“Rusiya Jurnalistlər İttifaqı bəyanatı özbaşına verməyib”

post-img

Tanınmış media eksperti hesab edir ki, beynəlxalq müstəvidə RJİ-ni sayan yoxdur

Rusiya və Azərbaycan arasında diplomatik gərginlik söz müstəvisində də davam edir. Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan”ın iki əməkdaşının həbsi ilə bağlı bəyanatına Azərbaycan Mətbuat Şurası adekvat cavab verdi. MŞ-nın Beynəlxalq əlaqələr komissiyasının sədri Müşfiq Ələsgərli ilə söhbətimizə medianın siyasiləşməsinin “Rusiya modeli” mövzusu ətrafında başladıq.

– Ümumiyyətlə, dünyada medianın siyasiləşdirilməsi qəbuledilməz bir haldır. Amma bundan daha ağır vəziyyət isə medianın xüsusi xidmət orqanları tərəfindən, belə demək mümkünsə, istismar olunmasıdır. Məsələ ondadır ki, hazırda Rusiyada elə bir vəziyyət yaranıb ki, orada jurnalistika, peşə termini ilə desək, media dövlət idarəçilik maşınının təkərinin beşinci vintciyidir. Yəni, Rusiyada Leninin irəli sürdüyü bu bolşevik anlayışından hələ də qurtula bilməyiblər. Amma dünya nə deyir? Deyir ki, media təbliğat və təşviqat vasitəsinə çevrilməməli, siyasətə qoşulmamalıdır. Kreml isə açıq mətnlə bəyan edir ki, onların baxışı medianın dövlət idarəçiliyinin bir vintciyi kimi görməkdir. Bu təfəkkür hələ də oyaqdır.

Demokratik dünyanın belə bir tələbi var ki, media demokratik olmalıdır və bu institutun üzərində dövlət tənzimləyici qurumu yolverilməzdir. Rusiyada bu nəzarət hələ də saxlanılır. Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi həm də medianın fəaliyyətini yönəltməklə məşğuldur. “Roskomnadzor” inzibati idarəsi bu funksiyanı hüquqi əsaslarla yerinə yetirir. Konkret olaraq, sovet anlamında media nə idisə, bugünkü Rusiyada da həmin şeydir. Dediyim kimi, ən pisi də odur ki, jurnalistika nəinki siyasətdə, hərbidə və xüsusi xidmət orqanlarında da geniş şəbəkə formasında xidmət göstərir. Problem ondan ibarətdir ki, Rusiyada hətta azad, amma zəif media təşəbbüsləri də boğulur. Faktlara müraciət edək. 2018-ci ildən sonra Rusiyada kifayət qədər anti-demokratik media qanunları qəbul edildi. Birincisi, “Media haqqında Qanun” dəyişdirildi. İkincisi, xarici agentlər haqqında yeni qanun qəbul olundu ki, bu da birbaşa mediaya şamil olunur. Bunlardan başqa, 2022-ci ildən etibarən Rusiyada rəsmi mənbələrə istinad etmədən material dərc edən media qurumlarına qarşı əlahiddə bir qanun qüvvəyə minib. Bu, nə deməkdir? Misal üçün, jurnalist hansısa hərbi cinayətkar haqqında yazır, yaxud Ukraynada baş verən prosesləri “xüsusi hərbi əməliyyat” deyil, müharibə adlandırır, bu halda həmin media qurumu qanundankənar elan olunur və bağlanır. Qanunun mürtəceliyi bir tərəfə, burada cəzalar da sərtliyi ilə seçilir. Axı, hüququm prinsipinə görə, cəza cinayətə adekvat olmaldıır. Orada bu prinsipi də pozurlar. “Əməliyyatı” “müharibə” adlandıranı 15 ilə qədər həbsxana cəzası gözləyir. Digər halarda 50 min avrodan yuxarı cərimələr də nəzərdə tutulub.

Son 5 ildə Rusiyada 20-dən çox jurnalist “xarici agent” kimi qeydiyyata alınıb, son 30 ildə 50-dən çox media əməkdaşını qətlə yetiriblər.

– Rusiyada son illər istər çap, istərsə də elektron medianın real vəziyyətini onları izləyənlər yaxşı bilirlər. Siyasi dairələrin, dövlət qurumlarının ruporuna çevrildiyi, onların bülleteni funksiyasını yerinə yetirdikləri sirr deyil...

– Elədir. Normal media fəaliyyəti üçün adda-budda təşəbbüslər olsa da, onlar ya xarici agent haqqında qanuna, ya da müharibə şəraitində rəsmi mənbələrə istinad etmədiklərinə görə böyük məbləğdə cərimələnirlər. Döyülənlər, öldürülənlər də oldu. Son 5-6 ildə dövlətin cızdığı çərçivədən kənara çıxan 1500-ə qədər jurnalist Rusiyanı tərk edib xaricə üz tutub. Yəni, bu ölkədə medianın “təbii seleksiya”sını apardılar. Azad düşünən, yazan, danışan jurnalistləri ya sürgün elədilər, cərimələdilər, ya da ölkəni tərk etməyə məcbur etdilər. Bu müddətdə 18 min media subyektinin fəaliyyəti bloklanıb. Dünyada medianın fəaliyyətinin tənzimlənməsinin iki modeli mövcuddur. Birincisi inzibati amirlik, ikincisi özünütənzimləmə yoludur. Avtoritar rejimlərdə medianın inzibati-amirlik metodu ilə tənzimlənməsi həyata keçirilir. Yəni, mediaya nəzarəti nazirlik reallaşdırır, onu qeydiyyata alır, fəaliyyətinə senzura tətbiq edir və sair. Azad ölkələrdə isə media sahəsində özünütənzimləmə mexanizmi tətbiq olunur. Rusiyada bu gün bu metod qüvvədədir və dediyimiz “Roskomnadzor” bunu həyata keçirir. Azərbaycanda isə media üzərində inzibati amirlik mexanizmi yoxdur. 2001-ci ildə mediaya özünütənzimləmə statusu verilib. Rusiya və Azərbaycan arasında media müstəvisində, sadə dildə desək, anlaşılmazılıq özünün pik nöqtəsinə çatıb. Bu, özünü 2022-ci ildə Ukrayna müharibəsi başladığı dövrdə göstərdi. O zaman Rusiya media qurumları ölkəmizə qarşı əks-təbliğata start verdilər. Bununla da kifayətlənməyib, FTX-nın bəzi əməkdaşlarını jurnalist adı ilə Qarabağa göndərdilər ki, orada təxribatlar törətsinlər. Biz bunu Semyon Peqovun nümunəsində gördük. O və onun kimi “jurnalistlər” düşmən tərəfinə Azərbaycan Ordusunun mövqeləri barədə informasiyalar ötürürdülər. Bakı bunu bilsə də, onlara qarşı sanksiya tətbiq etmədi. Amma Rusiya Ukraynaya qarşı əməliyyatlara başlayanda Moskva bizim xeyli saytımızı öz ərazisində blokladı. Guya, biz onların Ukraynada apardığı xüsusi hərbi əməliyyatı müharibə adlandırmışıq. Bu, o vaxt idi ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanmışdı. Həmin sənəddə qarşılıqlı informasiya mübadiləsi də nəzərdə tutulur...

– Müşfiq bəy, indi isə gələk Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan”ın iki əməkdaşının saxlanılması ilə bağlı məlum bəyanatının üzərinə. Federal Təhlükəsizlik Xidmətinin sifarişini yerinə yetirən RJİ bəyanat yayaraq Azərbaycanı ittiham edir, yaydığı dezinformasiya ilə beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır...

– Hələ üç il bundan əvvəl “Sputnik Azərbaycan”a Vitali Denisov adlı biri rəhbərlik edirdi. Onun xüsusi xidmət orqanlarına işlədiyi Bakıya məlum olanda ölkədən çıxarılmasına qərar verildi. Onda da Rusiya KİV-ləri Azərbaycana qarşı neqativ kampaniyaya başlamışdı. İndi isə “Sputnik Azərbaycan”ın iki əməkdaşı casusluq fəaliyyətinə görə istintaqa cəlb olunduqdan sonra, iyulun 7-də Rusiya Jurnalistlər İttifaqı beynəlxalq jurnalistlər təşkilatlarına, dünya ictimaiyyətinə müraciətində Azərbaycanda söz azadlığının pozulduğunu bəyan edib. Guya, Bakıda iki rus jurnalisti peşə fəaliyyətinə görə tutulub. Bu məqamda diqqətinizə maraqlı bir ştrixi çatdırmaq istəyirəm. Əvvəlcə onu deyim ki, Rusiya Jurnalistlər İttifaqının dünyada heç bir nüfuzu yoxdur. 2023-cü ildə Rusiya Ukrayna torpaqlarını ələ keçirəndən sonra RJİ işğal olunmuş əraziləri Rusiya Federasiyasınnı subyektləri kimi qəbul etdi və orada özünün filiallarını yaratdı. Həmin vaxt dünyanın aparıcı media təşkilatları RJİ-yə müraciət edərək bildirdilər ki, siz artıq jurnalist qurumu kimi deyil, Rusiya hərbi-sənaye kompleksinin bir detalı kimi fəaliyyət göstərirsiniz. Buna sizin ixtiyarınız yoxdur və bu niyyətinizdən geri çəkilməlisiniz. Məgər bu qərarı RJİ özbaşına vermişdi ki, ondan da geri çəkilsinlər?

Nəticədə Avropa Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu, bir sözlə, dünyanın ən nüfuzlu jurnalist təşkilatları birgə qərar verərək, RJİ-ni üzvlükdən kənarlaşdırdılar. Həmin birgə qərarda RJİ-nin diqqətinə o da çatdırıldı ki, Rusiyada media qanunu mürtəceləşdirilib, son otuz ildə 50-dən çox jurnalist öldürülüb, minlərlə media təmsilçisi həbs olunub, amma onların heç birinin hüququ ittifaq tərəfindən müdafiə olunmayıb. İndi belə bir təşkilatın durub Azərbaycanda söz, ifadə azadlığının pozulması, guya, iki rus jurnalistin peşə fəaliyyətinə görə həbs edilməsi barədə danışması absurddur. Azərbaycan Mətbuat Şurası bütün beynəlxalq media təşkilatlarına ünvanladığı müraciətində (MŞ-nın bəyanatı qəzetimizin 13 iyul sayında dərc olunub- red.) RJİ-nin bəyanatının yalan və böhtana əsaslandığını, ictimai rəyi çaşdırmağa yönəlik dezinformasiya olduğunu nəzərə almalarını xahiş etdi. Onu da deyim ki, RJİ-nin məlum bəyanatına beynəlxalq media təşkilatlarının heç biri reaksiya verməyib.

– Azərbaycan Mətbuat Şurasının RJİ-yə cavab bəyanatına sadaladığınız beynəlxalq təşkilatlardan ilkin reaksiya varmı?

– Bəyanatı 3 dildə yaymışıq. İlkin reaksiya bu oldu ki, dediyimiz təşkilatların böyük əksəriyyəti bəyanatımızı aldıqlarını təsdiqlədilər və buna görə təşəkkür etdiklərini yazdılar. Həm də bəyanatı cümə günü verdiyimizdən, sonrakı günlər şənbə və bazara düşdüyündən, çox güman ki, qarşıdakı günlərdə daha geniş reaksiyaları eşidəcəyik və görəcəyik.

Söhbəti yazıya aldı:
İmran BƏDİRXANLI
XQ

Siyasət