir ki, Bakının qətiyyəti, müstəqil siyasi iradə nümayişi Kreml isteblişmentini qıcıqlandırmaya bilməz. Bu dairəyə yaxın və haypərəst düşərgənin parlaq nümayəndəsi sayılan Zatulin, faktiki olaraq, çıxışlarında, müsahibələrində rəsmi Moskvanın mövqeyini ortaya qoyur. Görünən reallıq o qədər aşkar və aydındır ki, anti-Azərbaycan qüvvələrin niyyət və məqsədləri şübhə doğurmur”.
Konstantin Zatulin davamlı olaraq Ermənistana dəstək verən mövqeyi və Azərbaycan əleyhinə sərt açıqlamaları ilə çoxdan “məşhurlaşıb”. O, dəfələrlə Bakı ilə Moskva arasında münasibətlərin səmimiliyini şübhə altına alıb, Kremlin “Ermənistana daha çox borclu olduğunu” bildirib.
“Azərbaycan Türkiyənin müttəfiqidir, özü də təkcə Zaqafqaziyada deyil, prinsipcə müttəfiqidir”. Bunu Rusiya Dövlət Dumasının komitə sədrinin müavini iki ay bundan əvvəl Ermənistanın “NEWS.am” nəşrinə müsahibəsində deyib. Erməni sevdalısı qeyd edib: “Yalnız onu deyə bilərəm ki, İlham Əliyevin parada gəlib-gəlməməsindən asılı olmayaraq, mən çox yaxşı başa düşürəm ki, Rusiya, sadəcə, Azərbaycanla normal münasibətləri inkişaf etdirmək istəyir, amma bu, heç də Azərbaycanla razılaşmaq və ya onu layiq olmadığı dərəcədə təqdir etmək demək deyil. Azərbaycan Rusiyanın müttəfiqi deyil”– deyə bağıran Zatulin bu dəfə daha ucadan sərsəmləyib.
***
Rusiya həmişə öz daxili və xarici siyasətində neoimperialist meyillərə üstünlük verib. Kremlin bu maraqlarının tarixi zəminini I Pyotrdan qalma siyasi-ideoloji mirası təşkil edir. Sadəcə olaraq, Rusiya müxtəlif zamanlarda özünün işğal narrativlərinə fərqli “ideoloji çətirlər” uydurmağa çalışıb. Amma bütün hallarda əsas strateji hədəf qonşu dövlətləri və xalqları əsarət altına almaq olub.
Maraqlıdır ki, rəsmi Bakı Kremlin bu davranışlarına heç vaxt seyirçi qalmayıb. Bu dəfə də elə oldu. Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyada baş verənlərə sərt reaksiya verib. Rəsmi Bakı rus polislərin azərbaycanlılara qarşı zorakı davranışlarına hüquqi qiymət verilməsini tələb edib. Bu isə Azərbaycan–Rusiya münasibətlərinin yüksək həddə qədər gərginləşməsindən xəbər verir. Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı münasibətlərlə bağlı bəyannamə mövcuddur. İntəhası, Rusiya hazırda öz davranışı ilə dövlətlərarası hüquqi sənədin prinsiplərini kobud şəkildə pozur. Bunu görməzdən gələn Kremlə bağlı siyasi dairələr Yekaterinburqda baş verənləri Rusiyanın daxili işi olduğunu iddia edir, Azərbaycanın bu məsələyə reaksiya verməsini onun daxili işlərinə qarışmaq kimi dəyərləndirirlər. Amma Kreml bu zaman unudur ki, milli-etnik zəmində törədilən zorakılıq heç bir dövlətin daxili işi sayıla bilməz. Belə zorakılıq aktları onu törədən dövlətin milli-etnik təmizləmə davranışı kimi qəbul edilir. Beynəlxalq hüquq bu cür bəşəri cinayətləri qadağan edir. Bu baxımdan, Kreml hazırda qeyri-rus millətindən olan Rusiya vətəndaşlarına qarşı milli-etnik, irqi ayrı-seçkilik siyasəti ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur.
Qeyd etdiyimiz kimi, Rusiyanın Azərbaycana qarşı təcavüzkar davranışının səbəbləri məlumdur. Azərbaycan Rusiyanın təsir dairəsindən çoxdan çıxıb və Kremlin Azərbaycana qarşı təzyiq mexanizmi qalmayıb. Azərbaycan Ermənistanın işğal etdiyi əraziləri azad edərək, dövlət sərhədlərinin toxunulmazlığını təmin edib. Ona görə də, artıq rəsmi Bakı sərbəst şəkildə müstəqil xarici siyasət yürüdür. Anlaşılan odur ki, İrəvan kimi Kreml də bu reallığı həzm edib qurtara bilmir. Deməli, Azərbaycana qarşı hər hansı ciddi təzyiq mexanizmi qalmadığından Kreml məhz Rusiya vətəndaşları olan, yaxud orada miqrant kimi çalışan soydaşlarımızı hədəfə alır, onlara qarşı dövlət terrorunu reallaşdırır. Böyük ehtimalla Kremldə ümid edirlər ki, bu taktika rəsmi Bakını Rusiyanın siyasi iradəsi ilə hesablaşmaq məcburiyyətində buraxa bilər.
***
Yekaterinburqda uniformadakı quldurların törətdiyi zorakılıqlar Kremlin milliyyətinə, dininə və ya sadəcə “yanlış” soyadına görə “fərqli” hesab olunan xalqlara qarşı sistemli şəkildə tətbiq etdiyi repressiyaların yalnız bir görüntüsüdür. Xatırlatmaq istərdik ki, Rusiya əsrlər boyu – çar dövründə də, Sovet İttifaqında da – qonşu xalqların hüquqlarına etinasız yanaşıb. Müasir Rusiya da eyni siyasi xəttin daşıyıcısıdır. Təəssüf ki, bu siyasət Rusiya dövlətçiliyində dərin köklərə malikdir. Məcburi ruslaşdırma, milli hərəkatların boğulması, xalqların deportasiyası və bütöv mədəniyyətlərin məhv edilməsi siyasəti Moskvanın imperialist yanaşması kimi bu gün də qalmaqdadır.
Azərbaycanın istəyi Şimal qonşusu ilə müttəfiqlik qarşılıqlı münasibətlərin normal məcraya düşməsi, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi ilə əməkdaşlığın davam etdirilməsidir. Bu istəyi Rusiya siyasi elitasında da arzulayanlar az deyil. Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa belə ifadə edib: “Düşünürəm ki, bu məsələ yoluna qoyulacaq. Hər şeyi aydınlaşdırmaq lazımdır. Mən inanıram ki, hazırda çoxlarının məhv etməyə çalışdığı və bunün üçün bəhanələr axtardığı dostluq münasibətlərimizi qoruyub saxlamağın yollarını tapacağıq”. Bu məqamda bizə inşallah demək qalır.
İmran BƏDİRXANLI
XQ