Ermənistanın sabiq ombudsmanı unudulmamağa cəhd göstərir
Erməni xislətinə xas olan əsas xüsusiyyətlərdən biri yalan danışmaqdır. Bunu həm sıravi, həm də vəzifəli hayların danışıqlarında aydın sezmək olur. Belələri fürsət düşdükcə Azərbaycana qarşı əsassız-sübutsuz fikirlər səsləndirir, ittihamlar yağdırırlar. Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan belə bir fikir irəli sürüb ki, guya, “Azərbaycanda Ermənistanda anadan olmuş 100 mindən çox azərbaycanlının bu ölkəyə köçürülməsi üçün qeydiyyata alınmasının başa çatdığı barədə rəsmi elan verilib”. O, “arqument” kimi Qərbi Azərbaycan İcmasının (QAİ) üzvlük vəsiqəsinin fotosunu paylaşıb. Bildirib ki, bu, “Ermənistanın işğalının sübutudur”. Vəsiqənin üzərində ata yurdunun “Qərbi Azərbaycan” olaraq qeyd edilməsi də Tatoyanı bərk narahat edib.
İlk növbədə, belə bir sənədə görə Azərbaycanı işğalçılıq siyasəti aparmaqla günahlandırmaq olduqca absurddur. Çünki həmin üzvlük vəsiqəsinin, yəni Tatoyanın təqdim etdiyi fotonun rəsmi dövlət sənədlərinə heç bir aidiyyəti yoxdur. QAİ Azərbaycan dövlətini təmsil edən hər hansısa rəsmi qurum deyil, qeyri-hökumət təşkilatıdır. O, vətəndaş cəmiyyəti olaraq müstəqil fəaliyyət göstərə, ideyalar irəli sürə bilər. Həmin sənəd də adi üzvlük vəsiqəsidir. Bunu “köçürülmə proqramı”, “işğal siyasəti” kimi təqdim etmək həyasızlığın pik həddidir. Hətta Ermənistan mətbuatı da təsdiqləyib ki, Bakının yüz minlərlə azərbaycanlının Ermənistana köçürülməsi məqsədilə qeydiyyata alınması barədə heç bir rəsmi açıqlaması olmayıb.
Xatırladaq ki, 1989-cu ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi təsis edilmiş icma 2022-ci ildə “Qərbi Azərbaycan İcması” adını almış (İcma), indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Qurum bəyan edib ki, Qayıdış Konsepsiyası beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. Göründüyü kimi, burada işğala çağırışdan söhbət belə getmir. Əksinə, qayıdışın dinc məqsədlə həyata keçirilməli olduğu deyilir.
Bu arada əgər Azərbaycanın Ermənistanı işğal etmək kimi bir planı olsaydı, bunu 44 günlük Vətən müharibəsi dövründə edərdi. Həmin vaxt çox yaxşı fürsət yaranmışdı ki, Azərbaycan Silahlı Qüvvələri daha da irəli getsin. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bunu deməyə əsas verir. Müxbirin Zəngəzur dəhlizi ilə bağlı sualına cavab verən dövlət başçısı bildirib: “İkinci Qarabağ müharibəsi bizim qələbəmizlə başa çatdıqdan sonra bu yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt Ermənistan ordusu mənəvi cəhətdən tamamilə sarsılmışdı. Ermənistan ordusunda müharibədən qaçan 12 min fərari olmuşdu, Azərbaycan Ordusunda isə sıfır. Azərbaycan Ordusunda yüksək ruh, insanlarda böyük həvəs oyanmışdı və qarşımızda heç kəs dayana bilmirdi. Biz 2020-ci il noyabrın 10-da, sadəcə, sərhədimizdə dayandıq, bu yolu zorla ələ keçirmədik...”.
Qeyd edək ki, sabiq ombudsmanın irəli sürdüyü iddiaların heç bir fakta əsaslanmamasına baxmayaraq, bu cür açıqlamalarla gündəmə gəlməsi məqsədli xarakter daşıyır. Tatoyan uzun müddətdir ki, siyasi ambisiyalar nümayiş etdirir və “milli maraqların qorunması” bəhanəsi ilə özünə informasiya gündəmi formalaşdırmaqla karyera qurmağa çalışır. Onun bu cür təbliğatlar aparması isə müəyyən siyasi dairələr üçün əlverişlidir. Yalnız erməni revanşistlər iki ölkə arasında gərginliyin davam etməsində maraqlıdır. Onlar 8 avqustda ABŞ-da imzalanan bəyannaməni də qısqanclıqla qarşılayırlar. Sülh prosesini pozmaq və hərtərəfli sülh müqaviləsinin imzalanmasına mane olmaq Tatoyan kimilərinin arzusudur.
Maraqlıdır ki, “öz gözündə tiri görməyib”, başqasını ittiham edən “hüquq müdafiəçisi” Tatoyan bu günlərdə Ermənistanda qondarma “Dağlıq Qarabağ”a görə keçirilən saysız-hesabsız mitinqlərdən niyə söhbət açmır? Halbuki bu aksiyaların əsas şüarlarında Azərbaycanın əzəli torpaqlarına ərazi iddiaları səsləndirilir, hətta silaha sarılmaq üçün çağırışlar edilir. “DQMV”-nin süqutunu hələ də qəbul etməyənlər onun beynəlxalq aləmdə tanınmasına çalışırlar. Saxta “prezident”, “xin” və digər dırnaqarası qurumların Ermənistanda “fəaliyyəti” kimin işğalçı zehniyyətə malik olduğunu göstərir.
Samir Hümbətov,
politoloq
Tatoyanın səsləndirdiyi fikirlər bir daha göstərir ki, İrəvanda hələ də ultra millətçi və ifrat mövqeli qruplar fəaliyyətini davam etdirir. Onların əsas məqsədi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane olmaq, revanşist çağırışlarla cəmiyyəti çaşdırmaqdır. Halbuki Qərbi Azərbaycan İcmasının (QAİ) üzvlük vəsiqələri, arxiv sənədləri və digər tarixi faktlar vaxtilə həmin ərazilərdə azərbaycanlıların yaşadığını, onların tarixi köklərə malik olduğunu sübut edir.
Bu həqiqəti siyasiləşdirmək, populist şouya çevirmək və bundan siyasi dividend qazanmağa çalışmaq isə yalnız destruktiv dairələrin maraqlarına xidmət edir. Tatoyan və onun kimilərinin bu yanaşması nə Ermənistanın gələcəyinə, nə də regionun sabitliyinə fayda verir. Əksinə, bu cür ritorika cəmiyyətdə gərginliyi artırır, sülhə qarşı etimadsızlığı dərinləşdirir.
Əlbəttə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra azərbaycanlıların öz tarixi torpaqlarına, yəni indiki Ermənistan ərazilərinə qayıdışı, orada dinc məskunlaşması mümkün ola bilər. Bu, beynəlxalq hüququn prinsiplərinə, insan haqlarına və məcburi köçkünlərin geri dönüş hüququna tamamilə uyğundur. Bu səbəbdən məsələnin siyasi oyuna çevrilməsi, süni şəkildə manipulyasiya edilməsi əsla düzgün yanaşma deyil.
Tatoyanın mövqeyinə diqqət yetirsək, görərik ki, o, əslində Qarabağ klanına yaxın qrupların maraqlarını müdafiə edir. Onun səsləndirdiyi fikirlər şəxsi düşüncə deyil, müxtəlif güc mərkəzlərinin təsiri altında formalaşan tezislərdir. Başqa sözlə, Tatoyan Qarabağ klanının və onlara bağlı revanşist dairələrin səsini tirajlayan bir alətdir. Bu baxımdan, onun açıqlamalarını cəmiyyətin real istəklərinin ifadəsi kimi yox, köhnə rejim qalıqlarının sifarişli bəyanatları kimi qəbul etmək lazımdır.
Zaur Məmmədov,
Bakı Politoloqlar Klubunun sədri
Ermənistanın sabiq ombudsmanı, ümumiyyətlə, militarist və revanşist mövqedədir. Nikol Paşinyan hakimiyyətdə olarkən belə, o, müəyyən mövqelərini ortaya qoysa da, hazırda hökumətə qarşı müxalif mövqeyi ilə seçilir və Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesinə qarşı çıxır, Ermənistan hakimiyyətini sərt şəkildə tənqid edir. Bu ombudsman həmin dövrdə Ermənistan hakimiyyətində təmsil olunurdu və rəsmi Bakı-İrəvan danışıqlarında pozucu fəaliyyət göstərirdi. O, dünya miqyasında Azərbaycanı müxtəlif məsələlərdə ittiham edirdi və həmin dövrdə xarici dairələrlə əlaqədə olması şübhə doğururdu.
Vaşinqton görüşü baş tutduqdan sonra artıq ərazi iddiaları məsələlərinə nöqtə qoyulub. Görüş nəticəsində tərəflər gələcəyə hansı zəmində baxacaqlarını müəyyən ediblər və heç bir üçüncü tərəfin buna müdaxilə haqqı yoxdur. Ombudsman və digər müxalif qüvvələrə tövsiyə olunur ki, öz mövqelərinə baxsınlar və görsünlər ki, əslində kim ərazi iddiası irəli sürür.
Qərb Azərbaycan İcmasının fəaliyyəti Ermənistan hakimiyyətində ciddi təzyiq yaratdı. Hələ də Qarabağ erməniləri və bəzi separatçı qruplar öz “müstəqillik” iddialarını irəli sürür, “DQR parlamenti” və “DQR” adlandırılırlar. Ermənistan müxalifəti və bəzi siyasətçilər sentyabrın əvvəllərində bu razılaşmaları tanımayacaqlarını bildirdilər. Bu, göstərir ki, yalnız ombudsman və müxalifət deyil, həm də diaspor və separatçı qruplar məsələni pozmaq istəyirlər.
Qarşı tərəf razılaşmalara əməl etməli və keçmişə bağlı fikir yürütməməlidir. Tarix göstərir ki, 1918-20 və 1990-cı illərdə haylar bölgədənkənar qüvvələr üçün “maşa” rolunu oynayıb. Əgər gələcəkdə də buna cəhd etsələr, yalnız özlərinə zərər vermiş olacaqlar.
Musa Bağırlı
XQ