Birinci Türkoloji Qurultay məxfi sənədlərdə

post-img

O gün Bakı tamam başqa bir şəhərə çevrilmişdi – dənizdən qalxan duzlu küləklərlə nəfəs alırdı. İstiqlaliyyət küçəsi boyunca İçərişəhərin daş divarlarından Sabir bağına qədər hər yer bayram ab-havasına bürünmüşdü, minlərlə insan böyük bir hadisənin şahidi olmaq üçün küçələrə axın edirdi.

Həmin gün neft qoxulu Bakıda həyəcan dalğası hər kəsi eyni məkana – İsmailiyyə binasına çəkirdi, bütün bakılılar dəniz kimi dalğalan bu izdihamın bir parçası olmağa çalışırdılar. İsmailiyyə binası bu dəfə, sadəcə, möhtəşəm memarlıq abidəsi deyildi, o, Türk dünyasının gələcəyi haqqında söz açılan, tarix yazılan bir məbədə çevrilmişdi. Min illərlə türklərin hafizəsini daşıyan ərəb qrafikası ilə yeni dünyanın işıqlı sabahı kimi təqdim edilən latın əlifbası ilk dəfə idi ki, burada üz-üzə gəlirdi.

Tribunaya nitq üçün qurultaya sədrlik edən nümayəndə qalxdı, zal sükuta qərq oldu. O – Səməd ağa Ağamalıoğlu idi, o, əvvəlcə titrək, sonra get-gedə qüvvətli səslə nitqə başladı: “Sovet Sosialist Azərbaycanında ilk Türkoloji Qurultayın ilk iclasını açıq elan edirəm!”

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-siyasi Sənədlər Arxivi I Ümumittifaq Türkoloji Qurultayın tarixi üçün çox mühüm əhəmiyyət kəsb edən sənədlərlə zəngindir. Bu tarixi hadisənin siyasi, iqtisadi, sosial və mədəni mənzərəsini geniş əks etdirən bu qiymətli sənədlər tariximizin yenidən işlənməsi və müstəqillik düşüncəsi baxımından dəyərləndirilməsi üçün zəngin bazadır. Arxiv qorunub saxlanılan I Ümumittifaq Türkoloji Qurultayın məxfi, tam məxfi və adi sənədlərində İosif Stalinə göndərilmiş teleqramların, ÜKP(b) MK-nın bu barədə qərarları, Təşkilat Komissiyası, bu qurumun protokolları, məktubları, qurultaya gələn nümayəndə heyətlərinin siyahısı, ÜKP(b) MK-nın qurultaya rəhbərlik edən şəxsləri haqqında materiallar, SSRİ üzrə qurultayla bağlı stenoqrafik hesabatları, bölmə iclaslarındakı çıxışlar və qurultaya aid sənədlər toplanmışdır. Qurultay başladı, ancaq bu möhtəşəm toplantı başlayana qədər nələr baş vermişdi? Niyə məhz Bakı ev sahibliyi edirdi?

Məxfi sənədlərin dili ilə. Bu tip məxfi və gizli sənədlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 6-cı şöbəsi tərəfindən verilir və qorunub saxlanılırdı. Hərçənd orada bu sənədləri oxuyandan sonra yandırılması tapşırılırdı. Ancaq taleyin qismətindən bu sənədlər 6-cı bölmənin özünün qovluqlarında, arxivində qorunub saxlanmışdır.

1926-cı il I Ümumittifaq Bakı Türkoloji Qurultayı həm türkologiya tarixi, həm Türkiyə – Rusiya münasibətləri, həm də Türküstan xalqlarının gələcəyi üçün dönüş nöqtəsi oldu: ilk baxışda türkdilli xalqların latın qrafikasına keçmək qərarı ilə müşayiət olunsa da, əslində, strateji əhəmiyyət daşıyır, Qərbə qarşı Rusiyanın Osmanlı Türkiyəsi ilə üzdə görünən hərbi və siyasi, mədəni, eləcə də türkologiya sahəsində əməkdaşlığı idi.

1922-ci ilin martında Türkiyə mətbuatında Anadoluda “Şərq Məktəbi”nin açılacağı və bu məktəbdə Asiya ölkələrinə göndəriləcək məmurların gedəcəkləri yerlər, təhsil alacaqları ilə bağlı xəbərlər yayıldı və bu türkiyyat aləmində canlanma yaratdı. (Nəcib Asım (Yazıqsız), “Şərq Məktəbi”, İkdam, 13 mart 1338 (1922) “Şərq Məktəbi” adlı bir akademiyanın yaradılması barədə verilən məlumatlar ciddi şəkildə dəyərləndirilirdi. Həmin ərəfədə Azərbaycanın Ankaradakı elçisi İbrahim Əbilov Şərqin dost xalqlarının gəncləri üçün nur mənbəyi olacaq böyük və ortaq bir universitet yaradılması ideyasını ortaya atmış, bu fikir dərhal qısa zamanda həyata keçə biləcək bir düşüncəyə çevrilmişdi.

M.Fuad Köprülünün rəhbərliyi altında 1924-cü ildə türkoloji araşdırmalar aparılması məqsədilə İstanbul Universiteti daxilində Türkiyyat İnstitutu yaradıldı. 1926-cı ilə 2 il qalmışdı və institutun yaradılmasının əsas səbəblərindən biri olan İstanbulda Beynəlxalq türkologiya qurultayı keçirmək düşüncələrdə idi. Türkiyyat İnstitutu 1924-cü ildə qurulsa da, bu institutun yaradılma səbəblərindən biri olan İstanbulda Beynəlxalq türkologiya qurultayı keçirmək planını reallaşdırıla bilməmişdilər.

Əslində, bir il əvvəl Türkiyədə keçirilməsi nəzərdə tutulan qurultayın bir il sonra Bakıda gerçəkləşməsi düşündürücü məsələdir. Çünki “Fuad Köprülü Türkiyyat İnstitutunun müdiri vəzifəsində çalışırdı və Atatürkün arzusu ilə 1925-ci ildə İstanbulda toplanması düşünülən ilk millətlərarası türkoloji konqresin hazırlanmasına məmur edilmişdi”.

Rusiya türkologiyasında hələ 1913-cü ildə Aleksandr N.Samoyloviç türkologiya qurultayı keçirilməklə bağlı fikirlər irəli sürmüş, lakin kifayət qədər maddi dəstək almamışdı. Sovet dönəmində, 1922-ci ildə bu ideya yenidən gündəmə gətirilmiş, Samoyloviçin də daxil olduğu rus şərqşünasları Peterburqda keçirdikləri bir toplantıda bu mövzunu ətraflı müzakirə etmişdilər. O, 1923-cü ildən etibarən dəstək tapmağa çalışmış, bilavasitə Azərbaycan türklərinin etimadını qazanmağa xüsusi diqqət göstərmişdi.

Çox keçmir ki, bu qurultayın təşkilini dəstəkləyən müxtəlif qruplar meydana çıxır. Onlardan birincisi ifrat dərəcədə latın əlifbasını müdafiə edən azərbaycanlılar, o zaman Azərbaycanda işləyib, fəaliyyət göstərən əcnəbi alimlər, daha sonra rus türkoloq və dilçiləri, Sovet rəsmi orqanları, geri qalmış, problemini latın əlifbası ilə həll edəcəyinə ümid edən etnik, azsaylı türklər idi. Qurultayın çağırılmasında da əsas məqsəd SSRİ-də yaşayan türk xalqlarının mədəni həyatına latın qrafikalı əlifbanın tətbiqi idi. Latın qrafikalı əlifba məsələsi ilk dəfə məhz 1920-ci il iyulun 3-də Azərbaycan Xalq Maarif Komissarlığının kollegiya iclasında qaldırılmışdı.

1925-ci il sentyabrın 15-də Moskvada SSRİ şərqşünaslarının iclası keçirilir və burada da ölkənin bütün türkoloqlarının iştirakı ilə qurultay çağırılması qərara alınır. Keçiriləcək qurultayın əsas müzakirə mövzularından biri bütün türkdilli xalqların ərəb qrafikasından latın qrafikasına keçidi idi. Həmin iclasa Azərbaycan MİK sədri S.Ağamalıoğlu rəhbərlik edirdi. Qərar qəbul edildi ki, I Ümumittifaq Türkoloji Qurultayının çağırılması Moskvada SSRİ Şərqşünaslıq Elmi Assosiasiyasına və Bakıda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə tapşırılsın.

Azərbaycanın səyi nəticəsində qurultaya həm SSRİ-də yaşayan bütün türk xalqlarının tanınmış ziyalıları (türk xalqları indiki inzibati-ərazi bölgüsünə görə deyil, qurultayın çağırıldığı dövrdə yaşadıqları ərazilərə əsasən təmsil olunmuşdular), xüsusilə Peterburq və Moskva Elmlər akademiyalarının türkoloji sahədə ixtisaslaşmış alimlərinin, həm də xaricdə – Türkiyə, İran, Almaniya, Macarıstan, Avstriya və s. ölkələrdə tanınmış türkoloqların ümumtürk qurultayının çağırılmasına nail olunmuşdu. Sovet siyasi repressiya bumeranqının ilk qurbanlarından biri olan Nəriman Nərimanov türkoloji qurultayın keçirilməsi ideyasının ilk müəlliflərindən biri olmuşdur.

Sovet İttifaqının I Bakı Türkiyyat Qurultay əhatəsində apardığı siyasət ilk mərhələdə intellektual türkçülük hərəkatına qarşı bir strategiya olmuşdur. Türkologiya akademik qurumlarda deyil, siyasi və ədəbi mühitlərdə yaranır. Tarix göstərir ki, türklər həmişə siyasi hissiyyata malik olmuşlar. Sovetlər dövründə də müxtəlif xalqlardan fərqli olaraq, onlar keçmişini – tarixi mədəniyyətlərini önə çıxarmaq istəyənlər arasında ən fəal olan güclü milli qüvvədirlər. Zaman göstərdi ki, türklərin ayrılıq meyilləri belə təhlükəli deyildir. Başlanğıcda işlər nizamsız görülsə də, tarixin axarı mizana düşür, türkdilli xalqlar üçün möhtəşəm, önəmli bir hadisə anbaan yaxınlaşır.

Hadisələr Moskvada və Bakıda cərəyan edirdi. 1920-ci illərdə Bakı SSRİ-nin müxtəlif türkdilli respublikaları və vilayətlərindən olan alimlərin və mütəxəssislərin fəaliyyət göstərdiyi mühüm elmi və mədəniyyət mərkəzlərindən biri idi. Bu mənada, uzun illər türk dünyasında davam edən mübahisə və müzakirələrə son qoymuş I Türkoloji Qurultayın dünya türkoloji mərkəzinə çevrilmiş Bakıda keçirilməsi tamamilə qanunauyğun idi.

Məxfi sənədlərdən

Azərbaycan Kommunist (Bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi gizli şöbənin məlumatının tam məxvi şəkildə saxlanması tələb olunur. AK(b)P MK katibliyinin 14 iyun 1925-ci ildə 6-cı iclasının 32 saylı protokolundan çıxarışa əsasən qurultayın çağırılması ilə bağlı Cəbiyevin göstərişi müzakirə olunur və qəbul edilir.

Qurultayın 1925-ci ilin iyun ayının əvvəlində Bakıda keçirilməsi məqsədəuyğun hesab edilir. Çıxarış və göstərişlərin bu sənədlərdə adı keçməyən şəxslərə verilməsi qəti qadağan olunur.

Bu qərarların hər hansı bir pozuntusu baş verdikdə, Mərkəzi Komitənin gizli şöbəsi dərhal bu barədə məlumat verir və məsələ Mərkəzi Komitənin katibliyinə və ya partiya komitələrinə çatdırılaraq, günahkarlar ciddi partiya məsuliyyətinə cəlb olunurlar.

Əlavə 5/1:

Yoldaş Ağamalıoğlu, Cəbiyev və Hüseynzadəyə tapşırılsın ki, yeni Azərbaycan əlifbasının, xüsusilə də rayonlarda, tətbiqi, yayılması və populyarlaşdırılması səviyyəsini yoxlasınlar; latın əlifbası ilə maarifləndirmə və tədris işlərinin hansı səviyyədə həyata keçirildiyini müəyyən etsinlər, yeni əlifba ilə yazılmış kitabların hazırlanma vəziyyətini araşdırsınlar, yayılmasının qarşısını alan səbəbləri müəyyən etsinlər və nəticələr barədə Mərkəzi Komitəyə məlumat versinlər.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibliyinin 6-cı gizli şöbəsinin 1925-ci il 24 oktyabr tarixli 54 saylı protokolun çıxarışından:

SSRİ Mərkəzi İcraiyyə Komitəsinin diqqətinə çatdırılsın ki, Azərbaycanıı Tədqiq və Tətəbbö Cəmiyyətə münasibətdə laqeydlik var. Məsələn, Cəmiyyət yararsız bir binada yerləşir.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin Gizli şöbəsinin 2 noyabr 1925-ci il tarixli iclasının 80 saylı protokolunun çıxarışı:

İclasda Türkoloji Qurultayın çağırılması üzrə Təşkilat Komissiyasının nümayəndələrinin, konkret olaraq Məmmədzadə və Zifeldin Moskvaya ezam olunması ilə bağlı S.M.Kirov məsələ qaldırır, qərar yekdilliklə qəbul edilir.

Məqsəd qurultayın təşkilati işlərinin mərkəzi orqanlarla əlaqələndirilməsidir. Bu sənəddən konkret nəticələr çıxarmaq olar:

1. Türkoloji Qurultayın təşkili yüksək səviyyədə koordinasiya olunurdu, sırf elmi dairələrin deyil, həm də siyasi rəhbərliyin, konkret halda Azərbaycan KP(b) MK Rəyasət Heyətinin nəzarətində idi.

2. Məmmədzadə və Zifeldin Moskvaya ezam olunması həmin şəxslərin təşkilatçılıq baxımından önəmli fiqurlar olduğunu göstərirdi.

3. S.M.Kirov məsələyə birbaşa müdaxilə etməsi faktı göstərir ki, məsələyə partiyanın yüksək rəhbərliyi də diqqət yetirir, Kirov kimi nüfuzlu bir şəxsin bu təklifi irəli sürməsi qurultayın siyasi əhəmiyyətini vurğulayırdı.

Azərbaycan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Gizli şöbəsinin 16 noyabr 1925-ci il tarixli iclasının 82 saylı protokoluna əsasən S.M.Kirovun məruzəsi dinlənilir, çıxışdan irəli gələn qurultayın keçirilməsinin təxirə salınması müzakirə edilir. Yoldaş S.Ağamalıoğlu və R.Axundova tapşırılır ki, Rəyasət Heyətinin növbəti iclasına qədər Türkoloji Qurultayın çağırılması üzrə yenidən təşkil olunmuş Təşkilat Komissiyasının tərkibini təqdim etsinlər.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin protokol çıxarışında tarix və protokol nömrəsi göstərilməsə də, Gizli şöbənin məxvi sənədinə əsasən Xalq Komissarları Sovetinə (XKS) təklif edilir ki, Türkoloji Qurultayın iclaslarının keçirilməsi üçün Maarif Sarayını tam şəkildə təchiz etsin.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin Rəyasət Heyətinin 1926-cı il 25 yanvar tarixli 9 nömrəli tam məxvi iclasının protokolundan çıxarış.

1. Türkoloji Qurultayın keçirilmə tarixi 1926-cı il fevralın 25-nə təsdiq edilsin.

Moskva, ÜK(b)P MK-ya, Qarayevin Stalinə məlumatı:

“25 fevralda Türkoloji Qurultay açılır. Qurultayın gündəliyindəki məsələlər arasında yeni türk əlifbası məsələsi də var. Nəzərəçarpacaq sayda nümayəndə yeni əlifbaya qarşı çıxacaq. Bizim məlumatımıza görə, yeni əlifbanın əsas əleyhdarları arasında Tatarıstan, Başqırdıstan, Qırğızıstan nümayəndələri, bəzi özbək və Krım nümayəndələri də olacaq. Qurultaya Türkiyədən beş nəfər dəvət olunub, onların əksəriyyəti və ya demək olar ki, hamısı yeni əlifbaya qarşı çıxış edə bilər.

Lakin bizim ilkin məlumatımıza görə, qurultay nümayəndələrinin yarıdan çoxu yeni əlifbanı dəstəkləyəcək. Güman edirik ki, Qurultayda əhəmiyyətli sayda kommunistlər olacaq. Azərbaycan Kommunist Partiyası artıq Qurultayın təşkili və ona rəhbərlik məsələləri üzrə bir sıra tədbirlər qəbul etmişdir. Sizin təlimatınızı gözləyirik”.

Mirzoyanın Rostov Partiya Vilayət Komitəsinin katibi Mikoyana göndərdiyi məktubdan:

“Bütün türk, dağlı və müsəlman respublikaları, vilayətləri və bölgələri, hətta Şimali Osetiya vilayəti belə Qurultayda təmsil olunur. Dağıstana isə qurultayda təxminən on beş yer ayrılıb. Təkidlə tələb olunur ki, bu nümayəndələrin hamısı qurultaya latın əlifbasının fəal tərəfdarları olaraq seçilsin”.

Bu məxfi sənəddə SSRİ rəhbərliyinin qurultay öncəsi əks mövqe tutanların siyahıdan çıxarılması prosesinə işarə olunur. Adları üzərindən xətt çəkilənlər ya latın əlifbasına qarşı mövqedə dayanmışlar, ya ərəb əlifbasının islahatını müdafiə etdikləri, ya da müəyyən edilməmiş mövqeləri səbəbilə ideoloji cəhətdən etibarsız sayılmışlar: Samurskiy (Dağıstan), Qayaz Maksudov (Tatarıstan), Həbib Zeyni (Başqırdıstan), Muxaddin Qurban Əliyev (Tatarıstan), Atnaqulov (Kazan) və s.

Adının üzərindən xətt çəkilən xarici vətəndaşlar. Məsələn: Myt Hartman (Almaniya), Sven Qedun (Stokholm – İsveç), Gize (Almaniya), Sami Rüfet (Türkiyə), professor Tomsen (Kopenhagen), Yuliya Nemet (Macarıstan), Bursalı Məmməd Tahir bəy (Türkiyə), Q.Ştumme (Leypsiq), Q.Yakob (Berlin), B.Munkaçi (Budapeşt).

8 fevral 2026-cı il. Zifeldin S.Ağamalıoğluna yazdığı məktub bütövlükdə 1926-cı il Bakı Türkoloji Qurultayı ərəfəsində əlifba məsələsi üzrə siyasi, təşkilati və ideoloji gərginlikləri əks etdirən nadir sənəddir. Məktubun əsas xətti 1926-cı ildə Bakıda keçiriləcək I Türkoloji Qurultay öncəsində əlifba islahatı və latın əlifbasına keçid, qarşıdurmada baş verən mübarizələri əks etdirir. Rəsmi təqdim olunan rəqəmlərdə latınçılar üstünlük təşkil edir:

Latın – 76 nəfər

Ərəb – 30 nəfər

Tərəddüd edənlər – qalanlar

Əsl vəziyyət isə tam əksidir. Zifeld yazır:

Latın – 30

Ərəb – 73

Rus – 14

Tərəddüdlü – 14

Latın tərəfdarlarının çox azlıq təşkil etdiyi etiraf edilir və bu, müəllif üçün ciddi təşviş mənbəyidir.

Nadir MƏMMƏDLİ,
AMEA Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor



Siyasət