Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə erməni işğalı altında olduğu dövrdə həmin ərazilərdəki şəhərlərimiz və digər yaşayış məntəqələrimiz, o cümlədən infrastruktur obyektlərimiz tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub, iqtisadiyyata əhəmiyyətli zərər vurulub. Eyni zamanda, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunduqdan, ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamında qeyd edildiyi kimi, iğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış ölkəmizin 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub. Bu milli prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb.
***
Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin mərkəzində, ilk növbədə, təhlükəsizlik mühiti dayanır. Minalardan və partlamamış hərbi sursatlardan təmizlənmə prosesi olmadan nə məskunlaşma mümkündür, nə də digər sahələrdə davamlı inkişafdan danışmaq olar. Elə buna görə də Azərbaycan dövləti regionun tam humanitar təhlükəsizliyini təmin etməyi strateji prioritet kimi müəyyənləşdirib. Bu, təkcə insanların geri dönüşünə şərait yaratmır, həm də yeni iqtisadi ekosistemin formalaşmasını sürətləndirir.
Paralel şəkildə yol-nəqliyyat infrastrukturu, enerji və kommunikasiya xətlərinin qurulması artıq Qarabağ və Şərqi Zəngəzuru ölkənin ümumi inkişaf xəritəsinə tam şəkildə inteqrasiya edir. Yeni avtomobil və dəmir yolları, hava limanları, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları regionun gələcək iqtisadi modelinin konturlarını müəyyənləşdirir. Ənənəvi kənd təsərrüfatı fəaliyyəti ilə yanaşı, aqrar sənaye, müasir suvarma sistemləri, logistika, xidmət və ticarət sektorlarının inkişafı həm məşğulluğu artırır, həm də bərpa olunan ərazilərin iqtisadi dəyərini yüksəldir.
Qarabağ və Şərqi Zəngəzurda icra olunan yenidənqurma və şəhərsalma layihələri bu bölgələrin gələcək inkişaf modelini müəyyən edən strateji addımlardır. Azad edilmiş ərazilərdə tətbiq olunan müasir urbanizasiya yanaşması yalnız infrastrukturun bərpasını deyil, eyni zamanda, insanların yüksək həyat keyfiyyətinə sahib olduğu tamamilə yeni yaşayış mühitinin formalaşdırılmasını hədəfləyir. Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində sosial xidmətlər şəbəkəsinin genişləndirilməsi, əhalinin ehtiyaclarına uyğun bazanın yaradılması və maddi-texniki təminatın gücləndirilməsi dövlətin regiona yanaşmasının kompleks xarakter daşıdığını göstərir. Hazırda öz yurduna qayıdan ailələr üçün məşğulluq imkanlarının genişləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi xüsusi prioritet kimi müəyyənləşdirilib. Paralel olaraq səhiyyə və təhsil infrastrukturu ən qabaqcıl standartlara uyğun bərpa olunur, yeni xəstəxana və məktəblər inşa edilir. Bu, sakinlərin uzunmüddətli sosial rifahının təmin olunmasına xidmət edən əsas sütunlardandır. Mədəniyyət ocaqlarının, idman komplekslərinin və ictimai məkanların yenidən qurulması isə bölgənin sosial həyatını canlandırır, cəmiyyətin inteqrasiyasına və insan kapitalının inkişafına mühüm töhfə verir. Bütün bu addımlar bölgənin gələcəyinin yalnız bərpa deyil, dayanıqlı inkişaf üzərində qurulduğunu bir daha təsdiqləyir.
***
Son beş ildə azad edilmiş ərazilərdə görülən işlərin miqyası həm ölkə daxilində, həm də xaricdə böyük maraqla izlənilir. Bütün prosesin mərkəzində Prezident İlham Əliyevin işlərə şəxsi nəzarəti və ardıcıl fəaliyyəti dayanır. Qarabağ və Şərqi Zəngəzur bölgəsinə tez-tez səfər edən dövlətimizin başçısının proseslərə bilavasitə rəhbərliyi, diqqət və qayğısı olmadan bu layihələrin heç biri indiki tempdə həyata keçə bilməzdi. Prezident İlham Əliyev 5 il ərzində işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı yüzlərlə layihənin təməlini qoyub. Mühüm strateji əhəmiyyət kəsb edən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları, minlərlə kilometrlik yol-nəqliyyat infrastrukturu və sosial təyinatlı layihələr daxil olmaqla, çoxsaylı obyektlərin açılışını edib. Bura, həmçinin yeni yaşayış massivlərinin salınması, enerji infrastrukturunun qurulması və sosial obyektlərin istifadəyə verilməsi də daxildir. Xüsusilə, Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanlarının açılması region üçün dönüş nöqtəsi oldu. Hava limanları bölgəni ölkənin logistik xəritəsinə tam şəkildə inteqrasiya edir.
Yol-nəqliyyat infrastrukturu ilə yanaşı, tunellər, körpülər və dəmir yolu xətləri bölgədə həyatın ritmini tam dəyişib. Sosial obyektlərin – məktəb, xəstəxana, idman və mədəniyyət mərkəzlərinin açılışı isə məskunlaşma prosesinin dayanıqlılığını təmin edir. Dövlətimizin başçısının hər dəfə açılış mərasimində verdiyi mesajlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda quruculuq sadəcə bərpa deyil, yeni bir inkişaf modeli formalaşdırmaq məqsədi daşıyır. Bu, prosesin yalnız başlanğıcıdır və qarşıdakı illərdə bölgənin tamamilə çiçəklənmiş bir məkana çevriləcəyi heç bir şübhə doğurmur.
Azad edilmiş ərazilərdə həyata keçirilən sosial-iqtisadi siyasət bir məqsədə xidmət edir: regionu qısa zamanda dayanıqlı inkişaf məkanına çevirmək. Bunun üçün dövlət həm yerli, həm də xarici investorlar üçün əlverişli biznes mühiti formalaşdırır, sahibkarlığa geniş güzəştlər təqdim edir. Vergi və gömrük imtiyazları, subsidiyalar, kredit dəstəyi, investisiya təşviqi mexanizmləri bölgəyə kapital axınını sürətləndirmək üçün kompleks şəkildə tətbiq olunur. Bu siyasətin ən mühüm istiqamətlərindən biri sənaye zonalarının yaradılmasıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında formalaşdırılan sənaye və ixtisaslaşmış istehsal zonaları artıq ilk nəticələrini verməkdədir. Burada fəaliyyət göstərən müəssisələr həm yerli məşğulluğu artırır, həm də bölgənin iqtisadi dövriyyəyə real şəkildə qayıtmasına şərait yaradır. Hər yeni müəssisə, hər yeni istehsal sahəsi regionun gələcək inkişafına əlavə dəyər gətirir. Bu səylərin praktiki nəticələri artıq görünür. Hazırda 50 min nəfərdən çox insan azad edilmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır. Bu, həm infrastrukturun hazır olmasının, həm də iqtisadi imkanların genişlənməsinin göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası təkcə tikinti və infrastrukturdan ibarət deyil; burada paralel şəkildə yeni iqtisadi həyat, yeni biznes mühiti və yeni inkişaf fəlsəfəsi formalaşır.
İlyas HÜSEYNOV,
politoloq
İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq və inkişaf proqramı Azərbaycanın regional siyasətində yeni mərhələ formalaşdırır. Bu prosesin əsas özəlliyi ondan ibarətdir ki, dövlət quruculuq işlərini təkcə fiziki infrastrukturla məhdudlaşdırmır, paralel şəkildə sosial, iqtisadi və institusional sahələrdə tam inteqrasiya modelini tətbiq edir. Minalardan təmizləmə, yol-nəqliyyat infrastrukturunun qurulması, hava limanlarının istifadəyə verilməsi və şəhərsalma layihələri regionun təhlükəsiz və funksional məkan kimi formalaşmasının əsas baza mərhələsidir. Eyni zamanda, sosial xidmətlərin genişləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin tikintisi, mədəni və idman obyektlərinin bərpası əhalinin uzunmüddətli rifahını təmin edən əsas amillərdir. Bütün bunlarla yanaşı, sənaye zonalarının yaradılması, investisiya təşviqi paketləri və sahibkarlığa verilən güzəştlər azad edilmiş ərazilərin iqtisadi cəlbediciliyini ciddi şəkildə artırır. Artıq 50 min nəfərin burada yaşayaraq fəaliyyət göstərməsi bu siyasətin real nəticələr verdiyini göstərir.
Səxavət HƏMİD
XQ


