Dövlət siyasəti və intellektual gücün yeni fəlsəfəsi
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər dövlətin gələcək inkişaf modelinin fəlsəfi və ideoloji manifestidir. Prezident İlham Əliyevin bu çıxışı həm tarixi yaddaşla gələcəyin texnoloji arxitekturası arasında körpü salır, həm də elmin milli güc konsepsiyasında mərkəzi yerini bir daha təsdiqləyir. Burada vurğulanan əsas xətt ondan ibarətdir ki, Azərbaycanın modern dövlətçilik mərhələsində dayanıqlı inkişafın əsas resursu artıq təbii sərvətlər deyil, intellektual potensial və insan kapitalıdır.
Əgər sovet və postsovet modernləşmə mərhələlərində əsas prioritet sənaye və enerji infrastrukturunun formalaşdırılması idisə, XXI əsrin ikinci onilliyindən etibarən Azərbaycanın modernizasiya strategiyası intellektual və texnoloji inkişafa yönəlir. Prezidentin çıxışında “tükənən sərvət – təbii resursdur, tükənməz sərvət isə intellektual potensialdır” fikri bu siyasətin konseptual ifadəsidir. Prezidentin bu yanaşması milli təhlükəsizlik və geosiyasi müstəqilliyin yeni fəlsəfəsini müəyyənləşdirir. Çünki artıq dövlətin strateji suverenliyi onun intellektual müstəqilliyindən və texnoloji gücündən asılıdır.
Azərbaycan elminin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu bu kontekstdə tarixi başlanğıc nöqtə kimi dəyərləndirilir. 1970-ci illərdə aparılan elm-sənaye inteqrasiyası, elmi-tədqiqat institutlarının genişləndirilməsi və gənc mütəxəssislərin xaricə göndərilməsi siyasəti milli elmin struktur əsaslarını yaratdı. Heydər Əliyev modeli müstəqillik dövründə İlham Əliyev tərəfindən yeni çağırışlara uyğunlaşdırılaraq postsənaye və rəqəmsal modernləşmə konsepsiyasına çevrildi.
Prezidentin çıxışında diqqətçəkən mühüm məqam ondan ibarətdir ki, Azərbaycan artıq elmi inkişafı dövlətin davamlılığının təminat mexanizmi kimi təqdim edir. Texnoloji inkişaf və elmi innovasiyalar burada həm iqtisadi, həm də geosiyasi faktor kimi qiymətləndirilir. Hərbi sənaye kompleksində özəl sektorun iştirakına icazə verilməsi, lisenziyalaşdırma və yerli istehsalın genişləndirilməsi elmi potensialın praktik tətbiqinə xidmət edən yeni modeldir.
Eyni zamanda, bu yanaşma Azərbaycanın qlobal texnoloji iyerarxiyada yerini yenidən müəyyənləşdirmək cəhdidir. Müasir beynəlxalq münasibətlər sistemində “bilik geosiyasəti” anlayışı ön plana çıxır: süni intellekt, kvant texnologiyaları, enerji innovasiyaları artıq hərbi və siyasi gücdən ayrılmazdır. Azərbaycan da məhz bu reallığa cavab olaraq elmi resurslarını milli təhlükəsizlik, sənaye istehsalı və bərpaolunan enerji kimi istiqamətlərdə səfərbər edir. Prezidentin alimləri bu sahələrə fəal qoşulmağa çağırması həm dövlət strategiyasının çevikliyini, həm də onun uzunmüddətli viziyonunu əks etdirir.
AMEA-nın 80 illik tarixi dövlətin gələcək intellektual transformasiyasının başlanğıcı kimi təqdim olunur. Akademiyanın elm sistemindəki rolu, müasir elmi texnoparkların, innovasiya mərkəzlərinin yaradılması istiqamətindəki çağırışlar, dövlət-sahibkar-alim üçbucağının formalaşdırılması zərurəti artıq elmi fəaliyyətin akademik çərçivədən çıxaraq milli iqtisadiyyatın funksional dayağına çevrildiyini göstərir.
Xüsusilə, Prezidentin Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat işlərinə alimlərin cəlb edilməsi çağırışı həm iqtisadi, həm də siyasi baxımdan simvolikdir. Yeni texnologiyalarla aparılan geoloji tədqiqatlar regionun iqtisadi xəritəsini yenidən formalaşdıracaq və Azərbaycanın resurs idarəçiliyində müasir elmi metodların tətbiqini təmin edəcək.
Çıxışda xüsusi yer tutan bərpaolunan enerji siyasəti elmin iqtisadi dəyərləndirilməsinin ən parlaq nümunəsidir. Qarabağda, Şərqi Zəngəzurda və Cəbrayılda günəş, külək və hidroenerji layihələrinin 2030-cu ilə qədər 6 min meqavata çatdırılması hədəfi elmin tətbiqi və istehsalın inteqrasiyasının konkret göstəricisidir.
Prezident İlham Əliyevin çıxışında Vətən müharibəsinin strateji elmi və texnoloji hadisə kimi dəyərləndirilməsi Azərbaycan dövlət düşüncəsində elmin və müdafiə sənayesinin yeni inteqrasiya mərhələsinə keçidi göstərir. Müharibə dövründə pilotsuz uçuş aparatlarının tətbiqi ilə bağlı ifadə — “bunun təməlini biz qoymuşuq” – Azərbaycanın texnoloji müstəqilliyə keçidinin siyasi manifesti kimi səslənir. Postmüharibə dövründə Azərbaycan üçün əsas məsələ əldə edilmiş bu texnoloji bilik kapitalını yalnız müdafiə sahəsində deyil, həm də elmi-tədqiqat, sənaye və iqtisadiyyatın bütün sahələrinə inteqrasiya etməkdir. Prezidentin “elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır” fikri, əslində, ölkənin yeni inkişaf modelini formalaşdıran konseptual yanaşmadır. Burada dövlət başçısının elmi yalnız akademik məkanla məhdudlaşdırmaması, onu iqtisadiyyatın real sektorlarına yönəltmə çağırışı, elmi-intellektual potensialın praktik dövlət gücü resursuna çevrilməsi strategiyasını ehtiva edir.
Müharibədə tətbiq olunan pilotsuz texnologiyalar göstərdi ki, Azərbaycan elmi artıq qlobal trendlərin istiqamətini müəyyən edən bir gücə çevrilməkdədir. Prezidentin “bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür” ifadəsi, əslində, milli elmi innovasiya sisteminin siyasi legitimləşməsidir – yəni dövlət səviyyəsində elmi istehsalın və texnoloji innovasiyanın prioritet elan olunmasıdır.
Digər tərəfdən, “dövlət strukturlarına göstəriş verirəm ki, alimlərlə daha sıx işləsinlər” çağırışı, Azərbaycanda idarəetmənin elmi əsaslara söykənməsi üçün institusional mexanizmlərin yaradılmasına yönəlmiş siyasi iradədir. Burada məqsəd elmi tədqiqatların real sosial-iqtisadi nəticələr doğurması, dövlət qərarlarının isə analitik və innovativ təməldə formalaşdırılmasıdır.
Prezidentin “Azərbaycan tarixi təhrif olunub” fikri postsovet məkanında gedən ideoloji mübarizənin mahiyyətini açır. Ermənistanın uzun illər ərzində apardığı saxtalaşdırma siyasəti, toponimlərin dəyişdirilməsi və mədəni irsə yönəlmiş təcavüz cəhdləri geosiyasi məqsəd daşıyırdı. Azərbaycanın cavabı isə fərqli idi – tarixi həqiqətin geosiyasi təbliği konsepsiyası formalaşdırıldı. Tarixi xəritələr, arxiv sənədləri və etnoqrafik sübutlar artıq təkcə elmi tədqiqat obyekti deyil, milli təhlükəsizlik faktoruna çevrildi.
Prezidentin “daha çox elmi əsərlər, bukletlər, sərgilər hazırlanmalıdır” çağırışı mahiyyətcə ideoloji silahlanma proqramıdır. XXI əsrdə informasiya müharibələrinin əsas cəbhəsi hərbi deyil, intellektual sahədir. Ermənilərin yaratdığı “alternativ tarix” modelinə qarşı Azərbaycan həm də konseptual diskurs formalaşdırmaq mərhələsinə keçib. Tarixşünaslıq, toponimika, arxeologiya və dilçilik sahələrində yeni elmi məktəblərin formalaşması artıq milli təhlükəsizliyin ideoloji sütununa çevrilir. Prezidentin “Biz öz torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” ifadəsi bu kontekstdə dərin strateji mənaya malikdir. Qayıdış burada mənəvi və sivil xarakter daşıyır. Müharibədən qalib çıxmış dövlətin mədəni legitimliyə əsaslanan siyasət yürütməsi regionda yeni diplomatik psixologiyanın əsasını qoyur. Prezidentin mesajı həm daxili, həm də xarici auditoriyaya ünvanlanıb — Azərbaycan xalqına tarixi ədalətin bərpa olunduğu inamını möhkəmləndirir, Ermənistana isə qayıdışın labüdlüyünü, lakin onun sülh yolu ilə reallaşacağını nümayiş etdirir. Çıxışın mərkəzi xəttini təşkil edən dil məsələsi isə strateji təhlükəsizlik komponentidir. “Təmiz, saf, ədəbi Azərbaycan dili” anlayışı milli kimliyin qorunması ilə birbaşa bağlıdır. Qloballaşma və informasiya axınları şəraitində dilin yad təsirlərdən təmiz saxlanılması milli suverenliyin intellektual formasıdır.
Əslində, bu çıxışda Prezident İlham Əliyev tarix, dil və mədəniyyət məsələlərini vahid dövlətçilik konsepsiyasına inteqrasiya edir. “Azərbaycan xalqının dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır” fikri postmüharibə dövrünün ideoloji bünövrəsini təşkil edir. Burada dövlət gücü sadəcə iqtisadi və hərbi parametrlərlə deyil, intellektual potensial və ideoloji davamlılıqla ölçülür. Tarixi tədqiqatların genişlənməsi, elmi diplomatiyanın inkişafı və mədəni diplomatiyanın beynəlxalq müstəviyə çıxarılması Azərbaycanın dünya miqyasında mövqeyini gücləndirir.
Beləliklə, Azərbaycan Prezidentinin AMEA-nın 80 illiyi münasibətilə tədbirdəki konseptual çıxışında səsləndirdiyi tezislər Azərbaycan elminin tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


                                