Azərbaycan ilə Çin arasında vizasız rejim qüvvəyə mindi: strateji tərəfdaşlığa yeni təkan

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin aprelində Çinə dövlət səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” 2025-ci il iyulun 16-dan qüvvəyə minib. Bu sənəd yalnız ikitərəfli münasibətlərin texniki aspektlərini deyil, həm də strateji ölçüsünü ehtiva edir. Sazişə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları qarşılıqlı olaraq viza almadan 30 günədək səfər edə və 180 günlük dövr ərzində 90 günü aşmamaq şərtilə həmin ölkədə qala biləcəklər.

Bu addım Azərbaycan–Çin münasibətlərində yeni mərhələyə keçidin bariz göstəricisi kimi qiymətləndirilə bilər. Əvvəla, bu, qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunu təsdiqləyir. Siyasi münasibətlərdə vizasız rejimə keçid adətən iki ölkə arasında sabit və etibarlı əlaqələrin göstəricisi sayılır. Azərbaycan və Çin arasında bu səviyyəli etimad, gələcək strateji əməkdaşlıq sahələrini – xüsusilə iqtisadiyyat, nəqliyyat, enerji və turizm – daha da genişləndirmək üçün əlverişli zəmin yaradır.

Yeni viza rejiminin turizm və mədəniyyət sahəsində inkişafa yeni təkan verəcəyi gözlənilir. İlk növbədə, vizasız rejim qarşılıqlı turist axınının artmasına səbəb olacaq. Azərbaycan üçün bu, həm yeni bazara – Çin turistlərinə – çıxış, həm də mədəni diplomatiyanın genişlənməsi deməkdir. Turizm axınının artması qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verəcək.

Eyni zamanda,vizasız rejim biznes və investisiya əlaqələrinin dərinləşməsinə xidmət edəcək. Çünki viza rejiminin sadələşdirilməsi iş adamları və investorlar üçün sərhədləri aradan qaldırır. Çin şirkətləri Azərbaycanda infrastruktur, logistika, kənd təsərrüfatı və texnologiya sahələrinə daha rahat şəkildə daxil ola bilər. Bu da Azərbaycanın "Orta Dəhliz"də tranzit və logistika mərkəzinə çevrilməsi strategiyasını gücləndirəcək.

Bundan başqa, vizasız rejim təhsil və elm sahəsində əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Çin və Azərbaycan universitetləri arasında birbaşa əlaqələrin qurulması və tələbə mübadiləsi prosesləri sürətlənə bilər. Bu, insan kapitalının inkişafı və iki ölkə arasında uzunmüddətli inteqrasiya üçün mühüm amildir.

Bu proses “Bir Kəmər, Bir Yol” təşəbbüsündə Azərbaycanın rolunun gücləndirilməsinə gətirib çıxaracaq. Belə ki, Azərbaycan vizasız rejimlə Çinin Böyük İpək Yolu strategiyasına faktiki dəstəyini bir daha göstərmiş olur. Bu, ölkəmizin regionda geostrateji əhəmiyyətini artırır və Çin tərəfindən Orta Asiya–Cənubi Qafqaz–Avropa xəttində etibarlı tərəfdaş kimi qəbul edilməsini möhkəmləndirir.

Eyni zamanda, vizasız rejim yumşaq güc alətlərinin, xüsusilə də media, təhsil və texnologiya sahələrində qarşılıqlı nüfuz imkanlarının artması deməkdir. Çin texnologiyalarının Azərbaycana daxil olması ilə yanaşı, Azərbaycanın da öz mədəniyyətini və imkanlarını Çində daha geniş təbliğ etməsi üçün şərait yaranır.

Beləliklə, Azərbaycan və Çin arasında vizasız rejimin tətbiqi təkcə texniki bir yenilik deyil, əslində, iki ölkə arasında etimadın, əməkdaşlığın və ortaq strateji baxışın göstəricisidir. Bu addım, Azərbaycanın geosiyasi çəkisini artırmaqla yanaşı, qeyri-neft sektorunun – xüsusilə turizm və xidmət sahələrinin – inkişafı üçün mühüm fürsətlər yaradır. Uzunmüddətli perspektivdə bu cür qərarlar Azərbaycanı Şərqlə Qərb arasında körpü rolunda daha da möhkəmləndirəcək.

Səbuhi MƏMMƏDOV

XQ

Siyasət