Azərbaycan Prezidentinin Astana səfəri öncəsi verdiyi müsahibə belə qiymətləndirilir
Prezident Kasım-Jomart Kemeleviç Tokayevin müdrik rəhbərliyi ilə Qazaxıstanda baş verən müsbət dəyişiklikləri, inkişafı əyani şəkildə görürəm. Prezidentin modernləşdirilmə, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı üzrə həyata keçirdiyi islahatlar son illər Qazaxıstanın inkişaf və modernləşdirilmə yolunda inamla irəlilədiyini nümayiş etdirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb.
Kasım-Jomart TOKAYEV,
Qazaxıstan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana növbəti səfəri – xatırladaq ki, dövlət başçımız həmin qardaş ölkəyə son üç ildə yeddi dəfə səfər etmişdir – barədə həm daha müfəssəl rəsmi məlumatlar çox olacaq, həm ekspert rəyləri, həm politoloq təhlilləri və təbii ki, həm də jurnalist yazıları. Çünki mütəxəssislər bu səfərin daha möhtəşəm uğurlara stimul olacağını bilirlər. Biz isə bu sətirləri cənab Prezidentin səfəri barədə deyil, onun səfər ərəfəsində qardaş ölkənin “Kazinform” xəbər agentliyinə verdiyi müsahibənin tezisləri üzərində qurmaq istədik.
Bəs, əgər yazı cənab Prezidentin bir neçə gün əvvəlki müsahibəsi haqqındadırsa, onda nə üçün dövlət başçılarının ötənilki bəyanatlarından iqtibaslar seçmişik? Çünki qarşılıqlı təmasların daimi olduğunu xatırlatmaq məqsədilə. Bu iki dövlət başçısının son ildəki qarşılıqlı səfərlərinin xronologiyası təkcə Türk dünyasında deyil, beynəlxalq aləmin bütün qütblərində maraqla qarşılanır. Dostlar sevincini, bədxahlar isə narahatlığını gizlətmirlər.
Elə dövlət başçımızın özü də Astana səfəri ərəfəsində məhz mətbuat vasitəsilə iki ölkə arasındakı siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin “yaşıl enerji” sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən söz açmağı məqsədəuyğun hesab etmişdir.
Müsahibəni diqqətlə oxudum. Bütün suallar maraqlı, bütün cavablar isə unudulmaz və yaddaqalan idi. Odur ki, xüsusilə seçmək istədiyim bəzi məqamları yada salmaq istəyirəm. Məsələn, jurnalist dövlət başçımızdan ölkələrimiz arasındakı mədəni-humanitar sahədə əməkdaşlığın miqyası barədə öyrənmək istəyir. Cənab Prezident xatırladır ki, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Azərbaycan liderinin fikrincə, mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Belə ki, 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir.
Konkret faklara gəlincə isə, bildirilir ki, qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olmuş yazıçılardan birinin – Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşri bu humanitar əməkdaşlığın əsas göstəricilərindəndir. Eləcə də 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Ancaq humanitar sahədəki əməkdaşlığımız təkcə mədəniyyət günlərinin və yubileylərin keçirilməsi ilə bitmir. Dövlət başçıçımızın da xatırlatdığı kimi, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi qardaş Qazaxıstanda Azərbaycana olan hörmət və ehtiramın göstəricilərindən biridir. Prezident xatırladır ki, həmin mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.
Yaxud, 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılmış Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.
Prezidentin xüsusilə qabartdığı faktlardan biri isə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti idi. Dövlət başçımızın fikrincə, həmin hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Xatırladaq ki, gələn il bu əlamətdar forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır. Həmin tədbirin təşəbbüskarının Azərbaycan Prezidenti olduğunu da qeyd etməkdən məmnunuq.
…Yuxarıda qeyd etdiyimiz kimi, biz bu sətirləri Prezidentin Qazaxıstana səfəri ərəfəsində qardaş ölkənin mətbuatına verdiyi müsahibənin üzərində qurmaq istəyirdik. Ancaq sonradan mətbuatımızın Astanaya ezam olunmuş təmsilçiləri Qazaxıstan paytaxtından siyasi, iqtisadi, diplomatik məsələlərlə yanaşı, sırf bu mövzuya uyğun olan bəzi kiçik qeydlər də paylaşdılar. Məsələn, bildirilir ki, Qazaxıstanda Prezident İlham Əliyevin şərəfinə baş tutan ziyafətdə müstəqillik dövrü bəstəkarlığımızın ən dəyərli nümunələrindən olan “Tut ağacı” mahnısı səsləndirilib. Xüsusilə vurğulayaq ki, həmin mahnını məhz qazax müğənni ifa edib. Mövzumuza dolayısı ilə dəxli olan başqa bir faktı da xatırlatmaq istərdik. Bütün ağaclar yaşa dolduqca, “qocaldıqca” onların meyvələri cırlaşır, əvvəlki dadda-ləzzətdə olmur və nəhayət, məhsuldarlıq itir. Alimlərin fikrincə, tut ağacı isə qocaldıqca meyvəsi daha şirin, budaqları daha məhsuldar olur. Elə Azərbaycan – Qazaxıstan dostluğu da çoxəsrlik tarixə malik olduğuna görə bəhrələri məhz qocaman tut ağacının meyvəsi kimi getdikcə daha da şirinləşir.
Astana Hava Limanında Azərbaycan Prezidentini Qazaxıstan Prezidentinin şəxsən özünün qarşılaması, eləcə də yola salması mənzərəsini seyr edərkən Türk dünyasının iki böyük liderinin və iki xalqın səmimi dostluğa və qarşılıqlı hörmətə söykənən münasibətdən yalnız qürur hissi keçirmək olardı. Kasım-Jomart Tokayevin görüş zamanı və mətbuat konfransında İlham Əliyevə iki dəfə “görkəmli lider” deyə müraciət etməsi isə dövlət başçımızın dünyada formalaşmış və qəbul edilmiş siyasi nüfuzunun dost ökənin başçısı tərəfindən fərəhlə qeyd olunması faktı idi.
Astanadan verilən məlumatlarda xüsusilə diqqətçəkən məqamlardan biri də qazax qardaşlarımızın Azərbaycan Prezidentinə etdikləri humanitar məzmunlu jest və sürpriz idi. Ziyafət keçirilən zaldakı böyük ekranda ulu öndər Heydər Əliyevlə Prezident İlham Əliyevin birgə kadrları nümayiş etdirilir, fonda isə Ümummilli liderimizin çox sevdiyi, hətta, bəzən özünün də zümzümə etdiyi “Alagöz” mahnısı səsləndirilib. Bütün bunların fonunda Prezident İlham Əliyevə qazax xalqının milli geyiminin hədiyyə edilməsi isə, sözün həqiqi mənasında, Astanada Azərbaycan liderinə qardaş gözü ilə baxıldığının təzahürü idi.
P.S. İki il əvvəl Aktaudakı böyük mədəniyyət mərkəzində – Asiya xalqlarının milli geyimləri sektorunda olarkən heç zaman eşitmədiyim bir ifadəyə rast gəldim, “Bu qazax libasını geyinib baxa bilərəmmi?” – deyə soruşanda mərkəzin əməkdaşı olan yaşlı qadın demişdi: “Qazaxlar öz paltarını təkcə qardaşın geyinməsinə icazə verər. Başqa adamın geyinməsi düşmənçilik yaradar”. İnanırıq ki, Prezident İlham Əliyevin diplomatiyası, dostluq münasibətləri yarada bilmək məharəti və qazax geyimi bizim – Türk dünyasının TURAN-a gedən yolunu daha da yaxınlaşdıracaq.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist