Avropa ABŞ-dan Ukraynaya silah ala biləcəkmi?

post-img

Ukrayna silah təminatında qarşılaşdığı çətinliklər fonunda yeni yanaşma sərgiləməyə başlayıb. “Politico” nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, rəsmi Kiyev Vaşinqtondan Avropa ölkələrinin öz müdafiə büdcələri hesabına ABŞ istehsalı olan silahları alaraq Ukraynaya ötürməsinə icazə verilməsini xahiş etməyə hazırlaşır. Məqalədə bildirilir ki, bir neçə Avropa hökuməti artıq bu istiqamətdə planlar hazırlayır. Silahların alınması və Ukraynaya ötürülməsi Avropa ölkələrinin NATO çərçivəsində müdafiəyə ayırdığı xərclərə daxil ediləcək. Lakin prosesin gerçəkləşməsi üçün ABŞ hökumətinin razılığı tələb olunur və bu məsələ hazırda danışıqlar mərhələsindədir.

“Politico” qeyd edir ki, məsələnin həssas məqamlarından biri ABŞ-ın öz müttəfiqlərinə qoyduğu texnoloji məhdudiyyətlərlə bağlıdır. Xatırladaq ki, Bayden administrasiyası dövründə Böyük Britaniyanın “Storm Shadow” raketlərinin Ukraynaya göndərilməsi ABŞ komponentlərinin mövcudluğu səbəbilə məhdudlaşdırılmışdı. Ukraynalı rəsmilərin sözlərinə görə, aparılan danışıqların bir hissəsi məhz bu cür texniki icazələrin əldə olunmasına yönələcək.

Lakin hələlik ABŞ tərəfinin bu tələblərə necə reaksiya verəcəyi bəlli deyil. “Politico” yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ-ın hazırkı prezidenti Donald Tramp arasında keçirilən görüşdə Kiyevə daha çox müdafiə silahlarının göndərilməsi ideyası müsbət qarşılanıb. Görüşə yaxın mənbələrdən biri bunu “həqiqətən pozitiv” görüş kimi xarakterizə edib, Trampın “anlayışlı və mərhəmətli” mövqe sərgilədiyini bildirib.

Senatın Silahlı Qüvvələr Komitəsinin sədri Rodjer Uiker isə qeyd edib ki, Ukrayna tərəfi artıq ABŞ-dan birbaşa maliyyə yardımı deyil, Avropa fondları hesabına ABŞ silahlarının alınmasına icazə verilməsini istəyir. “Prezident Zelenskinin son istəyi daha çox pul deyil, Avropa vəsaitləri ilə ABŞ silah və sursatlarının alınmasıdır,” – deyə senator vurğulayıb.

Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ Müdafiə Nazirliyi Ukraynaya müəyyən silah növlərinin göndərilməsini gözlənilmədən dayandırıb. BILD nəşri yazır ki, Ukraynada olan ABŞ raketlərinin ehtiyatı yay aylarının sonuna qədər kifayət edəcək, daha sonra isə vəziyyət kritik həddə çata bilər.

“Wall Street Journal” isə xəbər verir ki, xüsusilə “Patriot” raketlərinin göndərilməsinin dayandırılması Ukrayna üçün olduqca uğursuz dövrdə baş verib və Rusiyanın hava hücumlarına qarşı müdafiəni zəiflədə bilər.

Bütün bunlar fonunda ABŞ və Ukrayna tərəfi prezidentlər Tramp və Zelenski arasında birbaşa telefon danışığının təşkilini həyata keçirir.

Ekspertlər hesab edirlər ki, Ukraynanın bu cür dolayı marşrutla silah tədarükünə yönəlməsi bir neçə strateji məqsədə xidmət edir. Birincisi, bu, ABŞ-dakı daxili siyasi çətinlikləri nəzərə alaraq, təchizat prosesində çeviklik yaradır. İkincisi, bu yanaşma Avropa dövlətlərini Ukraynanın müdafiəsində daha aktiv iştirakçıya çevirir və NATO-nun ümumi müdafiə yükünün paylaşılmasını təşviq edir.

Eyni zamanda, ABŞ silahlarının texnoloji ixracına qoyulan məhdudiyyətlər bu planın gerçəkləşməsində əsas əngəllərdən biri kimi qalır. Əgər Vaşinqton bu məhdudiyyətlərə istisnalar tətbiq etməyə razılaşarsa, Ukraynanın silah ehtiyaclarının mühüm hissəsi Avropa kanalları vasitəsilə qarşılanmış olacaq.

Ukraynanın yeni silah strategiyası — Avropa vəsaiti ilə ABŞ silahlarının alınması — Vaşinqtonun mövqeyindən asılı olan, lakin geniş regional nəticələrə səbəb ola biləcək cəsarətli diplomatik manevrdir. Bu prosesin gedişi NATO daxilində həm maliyyə yükünün bölüşdürülməsi, həm də texnoloji ixrac siyasətinin liberallaşması ilə bağlı ciddi müzakirələrə yol aça bilər.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət