Gündəlikdə olan qanun layihələrinin müzakirəsindən əvvəl deputatlar cari məsələlər barədə danışdılar
Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclası öz işinə başlayıb. Spiker Sahibə Qafarova sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra spiker parlamentin ötən sessiyanı uğurla başa vurduğunu, Prezident İlham Əliyevin daxili və xarici siyasətinin qanunvericilik müstəvisində dəstəklənməsi üçün mühüm addımlar atıldığını vurğuladı. S.Qafarova qeyd etdi ki, bu il yaz və iki növbədənkənar sessiya keçirilib və son üç sessiyada 22 iclas baş tutub və 110 qanun, qərar qəbul olunub. Sessiyalararası dövrdə 20 deputat 10 ölkəyə 23 səfər edib, 5 beynəlxalq təşkilatın tədbirlərində iştirak edib, həmçinin 23 ölkənin nümayəndə heyəti, yəni 134 nəfər Milli Məclisdə qonaq olub.
Milli Məclisin sədri çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin 25 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasında nitqinə diqqəti yönəldib. O, dövlət başçısının çıxışında Azərbaycanın 30 illik hərbi təcavüzdən qalib dövlət statusuna yüksəlməsini, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, bərpası, məcburi köçkünlərin geri qayıdışı və infrastruktur layihələrinin reallaşdırılması kimi mühüm məsələləri xüsusi vurğulayıb. Sahibə Qafarova qeyd edib ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbənin inkişaf və sabitlik modelinə çevrilməsi dünya üçün nümunədir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər yalnız region üçün deyil, daha geniş coğrafiya üçün önəmli mesaj xarakteri daşıyır. Spiker əlavə edib ki, Azərbaycan yeni bir mərhələyə qədəm qoyub və Milli Məclis bundan sonra da dövlət başçısının daxili və xarici siyasətini rəhbər tutaraq fəaliyyət göstərəcək.
***
Gündəlikdə duran məsələlərə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı firkirlərini bildirdilər. Bu mərhələdə çıxış edən 10 deputat siyasi mövzularla yanaşı, sosial və məişət məsələlərinə də toxundular. Deputat Sahib Alıyev Prezident İlham Əliyevin BMT-dəki çıxışını triumfual çıxış kimi qiymətləndirdi. Daha sonra çıxış edən deputat Məlahət İbrahimqızı Prezident İlham Əliyevin BMT tribunasından çıxışını Azərbaycanın gördüyü işlərin manifesti adlandırıb. Deputat, həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın BMT-dəki çıxışına da münasibət bildirib və onun səsləndirdiyi fikirlərin Azərbaycanla imzalanması nəzərdə tutulan sülh sazişinə xələl gətirdiyini vurğulayıb: “Bu yanaşma bir daha “erməni xislətinin” əyani təsdiqidir. Azərbaycan tərəfinin TRIPP marşrutunu Zəngəzur dəhlizi adlandırması Ermənistanı qıcıqlandırır, lakin unudurlar ki, marşrut başqa, Zəngəzur başqa anlayışlardır və TRIPP marşrutunun keçdiyi ərazilər tarixən məhz Zəngəzur adlanıb. Ermənistan tərəfi kapitulyasiya faktından çəkinir, halbuki bu, müharibənin reallığıdır”.
Növbəti çıxışçı, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa diqqəti ictimai nəqliyyat sahəsinə yönəltdi. Parlamentarinin sözlərinə görə, hər bir cəmiyyətdə önəmli məsələlərdən biri ictimai nəqliyyatın əlçatanlığıdır: “Metro və avtobusda gediş haqqının artmasının iqtisadi səbəbləri izah oluna bilər, amma tələbələr, pensiyaçılar, əlillər və digər imtiyazlı qruplar üçün müəyyən güzəştlər hələ də təmin olunmayıb. Digər tərəfdən, hava limanından daşınma məsələsinin indiyə qədər çözülməməsi ciddi problem yaradır. Hörmətli Ombudsman məsələyə münasibət bildirdi və taksilərdə inhisarçılığın aradan qaldırılmasını gündəmə gətirdi. Təsəvvür edin ki, Naxçıvandan Bakıya gələn yoxsul vətəndaş 60 manat bilet üçün ödəyir, sonra şəhərə getmək üçün taksiyə 40 manat xərcləməlidir. Biz ictimai nəqliyyatı vətəndaşlara nümunəvi xidmət göstərən modelə çevirməliyik”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə çıxışında bildirdi ki, Şəhidlər xiyabanı xalq tərəfindən qəhrəmanlığın ünvanı və milli kimliyin pasportu kimi qəbul edilir. O, tətil dövründə Şəhidlər xiyabanında üç əcnəbinin qeyri-etik davranışı ilə bağlı bu məkanın hüquqi statusunun müəyyənləşdirilməsi üçün xüsusi qanunun qəbuluna zərurətin yarandığını bildirdi. Deputat sözlərinə əlavə etdi ki, yeni qanun şəhidlərin xatirəsinin yad edildiyi məkanda ictimai davranış qaydaları, ziyarət mədəniyyəti, protokollar və təhlükəsizlik tədbirlərini əhatə edə bilər: “Əgər xiyabanlar haqqında qanun olsaydı, xalqı ruhən birləşdirən məkanlar xüsusi günlərdə ziyarətləri protokollaşdırmağa və milli-mənəvi yaddaşı canlı saxlamağa kömək edərdi”.
***
Cari məsələlər ətrafında çıxışlardan sonra plenar iclasın gündəliyinə daxil edilən 12 məsələ üzrə müzakirələr başladı. İlk olaraq, Milli Məclis 27 Sentyabr - Anım Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat qəbul etdi. Bəyanat Milli Məclisin deputatı Azər Əmiraslanov tərəfindən səsləndirildi. Bəyanatda 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi və Azərbaycanın əldə etdiyi tarixi qələbə barədə məlumatlar yer alıb. O cümlədən sənəddə 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktına imza atması, 2023-cü ilin sentyabrında lokal antiterror əməliyyatları nəticəsində respublikanın suverenliyinin tam təmin edilməsi, Qarabağda həyata keçirilən abadlıq-quruculuq işləri, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamənin əhəmiyyəti kimi məsələlər öz əksini tapıb. Bəyanat səsə qoyularaq qəbul edildi.
Daha sonra bir sıra beynəlxalq sənədlər üzrə qanun layihələri müzakirəyə çıxarıldı. Bunların arasında “Ozon qatını dağıdan maddələr haqqında” Monreal Protokoluna 2016-cı il 15 oktyabr tarixli Kiqali Düzəlişinin təsdiqlənməsi vardı. “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq” barədə layihə də müzakirə olundu. Həmçinin, Müstəqil Dövlətlər Birliyin dövlətlərinin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirlərində əməkdaşlıq Sazişi təsdiq üçün təqdim edildi. “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının keçirilməsi, təşkili və maliyyələşdirilməsi ilə bağlı Saziş” də ilk oxunuşda müzakirə olundu.
Qanun layihələrinə, həmçinin Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında 2026-cı ildə İllik Toplantıların təminatlarına dair Anlaşma Memorandumunun təsdiqi daxil idi. Son olaraq, “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na qoşulmaq barədə qanun layihəsi də müzakirə olundu. İclasda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı. Qanun layihələri səsə qoyuldu və yekdilliklə qəbul olundu.
Tacir SADIQOV
XQ