“Avropa Siyasi Birliyi” – Azərbaycan: strateji maraqların sinxronluğu

post-img

Oktyabr ayının əvvəllərində Kopenhagendə "Avropa Siyasi Birliyi"nin 7-ci zirvə toplantısında Azərbaycan Prezidentinin iştirakı və orada keçirdiyi görüşlər ekspertlərin diqqətini cəlb edib. Onlar Azərbaycanın beynəlxalq arenada nüfuzunun yeni səviyyəyə yüksəldiyi fikrini ifadə edir, ölkəmizin geosiyasi təsir imkanlarından bəhs edirlər.

Strateji diskussiyalar

Hazırda Avropanın gələcəyi ilə bağlı strateji diskussiyaların vacibliyi ümumilikdə hər kəs tərəfindən qəbul edilir. Müxtəlif platformalarda bununla bağlı müzakirələr də aparılır. Bu kontekstdə siyasətçilərin və ekspertlərin diqqətini daha çox çəkən platformalardan biri "Avropa Siyasi Birliyi"dir.

"Avropa Siyasi Birliyi" hökumətlərarası əməkdaşlıq platformasıdır. Onun yaradılması ideyası 2022-ci ildə irəli sürülüb. Məqsəd Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr aparmaqdan ibarətdir. Bu platforma Avropa İttifaqına üzv olan ölkələrlə qeyri-üzv ölkələr arasında siyasi-iqtisadi koordinasiyanı təşviq edir.

Layihənin əsas məqsədi Avropada təhlükəsizlik, iqtisadi sabitlik, demokratik idarəetmə kimi sahələrdə ümumi maraqları müəyyənləşdirməklə problemləri həll etməkdir. Həmin məqsədə çatmaq üçün iki istiqamətdə fəaliyyət gücləndirilməlidir: birincisi, bütün Avropa ölkələrinin siyasətlərinin koordinasiyasında yeni səviyyəyə çatmaq lazımdır; ikincisi, məsələlərin həllində dialoq və əməkdaşlığa nail olunmalıdır.

Bu prosesdə enerji böhranının aradan qaldırılması xüsusi yer tutur. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi buradakı ölkələrin milli təhlükəsizliyinin təmini kontekstində nəzərə alınır.

"Avropa Siyasi Birliyi" təşkilatın gələcək taleyinin inkişaf, təhlükəsizlik və əməkdaşlıq kontekstlərində kompleks şəkildə müzakirə olunduğu platformadır. Onun toplantılarında Avropa İttifaqına üzv olmayan dövlətlərin də iştirak etməsi onu göstərir ki, qonşuluq siyasətinə daxil olan ölkələrin də problemlərin həllində müəyyən dərəcədə iştirakı arzuolunandır. Bu kontekstdə Azərbaycanın yeri və rolu digər ölkələrdən fərqlənir.

Azərbaycanın substantiv iştirakı

Sirr deyil ki, Avropa İttifaqının bütün üzvləri Azərbaycanın "Avropa Siyasi Birliyi"ndə iştirakında son dərəcə maraqlıdırlar. Bunun başlıca səbəbi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmininə ciddi dəstək verməsidir. Təsadüfi deyil ki, ölkəmizin "Avropa Siyasi Birliyi"ndə təmsil olunan 47 dövlətdən 16-sı ilə strateji tərəfdaşlıq münasibətləri var, onlardan 10-u Aİ-nin üzvüdür. Ölkəmiz hazırda Avropanın 10, o cümlədən Aİ-nin 8 üzv dövlətinə "mavi yanacaq" ixrac edir. Bunlardan başqa, Azərbaycan Avropanın bir çox dövləti ilə müxtəlif sferalara aid layihələr həyata keçirir. Avropa Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Yeni layihələrdə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, "yaşıl enerji" sahəsində əməkdaşlıq və yeni nəqliyyat marşrutlarının formalaşdırılması xüsusi yer tutur.

Qlobal geosiyasi proseslər fonunda aydın görünür ki, Avropanın Azərbaycana ehtiyacı daha da artıb. O cümlədən Rusiyanın enerji daşıyıcılarından imtina məsələsi Bakının aktuallığını Brüssel üçün ən yüksək səviyyəyə çıxarıb.

Nəhayət, Avropa üçün Azərbaycanı çox qiymətli edən bir faktı da vurğulamaq lazımdır. Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qalib gəlməklə sübut etdi ki, Avropasız da uğur qazana bilər. Üstəlik, regional miqyasda nizamı, sülhü, barışığı və əməkdaşlığı təmin etmək iqtidarındadır. Buna görə də Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə məhkumdur. Və bütün bunların fonunda "Avropa Siyasi Birliyi"nin 7-ci zirvə toplantısının keçirilməsi və orada Azərbaycan Prezidentinin iştirakı ekspertlərin böyük marağına səbəb olub.

7-ci zirvə toplantısı

Kopenhagendəki zirvə toplantısında, ümumilikdə, 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Liderlər hazırkı geosiyasi vəziyyətdə Avropanı daha güclü və təhlükəsiz etməyin yollarını müzakirə edib, ümumi təhlükəsizlik və ayrıca Ukrayna ilə bağlı müzakirələr aparıblar. Bu sırada miqrasiya, iqtisadi təhlükəsizlik, ənənəvi və hibrid təhdidlər diqqət mərkəzində olub.

Müzakirə olunan mövzuların məzmunu göstərir ki, Azərbaycan Prezidenti ilə müzakirələrə ciddi maraq gözlənilən idi. İlham Əliyev həm qalib lider, həm də Avropanın təhlükəsizliyinə ciddi töhfələr verən dövlətin başçısı kimi yüksək nüfuza malikdir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin dövlət başçısı İlham Əliyevlə birgə görüşü ciddi mesajdır. Onlar Azərbaycan Prezidentini Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə təbrik ediblər, halbuki ötən illərdə məhz həmin sazişin imzalanmasına əngəllər yaradılırdı.

Bundan başqa, Aİ rəsmiləri nəqliyyat, enerji və rəqəmsal texnologiyalar sahəsində sərmayə qoyuluşunun davam etdiriləcəyini ifadə ediblər. Onlar bəyan ediblər ki, Aİ Azərbaycanı vacib tərəfdaş kimi qiymətləndirir və əlaqələrin möhkəmləndirilməsinə sadiqdir. Buradan geosiyasi və siyasi əhəmiyyətli bir nəticə çıxarmaq olar.

Dünya siyasəti və artan beynəlxalq nüfuz

Kopenhagen sammitindən sonra ekspertlər belə bir tezis irəli sürürlər. Onlar yazırlar ki, müstəqil, çoxvektorlu xarici siyasət yürüdən Azərbaycanın təkcə regionda deyil, beynəlxalq arenada da nüfuzu artır. Azərbaycan regional və qlobal miqyasda əməkdaşlıq əlaqələrini gücləndirir, beynəlxalq aləmdə baş verən proseslərə, qlobal təhlükəsizliyə təhdid yaradan halların aradan qaldırılmasına öz töhfələrini verir.

Buna görə də Kopenhagendə Prezident İlham Əliyevlə ünsiyyət qurmağa çalışan çox dövlət başçıları olmuşdur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol Ukrayna–Rusiya müharibəsi fonunda daha vacib amil kimi dəyərləndirilir. Azərbaycan Avropa İttifaqının həm enerji təhlükəsizliyinin təminatında əsas tərəfdaşlardan biridir, həm də Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin Qafqazda əsas mərkəzi məkanıdır. Sözsüz ki, bunlar Azərbaycanın dünyada nüfuzunu daha da artırır.

Bu prosesin özünəməxsus nəticələri də var. Onlardan biri qlobal geosiyasi proseslərə ölkənin təsir imkanlarının genişlənməsi ilə bağlıdır.

Qlobal siyasi proseslərə təsir imkanları

Bu, çox əhəmiyyətli ümumi nəticədir. Onun vacibliyi Kopenhagendə Prezident İlham Əliyevə olan münasibətin fonunda qabarıq görünür. Çünki hər bir liderin qlobal siyasi proseslərə təsiri mühüm göstəricidir. Ekspertlərin Azərbaycanın Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdəki mövqeyinə xüsusi önəm verməsi tamamilə yerindədir.

Onlara bir həqiqəti də əlavə etmək gərəkdir. Azərbaycan son zamanlar Orta Dəhliz kontekstində Zəngəzur məsələsini Qərbin siyasi gündəminə çıxarmağa müvəffəq olub. Bu addımın böyük nailiyyət olduğunu gələcək daha yaxşı göstərəcək. Ancaq indidən aydındır ki, Aİ-nin geosiyasi iddiaları müstəvisində Zəngəzur açar rolunu oynayan məsələlərdən biridir. Bu baxımdan E.Makronun İlham Əliyevə xüsusi hörmət nümayiş etdirməsi ilə yanaşı, N.Paşinyanla aparılan müzakirələrdə Zəngəzur məsələsinə ayrıca önəm verilməsi diqqətdən yayınmamışdır. Ekspertlər məsələnin bu tərəfini xüsusi təhlil edirlər.

Beləliklə, Azərbaycan Prezidentinin "Avropa Siyasi Birliyi"nin 7-ci zirvə toplantısında iştirakı mühüm tarixi hadisədir. Dövlət başçısının müzakirə etdiyi mövzular göstərir ki, Azərbaycanın dünyada siyasi və geosiyasi rolu yeni səviyyəyə yüksəlməklə yanaşı, qlobal siyasi proseslərə təsir imkanları da genişlənib. Eyni zamanda, Avropa rəsmilərinin münasibəti təsdiqləyir ki, həmin istiqamətdə proses davam edəcək!

Kamal ADIGÖZƏLOV,
beynəlxalq münasibətlər üzrə ekspert

Siyasət