Zəngəzur dəhlizi – yeni qlobal düzən və Azərbaycanın haqqı

post-img

Yaxud Ermənistanın şirkət oyunbazlığı və iflasın ayaq səsləri

“Amerika şirkətinin Zəngəzur dəhlizini bir növ icarəyə götürməsi ilə bağlı sualınıza gəldikdə bu, Ermənistan rəhbərliyinə ünvanlanmalıdır. Bizim ərazidə heç bir operator, heç bir ticarətçi, heç bir icarədar ola bilməz”. Bu fikri Prezident İlham Əliyev iyulun 19-da Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirib.

Dövlətimizin başçısı onu da bildirib ki, ölkəmiz üçün başlıca məsələ Naxçıvana yolun Azərbaycandan Azərbaycana maneəsiz və təhlükəsiz keçid kimi fəaliyyət göstərməsidir və bu barədəki fikirlərini Əbu-Dabidəki təmas zamanı Ermənistanın baş naziri Nikol Paşinyana çatdırıb: “Bu, Azərbaycanın bir bölgəsindən ölkənin digər bölgəsinə keçiddir. Bizim yüklər və bizim vətəndaşlar, Azərbaycan vətəndaşları hər dəfə orada sərhədçi erməninin simasını görməli deyil. Budur bizim tələbimiz. Bu, legitim tələbdir, bu, ədalətli tələbdir. Əks təqdirdə bizim vətəndaşlarımız təhlükə altında olacaqdır. Mən yaxşı xatırlayıram, sovet dövründə qatar Bakıdan Naxçıvana hərəkət edərkən məhz Ermənistan ərazisindən Zəngəzurdan keçən bir hissədə qatara daş atılırdı, nəticədə qatarın pəncərələri qırılırdı. Biz bunu çox yaxşı xatırlayırıq və bu, sovet dövrü idi. Bu nizam-intizam və cəza mexanizmlərinin hökm sürdüyü bir dövrdür. Bu gün biz vətəndaşlarımızı riskə ata bilmərik. Ona görə orada heç bir fiziki təmas olmalı deyil və onlar üçün təminatlı tədbirlər həyata keçirilməlidir ki, insanlar və yüklər təhlükəsiz şəkildə hərəkət etsin. Bu, legitim tələbdir”.

Bəli, Prezident İlham Əliyev Naxçıvana quru yolunu Azərbaycan üçün legitim tələb kimi qiymətləndirir. Deməli, ölkəmizin İranla sərhədə qədər dəmir yolu infrastrukturunun yaradılmasına yönələn fəaliyyətinin məğzində sözügedən tələbin müəyyənləşdirdiyi məntiq dayanır. Məsələ isə ondadır ki, ortada çox böyük beynəlxalq tranzit söhbəti var və ona yalnız Azərbaycanın əsas hissəsinin onun Naxçıvanla birləşdirilməsi kontekstində yanaşılmamalıdır.

Ölkəmizin son illər milyardlarla dollar sərmayə qoyaraq Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikməsi, habelə həmin limanın yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırması, müasir infrastruktur qurması təkcə onun öz ərazisindən tranzit daşımaların həcmini artırmır. Burada regionda baş verən geosiyasi dəyişikliklərə adekvatlıq var. Axı beynəlxalq aləm üçün əhəmiyyət daşıyan digər tranzit marşrutlar problemli hala gəlib. Yəni Prezident İlham Əliyev heç də əbəs yerə vurğulamır ki, Zəngəzur dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndirilir. Bu ehtimal olunan nəticə ölkəmizin həyata keçirdiyi məqsədyönlü fəaliyyətin sayəsindədir. Məsələyə böyük anlamda yanaşsaq, ölkəmiz reallaşdırdığı nəhəng fəaliyyətin qarşılığını görməli, hansısa lokal maraqların icrasına çalışan qüvvələr qarşımızda dayanmamalıdırlar. Azərbaycan dünya əhəmiyyətli layihəyə töhfə verdiyi üçün rəsmi Bakının Naxçıvana quru yolunun maneəsizliyi istəyi təmin edilməlidir. Həm də ona görə ki, legitimlik haqqımızı hüququmuz tamamlayır. Hüquqdan söz düşmüşkən, Prezident İlham Əliyev sözügedən forumda bu barədə də söz açıb: “Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir”.

Prezident İlham Əliyevin növbəti fikirləri Azərbaycanın haqqının İrana da yeni geosiyasi düzəndəki divident payı müəyyənləşdirir. Dövlətimizin başçısı bildirir ki, Naxçıvana gedən yolun Fars körfəzinə çıxışı İran ərazisindəndir. “Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal–Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır”, – deyən Prezident İlham Əliyevin haqq-ədalət istəyində, ümumən, regiondakı bütün dövlətlərin mənfəəti zərgər dəqiqliyi ilə hesablanıb. Mənfəətə layiq olmaq isə mütləqdir. Yada salaq ki, ölkəmizin lideri əvvəlki açıqlamalarının birində Ermənistanın tranzit ölkəyə çevrilmək şansını əldən verməməli olduğunu vurğulamışdı. Cənab Əliyev Şuşa Forumunda da məsələnin üzərinə gəldi və bu barədə söz açacağıq.

Amma məlumdur ki, rəsmi İrəvan “Dünyanın kəsişməsi” adlı layihə ortaya atıb. Bu isə o deməkdir ki, ölkənin iddiası böyükdür. Baş nazir N.Paşinyan adiministrasiyasının “Dünyanın kəsişməsi” ilə bağlı əsaslandırmaları onu göstərir ki, erməni rəhbərliyi ölkəni ancaq tranzit məmləkət statusunda görmür, onu qlobal marşrutda söz sahibi kimi təsəvvürə gətirir. Heç şübhəsiz, təsəvvürün hay avantürizmini qorumaq mahiyyəti var. Əslində, “erməni kartını” aktiv saxlamaq niyyəti güdən qüvvələrin hazırda Ermənistana dəstəyi həmin “mahiyyətdən” qaynaqlanır. O da şübhəsizdir ki, Azərbaycan belə cəhdlərin qarşısının alınmasında prinsipialdır. Ona görə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumu zamanı iyulun 10-da Əbu-Dabidə baş nazir N.Paşinyanla görüşündəki bir detalı açıqlayıb: “Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər”.

Bəli, heç kəs, heç bir qüvvə layiq olduğundan artığını əldə edə bilməz. Ermənistan isə buna cəhd belə göstərməməlidir. Çünki onun izlərini silmək naminə çalışmadığı işğalçı, təcavüzkar keçmişi var və həmin keçmişin Naxçıvana yoldakı oyunbazlıqları yaddan çıxmayıb. Bu barədə dövlətimizin başçısının dolğun əsaslandırması ilə söz açdıq. Rəsmi İrəvanın hazırkı oyunbazlığına gəlincə, Prezident İlham Əliyevin yazımızın başlanğıcında diqqətə çatdırdığımız fikirləri belə mənfi təmayüllərə qarşı da müqavimətimizin mövcudluq sübutudur. Ölkəmizin liderinin təbirincə desək, kimisə, kimlərisə, hansısa firma və şirkəti öz ərazisinə çağırmaq Ermənistanın öz işidir. Ancaq bu mənada dövlətimizin başçısının vurğuladığı növbəti vacib nüans var. Hesab edirik ki, həmin nüans İrana da mesajdır: “Onlar (Ermənistan rəhbərliyi) artıq dırnaqarası “Avropa müşahidəçiləri”ni də sərhədə dəvət ediblər. Onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar. Xüsusilə də bu son İran–İsrail münaqişəsi zamanı onlar İran sərhədi boyu hərəkət edirlər. Düzdür, onlar binokl vasitəsilə bizə də baxırlar, ancaq biz də öz ərazimizdən onları izləyirik. Sabah Ermənistan istənilən ölkəni, tərəfi də dəvət edə bilər”.

Birmənalı şəkildə deyə bilərik ki, rəsmi İrəvan layiq olduğundan daha çoxunu əldə etmək üçün hər şeyə hazırdır. Əslində, Zəngəzur dəhlizinin hansısa xarici şirkətə verilməsinə dair söz-söhbətin ortaya atılması məhz bundan qaynaqlanır. Ermənistan rəhbərliyi məsələni Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı fikirlərindən sonra müəyyən mənada təxirə saldığını açıqlasa da, siyasi gediş yalnız görüntü xarakterlidir.

Reallıq budur ki, beynəlxalq müstəvidə Zəngəzir dəhlizinə qarşı Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişesini tirajlayan Paşinyan administrasiyası Naxçıvana yolun regiondan kənar oyunçuya verilməsini istəyir. O oyunçuya ki, ona böyük hesabla bu missiya heç lazım da deyil. Söhbət ABŞ-dan gedir. Nəzərə alaq ki, indiki durumda Birləşmiş Ştatlar üçün böyük prosesin reallaşması önəmlidir, lokal erməni maraqları yox. Rəsmi İrəvan isə xaricdəki havadarlarının dəstəyi ilə Vaşinqtonu həmin maraqların təminatına həvəsləndirir. Loru dildə desək, havayı pendirdən heç kəs imtina eləməz. Əlbəttə, ABŞ-da onun fərqindədirlər ki, havayı pendir ancaq tələdə olur. Ona görə Birləşmiş Ştatlardan Zəngəzur dəhlizinə nəzarət xüsusunda eşidilən fikirlərə əminlikdən çox, ehtiyatlılıq hakim kəsilib.

Əlbəttə, real dividend qazanmaq şansı yaransa, ABŞ ondan imtina etməz. Amma indiki durumda ölkəmizin öz ərazisində heç bir icarədara və ya hansısa şirkətə imkan tanımamaq prinsipiallığı var. Vaşinqton durumu rasional qiymətləndirir və haqlı inadımız heç bir halda Vaşinqtona etiraz yükü daşımır. Güman edirik, İranda və Rusiyada da istər bundan, istərsə də mövqeyimizin prinsipiallığından yaxşı xəbərdardırlar.

Doğrudur, ortada olan durum elə qənaət formalaşdırır ki, sanki Moskva və Tehran Zəngəzur dəhlizinə qarşı çıxır. Şübhəsiz, istər İranda, istərsə də Rusiyada anti-Azərbaycan qüvvələr var və onlar fəaliyyətlərinə ara vermir və dəhliz məntiqini də qabardırlar. Ancaq bu ölkələrdə durumu düzgün qiymətləndirənlər də az deyil. Yəni baxmayaraq ki, Moskvanın Cənubi Qafqazda NATO-nun, Tehranın isə NATO ilə yanaşı, ABŞ-ın və İsrailin mövcudluğunun yolverilməzliyinə dair qəti ritorikaları gündəmdədir, fikrimizcə, bütün bunlar yalnız aysberqin görünən tərəfidir. Məsələ ondadır ki, bu iki dövlət potensial riskə qarşı öz ənənəvi klişelərini, ideoloji xətlərini dövriyyəyə salaraq mübarizə aparır. Əslində, mübarizə, mahiyyət etibarilə, təminat uğrundadır. Söhbət maraq və mənafelərin təminatından, əminlikdən gedir.

Mövcud durumda Ermənistanın istədiyi layiq olmadığı masada əyləşməkdir. Daha doğrusu, ölkə özünün maraq və mənafe zəncirindəki halqasının çox kiçik ölçülü olduğunun fərqinə varmır, müxtəlif manipulyasiyalara baş vurur. Özü də İrəvanın yarıtmazlığı neçə illərdir davam edir. Ona görə Prezident İlham Əliyev “biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı–Tbilisi–Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq” deməklə yanaşı, bunu da vurğulayıb: “Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar”.

***

Görünür, Ermənistanda dövlətimizin başçısının III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi bu fikirlərdən də nəticə çıxarılmır və rəsmi İrəvan ölkə üçün çəmbərin daraldığını düşünmür. Ermənistanda hakimiyyətə yaxın çevrələrin yenə ABŞ-ı ortaya salmaları fikrimizin sübutudur. Onlar bildirirlər ki, əgər Birləşmiş Ştatlar İrəvanla razılığa gəlsə, amerikalıların regiondakı kommunikasiyaların blokdan çıxarılması prosesində iştirakı mümkünləşəcək. Mövcud xüsusda Ermənistan-Amerika şirkətinin yaradılmasından, hər iki tərəfin rollarının, səlahiyyət sahələrinin və məsuliyyətlərinin dəqiqləşdirilməsindən söz açılır. Bir sözlə, sərsəm düşüncələr ortaya atılır.

Ən əsası, Ermənistanda belə rəy var ki, guya ölkə Naxçıvana yolda fəaliyyət göstərəcək ABŞ şirkətinin mövcudluğu zərurətinə İranı inandıra biləcək. Sən demə, inandırmaq şirkətə erməni nəzarətinin həyata keçirilməsi şəklində olacaq. Yəni Tehran özünün təhlükəsizliyindən narahat olmamalıdır. Çünki buna təminat verən Ermənistan dövləti imiş. Mövcud kortəbii trayketoriyada hay başbilənlərin ABŞ-ın boynuna qoyduqları missiya Azərbaycanı inandıracaqmış. Rusiyanı nəzərə almağa gəlincə, erməni iqtidarına yaxın çevrələr bu barədə söz açmırlar. Həmişəki kimi, Kremli, öz aləmlərində, hesabdan silirlər.

***

Sonda onu da bildirək ki, Azərbaycanın Zəngəzur dəhlizi ideyası regionda leqal tarixi maraqlara malik bütün qütblər üçün faydalıdır. Əslində, ölkəmiz fayda məramını “3+3” regional məşvərət formatının yaradılması ilə də ortaya qoyub. O da məlumdur ki, bu format “region region ölkələri üçündür” şüarını rəhbər tutur. Ermənistanın mövcud platformada passiv iştirakı da həmçinin.

Əlbəttə, İrəvan Tehrana qarşı çıxmır. Ona görə yox ki, bunu istəmir. O səbəbdən ki, dirənişə potensialı çatmır. Yəni, Rusiyanın qarşısına almış Ermənistan ikinci güclü dövlətin təsirini qarşılaya bilməz. Ancaq rəsmi Moskvanın “regionda əlavə qıcıqlandırıcılar” kimi qiymətləndirdiyi Avropa İttifaqının mülki müşahidə missiyası həm də anti-İran təmayüllü təsisatdır. Prezident İlham Əliyev əbəs yerə bildirmir ki, “onlar sərhəddəki peşəkar casuslardır və İrana qarşı casusluq fəaliyyəti aparırlar”. Erməni siyasi dairələrində gedən müzakirələr və irəli sürülmüş versiyalar onu göstərir ki, Zəngəzur dəhlizinə nəzarəti həyata keçirəcəyi iddia olunan ABŞ şirkəti üçün də Aİ-nin müşahidəçilərinin missiyasına bənzər struktur nəzərdə tutulur.

Bütün bunların fonunda yekun nəticə Ermənistanın 44 günlük müharibənin doğurduğu reallıqları qəbul etmək istəməməsidir. Deməli, ölkə təkcə Azərbaycana qarşı çıxmır, eyni zamanda, formalaşması labüd regional düzəni pozmağa cəhd göstərir. Bu, əlbəttə ki, təhlükəli tendensiyadır. Həm də o baxımdan təhlükəlidir ki, 44 günlük müharibənin rüsvayçılıq pərdəsi var. Ermənistan məhz özünün olmayana göz dikdiyi üçün, ümumən erməni varlığı, yumşaq desək, tamahkarlığı səbəbindən, işğalçılıq niyyətindən əl çəkmədiyindən cəzalandırılmışdı. İndi isə vəlvələdən, yaxud zəlzələdən yaranmış ölkənin baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan ərazi bütövlüyünün və suverenliyinin toxunulmazlığı klişesini qabardarkən bildirir ki, ölkədəki dəmir yolları, boru və elektrik kəmərlərinin idarəsi həmişə ayrı-ayrı kampaniyalara tapşırılıb. Deməli, ABŞ şirkəti də mövcud trayektoriyada təmsil oluna bilər. Bu məntiq Zəngəzur dəhlizinin, yəni Naxçıvana gedən yolun, o cümlədən dəmir yolunun eyni şərtlərlə fəaliyyətinin mümkünlüyü deməkdir. O zaman suallar yaranır. Görəsən, Ermənistan özünün olmayanı necə kiməsə tapşıra bilər? Özünün olmayana sahiblənmək cəhdinin doğurduğu rüsvayçılıq dərs olmadımı ki, ölkə hazırda daha böyük güclər arasında oyuna girişir? Nəhayət, haylar heç nədən var olan Ermənistan dövlətinin tarix səhnəsindən silinməsindən qorxmurlarmı? Necə də qorxsunlar, axı dövləti özləri yaratmayıblar.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət