III MDB Oyunları Azərbaycanı dünyaya iri planda təqdim etdi
Tacikistan paytaxtı Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də bu il ölkəmizdə keçirilən III MDB Oyunları oldu. Dövlət başçımız Azərbaycanın yeni strateji reallıqlarını, tam bərpa edilmiş suverenliyini, hərtərəfli quruculuq missiyasını MDB məkanına və bütün dünyaya təqdim edən möhtəşəm beynəlxalq tədbirə çevrildiyini bildirdi. İlham Əliyevin Oyunların yekunlarına dair səsləndirdiyi konseptual fikir belə tədbirlərin MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı gücləndirməsi, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmlənməsinə töhfə verməsi həmin çoxşaxəli idman bayramının əsl fəlsəfəsini və geosiyasi mahiyyətini dəqiq şəkildə müəyyən edir.
Sentyabrın 28-dən oktyabrın 8-dək davam edən yarışların coğrafiyasının qədim Gəncə, füsunkar Qəbələ, Göygöl, Şəki, inkişaf edən Yevlax, Mingəçevir və ən əsası, Qarabağın ürəyi olan Xankəndi şəhərini əhatə etməsi Azərbaycanın öz qüdrətini və sülhsevər niyyətini nümayiş etdirdiyi düşünülmüş strateji addım oldu. III MDB Oyunlarının təşkilatçılarının seçdiyi coğrafi model Azərbaycanın müasir inkişaf fəlsəfəsinin və regional siyasətinin güzgüsü idi. Yarışların paytaxtdan kənara çıxarılaraq ölkənin 7 fərqli şəhərində keçirilməsi qərarı, ilk növbədə, Azərbaycanın tarazlı və hərtərəfli inkişafını, regionların sosial-iqtisadi potensialını və müasir infrastrukturunu nümayiş etdirmək məqsədi güdürdü. Oyunların mərkəzi kimi Azərbaycanın ikinci böyük şəhəri, mədəniyyət beşiyi Gəncənin müəyyən edilməsi dərin rəmzi məna daşıyırdı. Vətən müharibəsi zamanı mülki əhalisi düşmənin qəddar raket hücumlarına hədəf olan, lakin mətanətini itirməyən Gəncə yarışlara ev sahibliyi etməklə dünyaya dirçəliş və yenilməzlik mesajı verdi. MDB gənclərinin sülh şəraitində yarışması, müharibənin dəhşətləri üzərində quruculuğun və həyatın təntənəsi idi. Yarışların keçirildiyi məkanlar arasında Xankəndi şəhərinin yer alması isə III MDB Oyunlarını idman hadisəsindən tarixi-siyasi akta çevirən həlledici amil oldu. Uzun illər separatizmin qurbanı olmuş Xankəndidə suveren Azərbaycanın bayrağı altında beynəlxalq yarışların təşkili dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam, qeyd-şərtsiz bərpasının dünyaya elanı idi. Bu addım müharibənin bitdiyini, Qarabağda sülh və quruculuq dövrünün başladığını göstərən güclü mesaj idi. Xankəndi stadionunda müxtəlif ölkələrin idmançılarının dostluq və rəqabət şəraitində bir araya gəlməsi Azərbaycanın reinteqrasiya siyasətinin humanist mahiyyətini nümayiş etdirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Oyunlar MDB məkanında çoxtərəfli münasibətlərin inkişafına mühüm töhfələr verdi. İdman siyasətin mürəkkəb labirintlərindən fərqli olaraq xalqları, xüsusilə gəncləri birləşdirən səmimi və effektiv vasitədir. Yarışlar zamanı MDB ölkələrindən və uzaq xaricdən minlərlə idmançının, məşqçinin və rəsmi nümayəndənin Azərbaycana səfəri onlar arasında canlı ünsiyyətin qurulması üçün əlverişli şərait yaratdı. Müxtəlif ölkələrdən olan nümayəndələr Azərbaycan, onun qonaqpərvər xalqı, zəngin mədəniyyəti və müasir inkişafı haqqında şəxsi təəssüratlar əldə etdilər. Dövlətimiz yüksək səviyyəli təşkilatçılıq nümayiş etdirməklə Birlik daxilində etibarlı, məsuliyyətli və inteqrasiya proseslərinə sadiq tərəfdaş olduğunu bir daha təsdiqlədi.
Oyunların əhəmiyyəti, şübhəsiz ki, MDB hüdudlarını aşaraq qlobal miqyasda özünü göstərdi. Hər beynəlxalq tədbir ev sahibi ölkəyə dünyaya özünü təqdim etmək imkanı verir. III MDB Oyunları Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmləndirilməsi üçün güclü vasitə rolunu oynadı. Dünyanın nüfuzlu media qurumları yarışları işıqlandırarkən istər-istəməz Azərbaycanın müasir reallıqlarını – sabitliyi, təhlükəsizliyi, iqtisadi inkişafı və multikultural mühiti də nümayiş etdirdilər. Yeddi fərqli şəhərdə, mürəkkəb logistika tələb edən yarışları qüsursuz şəkildə təşkil etmək Azərbaycan dövlətinin idarəetmə bacarığının və təşkilati qüdrətinin göstəricisi idi.
III MDB Oyunları Azərbaycanın müasir tarixində idmanla siyasətin, quruculuqla sülhün, milli qürurla beynəlxalq əməkdaşlığın vəhdət təşkil etdiyi parlaq səhifə kimi yadda qaldı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində tədbir, sadəcə, medalların və rekordların müəyyən olunduğu yarışlar toplusu funksiyası daşımadı, daha dərin məna kəsb edən strateji əhəmiyyətli hadisəyə çevrildi. Azərbaycan regionda sülhün və tərəqqinin memarlığına ev sahibliyi etməyə qadir qüdrətli və məsuliyyətli dövlət olduğunu bir daha sübut etdi.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Dövlət başçısının çıxışında vurğuladığı mühüm məqamlardan biri Gəncədə keçirilən idman oyunları ilə bağlıdır. Böyük Nizaminin vətənində belə bir tədbirin təşkili, müxtəlif ölkələrdən idmançıların toplanması və onlara yüksək şəraitin yaradılması Azərbaycanın idman infrastrukturunun və beynəlxalq əməkdaşlıq potensialının göstəricisidir.
Gəncə başqa olmaqla ölkənin 7 şəhərində keçirilən III MDB Oyunları Azərbaycanın regionlarda həyata keçirdiyi inkişaf strategiyasının uğurlu nəticələrini nümayiş etdirdi. Müasir idman arenaları, yenilənmiş kommunikasiya xətləri, inkişaf etmiş nəqliyyat infrastrukturu və təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması Gəncəni bu yarışlar üçün ideal məkana çevirdi.
Eyni zamanda, bu oyunlar qarşılıqlı münasibətlərin gələcək inkişafına yeni impuls verir. Gəncədə keçirilən beynəlxalq idman tədbiri gələcəkdə daha böyük yarışların və forumların təşkili üçün möhkəm zəmin yaradır. Beləliklə, bu oyunlar həm idman diplomatiyasının uğurlu nümunəsi, həm də Azərbaycanın inkişaf və əməkdaşlıq siyasətinin canlı təcəssümüdür.
İbrahim Faysal Malik,
“Digital Head Pakistan Observer” qəzetinin baş redaktoru
Azərbaycanın III MDB Oyunlarına uğurla ev sahibliyi etməsi idman yarışından daha geniş mənaya malikdir. Bu, Azərbaycanın bərpa olunmuş suverenliyinin, möhkəmliyinin və strateji baxışının güclü nümayişi idi. Pakistan hər zaman Qarabağ məsələsində Azərbaycanın yanında dayanıb və bu gün Xankəndidə Azərbaycan bayrağı altında beynəlxalq tədbirlərin keçirilməsini görmək onun ədalətli mübarizəsini dəstəkləyən hər bir şəxs üçün qürurverici bir an oldu.
Oyunların Gəncə, Şəki, Qəbələ, Mingəçevir, Yevlax kimi tarixi və inkişaf edən bölgələr də daxil olmaqla 7 fərqli şəhərdə keçirilməsi Azərbaycanın inklüziv inkişaf yanaşmasını nümayiş etdirir. Bu, eyni zamanda, Pakistan da daxil olmaqla bir çox ölkə üçün öyrəniləsi bir modeldir. Lakin ən güclü mesaj Xankəndidən gəldi. Bir vaxtlar münaqişə məkanı olan şəhərdə beynəlxalq idmançıların toplaşması bu gün birliyin, sülhün və yenidənqurmanın rəmzinə çevrilib. Azərbaycan dünyaya göstərdi ki, müharibədən zərər görmüş əraziləri əməkdaşlıq və inkişaf məkanına çevirməyə qadirdir.
Pakistan Azərbaycanla dərin mədəni və strateji bağlara malik ölkə olaraq bu oyunlar vasitəsilə qarşılıqlı hörmət və həmrəyliyə əsaslanan dostluğun əhəmiyyətini bir daha təsdiqlədi. Azərbaycanın idman diplomatiyasını geosiyasi mesajlarla ustalıqla birləşdirməsi təqdirəlayiqdir. Bu, dövlətlərin yumşaq gücdən istifadə edərək beynəlxalq imiclərini formalaşdırmaları və regional əlaqələri möhkəmləndirmələri baxımından ilhamverici bir nümunə kimi dəyərləndirilə bilər.
Yusif ŞƏRİFZADƏ
XQ