Geosiyasi yaddaşın yenidən yazılması

post-img

Qarabağ və Şərqi Zəngəzura səyyah axınının beynəlxalq əks-sədası

Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşdığı bir dönəmdə Qarabağ və Şərqi Zəngəzura təşkil olunan beynəlxalq səyyah səfərləri transformativ xarakterli geosiyasi aktlardır. Səfərlər Azərbaycanın post-münaqişə dövründə həyata keçirdiyi “yumşaq güc” siyasətinin konkret təzahürüdür və informasiya suverenliyinin bərpası üçün mühüm alətə çevrilir. Geosiyasətdə klassik sərt güc elementləri ilə yanaşı, identitet, yaddaş, informasiya və təsəvvürlər uğrunda gedən “səssiz müharibə” getdikcə daha aktual olur. Məhz bu kontekstdə MTP klubunun (Most Traveled People) Qarabağ və Şərqi Zəngəzura 13-cü dəfə təşkil etdiyi səfər qlobal miqyasda çoxqatlı simvolik mənalar kəsb edir.

İlk baxışdan bir səyahət marşrutu kimi təqdim edilən bu təşəbbüs, əslində, beynəlxalq legitimlik, informasiya sahəsində hegemonluq və tarixi-narrativ üstünlük uğrunda gedən daha dərin mübarizənin hissəsidir. Elə bu baxımdan da, Qarabağ və Şərqi Zəngəzura edilən səfərlər beynəlxalq münasibətlərdə konstruktiv simvol siyasətinin klassik nümunəsinə çevrilməkdədir. Səfərlər vasitəsilə Azərbaycan “siyasi yaddaşın rekonstruksiyası” prosesini həyata keçirir — yəni işğal dövründə təhrif olunmuş tarixi-mədəni kontekstləri yenidən tərtib edir və beynəlxalq ictimaiyyətin şüuruna doğru məlumat ötürür.

MTP klubunun təsisçisi və amerikalı səyyah Çarlz Vileyin bu missiyaya şəxsən rəhbərlik etməsi hadisəyə həm də “qlobal informasiya hadisəsi” statusu qazandırır. Beynəlxalq münasibətlərdə qeyri-dövlət aktorlarının – media, bloggerlər, qeyri-hökumət şəbəkələri və səyyah platformalarının artan rolu bu cür təşəbbüslərin strateji çəkisini xeyli artırır. Çarlz Viley kimi şəxslər Qərb cəmiyyətində “təəssürat istehsalçıları” rolunu oynayır: onların gördükləri, yazdıqları, paylaşdıqları kontentlər ictimai rəyin formalaşmasına birbaşa təsir edir. Nəticədə Qarabağ kimi post-münaqişə bölgələr beynəlxalq miqyasda informasiya məkanında mübarizənin obyektinə çevrilir.

Belə səfərlər “informasiyanın beynəlxalq dövriyyəsi” baxımından Azərbaycan üçün strateji fürsət yaradır. Azərbaycan 2020-ci ildən sonra hərbi qələbəni informasiya və ictimai rəy uğrunda mübarizəyə transformasiya edərək, “məlumat cəbhəsi”ndə də mövqeyini möhkəmləndirir. Məhz bu kontekstdə səyyah səfərləri milli narrativin beynəlxalq auditoriyaya ötürülməsi baxımından “yumşaq güc diplomatiyası”nın effektiv alətinə çevrilir.

***

Uzun illər ərzində müharibə, işğal və qaranlıq tarixlə yadda qalan Qarabağ bu gün tədricən bərpa, inkişaf və beynəlxalq tanınma proseslərinin simvoluna çevrilməkdədir. Qlobal siyasi kontekstdə Qarabağ artıq keçmişin faciələri ilə deyil, gələcəyin quruculuğu ilə assosiasiya olunmağa başlayır. Transformasiya, sadəcə, infrastrukturun və şəhərlərin yenidən qurulması ilə məhdudlaşmır; burada əsas məsələ informasiya məkanında yeni imicin formalaşdırılmasıdır. Məhz bu nöqtədə “dark tourism” – yəni faciə, müharibə və tarixi travma məkanlarına edilən səfərlər – klassik turizm növündən çıxaraq, strateji kommunikasiya alətinə çevrilir.

Qarabağ və Şərqi Zəngəzura edilən növbəti səfər bu baxımdan həm də “qara yaddaşın ağ informasiyaya çevrilməsi” – yəni travmatik keçmişin beynəlxalq ictimaiyyətə yeni narrativlə təqdim olunması strategiyasıdır. Strategiyanın arxasında duran əsas məqsəd Azərbaycan həqiqətlərini informasiya blokadasından çıxarmaq, uzun illər boyunca təhrif olunmuş qlobal şüurun içində yeni bir şüur yaratmaq və regionu həm hüquqi, həm də mənəvi baxımdan tanıtdırmaqdır. Beləliklə, informasiya sahəsində gedən “yumşaq güc” rəqabətində Qarabağ artıq aktiv oyunçudur.

***

Səfərdə iştirak edən 15 ölkədən olan tanınmış səyyahlar – xüsusən də, ABŞ vətəndaşı, MTP klubunun təsisçisi Çarlz Vileyin rəhbərliyi – təşəbbüsün təsir gücünü qat-qat artırır. Qərb dünyasının ən nüfuzlu “təəssürat istehsalçıları” – yəni qlobal səyyahlar, bloqerlər, jurnalistlər və humanitar şəbəkələr – artıq yeni dövrün informasiya elçiləridir. Onlar informasiya suverenliyi uğrunda mübarizədə həlledici amillərdən birinə çevriliblər. Qarabağ kontekstində bu səfərlərin əsas funksiyası da məhz budur: regionun müasir simasını göstərmək, real vəziyyəti təqdim etmək və uzun illər təhrif olunmuş reallığı şəffaf, vizual və faktlara əsaslanan bir şəkildə beynəlxalq ictimaiyyətə çatdırmaq.

Səfərin təşkil edildiyi marşrut – Füzuli, Xocavənd, Şuşa, Xankəndi, Xocalı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan və Cəbrayıl – bir zamanlar xarabalığa çevrilmiş bu ərazilərin bərpa olunmuş və ya bərpa prosesində olan vəziyyətini canlı şəkildə nümayiş etdirmək məqsədi daşıyır. Mövcud situasiya isə həm də “vizual diplomatiya” metodudur. İndi artıq bərpa edilən şəhərlər və qəsəbələr, məktəblər, hava limanları, yollar və yaşayış məntəqələri haqqında yazılan hesabatlar, çəkilən şəkillər və paylaşılan sosial media məzmunları birbaşa beynəlxalq informasiya platformalarına daşınır.

***

Burada diqqətçəkən və strateji əhəmiyyət daşıyan əsas məqam ondan ibarətdir ki, bu cür beynəlxalq səfərlərlə Qarabağ yalnız hərbi və fiziki baxımdan azad edilmiş bir ərazi deyil, eyni zamanda informasiyanın illərlə təhrif olunduğu, sükutun hökm sürdüyü bir boşluğun – yəni “mətnsiz məkanın” azadlığına da nail olunur. Geosiyasi reallıqlarda “boşluq” heç vaxt təsadüfi olmur – informasiya boşluğu da elə fiziki işğal qədər təhlükəli və dağıdıcı ola bilər. Çünki bu boşluqları illər boyu fərqli güclər öz maraqları üçün “virtual işğal” altında saxlayır, həqiqətləri təhrif edir və alternativ tarix yazırlar.

Qarabağda baş verən bu yeni proses isə həmin informasiya boşluğunun nəzarət altına alınması, yenidən yazılması və qlobal mediada reallıqlara əsaslanan mətnlərlə doldurulması deməkdir. Səyyah missiyaları bu mənada həqiqət bərpaçılarının səfərləridir – onlar bu bölgədə baş verənləri obyektiv şəkildə sənədləşdirərək, illərlə formalaşdırılmış saxta təsəvvürləri sarsıdırlar.

Qarabağla bağlı beynəlxalq mediada uzun müddət formalaşmış və çox zaman birtərəfli təsvirlərə əsaslanan narrativlərin dəyişdirilməsi, məhz bu cür şəffaf, vizual və yerində müşahidəyə əsaslanan səfərlərlə mümkün olur. Prosesin arxasında duran əsas məntiq belədir: “Yazılmamış hekayə başqasının yazdığı hekayəyə çevrilər.” Azərbaycan bu reallığı anlayaraq, “informasiyanın işğaldan azad olunması” istiqamətində strateji addımlar atır və bu səfərləri öz informasiya suverenliyinin mühüm hissəsinə çevirir.

Sonda qeyd etmək lazımdır ki, bu səfər vasitəsilə Azərbaycan siyasi identitetini, suveren hüquqlarını və post-konflikt dövründə seçdiyi sülhə yönəlmiş inkişaf yolunu dünyaya nümayiş etdirir. Burada informasiya diplomatiyasının, qeyri-ənənəvi beynəlxalq təbliğatın və siyasi yaddaşın idarə olunmasının sintezindən söhbət gedir. Qarabağ gələcəyin məkanıdır – və bu gələcək beynəlxalq səviyyədə də tanınmağa doğru irəliləyir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət