Haqsızlığa, ədalətsizliyə qarşı çıxmaq, bu əməlləri törədənlərə etiraz səsini ucaltmaq həm hüquqi, həm də humanizm prinsipləri baxımından təqdirəlayiq haldır. Amma gərək bu səs selektiv üsulla deyil, hər zaman ucalsın.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Rusiyada etnik azərbaycanlılara qarşı “qeyri-insani rəftar” barədə xəbərlərdən “dərin narahatlıq” keçirdiyini ifadə edib. O, narahatlığını özünün “Facebook” səhifəsində izləyicilərlə paylaşmağı da unutmayıb: “Rusiya təhlükəsizlik qüvvələri tərəfindən bu ölkədə etnik azərbaycanlılara qarşı zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən məlumatlar məni dərindən narahat edir. Fikirlərim qurbanlar və onların ailələri ilədir”.
Demokratik dəyərlərə, insan haqqlarına həssas yanaşan bir avropalı olaraq Peter Mixalkonu qitənin ən böyük təsisatının Azərbaycandakı elçisi kimi də başa düşmək mümkündür. Başa düşülməyən mətləb ondan ibarətdir ki, Aİ-nin Azərbaycandakı səfiri nədənsə Bakıda məhkəməsi davam edən təqsirləndirilən şəxslər – ermənilər tərəfindən azərbaycanlıların vəhşicəsinə işgəncələrə məruz qalması və öldürülməsi faktları ilə bağlı da oxşar mövqe bildirmir. Axı, ortada kifayət qədər fakt və sübut, canlı şahidlər var.
Cənab Mixalkonun yadına salaq ki, söhbət Azərbaycan ərazisində qeyri-qanuni yaradılmış qurumun nümayəndələrindən, separatçı rejimin mütəşəkkil cinayətkar qruplaşmasının üzvlərindən gedir. Onlar təkcə rəsmi Bakının deyil, həm də digər ölkələrin təsdiqlədiyi rəsmi məlumatlarına əsasən, 1990-cı illərdə çoxsaylı qətllərdə iştirak ediblər. Erməni separatçıların milli, dini ayrıseçkilik zəminində törətdikləri cinayət əməlləri barədə bu gün bütün dünya bilir. Bəs niyə Avropa İttifaqı bu danılmaz həqiqətə reaksiya bildirməyə tələsmir? Bunun əvəzində qurumun Bakıdakı nümayəndəsi Peter Mixalko vaxtını daha “vacib işlərlə”, misal üçün, Azərbaycanda müxalifət partiyalarının rəhbərləri ilə görüşlərə həsr edirdi.
Bəli, “kollektiv Qərb”in Cənubi Qafqazda öz maraqlarını güddüyü sirr deyil. Aİ də bu missiyanı yerinə yetirən qurumlardan biridir. Məgər Aİ rəsmiləri erməni silahlı quldurlarının Azərbaycanın Qarabağ bölgəsində törətdikləri qanlı olaylardan xəbər tutmurdular? Əlbəttə tuturdular, amma susurdular. İndi isə qanun pozucusu, cinayətkar qismində Rusiya çıxış edəndə dərhal etiraz səsini qaldırır. Nəinki etiraz edir, hətta Rusiyada baş verənlərə hiddətlənir. Əlavə şərhə ehtiyac qalmadı...
İ.HƏSƏNQALA
XQ