Dünya neft bazarında yeni dövr çağırışı

post-img

OPEK+ alyansına daxil olan 8 ölkə sentyabr ayı üçün gündəlik neft hasilatını 547 min barrel artırmaq barədə razılığa gəlib. Bu qərar, daha əvvəl qüvvədə olan 2,2 milyon barrel/sutka (b/s) həcmində könüllü hasilat azaldılması paketinin tam şəkildə ləğvi anlamına gəlir. Alyans bununla yanaşı, ilin sonuna qədər daha bir könüllü məhdudiyyətin mərhələli şəkildə aradan qaldırılmasını da nəzərdən keçirir.

OPEK-in yaydığı rəsmi məlumata görə, Rusiya avqustda hasilatı 9,449 milyon b/s, Səudiyyə Ərəbistanı isə 9,976 milyon b/s səviyyəsinə qədər artıra biləcək. Alyansa, həmçinin İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman daxildir. Qərarın qəbuluna səbəb kimi bazarda neft ehtiyatlarının aşağı səviyyədə olması və iqtisadi artımın canlanması göstərilir.

Ekspertlər hesab edirlər ki, kartel bu addımı ilə strateji dönüş edir: artıq neftin qiymətini qorumaqdan çox, hasilatı artırmaqla bazar payını genişləndirmək məqsədi güdür. Apreldə atılan oxşar addımlar nəticəsində neftin qiymətində kəskin ucuzlaşma müşahidə olunmuşdu. Hazırda isə bazara təsir edən əsas amillərdən biri ABŞ Prezidenti Donald Trampın Rusiyanın enerji ixracatına qarşı sanksiya təhdidləridir.

ABŞ-ın artan təzyiqləri fonunda Hindistan neft idxalında diversifikasiya prosesini sürətləndirib. “Reuters”in məlumatına görə, Indian Oil Corporation (IOC) şirkəti artıq 4,5 milyon barrel ABŞ nefti, 500 min barrel Kanada mənşəli WCS markalı neft və 2 milyon barrel BƏƏ-nin Das markalı neftini alıb. Buna baxmayaraq, Rusiya nefti Hindistanın ümumi neft idxalının 30 faizdən çoxunu təşkil etməkdə davam edir.

Prezident Trampın sərt bəyanatlarına baxmayaraq, Hindistan rəsmiləri Rusiya ilə enerji sahəsində əməkdaşlığın davam etdiyini vurğulayırlar. Məlumatlara görə, Hindistan neft şirkətləri G7-nin tətbiq etdiyi 60 dollar həcmində qiymət limitinə əməl etməklə beynəlxalq tövsiyələri nəzərə alırlar.

Hazırda Hindistan Azərbaycan, Nigeriya və BƏƏ kimi ölkələrdən neft tədarükünü genişləndirmək üçün alternativ marşrutlar üzərində çalışır. Qərb mənbələrinin bildirdiyinə görə, ölkənin 4 iri neft emalı zavodu artıq Rusiya nefti əvəzinə Yaxın Şərq markalarına üstünlük verir.

OPEK+ ölkələrinin hasilatı artırmaq strategiyası və ABŞ-ın sanksiya siyasəti fonunda enerji bazarında yeni güc balansının formalaşdığı müşahidə olunur. Belə şəraitdə Hindistan və Çin kimi əsas istehlakçılar üçün enerji mənbələrinin diversifikasiyası yalnız ticarət deyil, həm də strateji sabitlik və enerji təhlükəsizliyi məsələsinə çevrilir.

Yaxın aylarda qlobal neft bazarında qiymət dəyişiklikləri və geosiyasi risklər fonunda alternativ mənbələrə çıxış imkanları və qərarvermədə çeviklik həlledici rol oynayacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət