Azərbaycanın “qırmızı xətti”: müstəqilliyimiz əbədidir!

post-img

Azərbaycan Respublikası bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.

Heydər Əliyev,
Ümummilli lider

II məqalə

Həqiqət anı

Bu mövzuda I məqalənin sonuncu sualı olan “Qərbi Azərbaycan haradır?” bəlağət deyildir. Cavabı da bizə tam aydındır. Sual əsrlərdir ki, diqqətləri bir daha Azərbaycan xalqından gizlədilən, müxtəlif sözlər və hiylələrlə üstüörtülən tarixi fakta yönəltmək üçün qoyulmuşdur. 

Bu sual nə kiminsə ərazisinə iddianı ifadə edir, nə də kimlərəsə irad üçündür. Çünki dövlətlərin geosiyasi mübarizəsi həmişə vardır və orada qalibi mühakimə etmirlər. Ancaq həqiqəti bilmək hər bir ölkənin, xalqın və dövlətin təbii hüququdur. Və elə dönəm meydana gəlir ki, bir zamanlar hansısa dəyərlərini itirmiş və ya əlindən alınmış xalq öz təbii hüququnu tələb edir. Qərbi Azərbaycan xalqımızın təbii haqqı və hüququdur!

Ulu öndər Qərbi Azərbaycanın coğrafi, tarixi, mədəni, siyasi və geosiyasi hüdudlarını çox dəqiq ifadə etmişdir – “indi Ermənistan adlanan ərazi”! Azərbaycan dövləti, cəmiyyəti, hər bir vətəndaşı üçün həqiqət anı bundan ibarətdir. İndi bu müəyyənedici tezis, ümumiyyətlə, azərbaycanlıların coğrafiyadan, tarixdən, haqdan və hüquqdan gələn “qırmızı xətti”dir! 

Bununla yanaşı, kimsə deyirsə ki, indi “İran” adlanan ərazidə “Qərbi Azərbaycan ostanı” da var və əsl Qərbi Azərbaycan oradır, o da haqlıdır. Amma həqiqət naminə bir az fikri tamamlamaq lazım gəlir. Çünki orada “Şərqi Azərbaycan ostanı” da var. 1906-1950-ci illərdə isə İranın 12 ostanından biri Azərbaycan idi. 1950-ci ildə ostanlaırn sayı 10-a düşdü və Azərbaycanı iki yerə böldülər – Qərbi Azərbaycan, Şərqi Azərbaycan ostanları. Hazırda ostanların sayı 31-dir. Deməli, ostanların (vilayətlərin) sayı dəyişir, lakin “Azərbaycan” adı dəyişmir! Bütün hallarda indi İranda vilayət statusunda “Azərbaycan” vardır. Bunu inkar etmək mümkün deyildir, çünki coğrafi, tarixi və mədəni faktdır, gerçəklikdir! 

Nəticə: “İranda Azərbaycan var”, deyənlər tam haqlıdırlar – oradakı Azərbaycan bütövlükdə Azərbaycanın bir hissəsidir. Heydər Əliyevin adlandırdığı Qərbi Azərbaycan isə indiki İran sərhədləri daxilində deyil, tarixən vahid olan Azərbaycanın coğrafi baxımdan Qərbindədir. Necə ki, Şimali Azərbaycan, Cənubi Azərbaycan bölgücü var, eyni haqq və hüquqla Qərbi Azərbaycan var ki, ora İrəvan, Göyçə, Zəngibasar və Zəngəzur mahalları daxildir. 

Bundan başqa. 1950-ci ilə qədər İranın inzibatı bölgüsündə “Şərqi Azərbaycan” və “Qərbi Azərbaycan” yox idi, vahid “Azərbaycan” vardı. Nə oldu? Tarix 1950-ci ildən sonra daha dəqiqmi dövran etməyə başladı? Bundan başqa, “Azərbaycan” adı altında nə qədər xırdaçılıq etsən də, adi insanlar belə anlayırlar ki, söhbət, ümumiyyətlə, Azərbaycandan gedir, yəni vahid Azərbaycan mövcuddur, tarixdir, gerçəklikdir, sosial-siyasi, coğrafi və mədəni faktdır. Onun inzibati bölgü qaydası isə dövlətin (bu anda İranın) daxili işidir. O bölgünü yenə də dəyişə bilərlər, lakin “Azərbaycan” adını kimsə dəyişə bilməz!

Onun tarixi nümunəsi kimi Qərbi Azərbaycanda minbir imperiya hiyləsi ilə qondarma “Ermənistan” yaradanların hazırda üzləşdikləri geosiyasi mənzərəni göstərə bilərik. 

Qərbi Azərbaycan necə “Ermənistan” oldu?

Nadir Şah dönəmindən sonra Rusiya və Qərb imperiyalarının Səfəvidən qalan dövlət nizamını tam dağıdıb, əvəzində öz maraqlarına uyğun siyasi, coğrafi, demoqrafik və geosiyasi reallıq yaratmağa ciddi surətdə girişdilər. Bunun üçün onlar Osmanlını da zərərsizləşdirməli idilər. Bu iki güclü türk imperiyaları arasında həm ixtilaf yaradır, həm də türkləri öz yurdlarından qovaraq yerlərinə əsasən erməniləri yerləşdirirdilər. 

1827-ci ildə ruslar İrəvan xanlığını tam işğal etdilər və dərhal da özlərinə sərf edən inzibati bölgü apardılar. Nəticədə İrəvan, Naxçıvan və Zəngəzurun tarixi, siyasi və coğrafi bütövlüyü nəinki pozuldu, hətta oralar fərqli intensivliklə erməniləşdirilməyə başlandı. Özlərindən “erməni vilayəti” yaratdılar. Paralel olaraq, aborigen türk və kürd müsəlmanlara qarşı amansız işlər görməyə başladılar. Bununla XIX əsrin sonlarına yaxın regionda demoqrafik mənzərəni xeyli dəyişməyə nail oldular. Tarixin sonrakı dönəmi gəstərdi ki, bu, daha amansız antitürk, antiazərbaycanlı, antimüsəlman siyasətin başlanğıcıdır. 

İmperialist dairələr XIX əsrin sonlarında erməni terror təşkilatları vasitəsi ilə siyasətlərini həyata keçirməyə başladılar ki, bu da yeni səviyyədə türk dövlətçiliyinə qarşı planın başlaması demək idi. O dövrdə nə Qacar, nə də Osmanlı İmperiyası həmin güclərə qarşı durmaq gücündə deyildilər. Tədricən geri çəkilməyə və hətta ərazinin bir hissəsini düşmənə verməyə məcbur qaldılar. Digər tərəfdən, XIX əsr (1821-1823) və XX əsrin əvvəllərində (1915-1918) Qacar və Osmanlı imperiyaları bir-biri ilə savaşdılar. Bu qovğalardan ən böyük zərbəni Azərbaycan dövlətçiliyi gördü. 

İmperiyalar türklər arasında çəkişmələri də fürsət bilərək bütün cəbhə boyu “Azərbaycan” ideyası, ideologiyası və dövlətçiliyi üzərinə gəldilər. Azərbaycanlıları tədricən öz yurdlarından qovaraq ya kəndlərini xarabaya çevirdilər, ya da kənardan erməniləri gətirib ora yerləşdirdilər. Onu da vurğulayaq ki, kürd-müsəlman xalqına qarşı da eyni hərəkətləri edirdilər. 

Tarixi faktlar göstərir ki, XVIII əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər öncə Rusiya İmperiyası, sonra isə SSRİ dövründə minlərlə azərbaycanlı yaşayış məntəqələri ya dağıdılmış, ya da aborigen azərbaycanlılar qovularaq əvəzlərində erməniləri ora yerləşdirmişlər. SSRİ-də bu proses 1920-1969-cu ilə qədər (Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçilənədək) davam etmiş və sonra 1987-1993-cü illərdə xüsusi ssenari ilə aparılmışdır. 

Bu antiAzərbaycan siyasətinin ilk böyük siyasi və geosiyasi fəsadı 1920-ci ilin noyabrında Qərbi Azərbaycan ərazisinin 10 min kvadratkilometr hissəsində “Ermənistan” yaratmaq oldu. Həmin il dekabrın 2-də isə SSRİ “öz dədə-baba torpağı” kimi İrəvan və Zəngəzur da daxil olmaqla Azərbaycan torpaqlarının daha bir hissəsini Ermənistana bəxş edilməsini rəsmən tanıdı (İrəvan şəhəri 1918-ci ildə, Zəngəzur isə 1920-ci ilin iyulunda o dövrdə Azərbaycanda olan hakimiyyət tərəfindən Ermənistana verilmişdi). 1920-ci il dekabrın 2-də isə Sovet Rusiyası Sovet Ermənistanına İrəvan quberniyasının, Zəngəzur qəzasının, Qazax qəzasının dağlıq hissəsinin verilməsini qeyd-şərtsiz tanıdığını bəyan etmişdir. 

SSRİ-də XX əsr boyu bu cür proses sayəsində “Ermənistan” adlanan ərazi 29 min kvadrat kilometrə qədər artırıldı. Hamısını da damla-damla, hissə-hissə təzyiq və müxtəlif siyasi-ideoloji hiyləgərliklə Azərbaycan SSR ərazisinin müəyyən yerlərini “Ermənistana qardaş yardımı” kimi verdilər. 

Bunun fonunda həm Qərbdə (ABŞ+Avropa), həm də SSRİ-də (Rusiya), ümumiyyətlə, “Qərbi Azərbaycan” terminini siyasi-diplomatik, geosiyasi leksikondan sildilər. Coğrafi ərazi kimi isə bütövlükdə tarixin arxivinə atmağa çalışdılar. Onların yollarını 2020-ci il Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsi kəsdi! Lakin, görünür, rəsmi Tehranda və Kremldə bir sıra qruplar hələ də əvvəlki ab-havanın təsiri altındadırlar!

Oyunun sonu və ya yeni mərhələ

Əlbəttə, İran və ya Rusiya kimi qədim dövlətçiliyi olan ölkələrdə siyasi dairələr bütün bunları daha əhatəli və dərindən bilirlər. Lakin bunu etiraf etməyə mənəvi və siyasi strateji cəsarətləri, ədalətləri çatmır. Bu isə perspektivi olmayan davranışdır. Hansı səbəblərdən?

Əsas səbəb tarixi həqiqətlərdir. Son 300 ildə Cənubi Qafqaz geosiyasi coğrafiyasında kimlərin hansı oyunları aparmasından, hansı süni dəyişikliklər etməsindən asılı olmayaraq, “tarix həmişə hər şeyi öz yerinə qoyur” (Heydər Əliyev). İndi Azərbaycan Respublikası müstəqildir. 1993-cü ildən başlayaraq, addım-addım dünyada hər kəsə öz varlığını qəbul etdirmişdir. Heydər Əliyev faktiki olaraq müxtəlif qüvvələrin fəaliyyəti nəticəsində dağılmaqda olan ölkəni bütöv ölkəyə, sarsıntı içində çabalayan cəmiyyəti özünə inanan monolit topluma və məhv olmağın astanasında dayanmış dövləti güclü dövlətə çevirə bildi. XX əsrin sonu XXI əsrin əvvəllərində dünya üzrə ikinci belə bir nümunə yoxdur! 

Əlbəttə, sürətlə inkişafa nail olan və ya II Dünya Müharibəsində aldığı çox böyük zərbədən özünü düzəldən dövlətlər vardır. Lakin onların hamısı artıq mövcud olan güclü dövlət sistemlərinin bazası üzərində nailiyyət qazanmışlar. 

Heydər Əliyev isə faktiki üç cəbhədə ölkəni dağılmaqdan qurtarmaq, dağıdıcı siyasi-ideoloji prosesi dayandırıb birləşdirici konsepti həyata keçirmək və əsl güclü dövlət qurmaq vəzifələrini kompleks halda yerinə yetirməli idi! 

Yəni böyük tarixi olsa da, XX əsrin sonuncu onilliyinə çoxlu sayda problemlərlə daxil olmuş bir məmləkətin “küllərindən” yeni ölkə və dövlət qurmalı idi. Yeni insanlar, vətəndaşlar yetişməli idi. Yeni ordu qurulmalı idi ki, qəvi düşmənləri Vətəndən qova bilsin! Yeni inkişaf strategiyası hazırlamaq lazım idi ki, uzaq perspektivdə belə müstəqil dövlətçiliyi təmin etsin!

Azərbaycan Respublikası bu çətin tarixi təkamül yolunun, dövlət və cəmiyyət olaraq özünüyeniləşdirmənin böyük bir hissəsini tarixi baxımdan çox qısa müddətdə - 1993-2003-cü illərdə keçə bildi. Artıq XXI əsrin əvvəllərində Cənubi Qafqazda gücü və möhtəşəmliyi gözlər qamaşdıracaq bir müstəqil türk dövlətinin “Günəş kimi doğduğu”nun fərqində idilər.

Bu həm də yeni gərginlik və kəskinlik mərhələsi ilə xarakterizə olunan mübarizənin başlaması demək idi. Əsas diqqət mərkəzində isə “Azərbaycan” ideyası, siyasi kimliyi, geosiyasi varlığı, mədəniyyət məkanı və coğrafi ərazi kimi məsələsi dayanmışdır! İndi müşahidə edilən və bizlərə kataklizmlər, bəzən təhlükələr kimi görünən məqamlar məhz bu böyük savaşın fraqmentləridirlər! Böyük oyuna böyük səbr, güc və ədalət lazımdır! Ədalətli ola bilməyən qalib ola bilməz! Bunlar Azərbaycan Respublikası dövlətinin, xalqının və hər bir Azərbaycan vətəndaşının “qırmızı xəttidir”! 

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət