İrəvanda növbəti “heç nədən hay-küy”

post-img

Zəngəzur dəhlizi ilə bağlı oyunbazlıq Ermənistanı geriyə çəkir

Erməni xalqı 2018-ci ilin mayında zəli kimi onun qanını içən, təbii sərvətlərini qarət edən, ölkədə korrupsiyanı, rüşvəti, qohumbazlığı, kriminalı, hər cür özbaşınalığı çiçəkləndirən və şərti olaraq Qarabağ klanı adlandırılan Robert Koçaryan–Serj Sərkisyan cütlüyünün başçılıq etdikləri mafiyanı tarixin zibilliyinə göndərdi. Hakimiyyətə gələn Nikol Paşinyan əvvəlki rejimin cinayətlərini ifşa etməklə yanaşı, ölkədə qayda-qanun yaratmağa başladı. Daxildəki işlər Ermənistan vətəndaşları tərəfindən rəğbətlə qarşılandı. Bununla belə Paşinyan “inqilabi eyforiyaya” qapılaraq bir sıra ciddi səhvlərə yol verdi. Onun ən böyük səhvi isə məsuliyyətsiz bəyanatlar verməsi nəticəsində Azərbaycanla sülh danışıqlarını pozması oldu. Məlumdur ki, bu addım Ermənistanın təslimolma aktı imzalaması ilə yekunlaşmış, İkinci Qarabağ müharibəsinin baş verməsinə gətirib çıxardı.

Ancaq müharibədəki məğlubiyyətə rəğmən Paşinyan 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində əsas rəqibi Koçaryan üzərində qələbə qazandı. Yekun nəticəyə əsasən, Paşinyanın başçılıq etdiyi “Mülki müqavilə” səslərin 53,95 faizini, Koçaryanın rəhbəri olduğu “Hayastan” alyansı isə 21,11 faizini əldə etdi. Bir sıra ekspertlər bu fikirdədirlər ki, əslində, seçicilər Paşinyana səs verməklə Koçaryana, keçmiş rejimin qayıdışına yox dedilər. Onlar Paşinyanı ideallaşdırmasalar da, onun timsalında yeni nəsil siyasətçilərə şans verdilər. Bu səsvermə bir növ Koçaryanın deyil, bütövlükdə keçmişin məğlubiyyəti idi. Ermənistan vətəndaşları müharibədəki məğlubiyyətə rəğmən, avtoritar idarəçiliyə geri dönmək istəmədilər. Bununla belə revanşistlər adlandırdığımız düşərgəni təmsil edənlər hazırda iş başındadırlar. Onlar Ermənistan cəmiyyətinin siyasi şüurunu zəhərləməyə davam edirlər. Xüsusilə, son illər regional miqyasdan çıxaraq qlobal əhəmiyyət daşımağa başlayan Zəngəzur dəhlizinin açılmasını milli təhlükə, yaxud suverenliyin itirilməsi kimi qələmə verməklə həm cəmiyyət daxilində qorxu və nifrət toxumu səpir, həm də Ermənistanın regional inteqrasiyasını əngəlləyirlər. Ermənistanın da böyük faydalar əldə edəcəyi bu dəhlizin açılmasını revanşistlər iqtisadi və siyasi uğur kimi deyil, böyük məğlubiyyət kimi cəmiyyətə təqdim edirlər. Halbuki, Zəngəzur dəhlizi regional sabitliyin, əməkdaşlığın və iqtisadi inkişafın açarı kimi təqdim olunmalıdır. Revanşist dairələr qəlblərinin dərinliklərində bu imkanların Ermənistan üçün yaradacağı üstünlükləri dərk etsələr də, özlərinin yenidən hakimiyyətə gəlmələri yolunda təhlükə saydıqları üçün layihəyə qarşı çıxırlar. Belələrindən biri də özünü beynəlxalq əlaqələr üzrə ekspert kimi təqdim edən Qriqor Balasanyandır.

O, “Nyus.am”a müsahibəsində bildirib ki, Ermənistan çox təhlükəli nəticəyə doğru irəliləyir, çünki son hadisələr dəhlizin açılması məsələsinin, əslində, Ermənistan–Azərbaycan sülh sazişi ilə heç bir bağlılığının olmadığını göstərir. Qeyd edib ki, ilkin olaraq yolların açılması məsələsinə tamamilə başqa kontekstdə – ultimatum və əlavə tələblər (?) olmadan baxılırdı. Onun sözlərinə görə, Azərbaycan sonradan paralel olaraq noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulmayan yeni şərtlər (?) irəli sürməyə başlayıb. O, bu tələblər sırasında 300 min Qərbi azərbaycanlının geri qaytarılmasını, Ermənistanın 150 milyard dollar təzminat ödəməsini, habelə konstitusiyaya əlavə və dəyişiklikləri qeyd edib: “Bakı danışıqlar prosesini məharətlə dəyişdirdi. Azərbaycan təşəbbüsü ələ keçirdi. İndi artıq aydındır ki, beynəlxalq oyunçular Ermənistan–Azərbaycan münasibətlərinin mahiyyətinə məhəl qoymadan dəhliz məsələsində öz aralarında razılığa gəlirlər. Bu arada münaqişə həll olunmayıb”.

Balasanyanın fikrincə, baş verənlərin hamısının bir məqsədi var – Zəngəzur dəhlizinin keçdiyi ərazini leqallaşdırmaq və Ermənistanı öz ərazisi üzərində nəzarətdən məhrum etmək. O əlavə edib ki, Azərbaycan tərəfi bu məsələni sakitcə irəli sürür, ardıcıl olaraq gündəmə gətirir və danışıqlar prosesinin mərkəzi elementinə çevirir: “Bakının hərəkətləri sistemli və mərhələli xarakter daşıyır və Ermənistana onun üçün qətiyyən qəbuledilməz şərtlərin qoyulmasına yönəlib”.

Müsahibədə əksini tapan fikirlərə münasibət bildirməzdən öncə qeyd etmək lazımdır ki, Balasanyan bu çıxışı ilə obyektiv təhlildən daha çox siyasi mövqe sərgiləyir. Onun irəli sürdüyü cəfəng fikirlər Ermənistan cəmiyyətində onsuz da mövcud olan panikanı artırmaq, Paşinyan iqtidarının regional intqerasiya istiqamətində atdığı addımları gözdən salmaq və yenidən köhnə ideoloji xətlərlə hərəkət etməyi təşviq etmək məqsədi daşıyır. Bu cür yanaşma nə reallığı əks etdirir, nə də gələcəyə yönəlmiş konstruktiv mövqe kimi dəyərləndirilə bilər.

Onun söylədiyi fikirlər arasında yeganə doğru olanı dəhlizin açılması məsələsinin Ermənistan–Azərbaycan sülh sazişində əksini tapmamasıdır. Hələ 2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Azadlıq” radiosuna müsahibəsində demişdi: “Hazırda danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını – Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb”. O qeyd etmişdi ki, biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik: “Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik”.

Beləliklə, E.Əmirbəyovun açıqlaması açıq şəkildə göstərir ki, Zəngəzur dəhlizi məsələsi tərəflərin qarşılıqlı razılığı əsasında sülh sazişi mətnindən çıxarılıb və bu məsələnin müzakirəsi sonrakı mərhələdə ayrıca müzakirə ediləcək texniki və praktiki məsələlər çərçivəsində nəzərdə tutulub. Bu fakt Balasanyanın “dəhlizin Ermənistanın ərazi bütövlüyünə təhdid olduğu”, yaxud “sülh danışıqları bu məsələ üzərindən manipulyasiya edilir” kimi fikirlərini əsassız edir. Əslində, Azərbaycan tərəfi bu yanaşma ilə danışıqların gedişinə konstruktiv töhfə verib və ən həssas məsələləri ehtiyatla, əlavə diplomatik çevikliklə işləməyə üstünlük verib. Bu isə göstərir ki, Azərbaycan zor tətbiq etməyi və ya birtərəfli iradə ortaya qoymağı yox, qarşılıqlı məqbul mexanizmlərlə irəliləməyi seçir.

Balasanyanın digər fikirlərinin hamısı başdan-ayağa yalandır və erməni cəmiyyətini çaşdırmağa yönəlib. Məsələn, Azərbaycanın, guya, Ermənistanın 150 milyard dollar təzminat ödəməsini tələb etməsi məsələsini götürək. Hələ ötən ilin dekabrın 17-də Prezident İlham Əliyev müsahibəsində bildirmişdi ki, biz, əslində, sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik: “Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam”.

Dövlətimizin başçısı demişdi ki, bunlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır: “Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir”.

Bir neçə gün öncə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın aparıcı nəşrlərindən olan “Berliner Zeitung” qəzetinə müsahibəsində bildirib ki, hazırda Ermənistanın Azərbaycana kompensasiya ödənilməsi məsələsi iki ölkə arasındakı danışıqlarının müzakirə mövzusu deyil. H.Hacıyev eyni zamanda Azərbaycan tərəfinin ölkəmizə dəymiş ziyanın müvafiq qiymətləndirməsini həyata keçirdiyini açıqlayıb: “Burada söhbət bir dövlətin məsuliyyətindən gedir. Ermənistan 30 il ərzində beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycana qarşı güc tətbiq edib, Azərbaycanın ərazilərini işğala məruz qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina edib. İşğal dövründə Ermənistan Azərbaycanın şəhər və kəndlərini tamamilə dağıdıb. Ərazilərimiz işğaldan azad edildikdən sonra bizim tərəfimizdən dəymiş ziyanın BMT-nin metodologiyası əsasında kompleks qiymətləndirilməsi həyata keçirilib. Bu qiymətləndirməyə əsasən, ölkəmizə dəymiş zərər ümumilikdə 150 milyard dollara yaxın həcmdə təşkil edir”.

Buradan aydın olur ki, “Azərbaycan Ermənistanı 150 milyard dollar təzminat ödəməyə məcbur edir” fikri tamamilə uydurmadır və ictimai rəyə təsir göstərmək üçün istifadə olunur. Deməli, Balasanyanın iddiaları faktlara deyil, təxribatçı niyyətə əsaslanır.

Bütövlükdə, Balasanyanın fikirləri reallığı əks etdirmir və qeyd etdiyimiz kimi, daxili auditoriyanı qorxuya salmaq məqsədi daşıyır. O, Azərbaycanın, guya, yeni şərtlər irəli sürdüyünü iddia etsə də, faktlar bunun əksini deyir. Rəsmi Bakı, sadəcə, danışıqlar prosesində ardıcıl və prinsipal mövqe tutur. Zəngəzur dəhlizi məsələsinin sülh sazişindən çıxarılması tərəflərin qarşılıqlı razılığı ilə baş verib və bu, Ermənistanın da maraqlarına uyğundur. Qərbi azərbaycanlıların geri qaytarılması isə hüquqi və humanitar müstəvidə müzakirə olunacaq mövzudur. Bu da sülh sazişinin şərti deyil. Balasanyan beynəlxalq oyunçuları da ittiham etməklə Ermənistanı daha güclü təcridə aparan mövqe sərgiləyir. Onun bu açıqlamaları konstruktivlikdən uzaq, keçmişin qorxuları ilə yaşayan revanşist ritorikanın bariz nümunəsidir.

Səxavət HƏMİD
XQ

Siyasət