“Beşinci Respublika” böhran məngənəsində

post-img

Büdcə gəlirləri və pensiya yaşı ilə siyasi manevr

Fransa siyasəti son illər, sanki daimi təlatüm rejimindədir. Hər yeni hökumət xalqın və parlamentin gözündə “sınaq müddəti”ndə fəaliyyət göstərir. Baş nazir Sebastian Lekornu üçün bu sınaq elə əvvəldən ölüm-dirim savaşı kimi başlayıb. İkinci dəfə baş nazir təyin edilən Lekornu hökuməti formalaşdırdıqdan bir neçə gün sonra iki etimadsızlıq səsverməsi ilə üzləşdi. O, möcüzəli şəkildə “sağ çıxmağı” bacarsa da, baş verənlər Makronun mərkəzçi modelinin çətinliklə nəfəs aldığını, siyasi sistemdə parçalanmanın son həddinə çatdığını göstərir.

Ümumiyyətlə, ölkədə keçirilən etimadsızlıq səsvermələri adətən sistemin iç üzünü açır. Bu dəfə də eyni mənzərə yaranıb. Solçu “Əyilməz Fransa” hərəkatının təşəbbüsü ilə keçirilən ilk səsvermədə hökuməti devirmək üçün 289 səs lazım idi. Amma nəticə 271 oldu və cəmi 18 səs fərqlə Lekornu hökuməti ayaqda qalmağı bacardı. Səsvermənin nəticələri parlamentin yarıdan çoxunun artıq hökumətə etimad etmədiyinin əyani sübutudur. İkinci etimadsızlıq təşəbbüsü ifrat sağçı Marin Le Penin “Milli Birlik” partiyasından gəldi. Təklif 144 səs topladı.

Siyasətdə qalibiyyətlə məğlubiyyət arasında incə bir xətt var. Lekornu bu dəfə iki səsvermədən xilas olmağı bacarsa da, idarəetmə qabiliyyəti sual altındadır. Devrilməkdən qurtulan Lekornu parlamentdəki çıxışında bildirib: “Ya siz gələn ilin büdcəsini müzakirə edirsiniz, ya da hökuməti batırıb siyasi xaosa səbəb olursunuz”. Lekornunun fikirləri, əslində, Makronizm dövrünün mahiyyətini bir daha ortaya qoyur. Fransada çoxları hesab edir ki, məhz Makron hakimiyyəti ölkəni xaosa sürükləyir. Qeyd edək ki, baş nazirin budəfəki xilas mələyi “Sosialist Partiyası” olub. Partiya Makronun pensiya islahatlarını dayandıracağına dair vədindən sonra hökumətin devrilməsini dəstəkləməkdən imtina edib. Söhbət illərdir Fransa küçələrini alovlandıran pensiya islahatlarından gedir. Planlaşdırıldığı kimi, pensiya yaşı 62-dən 64-ə qaldırılmalı idi. Makron üçün bu iqtisadi “rasionalizm”, xalq üçün isə sosial ədalətsizliyin simvoluna çevrilib. Hazırda islahatın dondurulması hökumətin güzəşti kimi təqdim olunsa da, əslində, sistem sosial təzyiq qarşısında geri çəkilib. Bununla belə, 7 sosialist deputat rəhbərliyin göstərişinə zidd gedərək hökumətin devrilməsi lehinə səs verib. Bu isə partiya daxilində ideoloji parçalanmanın və Makronun “mərkəzçi cazibə qüvvəsinin” artıq işləmədiyini göstərir.

İndi Lekornunun qarşısında daha çətin və təhlükəli sınaq dayanır. O, 2026-cı ilin büdcəsini dekabrın 31-nə qədər təsdiqlətməlidir. Parlamentin parçalanmış tərkibində prosesi aparmaq, demək olar ki, mümkün deyil. Çünki sol qüvvələr sosial kəsintilərə qarşı müqavimət, sağ qüvvələr isə millətçi iqtisadi prioritetlər tələb edir. Mərkəz isə hər iki tərəfə güzəştə getmədən çoxluq qazana bilmir. Belə şəraitdə büdcə müzakirələrinin ideoloji müharibəyə çevrilmək ehtimalı yüksəkdir. Yada salaq ki, Emmanuel Makron 2017-ci ildə hakimiyyətə gələndə Fransa siyasətində yeni səhifənin açıldığı düşünülürdü. O, “nə sağ, nə sol” prinsipi ilə köhnə siyasi sistemin sərhədlərini aşmaq və mərkəzçi sintez yaradacağını vəd etmişdi. Lakin 2022-ci ildə növbədənkənar seçkilərdən sonra parlament üç düşərgəyə bölündü. Bu isə Fransanı daimi hökumət böhranına saldı. Makronun yaratdığı “İnqilab” hərəkatı artıq nə inandırıcı ideologiya, nə də sosial baza baxımından əvvəlki kimi deyil. Onun ətrafındakı fiqurlar, o cümlədən Lekornu daha çox texnokratik idarəçilik təcrübəsinə əsaslanır. Amma xalq, xüsusilə də gənclər texnokratizmin əvəzinə sosial ədalət təmsilçisi axtarışındadır.

Beləliklə, bu gün Avropanın ikinci ən böyük iqtisadiyyatına malik ölkə siyasi baxımdan “labirint effekti” yaşayır. Xatırladaq ki, 577 deputatın olduğu parlamentdə qərarların qəbul olunması üçün ən az 289 səs lazımdır. Lakin bu səsi toplaya biləcək vahid ideoloji güc yoxdur. Əgər sol və ifrat sağ bir-birinə yaxınlaşsa, Makronizm üçün sonun başlanğıcı ola bilər. Təcrübə göstərir ki, Fransada belə koalisiya nadir hallarda baş verir. Buna baxmayaraq, hər yeni səsvermə ölkədəki balansın bir az da pozulduğunun əyani sübutudur. “Əyilməz Fransa” hərəkatının lideri Matild Panot parlamentdə çıxışında bununla bağlı açıq mesaj verib: “Lekornunu və onun hökumətini devirmək üçün cəmi bir neçə səs çatmadı. Bizim düşüncəmiz ölkə, gələn ilin büdcəsində elan edilən amansız siyasətin nəticələrindən əziyyət çəkəcək bütün insanlar haqqındadır”. Panotun bəyanatı hazırda Fransa küçələrindəki əhval-ruhiyyəni ifadə edir. Son illər ölkədə “sarı jiletlilər” hərəkatından tutmuş pensiya etirazlarına qədər sosial partlayışlar dalğası səngimək bilmir. Bu günlərdə fermer və şərabçıların vergi idarəsinin binası qarşısında torpaq vergisinə qarşı etiraz etməsi bunu bir daha təsdiqləyir. İnsanlar Makronun “mərkəzçi sabitliyini” artıq sosial laqeydlik kimi qəbul edirlər.

“Milli Birlik” partiyasının lideri Jordan Bardellanın da mövqeyi diqqət çəkir: “Hökumət çox zəif dayaqlar üzərində durur. Maraqlarını qorumaq üçün pərdəarxası sövdələşmələri ilə toplanmış çoxluq bu gün vəzifələrini qorudu, amma milli maraqları qurban verdi”. Parlamentin mərkəzçi sədri Yael Braun-Pivet isə kompromis üçün çağırış edib: “İndi hamımız qollarımızı çırmalamalıyıq. Büdcə müzakirələri istiqamətində hökumət dialoq və kompromis yolu tapmalıdır”. Ancaq Fransa siyasətində kompromis mədəniyyəti çoxdan unudulub. İndi hər kəs qarşı tərəfi zəiflətməyə çalışır. Solçular Makronu burjua kapitalizminin simvolu sayır, sağçılar isə “Fransa kimliyinə” xəyanətdə suçlayır. Bu şəraitdə kompromis, sadəcə, boş təklif kimi səslənir…

Yeganə HACIYEVA,
politoloq

Fransa bu gün sosial-iqtisadi böhtan və bunun nəticəsi kimi siyasi dalanın içindədir. Bu durum hökumətin bütün qollarına sirayət edib və rəsmi Paris bu “xaosu” idarə etmək üçün müəyyən addımlar atır. Bu addımların bəzilərini faydalı hesab etmək olsa da, bəziləri əks effektlidir. Məsələn, son illər hökumət iqtisadi islahatlar keçirib və bunlar cəmiyyətin diqqət mərkəzində olub. İslahatların məqsədi büdcə kəsirini azaltmaq, onun idarəolunmasını və gəlirlərini artırmaqdır. Lakin bu addımların bir çoxu orta statistik fransız vətəndaşının maraqları ilə ziddiyyət təşkil edir. Yəni hökumət böyük biznes elitasının maraqlarına toxunmadan adi vətəndaşın imkanı hesabına büdcə gəlirlərini artırmaq qərarına gəlib. Bunlardan ən qalmaqallısı hökumətin start verdiyi pensiya islahatıdır. Eyni zamanda, Fransa dövləti büdcəyə qənaət etmək məqsədilə bəzi rəsmi tədbir və bayramlardan imtina edib. Məsələn, hökumət qənaət məqsədilə bir çox şəhərlərdə Milad bayramı çərçivəsində keçirilən yarmarkalar, küçələrin bəzənməsi və kütləvi tədbirlərə maliyyə ayrılmasından imtina edib. Yalnız bir neçə böyük şəhər istisna olmaqla əksər yerlərdə bələdiyyələr və meriyalar bu tədbirləri maliyyələşdirməkdən imtina ediblər. Başqa sözlə desək, hökumət iqtisadi qənaəti vətəndaşın hesabına həyata keçirir. Prezident Emmanuel Makron bu siyasətlə özünü daha çox biznes elitasının təmsilçisi kimi aparır. Nəticədə, cəmiyyətdə sosial narazılıq artır, mənfi əhval-ruhiyyə güclənir. Bütün bunların nəticəsini küçələrdə baş verən etiraz aksiyalarında aydın şəkildə görmək mümkündür. Makronun bu siyasəti uğurlu ola bilərmi? Məsələ ondadır ki, atılan addımların əksəriyyəti müvəqqəti təsir gücünə malikdir. Çünki büdcə gəlirlərinin artırılması, maliyyə sabitliyinin qorunması üçün fundamental dəyişiklik, yeni yanaşma lazımdır. Vətəndaşın hesabına qənaət edilmiş vəsaitlə büdcənin doldurulması qısamüddətli effekt verir. Bunun qarşılığı geniş kütlənin hökumətə qarşı mənfi reaksiyasıdır. Onsuz da prezident Emmanuel Makron populyarlığı ən aşağı səviyyəyə düşən dövlət başçılarından biri sayılır. O, iqtisadi islahat və qənaət tədbirləri adlandırdığı addımlarla vətəndaşlar arasında nüfuz limitini də tükəndirir.

Nəzrin ELDARQIZI
XQ



Siyasət