Zəfər yürüşü xalqımıza tarixin ən böyük Qələbəsini qazandırdı

post-img

Bu günlərdə xalqımız Qarabağın azadlığı uğrunda tarixi Zəfər yürüşünün 5-ci ildönümünü yüksək qədirbilənlik duyğuları ilə yad edir, 44 gündə qazanılmış qələbələrin sevincini bir daha öyünclə yaşayır. Bu qəhrəmanlıq yürüşünün zirvəsi olmuş, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr çağdaş tariximizə Zəfər Günü kimi daxil olub. Qeyrət və hünər qalası Şuşanın azad edilməsi ilə başa çatan, düşməni təslim olmağa məcbur edən həmin qələbə zirvəsi yaxınlaşdıqca, qürurumuz bir az da artır, ölkəmiz növbəti təntənə libasına bürünür.

5 il əvvəl sentyabrın son günlərindən başlayan, noyabrın ilk ongünlüyündə zəfərlə başa çatan bu şanlı hərbi yürüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qüdrəti ilə qəhrəman ordumuz 30 illik işğala son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Vətən müharibəsində uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi xalqımıza çoxəsrlik dövlətçilik tarixinin ən böyük Qələbəsini qazandırdı.

Bu Zəfər həm də kiminsə fitvası ilə qonşusunun torpağına göz dikən, onun humanistliyindən, qonaqpərvərliyindən, etimadından və etibarından sui-istifadə edən xain və nankor ermənilərin sonda hansı faciələrlə üzləşəcəyini dünyaya aşkar surətdə göstərdi. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi.

Havadarlarının müstəsna himayəsi, açıq-gizli köməyi ilə ölkəmizin 20 faiz torpağını ələ keçirmiş, 1 milyon insanı Qərbi Azərbaycandakı və Qarabağdakı doğma torpaqlarından qaçqın-köçkünə çevirmiş Ermənistan sonrakı 30 ildə xalqımıza meydan oxuyur, cəbhə boyu hərbi təxribatları ilə işğalı uzadır, güc nümayiş etdirməklə təcavüzün nəticələrini rəsmiləşdirməyə çalışırdı. Nəticədə müxtəlif dövrlərdə həm hərbi qulluqçularımız, həm də mülki əhalimiz arasında insan itkiləri baş verir, çoxsaylı şəxslər sağlamlıqlarına ciddi zərər yetirilməsi ilə üzləşirdilər.

Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprel, 2020-ci ilin iyul aylarında ordumuza qarşı Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribatların qarşısı qətiyyətlə alınmış, düşmən xeyli sayda itki verməyə məcbur olmuşdu. 2020-ci ilin avqust ayında Ermənistanın təxribat qrupunun təmas xəttini keçərək terror aktları törətmək kimi daha bir məkrli planı iflasa uğramışdı. Xalqımız isə işğalçı ölkənin baş nazirinin milli heysiyyətimizə toxunan çıxışları qarşısında “Qarabağ Azərbaycandır və nida işarəsi” deyən Prezidentinə, Ali Baş Komandanına inanır, ordusunun gücünə və rəşadətinə möhkəm güvənirdi.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. Düşmənin onilliklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti elə müharibənin ilk günündə yarıldı. Füzuli və Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu.

Döyüş əməliyyatlarının aparıldığı bütün müddət ərzində cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik və vətənpərvərlik ruhu xalqımızın Ali Baş Komandanın ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Dövlət başçısının çağırışına səs verən on minlərlə vətənpərvər gəncin Vətən torpaqları uğrunda döyüşmək üçün könüllü cəbhəyə yollanması, müharibədə əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq salnaməsi kimi tarixə düşdü.

Həmin günlərdə ordumuzun Ermənistanın işğalçı qüvvələrinə qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Ordumuz öz qəhrəmanlıq və şücaəti ilə bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirmək qüdrətindədir.

Azərbaycanın uzun illərdir Ermənistanın işğalı altında qalan ərazilərini azad etməsi əməliyyatına hər cür maneçilik törədilməsini qarşısına məqsəd qoymuş bir sıra xarici dairələrin müharibə dövründə hadisələri manipulyasiya cəhdləri də boşa çıxdı. Döyüş meydanında gedən gərgin savaş fonunda informasiya mübarizəsi çərçivəsində də düşmən tərəfindən ölkəmizə qarşı çirkin təxribat kampaniyası aparılır, Ermənistan–Azərbaycan münaqişəsinin alovlanması, Vətən müharibəsinin gedişatı barədə uydurma və yalan informasiyaların beynəlxalq cəmiyyətə çatdırılmasına çalışılırdı.

Lakin düşmən döyüş meydanında olduğu kimi, informasiya mübarizəsində də uğursuzluğa düçar oldu. Dövlət başçısı cənab İlham Əliyev qalib sərkərdə olmaqla yanaşı, düşmənə informasiya müharibəsində də aman vermədi. Müharibənin getdiyi dövrdə ölkə Prezidenti 30-a yaxın xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və Azərbaycanın apardığı Vətən müharibəsinin gedişi barədə həqiqətləri dünyaya bəyan edərək ona ünvanlanan bəzi təxribat xarakterli suallara yüksək diplomatik məharətlə cavab verirdi.

Vətən müharibəsində qazanılan şanlı Qələbə həm də xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən və yaşından asılı olmayaraq, hər bir vətəndaş Vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın “dəmir yumruğ”una dönərək düşmənin başını əzdi.

Döyüşlərdə övladı şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub “Vətən sağ olsun!” dedilər. Azərbaycan xalqı Vətən müharibəsinin 44 gününün hər birini sevinc, qürur və fəxarət hissi ilə Ali Baş Komandanın qələbə müjdəli xəbərlərini səbirsizliklə, böyük həyəcanla gözlədi. Həmin günlərdə yenilməz sərkərdə İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və çoxsaylı qələbə xəbərləri çatdırdı.

Prezidentin hər müraciətinin sonunda paytaxt Bakı da daxil olmaqla, ölkəmizin bütün bölgələrində əhali küçələrə çıxaraq şanlı qələbənin qürurunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları bu qələbələri bayram etdilər. Onu da vurğulayaq ki, heç kəs torpaqlarımız işğaldan azad olunmayana qədər müharibənin dayanmasını istəmirdi. Bircə gün cəbhədən qələbə xəbəri gəlməyəndə “görəsən nə olub, müharibə dayanmayıb ki?!” deyə insanlar narahatlıq keçirirdilər.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daxili-xarici siyasəti, dərindən düşünülmüş hərbi strategiyası, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyüş taktikası erməni faşizmini iflasa uğratdı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Qələbəsini təmin edən ən mühüm amil oldu.

Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Bu təqvim Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günüdür. Eyni zamanda, bu gün həm də hər bir azərbaycanlı üçün əziz və doğma olan Şuşa şəhərinin azad edildiyi gündür.

Şanlı Ordumuzun əldə etdiyi tarixi Zəfər bəzi düşmən mövqedə dayanan şəxslərin qələmə vermək istədiyi kimi, təsadüfi xarakter daşımırdı. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə, haqlısan məntiqi hökm sürür”, – deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyənləşdirmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. Ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuş, 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur.

Həmin ərəfədə ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. Beşinci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividendlər gətirmişdir.

Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilmişdi. O fərqi də qeyd etməliyik ki, bircə fərarisi belə olmayan ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirirdi, buna görə də sonsuz motivasiyaya malik idi, düşmən ordusu isə öz işğalçı xisləti səbəbindən bu hisslərdən məhrum idi, bu da qələbənin əldə edilməsində az əhəmiyyət daşımırdı. Müharibə zamanı həm müzəffər Ordumuz, həm də düşmən qüvvələri döyüş bölgəsinə yaxın ərazilərdə xüsusi mühafizə zolaqları yaratmışdı.

Lakin bu zolaqların məqsədi tam fərqli idi: Azərbaycan tərəfinin qurduğu postlar döyüş bölgəsinə daxil olaraq əsgərlərimizə könüllü şəkildə qoşulmaq istəyən mülki şəxslərin qarşısını almağa xidmət edirdi. Düşmən tərəfdə isə həmin postlar, əksinə, döyüşdən qaçmağa çalışan hərbçiləri saxlayaraq onları məcburi şəkildə geri qaytarmaq üçün qurulmuşdu.

Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi sayəsində işğal altındakı bütün ərazilərimizi öz əzəli və əbədi sahibinə - Azərbaycan xalqına qaytardı. Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi.

Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu. Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə hərb sahəsində yeni döyüş strategiyasının əsasını qoydu.

Silahlı Qüvvələrimiz sahib olduğu yeni nəsil silahları döyüş meydanında məharətlə tətbiq edərək XXI əsrin işğal altında olan torpaqların azad edilməsi uğrunda aparılan müharibə formasını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. Əbəs yerə deyil ki, hazırda dünyanın aparıcı hərbi mütəxəssisləri tərəfindən Vətən müharibəsinin aparılmasının forma və qaydaları dərindən öyrənilməkdədir.

Heç şübhəsiz ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Ulu öndər Heydər Əliyevin vəsiyyətini layiqincə yerinə yetirən Ali Baş Komandanımızın Şuşanın azad olunması xəbərini müqəddəs məkanımız olan Şəhidlər xiyabanında xalqa müraciətində bütün dünyaya bəyan etdiyi zaman dediyi sözlər illərin həsrətinin bitdiyi an, Zəfər tariximizə vurulan möhür oldu. Prezident İlham Əliyev xalqa müraciətində demişdir: “Mən bu gün, eyni zamanda, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”.

Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər çox mürəkkəb relyefli şəraitdə uzun məsafə qət edərək çətin döyüş tapşırığını uğurla yerinə yetirdi. Əsgər və zabitlərin döyüş üsulu, qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Xalqımızın qəhrəman oğullarının nümayiş etdirdiyi misli görünməmiş cəsarət və igidlik nümunəsi nəticəsində bir vaxtlar nağıl, xəyal kimi görünənlər gerçəyə çevrildi.

Azərbaycan Prezidentinin döyüş meydanı ilə yanaşı, siyasi müstəvidə yenilməz və qətiyyətli iradəsi, sərkərdəlik qabiliyyəti sayəsində Ermənistan diz çökdürülərək kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bununla da Ağdam, Kəlbəcər və Laçın rayonlarının qan tökülmədən Azərbaycana qaytarılmasına nail olundu.

Bununla belə, İkinci Qarabağ müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, işğalçı dövlət hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradıldı. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşmalar baş verdi.

Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabr ayında sərhəddə baş verdi. 2022-ci il avqust ayının 26-da Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi dövlətimizin başçısının düşmən üzərində növbəti diplomatik qələbəsi və yürütdüyü uğurlu siyasi kursun təntənəsi oldu. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. Reallıq budur ki, 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmadı.

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Ermənistan ordusunun Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxdı və mülki şəxslər həlak oldu.

Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu. Qısamüddətli lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı. O zaman Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri və texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdi.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Düşmən 2020-ci ildə olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ münaqişəsi mövzusu birdəfəlik bağlandı.

2023-cü il oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident seçilməsinin iyirminci ildönümü günündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza yenidən böyük sevinc və qürur yaşatdı.

Müzəffər Ali Baş Komandanın Xankəndidə qürurla dediyi bu sözlər bütün dünyada əks-səda verdi: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün biz o vaxt – noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da – noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır... Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Azərbaycan xalqına qarşı müharibə cinayətləri, terror aktları törətmiş şəxslərin, soyqırımı qatillərinin, separatçı rejimin başçılarının yaxalanaraq qandallanması, ədalət məhkəməsi qarşına çıxarılması hər bir soydaşımızın ürəyindən xəbər verir.

2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfərdən dərhal sonra Prezident cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verildi. Böyük Qayıdışı təmin etmək məqsədilə həmin bölgələrdə sürətlə tikinti və bərpa-quruculuq işlərinə başlanıldı. 30 il ərzində işğal altında olan Azərbaycan torpaqlarında vandallar tərəfindən yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri məhv edilib, təbii sərvətlər talan olunub, tarixi-mədəniyyət və dini abidələrə, ətraf mühitə ciddi ziyan vurulub.

Ölkəmiz Böyük Qayıdışı qısa müddətdə və uğurla təmin etmək üçün azad olunmuş ərazilərdə bərpa işlərinin aparılmasını və zəruri infrastrukturun yaradılmasını öz gündəliyinin əsas məsələlərindən biri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək üçün “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi də sözügedən hədəflərə nail olmaq üçün bu istiqamətdə atılan əhəmiyyətli addımdır. Ərazilərin bərpası proqramı çərçivəsində zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin edilir ki, bu da təbiidir.

Həyata keçirilən bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini işğaldan azad edilmiş ərazilərdə müasir elektrik enerjisi şəbəkəsinin qurulması təşkil edir. Bəhs olunan ərazilər “yaşıl enerji” zonası elan edilib. Bərpaolunan enerji mənbələri ilə zəngin olan bu ərazilərdə müasir enerji infrastrukturun yaradılması istiqamətində mühüm işlər görüləcəkdir.

İkinci Qarabağ müharibəsinin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat yenidən qayıdır. Azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti ilə icra olunan bu proses çərçivəsində Böyük Qayıdış Proqramı uğurla reallaşdırılır.

Görülən bütün işlər Azərbaycan xalqının həyat səviyyəsini daha da yaxşılaşdırmaq, sabahını daha firavan etmək məqsədi daşıyır. İşğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Hər daşında tarix, hər küçəsində qəhrəmanlıq izi olan bu torpaqlara həyat yenidən qayıdır, bu dəfə qalıcı, əbədi və möhkəm təməllər üzərində.

Qüdrətli Azərbaycan dövləti erməni vandalları tərəfindən dağıdılaraq yerlə-yeksan edilən şəhər və kəndlərimizdən didərgin düşən keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmalarını tezliklə təmin etmək niyyətindədir. Qarabağın ölkənin sosial-mədəni və iqtisadi məkanına reinteqrasiyası düşünülmüş sistemli layihələrin həyata keçirilməsi vasitəsilə baş verir və burada intellekt, təhsil, mədəniyyət və mənəvi-əxlaqi dəyərlər aparıcı rol oynayır.

Fəxr edirik ki, bu gün Azərbaycanın üçrəngli Dövlət bayrağı ölkəmizin bütün şəhər və kəndlərində qürurla dalğalanır. Uzaqgörən və qətiyyətli Prezidentimizin rəhbərliyi ilə möhtəşəm nailiyyətlərə imza atan xalqımız 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə Ulu öndər Heydər Əliyevin bu müdrik kəlamı tarixi gerçəyi bütün dünyaya bir daha nümayiş etdirir: “Azərbaycanın müstəqilliyi sarsılmazdır, əbədidir və dönməzdir!”.

Elvin ƏZİZBƏYOV,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru

Siyasət