Miqrantlara qarşı ayrı-seçkilik: qanunvericilikdə “təkmilləşmə”, yaxud məqsədli məhdudiyyətlər
Rusiya Federasiyasında miqrantlara qarşı həyata keçirilən siyasət və qanunvericilik dəyişiklikləri daha sərt və məhdudlaşdırıcı xarakter alıb. Əvvəllər daha çox fərdi hallarda müşahidə olunan inzibati çətinliklər və sosial təzyiqlər bu gün artıq sistemli və dövlət səviyyəsində tətbiq olunan strategiyaya çevrilib. Əmək bazarında, təhsil sistemində, digər sahələrdə həyata keçirilən tədbirlər milyonlarla miqrantın gündəlik həyatına təsir edib, onların fəaliyyət dairəsini məhdudlaşdırıb.
Bu məhdudiyyətlərin nəzərəçarpan ilk nümunələrindən biri Sankt-Peterburqda xarici vətəndaşların kuryer kimi fəaliyyətinə qoyulan qadağadır. Bu qərar təkcə yerli səviyyədə alınmış inzibati tədbir deyil, əksinə, ölkə miqyasında formalaşan yeni siyasi kursdur. Daha əvvəl oxşar məhdudiyyətlərin taksi fəaliyyəti sahəsində də tətbiq edilməsi bu tendensiyanın lokal deyil, mərkəzləşdirilmiş şəkildə həyata keçirildiyini göstərir.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin verdiyi məlumata əsasən, artıq ölkənin 32 regionunda patentlə işləyən miqrantların kuryer kimi fəaliyyətinə qadağa tətbiq olunub. Volqoqrad, Voronej, Samara, Saratov, Nijni Novqorod, Amur, Kursk, Lipetsk vilayətləri, habelə Krım Respublikası və Saxa (Yakutiya) bu siyahıya daxildir. Eyni zamanda, regionlara rus dili biliyinin və ictimai davranış normalarının yoxlanması məqsədilə kuryer və taksi sürücüləri üçün məcburi sertifikatlaşdırma səlahiyyəti də verilib. Bu tədbirlər, guya, xidmət keyfiyyətinin artırılması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əsaslandırılır. Əslində, bu, miqrantlara qarşı sərt və selektiv yanaşmanın hüquqi rıçaqları sayılmalıdır.
Bununla yanaşı, müəyyən cinayət əməllərinə görə məhkum olunmuş şəxslərin bu sahələrdə çalışmasına qoyulan qadağalar, ərzaq çatdırılmasında tibbi arayışsız işləyənlərə qarşı inzibati məsuliyyətin sərtləşdirilməsi də bu yanaşmanın davamıdır. Bütün bu tədbirlər miqrantların əmək bazarından sıxışdırılmasına xidmət edir və onların leqal şəkildə işləmək imkanlarını məhdudlaşdırır.
***
Onu da qeyd edək ki, diskriminativ mühitin formalaşdırılması təkcə miqrantlar üçün deyil, Rusiya cəmiyyəti və iqtisadiyyatı üçün də mənfi nəticələr doğuracaq. Leqal iş imkanları məhdudlaşdırılan insanlar qeyri-rəsmi əmək bazarına yönəlməyə məcbur qalacaq ki, bu da işçi kimi hüquqlarının pozulması, sosial təminatsızlıq və vergi itkiləri ilə nəticələnəcək. Eyni zamanda, müəyyən sahələrdə, xüsusilə xidmət və logistik sektorlarında işçi çatışmazlığı problemi yaranacaq. Bu yanaşmanın davamlı şəkildə tətbiqi həm də cəmiyyət daxilində etnik və mədəni parçalanmanı gücləndirəcək, sosial inteqrasiya prosesini əngəlləyəcək.
Deməli, Sankt-Peterburqda qəbul edilən kuryerlik qadağası təkcə lokal təhlükəsizlik tədbiri deyil, miqrantlara qarşı ölkə üzrə həyata keçirilən genişmiqyaslı hüquqi və siyasi strategiyanın bir hissəsidir. Əgər bu yanaşma dəyişməzsə, Rusiya yaxın illərdə həm iqtisadi, həm də sosial baxımdan dərin struktur problemləri ilə üzləşəcək.
Bu fonda təhsil sahəsində baş verən dəyişikliklər xüsusi narahatlıq doğurur. 2025-ci il aprelin 1-dən qüvvəyə minmiş 544-FZ saylı Federal Qanun miqrantların övladları rus dilini bilmədikdə və ölkədə qanuni yaşayıb-yaşamadıqları yoxlanılmadan məktəbə qəbulunu qadağan edir. Qanunun rəsmi əsaslandırılmasında dil baryeri və sosial adaptasiya çətinlikləri göstərilsə də, əsl məqsəd miqrant uşaqlarının təhsil sistemindən sıxışdırılması və cəmiyyətə inteqrasiyasının əngəllənməsidir.
Yeni qanunun tətbiqi nəticəsində bəzi regionlarda miqrant uşaqlarının məktəbə qəbulunda ciddi azalma müşahidə olunur. Nijni Novqorod vilayətində belə müraciətlərin sayı 10 dəfə, Voronejdə isə 7 dəfə azalıb. Kaluqa vilayətində 91 müraciətdən yalnız 36-sı, Sverdlovskda 66-dan 13-ü, Tula vilayətində isə 62-dən 30-u qəbul edilib. Komi Respublikasında 14 müraciətdən yalnız 3-nə müsbət cavab verilib. Krımda isə 10 müraciətdən cəmi 4-ü keçib.
Bu rəqəmlər, sadəcə, təhsil sahəsində statistik azalma kimi qiymətləndirilə bilməz. Onlar, eyni zamanda, minlərlə miqrant uşağın sosial təcridə, gələcəkdə daha dərin inteqrasiya problemlərinə məruz qalacağını göstərir.
2026-cı ilin əvvəlindən Rusiyada miqrantlara qarşı daha bir addım atılacaq. Təhsil orqanları ilə Daxili İşlər Nazirliyi arasında avtomatik məlumat mübadiləsi sistemi işə düşəcək. Bu sistem miqrant uşaqlar və onların ailələri haqqında məlumatların vahid elektron bazada toplanmasını və nəzarətin gücləndirilməsini nəzərdə tutur. Nəticədə, hər bir əcnəbi ailə üzərində daimi inzibati nəzarət formalaşacaq.
Bununla yanaşı, Rusiya Dövlət Dumasına yeni bir qanun layihəsi təqdim olunub. Layihəyə əsasən, azyaşlı əcnəbilərin Rusiyaya yalnız qanuni nümayəndələri və ya notarial qaydada təsdiqlənmiş etibarnaməsi olan şəxslərin müşayiəti ilə daxil olmasına icazə veriləcək. Əks halda, uşaqların ölkəyə buraxılmaması və ya ölkədən deportasiyası nəzərdə tutulur. Bu, Rusiya sərhədlərinin daha sıx qapanmasına, miqrantların ailə modelini pozmağa yönələn addımdır.
***
Ümumiyyətlə, bu qanun və qaydaların hamısı Rusiyada miqrantlara qarşı həyata keçirilən sistemli diskriminasiyanın və sosial təcridin hüquqi platformada formalaşdığını göstərir.
Bu barədə İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə XQ-yə bildirdi ki, Rusiyanın miqrasiya siyasətində son illər atdığı addımlar formal olaraq “ictimai təhlükəsizliyin təmin olunması”, “təhsildə keyfiyyətin artırılması” və ya “xidmət sahəsində peşəkarlığın yüksəldilməsi” kimi əsaslandırılsa da, bu tədbirlərin praktik nəticələri tamamilə fərqli mənzərə yaradır: “Kuryerlik və taksi sürücüsü kimi aşağı ixtisas vərdişləri tələb edən iş sahələrində miqrantların fəaliyyətinə qoyulan qadağalar, uşaqların məktəblərə qəbulunda dil və status testləri, ailələrin hər bir addımının texnoloji nəzarətə alınması miqrantların ölkədə qalmasını hüquqi baxımdan çətinləşdirən və onları sosial sistemdən uzaqlaşdıran təzyiq alətləridir. Bir məsələni də qeyd edim ki, bu gün bir çox miqrantlar hüquqları pozulduqda ədalətə çıxış imkanından məhrum edilirlər. Onlar, sadəcə, hüquqi deyil, həm də sosial baxımdan dərin diskriminasiyaya məruz qalırlar. Gündəlik həyatda miqrantlar ksenofobiya ilə üzləşir, övladları isə “yer çatışmazlığı” bəhanəsi ilə ümumtəhsil müəssisələrinə qəbul olunmurlar”.
Ekspertin fikrincə, yetkin miqrantlar iş yerlərində hüquq-mühafizə orqanlarının keçirdiyi məqsədli reydlərin hədəfinə çevrilirlər: “Bəzi hallarda hüquq-mühafizə əməkdaşları miqrantları deportasiya ilə təhdid edərək onlardan rüşvət alırlar. Bu isə təkcə insan hüquqlarının pozulması deyil, həm də hüquqi sistemə inamın ciddi zədələnməsidir. Miqrantların yaşadıqları çətinliklər onların cəmiyyətə inteqrasiyasını əngəlləyir, həm də sosial gərginliyi artırır. Bu səbəbdən məsul qurumların və vətəndaş cəmiyyətinin birgə səyləri ilə miqrantların hüquqi müdafiəsinin gücləndirilməsi, ksenofobiyaya qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və ədalətə bərabər çıxış imkanlarının təmin edilməsi zəruridir. Əgər bu kurs davam edərsə, Rusiyada yaşayan milyonlarla miqrant üçün gələcək qeyri-müəyyən olacaq. Onlar gündən-günə hüquqların məhdudlaşdırıldığı, dövlətin dəstəyi əvəzinə təzyiqlə qarşılandığı, sosial təcridin dərinləşdiyi və ayrı-seçkiliyin qanunvericiliklə legitimləşdirildiyi bir mühitdə yaşamağa məcbur olacaqlar. Bu, təkcə miqrantların deyil, bütövlükdə Rusiya cəmiyyətinin sabitliyi və inkişafı üçün də risklidir. Çünki sosial ədalətə söykənməyən sistemlər uzunmüddətli dövrdə dayanıqlı olmur. Diskriminasiya ilə inteqrasiya mümkün deyil. Əgər məqsəd həqiqətən də cəmiyyətin təhlükəsizliyi və rifahıdırsa, bu zaman miqrantları sıxışdırmaq deyil, onları dəstəkləyən və ədalətli şəkildə inteqrasiya edən siyasətə ehtiyac var. Əks halda, hüquqi mexanizmlərlə gizlədilən diskriminasiya gələcəkdə daha böyük sosial parçalanmalara və qarşıdurmalara zəmin yaradacaq”.
Doğrudur, miqrasiya siyasəti hər bir ölkənin daxili işidir və milli maraqlar çərçivəsində formalaşdırıla bilər. Lakin bu siyasət bəşəri dəyərlər, insan hüquqları, bərabərlik prinsipləri və beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilməlidir. Əks halda, qanunvericilik adı altında diskriminasiya və ayrı-seçkilik dərinləşəcək, bu isə cəmiyyətin sabitliyi üçün real təhlükəyə çevriləcək.
Pünhan ƏFƏNDİYEV
XQ