“Gürcü arzusu” seçkilərdə qalib gəlmək əzmindədir

post-img

Ölkənin maraqları da bunu tələb edir

Gürcüstanda yerli seçkilər yaxınlaşdıqca siyasi fəallıq artmaqdadır. 2025-ci il oktyabrın 4-də keçiriləcək və ölkənin 64 bələdiyyəsində mer və şəhər şuralarıı (sakrebulo) seçiləcək proses həm siyasi partiyalar, həm də seçicilər üçün mühüm sınaq olacağı gözlənilir. Hakim partiya – “Gürcü arzusu” özünü bu seçkilərdə qalib görür və müxalifətin zəifliyi fonunda bu iddianın reallaşacağı heç də şübhə doğurmur.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin verdiyi açıqlamalar da bunu deməyə əsas verir. O, “Gürcü arzusu”nun bütün 64 bələdiyyədə həm mer, həm də sakrebulo seçkilərində qalib gələcəyini bildirib. Onun sözlərinə görə, müxalifətin seçkilərdə birləşməsi və ya boykot cəhdləri nəticəyə təsir göstərməyəcək. İ.Kobaxidze bu partiyaları “xarici agentlər” adlandıraraq, onların xaricdən idarə olunduğunu vurğulayıb: “Müxalifətin birləşib-birləşməməsindən asılı olmayaraq, onların hamısı agentdir. Hansı ssenariyə uyğunlaşacaqlarını onların himayədarları həll edir”.

Baş nazir Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi son qətnaməyə də toxunub və sənədi “utancverici” adlandırıb: “Bu, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi yeddinci və tamamilə utancverici qətnamədir. Hesab edirəm ki, məsuliyyət yalnız Avropa Parlamentinin deyil, həm də bütövlükdə Aİ bürokratiyasının üzərinə düşür. Gürcü xalqının şantaj olunmasının səbəbi “Milli Hərəkat”ın yenidən hakimiyyətə qayıtmamasıdır. Xalq onlara dəstək vermədi”.

İ.Kobaxidze onu da qeyd edib ki, bu partiyanın hakimiyyətə gələ bilməməsinə görə xalqı təzyiq altında saxlaması qəbuledilməzdir: “Bu adamlar, o cümlədən 2004–2012-ci illərdəki keçmiş hakimiyyətə yaşıl işıq yandıranlar məsuliyyət hiss etməlidirlər. Həmin dövrdə baş vermiş işgəncələr, reketçilik, televiziya kanallarının zəbt edilməsi, ərazilərin güzəştə gedilməsi – bütün bunlara məhz həmin bürokratlar və postsovet siyasətçilər susqun münasibət göstərmişdilər. İndi isə eyni şəxslər fərqli dildə danışır və utancverici qətnamələr qəbul edirlər”.

Bu ritorika Gürcüstan hökumətinin Avropa institutları ilə münasibətində əsas narahatlıq nöqtəsini üzə çıxarır: keçmişdə obyektivlikdən uzaq mövqe sərgilənməsi, indi isə eyni dairələrin siyasi proseslərə təsir etməyə çalışması. Bu fonda hökumətin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə münasibətində müəyyən yumşalma hiss olunur. Hakim partiyanın deputatı Nikoloz Samxaradzenin açıqlamasına görə, Gürcüstan DTİHB ilə tarixən yaxşı əməkdaşlıq edib və bu qurumun ölkəyə müşahidə missiyası göndərməsinin prinsipcə əleyhinə deyil.

Lakin burada əsas şərt qoyulur. DTİHB-nin hazırladığı hesabatın beynəlxalq ictimaiyyət tərəfindən təhrif olunmadan qəbul ediləcəyinə dair zəmanət istənilir. Təsmi Tbilisi belə hesab edir ki, əgər bu hesabatlar yenə də müəyyən siyasi dairələrin maraqlarına uyğun manipulyasiya ediləcəksə, o zaman müşahidə missiyasının əhəmiyyəti şübhə altına düşəcək. Samxaradze qeyd edir ki, DTİHB rəhbərliyi bu məsələləri əvvəlcədən Avropa institutları ilə, xüsusilə də daim seçkilərin saxtalaşdırıldığını iddia edən Aİ deputatları ilə müzakirə etməlidir.

Bu yanaşma Gürcüstan hakimiyyətinin Qərb təşkilatları ilə əməkdaşlıq etməyə heç də qarşı olmadığını göstərir. Lakin belə əməkdaşlıq yalnız obyektivlik və qarşılıqlı hörmət prinsipi üzərində qurulduğu halda məqbul sayılır. Əks təqdirdə, bu, Gürcüstanın suverenliyinə, siyasi iradəsinə müdaxilə kimi qiymətləndiriləcək.

İstənilən halda hadisələrin gedişatı göstərir ki, Qərblə münasibətlər gərgin olaraq qalır. “Gürcü arzusu”nun qalib gələcəyini göstərən səbəblər isə kifayət qədər çoxdur. Hazırkı vəziyyət göstərir ki, müxalifət düşərgəsində vahid mövqe yoxdur. Bir neçə partiya – “Lelo – Güclü Gürcüstan”, “Qaxariya – Gürcüstan üçün” və “Yeni siyasi mərkəz – Qırçı” seçkilərdə iştirak edəcəklərini bəyan etsələr də, əksər müxalifət partiyaları boykot qərarı veriblər. Bu parçalanma isə seçki mübarizəsində “Gürcü arzusu”na əlavə üstünlük verir.

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili seçkilərdə iştirak qərarını tənqid edərək, bunun müxalifəti zəiflətmək məqsədi güddüyünü bildirib. O, ümumiyyətlə, seçkilərin baş tutmaması ehtimalını da dilə gətirib və çıxış yolu kimi etiraz hərəkatının genişləndirilməsini, “Gürcüstan Xartiyası”nın yenidən gündəmə gətirilməsini təklif edib.

Müxalifətdəki “Lelo – Güclü Gürcüstan” koalisiyası isə boykotun çıxış yolu olmadığını bildirərək, mübarizəni seçki meydanında davam etdirməkdə israrlıdır. Koalisiyanın Marneuli üzrə nümayəndəsi Aqil Mustafayev mətbuata açıqlamasında bildirib ki, müxalifət daxilində birgə fəaliyyət cəhdləri nəticəsiz qaldığı üçün seçkilərdə iştirak qərarı verilib. O, seçki prosesinin şəffaflığı uğrunda mübarizənin də davam etdiriləcəyini qeyd edib: “Boykot mövcud hakimiyyəti dəyişmək üçün çıxış yolu deyil”. O, həmçinin “Lelo – Güclü Gürcüstan”ın və digər bir sıra siyasi liderlərin həbsdə olduğu bir dövrdə mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Xatırladaq ki, aparıcı müxalifət partiyaları yerli seçkilərdə iştirak etmirlər. Hadisələrin bu fonunda müxalifət partiyalarından fərqli olaraq, “Gürcü arzusu” seçkilərə hazırlıq prosesinə artıq başlayıb. Marneuli bölgəsindəki mövcud majoritar deputatlar – Anar Piriyev, Tariyel Məmmədov, Vasil Xaxulaşvili və Ceyhun Çovdarov yenidən namizədliklərini irəli sürməyə hazırlaşırlar. Partiya kəndlər üzrə də əsasən təcrübəli və sınaqdan çıxmış nümayəndələrə üstünlük verəcək.

Bu yanaşma “Gürcü arzusu”nun strateji planlama və seçki texnologiyaları baxımından yüksək hazırlıq səviyyəsində olduğunu göstərir. Mərkəzdən idarə olunan kampaniya və yerli strukturlaşdırılmış təşkilatlanma partiyanın bütün bölgələrdə üstünlük əldə etməsinə imkan yarada bilər. Hadisələrin gedişi də bunu göstərir.

Gürcüstan Parlamentinin sabiq deputatı İsak Novruzov XQ-yə açıqlamasında bildirdi ki, yerli seçkilər Gürcüstanın demokratik inkişafında mühüm mərhələdir: “Qanunvericiliyə əsasən, sakrebulo seçkilərində partiyalar 4 faiz baryeri aşmalı, mer seçkilərində isə namizədlər səs çoxluğu qazanmalıdırlar. Bu səbəbdən kiçik partiyalar uğur qazanmaqdan ötrü real resurslara və yerli struktura sahib olmalıdırlar.

Seçkilərin nəticəsi hər rayonda ayrı-ayrılıqda hesablanacaq ki, bu da “Gürcü arzusu”nun yerli səviyyədə üstünlüyünü daha da gücləndirə bilər. Hazırda müxalifət daxilində parçalanma və qeyri-müəyyənlik fonunda seçkilərdə partiyanın böyük üstünlüklə çıxış etməsi ehtimalı yüksək görünür”.

Beləliklə, “Gürcü arzusu”nun yerli seçkilərdə qalib gəlmək ehtimalı müxalifətin zəif koordinasiyası, seçkiləri boykot edən qüvvələrin çoxluğu və partiyanın yerli strukturlar üzərindəki nəzarəti səbəbilə real görünür. Lakin bu seçkilər Gürcüstan cəmiyyətinin siyasi yetkinlik sınağı və demokratik institutların dayanıqlığı üçün də önəmli olacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Siyasət