İbrahimxəlil xanın ailəsinin qətlə yetirilməsinin faciəli tarixçəsi
220 il əvvəl – 1805-ci il mayın14-də Qarabağ xanlığının Rusiya imperiyasına hədə-qorxu altında birləşdirilməsi dövlətçilik tariximizdə nə qədər faciəli olmuşdusa, çox keçmədən bu izdivaca razı olmuş İbrahimxəlil xanın ailəsi ilə birlikdə məhv edilməsi də bir o qədər amansız qırğın olmuşdu. Rusiyanın ölkəmizə qarşı son təzyiq, təhdid və məlum təyyarə qəzası kimi cinayətləri, istər-istəməz 220 il əvvəlin zorakı işğalını və siyasi terror aktını yada salır.
Müsahibimiz “Qarabağ” ensiklopediyasının müəllifi, “Şuşa” qəzetinin redaktoru, qeyd edilən tarixin araşdırıcısı Əməkdar jurnalist Vasif Quliyevdir.
– Vasif müəllim, İstanbulu ələ keçirib, Qafqazı zəbt edib, Hindistana çıxmaq kimi işğalçılıq planlarını işə salmış qanlı Rusiya imperiyası necə oldu ki, tarixi Azərbaycanın Qarabağ xanlığı kimi güclü feodal dövlətini asanlıqla, necə deyərlər, bir güllə atmadan tərkibinə qatdı? Son tarixi araşdırmalar göstərirki, “könüllü birləşmə” uydurma və riyakar siyasi tamaşadan başqa bir şey deyilmiş.
– Bu il qeyd etdiyiniz həmin”birləşmə”ni rəsmiləşdirmiş Kürəkçay müqaviləsinin imzalanmasının 220 illiyi tamam oldu. Bu utanclı tarix dərin ağrı və həqiqətin öz adı ilə çağırılması əlaməti ilə yad edildi. Həmin bədnam müqavilənin hansı şəraitdə bağlandığını, tariximizin bu qara səhifəsinin necə yazıldığını aydınlaşdırmaq üçün müstəqillik illərində o zaman Rusiya və Qacar imperiyaları arsındakı münasibətlər daha dərindən araşdırılmağa başladı.
Əvvəllər də az-çox məlum olan həqiqət artıq qəti surətdə təsdiqlənib: 1805-ci ildə Qarabağ xanlığı zorakı təzyiqlər, çıxılmazlıq şəraitində Rusiyaya ilhaq edilib. Bunun işğaldan başqa adı yoxdur. Kürəkçay müqaviləsi əgər “könüllü birləşmə”ni, Qarabağ xanlığının sonrakı müstəqilliyini nəzərdə tuturdusa, niyə çox keçmədən İbrahimxəlil xan ailəsi ilə birlikdə qətlə yetirildi, xanlıq isə ləğv edildi? Bu sualı cavablandırmaq üçün müqavilənin bağlanmasından əvvəlki dövrə qayıtmaq lazımdır.
XIX əsrin əvvəllərində Zaqafqaziyada hadisələr elə sürətlə cərəyan edirdi ki, onları ardıcıl izləmək o qədər də asan deyildi. Cəmi 2 il ərzində dünyaya od püskürən Rusiya imperiyası Car-Balakən camaatını, osetinləri itaətə gətirmiş, Kartli-Kaxetiyada şahzadələrin qiyamlarını yatırmış, sonra da Gəncəni qanlı döyüşlə işğal etmişdi. Növbə Gəncə xanlığı ilə qonşu olan Qarabağ xanlığının idi. Bu strateji ərazi və onun mərkəzi Şuşa qalası İran və Qafqaza doğru genişlənmiş Rusiyanın arasında yerləşirdi. Şuşa İranın Zaqafqaziya açarı, Rusiyanın isə İrana qapısi timsalına gəlmişdi.
Rus generalı Pavel Sisiyanov Qarabağı özünün möhkəm hərbi bazasına çevirmək fikrində idi. Gəncə kimi bir qalanın ələ keçirilməsi isə rus ordusunun Azərbaycanın içərilərinə doğru irəliləməsini xeyli asanlaşdırmışdı. Bütün bunlar İbrahimxəlil xanı daha ehtiyatlı və ayıq olmağa çağırırdı.
1804-cü ilin ilk günlərində Qarabağın siyasi həyatında böyük çaxnaşmalar başladı. İbrahimxəlil xan yenidən siyasi hadisələrin burulğanına düşdü. Gəncənin işğalından heç bir həftə keçməmiş general Sisiyanov Azərbaycanın şimal hakimlərinə, o cümlədən, Qarabağ xanına hədə-qorxu dolu məktub göndərib, Rusiya hakimiyyətini qəbul etməsini tələb etdi. O, İbrahimxəlil xanı rus komandanlığını Gəncə qələbəsi münasibətilə təbrik etmədiyinə görə təhqiramiz şəkildə qınayırdı.
Sisiyanovun Gəncədən İbrahimxəlil xana göndərdiyi 8 yanvar 1804-cü il tarixli məktubda deyilirdi: “Şöhrətli və yenilməz rus qoşunları ilə bir aydan çoxdur burdayam. Həm də oğlu Hüseynqulu ağa və 1500 adamla birlikdə ölən Gəncəli Cavad xanın tərsliyi və azğınlığı səbəbindən qalanın hücumla alınmasından artıq 6 gün keçir. Çox təəccüblənirəm ki, siz belə yaxın qonşuluqda ola-ola güclü himayə axtarmalı ikən məni təbrik etmirsiniz.
Cavad xanın dikbaşlığı qanla yuyuldu və mənim ona yazığım gəlmir. Allahın özü də dikbaşlara qarşıdır. Lakin onun öz taleyinə şərik etdiyi adamlara heyifsilənirəm. Ümid edirəm ki, zati-aliləri ona oxşamaq istəməyəcək və zəifin güclüyə itaət etməsi və onunla höcətləşməməsi kimi ümumi qaydalara əməl edəcək. Rusiyanın gücü və onun idarəçilik prinsiplərinin mülayimliyi o məmləkətə artıq çoxdan məlumdur. Onsuz da sizə ən yaxşı yolu seçmək qalır...
Elə bilirəm ki, mənim tələblərimi, zati-aliləri, yerinə yetirməyə tələsəcəksiniz və bunlar sizin xoşbəxtliyinizin başlanğıcı olacaq.
Nəhayət, bizim böyük və Allah tərəfindən yüksəldilmiş imperatorumuzun ali himayəsinə doğru sizə yol açaraq, qəbul eləyə biləcəyiniz qərarlar üçün etibarlı adamınızı, ya da övladlarınızın birini gözləyirəm”.
– Bu məktubdan açıq-aydın görünür ki, İbrahimxəlil xan heç də könüllü olaraq Rusiyaya meyillənməyib. Əvvəllər tarixçilərin belə uydurma mülahizələri olmuşdu, ədəbiyyatda da bu yalana bədii don geydirilmişdi...
– Bunlar xeyli sonralar, xüsusən, sovet dövründə baş verib. O zaman isə İbrahimxəlil xan şəraiti nəzərə alıb, gələcəkdə nələr ola biləcəyini nəzərə alıb, saray əyanı Mirzə Məhəmmədəli bəyi rus generalının yanına göndərdi, amma ona nəyəsə qol çəkmək və möhür vurmaq səlahiyyəti vermədi. Üstəlik, Sisiyanova saymazyana bir cavab göndərdi. İbrahimxəlil xanın bu hərəkətindən bərk narazı qalan knyaz birbaşa hədələrə keçərək sərt cavab məktubu yazdı. O bildirdi ki, yeritdiyi İran siyasətinə görə Cavad xan kimi o da başı ilə cavab verəcək.
Sonra rus generalı sözünə belə davam edirdi: “Mən sizin siyasətinizə inanmıram. Ona görə də yalnız sizdən tələb edirəm. Sizin görüşünüzə isə vaxtı çatanda gözlənilmədən gələcəyəm. İnanın ki, sizi darmadağın etmək üçün Gəncədə olan qoşunlarım da bəs edər. Qalanızı almaq ruslar üçün çox asandır. Heç eşitmisinizmi ki, milçək qartalla danışıq aparsın? Əmr etmək güclüyə xasdır, zəif isə ona görə doğulub ki, güclüyə itaət eləsin... Sizi təbəəliyə yox, mənə bu, lazım deyil, tövbə etməyə çağırıram. Əgər sağ-salamat olmaq və rahat yaşamaq istəyirsinizsə, mənim tələblərimi məktub vasitəsilə bildirin”.
Digər tərəfdən, Rusiyanın Qarabağa cidi şəkildə diş qıcadığını görən İran hökmdarı Fətəli şah Arazdan şimalda olan əyalətlərin üzərinə hücuma hazırlıq görməyə başladı. Daha doğrusu, Rusiyaya qarşı çıxmaqda öz yardımını İbrahimxəlil xana təklif elədi. Şah Qarabağı itirməkdən qorxaraq bütün qüvvəsini xanlığı özünə tabe etməyə yönəltdi. Əvvəlcə diplomatiyanı işə saldı, müxtəlif hiylə və qılıqlarla İbrahimxəlil xanı öz tərəfinə çəkməyə çalışdı. O, Qarabağ xanını İrandan birdəfəlik üz çevirməsi və gürcülər kimi hərəkət etməməsi, xanlığın Rusiyaya ilhaq olunmaması üçün öz sərkərdələri Kərim xanı, Abdulla xanı və Rəhim xanın İbrahimxəlil xanın yanına göndərdi.
Elçilər İran şahının qiymətli hədiyyələrini Qarabağ xanına təqdim elədilər. Fətəli şahın İbrahimxəlil xanın bütün “günah”larını bağışladığını bildirdilər. Eyni dindən olduqlarını da xüsusilə vurğuladılar, kafir ruslara qarşı birlikdə mübarizə aparmağı təklif kimi irəli sürdülər. Həm də bəyan elədilər ki, bütün Qarabağ əyaləti İran dövlətinə çatası gəliri ilə birlikdə həmişəlik olaraq İbrahimxəlil xanın ixtiyarında qalacaq. Şah öz övladlarından ikisini Şuşa qalasında – onun yanında əmanət qoyacaq. Üstəlik, iranlı elçilər özlərinin aşağıdakı şərtlərini də bildirdilər:
– Qarabağı Rusiya təcavüzündən qorumaq üçün Şahbulaq qalasında İran əsgərlərindən qarnizon qoymaq;
– Nadir şah zamanından dağılıb pərən-pərən düşmüş əhalini geri qaytarmaq və İbrahimxəlil xanın nüfuzunu artırmaq üçün şahzadə Abbas Mirzəni böyük qoşunla Qarabağa göndərmək;
– İrandan Qarabağa vurulmuş zərərlərin dəyərini İbrahimxəlil xana qaytarmaq;
– Şuşanı Rusiyadan müdafiə etmək üçün Əsgəran qalalarında İran mühafizə dəstələri qoymaq.
İbrahimxəlil xan yaranmış tarixi şəraiti nəzərə alıb, Fətəli şahın bu təkliflərini rədd eləyib, sözünün ağası olduğunu xüsusilə vurğuladı: “Mən hənuz rus dövlətinə itaət etməmişəm, bir güclü, qüdrətli və mürvətli padşahdır. Onun qoşunu gəlib və sərdarı Tiflis şəhərindədir. Çünki mən burdan sabiq Rusiya dövlətinə, imperatora – Uzma Yekaterina hüzuruna və qraf Qudoviçə və qraf Zubova elçi və adam göndərib, izhari-ixlas etmişəm. Layiq deyil ki, şöylə padşahın sərdarı bu yaxında Tiflisdə ola və mən ona elçi və adam göndərməyəm?
– Demək olarmı ki, İbrahimxəlil xan aldanıb, Fətəli şah isə vaxtında qətiyyət göstərib, Qarabağda möhkəmlənə bilməyib?
– Hər ikisi olub. Diplomatiya ilə heç nəyə nail ola bilməyəcəyini anlayan Fətəli şah məsələni zor gücünə həll eləməyi üstün tutdu və Qarabağa yürüşə hazırlaşmağa başladı. Şuşada isə çox çətin və mürəkkəb bir şərait yarandı. Bir tərəfdən ruslara, o biri tərəfdən isə qarabağlılara kəskin və barışmaz nifrət bəsləyən mərkəzi İran hakimiyyətindən təhlükə gözləyən İbrahimxəlil xan odla su arasında qalmışdı. Ona görə də yubanmadan Tiflisə neçə ay əvvəl elçi göndərib, onu Rusiyanın tabeçiliyinə dəvət eləyən general Sisiyanovun yanına nümayəndələr göndərdi və bildirdi ki, onların himayəsinə girməyə hazırdır.
Xan generalla görüşməyi də təklif elədi və təbəəliyə hansı şərtlərlə qəbul olunacağını soruşdu. General qarabağlı elçiləri hörmət və ehtiramla yola salıb, İbrahimxəlil xanla gələn ilin yazında görüşmək fikrində olduğunu bildirdi. Rus generalı bağlanılması təklif olunan müqavilənin mətnini şəxsi nümayəndəsi, gürcü əsilli Niniya Caroyevlə İbrahimxəlil xana göndərdi. Onun ardınca isə mayor İvan Lisaneviçi Şuşaya yollayıb, İbrahimxəlil xanı dinc yolla itaətə gətirməyi və xan tərəfindən layihədə heç bir düzəliş edilməmək şərtilə ondan Rusiya himayəsini qəbul etməyə razılıq almasını tapşırdı. Knyaz İbrahimxəlil xan Cavanşir və onun övladları barədə məlumat toplayıb, nəsil şəcərəsini tərtib etmək üçün mayora xüsusi göstəriş də verdi.
Sisiyanov İbrahimxəlil xana göndərdiyi məktubda həm də yazırdı ki, o, müqavilənin layihəsi ilə tanış olandan sonra böyük oğlu Məhəmmədhəsən ağanı müvəqqəti öz yerində qoysun, heç olmasa, ikicə günlüyə nəvəsini də götürüb Gəncəyə gəlsin, müqaviləyə imza atsın və rus qoşunu ilə də geri qayıtsın. Çünki müqavilə xanın və generalın adından yazıldığı üçün o, da qol çəkməlidir. Bir də heç nədən ehtiyat etməsin. Ona görə ki, ruslar heç vaxt yalan danışmırlar.
Lakin dünyagörmüş İbrahimxəlil xan Sisiyanovun bu təklifinə o qədər də əhəmiyyət vermədi və yalnız may ayında görüşəcəklərinə razılıq verdi. 1805-ci il mayın 14-də Sisiyanov və İbrahimxəlil xan arasında himayə müqaviləsi bağlandı. Qarabağ hakimi Şuşa qalasının açarlarını generala təqdim eləyərək sədaqət haqqında andlı öhdəlik götürdü. Tarixə Kürəkçay müqaviləsi adı ilə düşmüş bu əhdnamə 11 maddədən ibarət idi.
– Kürəkçay müqaviləsinin şərtlərinə tərəflər necə əməl etdi? Sonrakı ziddiyyətlər nədən yarandı?
– 1806-cı il fevralın 8-də rus qoşunlarının baş komandanı, general Sisiyanov Bakıda öldürüldükdən sonra Zaqafqaziyada siyasi təbəllüatlar başlandı. İmeretiya çarı Solomon rus qoşunlarının Kutaisdən çıxarılmasını tələb elədi. İrəvan xanı Şuragil vilayətini almağa hazırlaşdı. Şəki hakimi Səlim xan Rusiyadan üz döndərdi və s.
Ümumiyyətlə, Azərbaycan xanları tərəddüd içərisində qalmışdılar. Bir tərəfdən də İran qoşunları Qarabağ sərhədlərinə yenidən yaxınlaşırdılar. Həmin vaxt İbrahimxəlil xanın oğlu Əbülfət xan və qızı Ağabəyim ağa da atalarına İranla dostluq əlaqələrini bərpa etməyi məsləhət görürdülər. İki od arasında qalmış İbrahimxəlil xan qəti fikirə gələndən sonra ruslardan üz çevirməyə, Fətəli şahla münasibətlərini yoluna qoymağa, Abbas Mirzə ilə, Əbülfət xanla, Feyzi bəylə və Mirzəli bəylə yazışmağa başladı. Nümayəndəsi Nurməhəmməd bəyi gizlicə Fətəli şanın yanına göndərib, onun Rusiya təbəəliyinə keçməsini bağışlamağı xahiş elədi. O əgər şah kömək edərsə, rusları Qarabağdan çıxarmağa söz verdi. Abbas Mirzəyə isə xəbər göndərdi ki, Şuşaya hücum etsə, şəhərin darvazalarını onun üzünə taybatay açacaq.
Həmin vaxt İbrahimxəlil xanın qaynı erməni Məlik Cümşüd Şuşada lövbər salmışdı. Onun bu böhranlı günlərdə bura gəlib çıxmasının səbəbi var idi. Ümumiyyətlə, Qarabağda rusların köməyi ilə siyasi hakimiyyəti əllərinə almaq üçün erməni məlikləri fürsətdən lazımınca bəhrələnirdilər. Xüsusilə də, xanlığın Rusiya təbəəliyinə daxil olması prosesində onlar dəridən-qabıqdan çıxır, cinayətkar hərəkətlərini getdikcə genişləndirirdilər.
Həmin vaxt İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağanın vəfatından, İbrahimxəlil xanın qocalığından və xəstəliyindən istifadə edən Şuşadakı bir-birinə zidd qüvvələr ermənilərin fəallığı ilə Kürəkçay müqaviləsinin maddələrini pozmağa başladılar. Rus qarnizonu Şuşada yerləşdiriləndən sonra öz çirkin niyyətlərini həyata keçirmək üçün ermənilər fəaliyyətlərini daha da gücləndirdilər.
Neçə il idi ki, Gürcüstanda yaşayan Məlik Cümşüd rusların Qarabağ üzrə müşaviri rolunu oynayırdı. Kürəkçay müqaviləsindən sonra o öz təbəələrini də götürüb, yaşadığı Lori qəsəbəsini tərk edərək Qarabağa qayıtmış, Şuşada rusların əsl casusu kimi mayor İvan Lisaneviçin sağ əlinə çevrilmişdi. İbrahimxəlil xanı rusların gözündən salmaq üçün Məlik Cümşüd onu qarabaqara izləyir, danos yazıb yuxarı dairələrə göndərirdi.
Beləliklə, Məlik Cümşüd Qarabağ xanı ilə rus komandanlığının arasını vurur, yuxarıda dediyimiz kimi, onu gözdən salmağa, qaralamağa çalışırdı. Bu casus İbrahimxəlil xanın Fətəli şahla gizli əlaqə saxlamasını və müharibə olarsa, İran tərəfinə keçəcəyini də mayor İvan Lisaneviçə çatdırmışdı və İran qoşunlarının Qarabağ sərhədlərinə çıxdığını demişdi. Xəyanətkar erməni bildirmişdi ki, bu günlərdə ya xan İran tərəfə keçəcək, ya da iranlılar gəlib onunla birləşəcəklər.
Mayor İvan Lisaneviç dərhal İbrahimxəlil xanın imarətinə gəldi. Bildirdi ki, ona 3 saat möhlət verilir. Əgər qalanı tərk etməsə, özündən küssün, bütün əhli-əyalı ilə birlikdə qətlə yetiriləcək. İbrahimxəlil xan Lisaneviçin bu hərəkətindən çox təsirlənərək onu təhqir etdi. Mayor isə bildirdi ki, artıq-əskik danışmaq lazım deyil, vaxt keçir, bir qərara gəl, sonrası pis olar.
Naəlac qalan İbrahimxəlil xan arvad-uşağını, nökər-naibini, xidmətçilərini, mühafizə dəstəsini, bir sözlə, yaxın, simsar adamlarını, imkanı qədər zinət əşyalarını, pul, qızıl götürüb qaladan çıxdı. Artıq axşam düşdüyündən qala ilə qabaq-qənşər olan Topxana meşəsinin yaxınlığında çadırlar qurdurdu. O hər ehtimala qarşı, ətrafda səngər qazdırıb səhəri gözləməyə başladı. İbrahimxəlil xan bilirdi ki, İran qoşunu səhərə yaxın gəlib çıxmalıdır
– Bəs xanın ailəsinin kütləvi surətdə məhv edilməsinə səbəb nə oldu? Bu qırğında erməni əli özünü necə görsətdi?
– Fürsəti əldən verməyən Məlik Cümşüd özünü mayora çatdırıb “eşitdikləri”ni ona bildirdi. Bu xəbərdən sonra Lisaneviç, nədənsə, İbrahimxəlil xanı geri qaytarmaq fikrinə düşdü. Əvvəlcə bu məqsədlə nəvəsi Cəfərqulu ağanı babasının yanına göndərdi ki, xan ailəsini də götürüb Şuşaya qayıtsın. Lakin o, xanı nə qədər dilə tutsa da, yola gətirə bilmədi. Əksinə, İbrahimxəlil xan Cəfərqulu ağanı danlayıb dedi ki, mayor Lisaneviçi evinə çağırıb həbs etsin və gətirib ona təhvil versin. Gəncədə girov saxlanılan qardaşı Şükrullah ağanı isə ordan qaçırtsın.
Mayor Lisaneviç bu dəfə Mehdiqulu ağanı (Mehdiqulu ağa xəstə olduğu üçün atası ilə gedə bilməmişdi) xanın yanına göndərdi. O, mayorun sözündən çıxa bilməyib, xəstəliyinə baxmayaraq, birtəhər atasının hüzuruna yollandı. Çox çəkmədən qayıdıb mayora bildirdi ki, nə qədər çalışdısa, atasını yola gətirə bilmədi. Beləliklə, İbrahimxəlil xanı yolundan döndərmək üçün artıq heç bir ümidi qalmayan mayor gecə vaxtı hücum edib, onu diri tutmaq qərarına gəldi.
Lisaneviç 100 əsgər və mayor Niniya Caroyevin dəstəsini İbrahimxəlil xanın üstünə göndərdi. Ruslar bir neçə erməninin bələdçiliyi ilə Aşağı bürcün altındakı lağımdan keçərək gizlicə qayaların ətəkləri ilə xanın düşərgə saldığı yerə tərəf hərəkət etdilər. Mayor zabitlərinə və əsgərlərinə əmr etdi ki, atəş açmasınlar və təslim olmağı təklif eləsinlər. Ruslar çadırlara yaxınlaşanda gördülər ki, İbrahimxəlil xan açıq havada əyanlarının əhatəsində oturub, qəlyan çəkə-çəkə söhbət eləyir.
Xanın saray adamı Əmiraslan bəy də (Mir Möhsüm Nəvvab Qarabağinin ana babası) burda idi. Birdən xəbər verdilər ki, ruslar İbrahimxəlil xanın üstünə gəlir. Dərhal xanın adamlarından kimsə güllə atıb rus əsgərinin birini öldürdü. Bu zaman rus əsgərləri də onlara atəş açdılar. Güllələrdən bir neçəsi İbrahimxəlil xana dəydi və o, oturduğu kürsüdən yıxıldı. Atılan güllələrdən bir neçəsi isə xanın ailə üzvlərinə, əyanlara və nökərlərinə dəydi. Qalanlar isə hərə bir şey götürüb müxtəlif səmtlərə üz tutdular. Əmiraslan bəy isə İbrahimxəlil xanın sonbeşik övladı olan Gövhər ağanı və xanın qızıl qəlyanını götürüb dərə aşağı qaçdı.
Atışma və süngü davası 3 saata yaxın davam elədi. Ölən öldü, qalanlar da kolluqlarla, yarğanlarla qaçıb canlarını qurtardılar. Ruslar çoxlu qənimət götürüb qalaya çəkildilər. Xanın bəzi adamları da çəkidən yüngül, vəzndən ağır qiymətli əşyalarını götürüb aradan çıxdılar.
– Bu misilsiz xəyanət və cinayət tarixə hansı adla yazıldı?
– 1805-ci il iyunun 14-də baş verən bu qanlı faciədə İbrahimxəlil xanın ailəsindən və yaxın adamlarından 35 nəfər, o cümlədən, arvadı Tubu bəyim, qızı Səltənət bəyim, 12 yaşlı oğlu Abbasqulu ağa, Hacı Hüseynəli bəy Kəbirli, Həsən ağa Gülmalı bəy oğlu Sarıcalı, Hümmət bəy Cavanşir, Mirzə Tağı Əfşar, Əlipənah Cavanşir, Mirzə Haqverdi, Mirzə Nağı Kəbirli Əcəmoğlunun oğlu Hacı Həsən, Qaranın iki oğlu, Teymur, iki nəfər şelli və iki nəfər başqa adam öldürüldü.
İbrahimxəlil xanın sağ qalan adamları hadisənin baş verdiyi ərazidən bir az aralıda – “Nabatxan” adlanan yerdə Əbülfət xanın qoşunu ilə qarşılaşdılar. Əbülfət xan atasının başına gələn əhvalatdan xəbərdar olarkən rusların bu vəhşiliyini lənətləyib, hadisə yerinə tələsdi.
Qətlə yetirilənlərin, güllədən və süngüdən deşik-deşik olmuş adamların cəsədlərini yuduzdurdu, kəfənə tutdurub dəfn elətdirdi. Baş verənləri Fətəli şaha çatdırmaq və bundan sonra necə hərəkət etmək barədə əmr almaq üçün təcili İrana döndü.
Bəli bu misilsiz cinayət erməni xəyanətkarlığı nəticəsində törədildi. Qarabağ xanının ailəsi və yaxınları ilə birlikdə amansızlıqla qətlə yetirilməsi dünya tarixinin ən qanlı siyasi cinatyətlərdən biri idi. Bu, Rusiya imperiyasının xalqımıza qarşı düşmən münasibətini göstərən təkzibedilməz, bəraət qazandırıla bilməyən vəhşilik aktı idi. Tarix belə cinayəti bağışlamır.
Üstündən 112 il keçmiş Rusiyanın Romanov sülaləli çarlarının sonuncusu II Nikolayın bütün ailəsi ilə birlikdə qətlə yetirilməsi bu xalqın siyasətçilərinin özlərinə qarşı da amansız olduğunu göstərməklə bərabər, sanki, tarixin Rusiyadan İbrahimxəlil xan ailəsinin intiqamını alması olmuşdu.
Söhbəti apardı:
Tahir AYDINOĞLU
XQ