Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik seminar keçirilib.
Görkəmli özbək əsilli Azərbaycan alimi, dilçi və ictimai xadim, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın təşkilatçılarından biri Xalid Səid Xocayevin xatirəsinə həsr olunan seminar qurultayın 100 illiyi münasibətilə təşkil olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilib.
Mərasimi Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin prorektoru, professor Qudratilla Omonov açaraq Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən bəhs edib. O, universitetin rektoru, professor Gülçöhrə Rixsiyevanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirib.
Sonra Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək bildirib ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının alimlərini bir araya gətirərək dil, ədəbiyyat, tarix və mədəniyyət sahəsində yeni mərhələnin əsasını qoyub. Bu qurultay türkoloji tədqiqatların sistemli inkişafına təkan verərək, ortaq elmi platformanın formalaşmasına xidmət edib.
Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov qurultayın tarixi və ideoloji önəminə toxunub. Qeyd edib ki, bu mövzu bu gün də aktuallığını qoruyur və Türk dünyasının birliyi baxımından xüsusi əhəmiyyət kəsb edir.
“Birinci Türkoloji Qurultay yalnız eyni dili paylaşan xalqların toplantısı deyil, müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyi genişmiqyaslı elmi platforma olub”, – deyə bildirən alademik Rafael Hüseynov vurğulayıb ki, həmin dövrdə alimləri birləşdirən əsas amil türkçülük ideyası olub və bu ideya türkoloji elmin formalaşmasında mühüm rol oynayıbr. O, həmçinin qeyd edib ki, Mahmud Qaşqarlının “Divani-luğat it-türk” əsəri türkoloji elmin, eləcə də linqvistika, etnoqrafiya və tarix sahələrinin inkişafı üçün fundamental əsas yaradıb.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov isə çıxışında
Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsinin təsadüfi olmadığını deyərək bildirib ki, həmin dövrdə Azərbaycanda latın əlifbasına keçid prosesi artıq başlamışdı və qurultayın əsas məqsədlərindən biri bu əlifbanın bütün türk xalqları arasında tətbiqinin müzakirəsi idi. Akademik Nizami Cəfərov əlavə edib ki, qurultayda bir sıra mühüm məsələlər müzakirə olunub, lakin sonrakı dövrdə baş verən repressiyalar bu proseslərin davamlı inkişafına mane olub.
Mərasimdə Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova çıxış edərək bildirib ki, Birinci Türkoloji Qurultay çərçivəsində əlifba, ədəbiyyat və tarixlə bağlı mühüm məruzələr təqdim edilib, Türk xalqlarının ortaq dil və mədəni irsi geniş şəkildə müzakirə olunub. Onun sözlərinə görə, bu kimi tədbirlər həmin irsin yenidən dəyərləndirilməsi və müasir elmi mühitdə aktual şəkildə təqdim olunması baxımından mühüm önəm daşıyır.
Seminar çərçivəsində filologiya üzrə fəlsəfə doktoru, publisist Azər Turan “Türk xalqlarının tarixində ilk elmi toplantı”, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova isə “Xalid Səid Xocayevin irsi: Birinci Türkoloji Qurultay və Türk dünyası” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə, həmçinin professorlar Rüstəm Şaripov, Həmidulla Baltabayev, Adhambek Alimbekov, Marufjon Yoldaşov, filologiya elmləri doktoru Salima Rustamiy, dosent Cumali Şabanov və digərləri çıxış edərək Birinci Türkoloji Qurultayın Türk xalqlarının elmi düşüncə tarixindəki rolu və bu irsin müasir dövrdə davam etdirilməsi məsələlərindən bəhs ediblər.
Qabil YUSİFOĞLU
XQ



