Deyəsən, missiyalarının konkret nədən ibarət olduğu indiyədək şübhə dumanı ilə örtülmüş Avropa İttifaqının Ermənistandakı mülki müşahidə kontingentinin rəhbəri Markus Ritter “qu quşunun son nəğməsi”ni ifa etməyə hazırlaşır. Amma, o, nəğmənin nəqarəti kimi səslənəcək “binokllu diplomatarın” ariyasına de-minor notlar qatmaqdan vaz keçə bilmir. “Patrullarımız Ermənistan tərəfdən Azərbaycanla sərhədi sutka boyu müşahidə edir. Onlar vəziyyətə yerində nəzarət etmək və regionda sabitliyi qorumaq üçün çalışırlar”. EUMA-nın mətbuat xidmətinin yaydığı son məlumatında belə deyilir.
Aİ-nin Ermənistandakı mülki missiyasının sərhəddə kəşfiyyat xarakterli fəaliyyəti, Markus Ritterin ikibaşlı açıqlamaları barədə çox yazmışıq. Onun missiyanın əsas məqsədinin, guya, iki ölkə arasındakı şərti sərhəddə gərginliyin yaranmaması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, qarşılıqlı etimad mühitinin yaradılması olduğu barədə nağıllarını da çox eşitmişik. Bir qədər əvvəl Bakının missiyanın şübhəli fəaliyyəti ilə bağlı tənqidlərinə cavab verməyə çalışan Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos aydın və ağlabatan nəsə deyə bilmədiyindən missiyanın yerlərdə insanların təhlükəsizliyini gücləndirmək üçün əla iş gördüyü barədə dezinformasiyanı üfürmüşdü. Missiyanın “əla iş”inin nədən ibarət olduğu bizə gün kimi aydındır. Deməli, Aİ missiyasının Ermənistana gəlişindən sonra Azərbaycanla sərhədboyu ərazilərdə səngərlər, xəndəklər, sığınacaqlar yaradılıb. Bunlar əsasən Sünik, Tavuş, Ararat, Vayots Dvor, Qeqhartkunik bölgələrinə müşahidə olunub.
Bəlkə cənab Maraqos şərti sərhəd zolağı boyunca pikap markalı patrul maşınlarının hərəkətini “faydalı iş” hesab edir? Aİ təsisatının ötən ilə dair hesabatında xüsusi xidmət orqanlarının əməkdaşları – alman-fransız jandarmlarının, keçmiş hərbçilərinin ərazidə neçə kilometr yol qət etmələrini göstərən mənasız rəqəmlərdən başqa heç nə olmayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı ilə İrəvan arasında sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi məhz sözügedən missiyanın fəaliyyətini önə çəkmişdi. Belə lüzumsuz bir təsisatın şərti sərhədin o üzündə olmasının Azərbaycan–Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulayan dövlətimizin başçısı sözlərinə onu da əlavə etmişdi ki, “Avropa müşahidəçilər missiyasının müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb”. Dövlətimizin başçısı, həmçinin mövcud xüsusda ritorik sual səsləndirmişdi: “Buna nə ehtiyac var idi?!”
***
“Sülh müqaviləsi imzalandıqdan sonra İrəvan və Bakı öz aralarında olan sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi ilə məşğul olmayacaqlar. Üstəlik, bu, həm Ermənistana, həm də Azərbaycana aid məsələdir”. Bunu Ermənistan baş naziri Nikol Paşinyan dörd ay bundan əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi. Doğrudur, o zamankı açıqlamasına “Sülh müqaviləsində Aİ-nin Ermənistandakı mülki missiyasından bəhs edən bənd yoxdur” kimi şərhini də əlavə etmişdi.
“Missiya üzvləri məktəblərdə gənclərlə görüşlər keçirir, Azərbaycan sərhədləri boyunca kəşfiyyat işləri aparır. Açıqlamalarında isə silahsız qurum olduqlarını, Azərbaycana qarşı hər hansı bir işlər görmədiklərini irəli sürülürlər. Aİ-nin missiyası Ermənistana gələndən sonra şərti sərhəddə 70-yə yaxın hərbi təyinatlı obyektlər tikilib, yenilənmə işləri aparılıb. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının məlumatında o da bildirilir ki, İkinci Qarabağ müharibəsindən sonra peyk görüntülərindən istifadə etməklə Azərbaycan–Ermənistan şərti sərhədində, eləcə də Ermənistan–İran sərhədində təhlillər aparılıb. Həmin təhlillər Aİ missiyasının bölgəyə gəlişinə qədər və gələndən sonrakı dövrü əhatə edib.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Aİ-nin mülki missiyasının iş prinsipini gücləndirmək, onu hərbiləşdirərək NATO-nun strukturu halına gətirmək sevdası baş tutmayacaq. Çünki sülhün bir addımlığında olan nə İrəvana, nə də Bakıya normallaşan münasibətlərə xələl gətirəcək “kollektiv Qərb”in bu qondarma qurumunun mövcudluğu sərf eləyir. Bundan sonra Parisin kor “haypərəstliyi” də işə yaramayacaq. Beləliklə, “binokllu müşahidəçilər”in əlləri ətəklərindən uzun, çamadanlarını yığıb bölgəni tərk edəcəklərinə sayılı günlər qalıb...
İ.HƏSƏNQALA
XQ