Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Fikrət Qocanın 90 illiyi münasibətilə “Fikrət Qoca – sönən deyil bu ocaq” adlı virtual kitab sərgisi açılıb.
Kitabxanadan XQ-yə bildirilib ki, materialda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən Xalq şairi Fikrət Qocanın müxtəlif orden və medallarla təltif edilməsi, yubiley tədbirlərinin keçirilməsinə dair imzaladıqları rəsmi sənədlərin mətni ilə yanaşı, Xalq şairi Rəsul Rzanın, Xalq yazıçısı Anarın, akademik Nizami Cəfərovun şair haqqında söylədikləri dəyərli fikirlər də yer alıb.
Virtual kitab sərgisində Fikrət Qocanın müəllifi olduğu əsərləri və onun haqqında qələmə alınan nəşrlərin, məqalələrin tam mətni təqdim edilib.
Xalq şairi Fikrət Qocanın zəngin bədii irsindən, yaradıcılıq yolundan bəhs edən “Bu dünyadan bir Fikrət Qoca keçdi”, “Gözəl şair, kamil ziyalı”, “Şeirləri sevgidən yaranan şair”, “Azərbaycan poeziyasının Fikrət Qoca dünyası”, “Fikrət Qoca gecəsi” kimi məqalələrin tam mətni sərgilənib.
“Fikrət Qoca – Sönən deyil bu ocaq” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
Kitabxananın rəsmi saytında yaradılan “Fikrət Qoca - 90” adlı elektron resurslar bazası yeni materiallarla zənginləşdirilir.