“Azərbaycan üçlüyü” yoluna Skopye, Sofiya və Mərdəkanda davam edəcək

post-img

Qarşıdakı 3 gün avrokuboklar meydanında yenə həyəcan dolu hadisələrlə zəngin olacaq. Kimi azarkeşlərinə xoş sürpriz ərməğan edəcək, kimi də məğlubiyyətə üzüləcək. “Azərbaycan üçlüyü” Çempionlar Liqası və Konfrans Liqasının 3-cü təsnifat mərhələlərinin 1-ci raundunda müvafiq surətdə “Qarabağ”, “Sabah” və “Araz Naxçıvan” ilə yoluna davam edəcək. Təmsilçilərimizin 2-ci mərhələdə əzmkar, məhsuldar oyunları və buna uyğun nəticələri futbol ictimaiyyətimizi bir qədər də ürəkləndirib. İndi yeni uğurları daha inamla gözləyirik.

Hazırki mərhələdə ilk addımı Çempionlar Liqasında Ağdam komandasının Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində yerli “Şkedinya” klubuna qarşı görüşündə atacağıq. Bu günə təyin edilmiş oyunda topa ilk zərbə Bakı vaxtı ilə saat 22-də endiriləcək. UEFA matçın hakimliyini Slovakiya Futbol Federasiyasının nümayəndələrinə həvalə edib. Baş hakim funksiyasını İvan Kruzliak yerinə yetirəcəkdir.

Hər iki rəqibin 3-cü mərhələnin qapısını taybatay, 2 qələbə ilə açması onların əyani görüşlərinə marağı ikiqat artırır. Azərbaycan çempionu İrlandiyanın “Şelburn” komandasının qapısına Dublin və Bakıda üst-üstə dörd cavabsız top vurub, “Şkedinya” da öz növbəsində FCSB (Rumıniya) klubundan hər iki oyunda üstün olub – 1:0 və 2:1. Deməli, rəqiblər bir-birinə layiqdirlər.

Cavab görüşü isə avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin axşam iki oyunun yekununda cütün qalibi sevincdən, bəlkə də, səhərədək yatmayacaq.

Skopye sınağından 2 gün sonra isə nəzərlərimiz Sofiya və Mərdəkana yönələcək. Avqustun 7-də “Sabah” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bolqarıstan paytaxtında məşhur “Levski” klubunun qonağı olacaq. Bu komanda yaxşı tarixə malik kifayət qədər iddialı rəqibdir. Söz yox ki, sofiyalılar Bakıya səfər ərəfəsində “doğma divarlar” arasındakı oyundan maksimum dərəcədə “qazanc” götürmək istəyəcəklər. Amma “Sabah”ın da avrokuboklar meydanında özünü mübariz komanda kimi göstərdiyini, iki oyunda “Petrokub”un (Moldova) qapısına 6 top vurduğunu da nəzərə alsaq, tribunalarda və teleekran qarşısında görüşü izləməyə hazırlaşan tamaşaçılar darıxmalı olmayacaqlar.

İki oyunun yekununda mərhələni hansı xoşbəxt komandanın adlayacağını isə avqustun 14-də Bakıda cavab görüşündən sonra biləcəyik.

Şübhəsiz, azarkeşlərimiz “Araz Naxçıvan”–“Omoniya” (Kipr) qarşılaşmasını da böyük maraqla gözləyirlər. Rəsmi beynəlxalq meydanın qapısını yenicə açmağa başlayan Naxçıvan futbolçuları “Aris”i Yunanıstana Bakıdan məğlubiyyətlə yola saldıqdan bir həftə sonra səfərdə də daha bir şücaət göstərib, özlərini tam qane edən əsl qrossmeyster heç-heçəsinə (2:2) nail oldular.

Avqustun 7-də rəqib daha bir təcrübəli komanda olacaq. Mərdəkanda “Omoniya” klubu ilə oyuna iki gün qalır. Çexiyalı hakimin idarə edəcəyi görüşün start işarəsi saat 20-də səslənəcək.

Artıq hamıya bəllidir ki, “Araz Naxçıvan” komandası “konfransda”, sadəcə, iştirakçı yox, möhkəm, döyüşkən xarakteri ilə ən fəal iştirakçılardan biri kimi təsir bağışlayıb. Kollektiv məzmunlu, cəsarətli oyunu ilə ümidləri doğruldur. İndi ilk müvəffəqiyyəti iki gündən sonra keçiriləcək oyunda bir qədər də inkişaf etdirmək, Kiprə cavab görüşünə yaxşı əhvalla getmək, orada da Avropanı bir daha təəccübləndirmək lap yerinə düşər. Konfrans Liqasının 3-cü mərhələsində uğur artıq qrup mərhələsinin astanasına aparır. Döyüşməyə dəyər!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist



İdman