TRIPP və Transxəzər dəhlizinin birləşməsi: Azərbaycanın rolu güclənir

post-img

Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Amerika Birləşmiş Ştatlarının hökumətləri diplomatik C5+1 platforması çərçivəsində Transxəzər ticarət marşrutunun tam potensialını açaraq və “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə birləşdirməklə təchizat zəncirlərinin əlaqəliliyini və dayanıqlığını gücləndirmək niyyətindədir. Bu barədə tərəflərin birgə bəyanatında qeyd edilir. Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, məqsəd C5+1 ölkələri və dünya ictimaiyyətinin maraqları naminə yüklərin, məlumatın və enerjinin təhlükəsiz daşınmasını təmin etməkdir.

C5+1 çərçivəsində Transxəzər ticarət marşrutunun gücləndirilməsi və onun TRIPP layihəsi ilə birləşdirilməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyan prosesdir. Bu təşəbbüs Azərbaycanı təkcə yük daşımalarında tranzit ölkə yox, Şərq ilə Qərb arasında logistika, enerji və rəqəmsal kommunikasiyaların əsas mərkəzlərindən birinə çevirir. Azərbaycanın bu prosesdə üstünlüyü ilk növbədə coğrafi mövqeyindən qaynaqlanır. Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xəttinin əsas körpüsü kimi tranzit axınının böyük hissəsi ölkənin ərazisindən keçir və logistika şəbəkəsinin qlobal miqyasda genişlənməsi Azərbaycanın rolunu daha da artırır.

Son illərdə Azərbaycan nəqliyyat infrastrukturu sahəsində ciddi sərmayələr həyata keçirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Türkiyə və Avropa bazarlarına çıxışı təmin edən Bakı–Tbilisi–Qars dəmir yolu və gələcəkdə Zəngəzur dəhlizinin açılması ölkəni regiondakı ən modern logistika mərkəzinə çevirir. Bu infrastruktur Transxəzər marşrutunun genişlənməsi üçün əsas baza rolunu oynayır və ölkənin yükötürmə qabiliyyətini dəfələrlə artırır.

Layihənin mühüm tərəflərindən biri enerji təhlükəsizliyidir. Azərbaycanın qaz və neft ixracı artıq Avropanın enerji təminatında əsas istiqamətlərdən birinə çevrilib. Transxəzər və TRIPP layihələrinin birləşməsi Azərbaycanın enerji resurslarının yeni bazarlara daha təhlükəsiz və maneəsiz daşınmasına şərait yaradır, Avropanın enerji asılılığını azaldır və Azərbaycanın siyasi çəkisini artırır. Eyni zamanda, bu təşəbbüs rəqəmsal tranzit baxımından da yeni imkanların yaranmasına gətirir. Azərbaycanın regional fiber-optik layihələri Şərq ilə Qərb arasında məlumat və internet trafiki üçün təhlükəsiz keçid yaradır və ölkəni gələcəkdə rəqəmsal kommunikasiya mərkəzinə çevirmək potensialına malikdir.

Bu marşrut Azərbaycanın geosiyasi mövqeyinə də ciddi təsir edir. Türkiyə ilə strateji əməkdaşlıq genişlənir, ABŞ və Avropa ilə əlaqələr daha güclü məzmun qazanır, Orta Asiya ölkələri ilə ticarət münasibətləri dərinləşir. Qlobal nəqliyyat xəritəsində alternativ və təhlükəsiz keçidlərin aktuallaşdığı bir dövrdə Azərbaycan regionda etibarlı tərəfdaş kimi formalaşır və logistika əməkdaşlığının əsas dayağına çevrilir. Bir sözlə, Transxəzər-Tripp xəttinin yaranması ölkənin tranzit gəlirlərini artıracaq, yeni investisiyalar cəlb edəcək, siyasi nüfuzunu möhkəmləndirəcək və Azərbaycanın Avrasiyanın iqtisadi arteriyalarından birinə çevrilməsi istiqamətində mühüm addım olacaq.

Səbuhi MƏMMƏDOV

XQ

Siyasət