Yay ola, qarpız ola...

post-img

Qarpız böyüklərin olduğu kimi, uşaqların da ən sevimli giləmeyvəsi, delikatesi hesab edilir. Yayın bürküsündə bizə sərinlik verən bu şirəli məhsulun əsil vaxtıdır. Tərkibinin 92 faizi su olan qarpızı yalnız xoş dadına, susuzluğu aradan qaldırmasına, sərinlik gətirməsinə görə sevmirlər. Onun həm də sağlamlığa xeyli faydası var.

“Su sudur, bunun nə faydası var?”– deyə bilərsiniz. Lakin suya ehtiyacın artdığı isti yay aylarında nəmləndirmə üçün ideal seçim yalnız qarpızdır.

Fitoterapevtlərin fikrincə, qarpız orqanizmin hüceyrələrini sərbəst radikalların zərərindən qoruyan antioksidant likopenlə zəngindir. Likopen ürək xəstəliklərinin və bəzi xərçəng növlərinin, o cümlədən prostat xərçənginin qarşısının alınmasında faydalıdır.

Qarpız stressi azaldır, əhəmiyyətli vitamin və minerallar mənbəyidir. Tərkibi tiamin (B1), riboflavin (B2) və niasin (B3) kimi B qrup vitaminlərlə zəngindir. Onlar qidamızı enerjiyə çevirmək, sağlam dəri, saç və dırnaqların möhkəmliyi üçün vacibdir. Qarpızda həm də əzələlərin və sinirlərin düzgün işləməsi üçün lazım olan maqnezium boldur.

Tərkibindəki yüksək C vitamini sayəsində qarpız immuniteti gücləndirir, orqanizmin infeksiya və xəstəliklərlə mübarizə aparmasına kömək edir. Eyni zamanda, dərinin vəziyyətini yaxşılaşdırır. Tərkibindəki A və E vitaminləri dərini nəmləndirir və gəncləşdirir, onu yumşaq və hamar edir.

Qarpız həzmə müsbət təsir göstərir. Yüksək lif tərkibi mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və bağırsaqların normal işləməsini təmin edir. Tərkibindəki kalium qan təzyiqini tənzimləyir, hipertoniya və onunla bağlı fəsadların inkişaf riskini azaldır.

Şirin dadına baxmayaraq, qarpızın kalorisi azdır (100 qram məhsulda təxminən 30 kalori var), bu da xarici görünüşünə diqqət edənlər üçün vacib hesab edilir. Ümumiyyətlə, biz qarpız yeyib xeyli problemi həll edirik: arıqlayır, gözəlləşir, cavanlaşır, stressə qalib gəlir və həyatdan zövq alırıq!

Tezliklə qarpızın mövsümü bitəcək, ona görə, bol-bol istifadə edək. Doğrudur, onu qışa da saxlayanlar var. Amma hər məhsul öz mövsümündə dadlıdır.

Onu da deyək ki, bütün qida məhsulları kimi, qarpızı da normadan artıq qəbul etmək olmaz. Çünki qarpız həm də ishala və həzmlə bağlı digər problemlərə səbəb ola bilər, qanda qlükozanı artırar. Qarpızın tərkibindəki bol kalium sümükləri və əzələləri möhkəmlətsə də, həddən artıq kalium ürəkdə aritmiya yaradar və nəbzin zəifləməsinə səbəb olar.

Zərifə HÜSEYNLİ
XQ

Sosial həyat