Bakını xalqımıza qaytarmış qəhrəmanlıq

post-img

Şəhərin azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində dönüş yaratdı

Türkün şanlı tarixinə yaxından nəzər yetirəndə müxtəlif dövrlərdə baş verən və əksəriyyəti qələbə ilə başa çatan hadisələr zəncirində ümumi cəhətləri görmək mümkündür. Yəni, tarixin təkərini yanlış istiqamətdən düzgün səmtə yönəltməyi bacaran türkün zəfəri, eyni zamanda, İlahi ədaləti, sülhü bərqərar etməyin, hamı ilə sülh içində, dinc yanaşı yaşamağın təntənəsi sayıla bilər.

1918-ci ilin 15 sentyabrında Azərbaycan korpusunu da özündə birləşdirən, Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu Bakıya daxil olaraq erməni–daşnak işğalına son qoyması faktı da bu gün tariximizin dönüş anı kimi anılır. Azərbaycan Xarici İşlər Nazirliyinin Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə paylaşımında daha sonra qeyd olunur ki, paytaxtın azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu və xalqımızın, həmçinin onun müttəfiqlərinin birliyini, cəsarətini və fədakarlığını nümayiş etdirdi: “107 il sonra biz Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edənlərin xatirəsini dərin minnətdarlıqla yad edirik”.

“Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü münasibətilə azərbaycanlı qardaşlarımızı ən səmimi arzularımızla təbrik edirik”. Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsi münasibətilə paylaşımında yer alıb. “Müstəqillik uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və şükranlıqla yad edirik”, – paylaşımda deyilir. Bunun ardınca Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Bakının bolşevik və daşnaklardan azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib. Müvafiq paylaşım sentyabrın 15-də bu partiyanın sosial şəbəkələrdəki səhifələrində yerləşdirilib. Paylaşımda deyilir: “Biz dost və qardaş Azərbaycanı paytaxt Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Qafqaz İslam Ordusunun qəhrəman komandirlərinin və cəsur əsgərlərinin xatirəsini dərin ehtiramla anırıq”. Ədalət və İnkişaf Partiyası Türkiyə və Azərbaycanın “Bir millət, iki dövlət” kəlamı işığında bundan sonra da çiyin-çiyinə olacağına əminliyini ifadə edib.

Türkiyə Milli Müdafiə Nazirliyi də Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycana təbrik ünvanlayıb. Bu barədə nazirliyin “X” hesabında yazılıb: “Bakı şəhərinin düşmən işğalından azad edilməsinin 107-ci ildönümü mübarək olsun. Nuru Paşanı və onun komandanlığı altındakı Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərini rəhmət, minnətdarlıq və ehtiramla anır, Azərbaycan türkü qardaşlarımızı bu xüsusi gün münasibətilə səmimiyyətlə təbrik edirik. Türkiyə 107 il əvvəl olduğu kimi, bu gün də Azərbaycanla bir ürək, bir yumruq kimi qalmağa davam edəcək”.

Oxuculara xatırladaq ki, həmin dövrdə Osmanlı dövlətinin müttəfiqi Almaniya “Berlinin Bakı neftinə nəzarət etmək istədiyi üçün” Qafqaz İslam Ordusunun missiyasına qarşı çıxmışdı. Amma Almaniyanın böyük müqavimətinə baxmayaraq, Ankara öz addımlarını Azərbaycan hökuməti ilə yaxından əlaqələndirən Qafqaz İslam Ordusunun irəliləyişini davam etdirmək əmrini verdi. 1918-ci il sentyabrın 15-də 30 saatlıq döyüşdən sonra Bakı şəhəri düşməndən azad edildi. Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusunun 1130 döyüşçüsü Azərbaycan paytaxtı uğrunda döyüşlərdə şəhid oldu.

Tarixin sınağından daim üzüağ çıxmış Türkiyə–Azərbaycan qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Prezident İlham Əliyevin dediyi kimi, tarixi Qars müqaviləsindən 100 il sonra, azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Çağdaş dövrdə İkinci Qarabağ savaşından qalib çıxan Azərbaycanın paytaxtı Bakı dövlətimizin gücünün və qüdrətinin rəmzidir.

İ.HƏSƏNQALA
XQ



Siyasət