Rusiya XİN rəhbəri danışır, amma heç nə demir...
Əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk, indi isə ölkənin Xarici işlər naziri Sergey Lavrov. Söhbət Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş sülh razılaşmasının paraflanmasını heçə saymaqdan gedir. Birincidən başlayaq.
Deməli, bir müddət əvvəl cənab Overçuk Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına münasibət bildirərkən, “ehtiyatlı optimizm” ifadəsini işlətmişdi. Onun sözlərindən belə çıxmışdı ki, paraflanmış barış sazişi hələ heç nə demək deyil. Bəs nə olmalıdır ki, ortada nə isə olsun, təəssüf ki, Rusiya baş nazirinin müavini bu barədə məntiqi fikir səsləndirməmişdi. Nə də sənəddə nəyin çatışmadığından söz açmışdı. İndi Lavrov da demək olar, Overçuk kimi danışır. Əlbəttə ki, özünəxas üslubda.
Ümumən, məlumdur ki, ötən beş ildə Qərbin müxtəlif platformalarında Azərbaycan-Ermənistan danışıqları aparılıb və Rusiya həmin danışıqların nəticələrini həmişə şübhə altına almağa çalışıb. Ölkə rəsmiləri bir qayda olaraq, belə fikir irəli sürüblər ki, Qərb platformalarında əldə ediləcək razılaşma fundamental mahiyyət daşıya bilməz. Niyə daşıya bilməz, suala tutarlı cavab olmayıb, yalnız ümumi ifadələr görmüşük. Bu sayaq ritorikaya ən çox üstünlük verən isə məhz Lavrov olub və deyəsən, XİN rəhbəri yenə köhnə ampluasındadır.
Beləliklə, Kremlin baş diplomatı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri, yəni gələcəyin diplomatları qarşısında çıxış edərkən bildirib ki, ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı alqış dolu rəylər səslənib. Lakin sənəd dərc edildikdən sonra onun mətnində bir çox məqamların razılaşdırılmadığı üzə çıxıb, nəticədə müsbət rəyləri skeptik yanaşmalar əvəzləyib. Söhbət hansı skeptik yanaşmalardan gedir, Rusiya XİN rəhbərinin bu barədə konkret misalları yoxdur.
İndiki durumda Lavrov manipulyator qiyafəsindədir. O, Bakı-İrəvan sülh sazişindən söz açarkən, bildirib ki, “bu cür addımlar xarici siyasətdə müəyyən “janr”a uyğundur, yəni “gözəçarpan bir şey etmək, bunu informasiya məkanında qabartmaq. Mən hesab edirəm ki, belə bir metodun mövcudluq haqqı var, amma əgər bundan sonra heç nə gəlməyəcəksə, bu, sadəcə bir ani parıltı olaraq qalacaq. Halbuki biz, əslində, real sülh müqaviləsinin bağlanmasında maraqlıyıq”.
Sual olunur: real sülh nədir? Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətni açıqlanıb. Orada hər şey yazılıb. Sülh müqaviləsinin imzalanması üçün Bakının irəli sürdüyü iki şərtdən biri yerinə yetirilib. Yəni ATƏT-in Minsk Qrupu fəaliyyətini dayandırıb. O qrup ki, məğzində Azərbaycanla Ermənistan arasında ərazi mübahisəsi predmeti dayanmışdı. Qalır Ermənistan konstitusiyasının dəyişdirilməsi, daha doğrusu, onun ölkəmizə qarşı ərazi iddiasına köklənmiş İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qalxması. Buna gediləcəkmi, erməni cəmiyyəti konstitusiya dəyişikliyinə müsbət rəyini verəcəkmi, gələcəyin işidir.
Digər tərəfdən, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladıqları Birgə Bəyannamədə ölkəmiz üçün prioritet sayılan məsələ olan Naxçıvana maneəsiz yol həllini tapıb. Əlbəttə, Rusiyanı həmin yolun Tramp marşrutu adlanması narahat edə bilər, amma bunun Bakıya və İrəvana dəxli yoxdur. Fakt budur ki, rəsmi İrəvan 10 noyabr 2020-ci ildə imzalanmış Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatında əksini tapmış Naxçıvana maneəsiz yol müddəasını yerinə yetirmək istəməmişdi. Deməli, Kreml vasitəçiliyini axıradək yerinə yetirməyi bacarmamışdı.
İndi, hətta sülh müqaviləsi imzalanmasa belə, sözügedən marşrut fəaliyyət göstərəcəyi təqdirdə, bir çox məsələlər, prinsip etibarilə, həllini tapmış sayılacaq. Qalır, İrəvanın Naxçıvana yolla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi. Yəni risk ehtimalı hər zaman var. Amma regionda sülh üçün daha böyük təhlükə başqadır. Diqqət yetirək, Lavrov tələbələrə xatırladıb ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması barədə danışıqlar 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycanın liderləri arasında əldə olunmuş razılaşmalardan qaynaqlanıb: “Onu (sazişi – red.) Amerika Birləşmiş Ştatları ərazisində bağlamağa qərar veriblər. Bu, bizim qonşularımızın suveren hüququdur. Amma baxmaq lazımdır ki, bu razılaşma necə işləyəcək. Məlum olur ki, orada heç də hər şey razılaşdırılmayıb”.
Vaşinqtonda nəyin razılaşdırıldığını vurğuladıq. Hansı halda əldə edilmişlər heçə enə bilər, bu haqda düşünərkən, ağlagələn Rusiyadır. Artıq bir çox ekspertlər bildirirlər ki, Moskvanın Ermənistandakı dayaqlarını işə salaraq hakimiyyət dəyişikliyi etməsi və özünə yaxın qüvvələri iqtidar kreslosuna əyləşdirməsi Bakı-İrəvan sülhünə zərbə vura bilər. Başqa sözlə desək, sülh üçün ən böyük riski belə təsəvvürə gətirənlərin sayı Paşinyan administrasiyasının hansısa oyuna əl atacağını irəli sürənlərin sayından çoxdur.
Məsələnin başqa tərəfinə nəzər salaq. Lavrov 2020-2022-ci illər danışıqlarından söz açırsa və prosesi real sülhə aparan yol kimi qiymətləndirirsə, meydana sual çıxır: Qarabağda separatçı rejimin mövcudluğu, kiminsə özünə “prezident”, “baş nazir” deməsi sülhü nə dərəcədə real edirdi? Hələ sonra Rusiyadan Ruben Vardanyan adlı biri Qarabağa göndərildi ki, o da özünə “dövlət naziri” dedi və Azərbaycana qarşı mübarizə aparmaq barədə ağzına gələni danışdı. Yeri gəlmişkən, Ruben indi də danışır, amma Bakıda müttəhimlər kürsüsündə.
Reallıq budur ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdəki təmasları konkret nəticə verməmişdi. Nəticə Silahlı Qüvvələrimizin 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirlərindən sonra qeydə alındı. Ölkəmiz özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, Ermənistan real sülh danışıqlarına başlamaq məcburiyyətində qaldı. Bunadək isə Rusiya rəsmiləri Qarabağın statusu məsələsinin sonraya saxlanılmasına dair fikirlər səsləndirirdilər. Bir dövlətin ərazisində kimlərsə başqa dövlət yaratdıqlarını bildirəcəklər və bu, real sülh olacaq?!
Ola bilər, cənab Lavrov bölgədəki Rusiya sülhməramlılarını real sülhün qaranquşları sayırdı. Axı Rusiyada klişeləşmiş təsəvvür var ki, Azərbaycan və Ermənistan özləri heç vaxt sərbəst şəkildə barış mühitində yaşaya bilməzlər. Niyə? Çünki belə bir yaşamın mövcudluğu Rusiyanın Cənubi Qafqazdakı varlığına ehtiyacı aradan qaldırır. İndiki durum da mahiyyətcə Rusiyasız Cənubi Qafqaz deməkdir. Daha doğrusu, Moskvanın qavradığı budur. Halbuki, istər Lavrov, istərsə də ölkənin hansısa digər rəsmisi fərqli düşünməli, skeptiklikdən uzaq durub mövcudluğun klassik jandarmeriya funksiyasından kənar yollarını tapmalıdır. Kremlin baş diplomatının dedikləri isə onu göstərir ki, Rusiya bu barədə nəinki düşünmür, habelə, Bakı-İrəvan sülhü barədə yanlış rəy formalaşdırmaqla, yeni gündəm yaratmağa çalışır. Bu, yaxşı halda, gedən qatarın çarxına çomaq soxmaqdır.
Ə.CAHANGİROĞLU
XQ