İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfəri çərçivəsində “Yeni üfüqlərə doğru: Dialoqdan birgə fəaliyyətə” mövzusuna həsr olunmuş Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumunun bağlanış mərasimində çıxış edib.
O, bildirib ki, forumun zəngin proqramı, canlı fikir mübadiləsi və gün ərzində aparılan məqsədyönlü müzakirələr böyük iş görüldüyünü söyləməyə əsas verir.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, bu forum çərçivəsində keçirilən panel sessiyalarda bir çox mühüm məsələlər üzrə də hərtərəfli müzakirələr aparılıb. Panel müzakirələrinin mövzuları təkcə parlament komitələrinin fəaliyyətinin əsas aspektlərini deyil, həm də ölkələrimizin bu gün fəal əməkdaşlıq etdiyi istiqamətləri əks etdirir.
Bu gün Forum çərçivəsində iki ölkənin parlamentləri arasında 2025-2026-cı illər üçün ikitərəfli və çoxşaxəli əməkdaşlığı əhatə edən yeni “Yol xəritəsi” imzalandığını xatırladan spiker Sahibə Qafarova qeyd edib ki, forumun mühüm nəticələrindən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə Özbəkistan Respublikasının Ali Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın Nizamnaməsinin imzalanması oldu. Bu daimi fəaliyyət göstərən orqanın fəaliyyəti sayəsində biz əməkdaşlıq gündəliyimizi daha səmərəli şəkildə nəzərdən keçirə və həyata keçirə biləcəyik.
Milli Məclisin sədri sonda forumun uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb. O, qeyd edib ki, qarşıya qoyulmuş bütün vəzifələr uğurla yerinə yetirilib. Lakin bu, yalnız başlanğıcdır. Bu forumla gələcək hərtərəfli, möhkəm və dərinləşmiş əməkdaşlığın təməli qoyulur və parlamentlərarası forum parlamentlərarası dialoqun mühüm platforması və səmərəli mexanizmi olacaq.
Bağlanış mərasimində çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva forumun əhəmiyyətindən danışaraq, tədbirdə müzakirə edilmiş məsələlərin vacibliyini qeyd edib. O, forumda aparılmış konstruktiv fikir mübadiləsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib. Tənzilə Narbayeva diqqətə çatdırıb ki, Özbəkistan-Azərbaycan parlamentlərarası Forumu parlament əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qədəm qoyduğunun təcəssümüdür.
Tənzilə Narbayeva ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsində dövlət başçılarımızın xüsusi rolunu qeyd edərək, onların prinsipial mövqeyi sayəsində əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib.
O, bildirib ki, son illər bir sıra sahələrlə yanaşı, parlamentlərimizin də qarşılıqlı əlaqələri daha da inkişaf edir, qarşılıqlı səfərlərin və görüşlərin sayı artır. Bu baxımdan parlamentlərarası komissiyanın yaradılması əməkdaşlığımızın inkişafında yeni mərhələdir.
Tədbirin sonunda Xivə Bəyannaməsi qəbul edilib.