Avrasiyanın yeni təhlükəsizlik və rifah arxitekturası

post-img

Azərbaycanın tarixi qələbəsinin diplomatik çəkisi

Onilliklər boyunca Sovet imperiyasının süni sərhədləri ilə bir-birindən təcrid olunmuş, fərqli talelər yaşamağa məhkum edilmiş xalqlar tarixi yaddaşın və ortaq tale şüurunun diktəsi ilə möhtəşəm birləşmə prosesinə başlayıblar. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər qarşılıqlı maraqlara söykənən, dərin strateji məzmun kəsb edən və bütün qitənin gələcək arxitekturasına təsir etməyə qadir hərtərəfli inteqrasiya mərhələsinə qədəm qoyub. Şahid olduğumuz yaxınlaşma ötəri siyasi konyunkturun məhsulu və ya sadəcə iqtisadi praqmatizmin nəticəsi deyil. Bu proses, əslində, oxşar postsovet keçmişinin ağrılı dərslərindən, suverenliyin qorunması naminə aparılan çətin mübarizədən və qlobal nizamın yenidən formalaşdığı şəraitdə ortaq gələcək qurmaq zərurətindən doğan, soyuqqanlı şəkildə hesablanmış strateji seçimdir.

Suverenliklərini möhkəmləndirmək, ənənəvi böyük güclərdən asılılığı azaltmaq və qlobal səhnədə vahid mövqedən çıxış etmək üçün tarixi fürsət əldə edən dövlətlər Avrasiyanın geosiyasi tale ortaqlığını yenidən formalaşdırırlar. Qurulmaqda olan möhtəşəm inteqrasiya binasının möhkəm təməlini üç əsas və bir-birini tamamlayan ana xətt təşkil edir: enerji təhləkəsizliyi, transkontinental nəqliyyat-dəhliz siyasətləri və çoxşaxəli iqtisadi inteqrasiya. Bu strateji üçbucağın mərkəzində həlledici qovşaq nöqtəsində isə coğrafi mövqeyi, Zəfərlə möhkəmlənmiş geosiyasi çəkisi və uzaqgörən liderliyi ilə məhz Azərbaycan dayanır.

Bəli, Bakı Mərkəzi Asiyanın Qərbə açılan etibarlı qapısı, enerji və nəqliyyat strategiyalarının reallaşdığı “strateji mərkəz” statusunu qazanaraq bütün Avrasiya üçün yeni inkişaf, əməkdaşlıq üfüqləri açır. Ermənistanın tarixi prosesə qoşulması isə yalnız və yalnız regionda yaranmış yeni reallıqları qəbul etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusən ərazi bütövlüyü, suverenliyə hörmət şərtlərinə qeyd-şərtsiz əməl etməsindən asılı olacaq.

İnteqrasiya prosesini şərtləndirən əsas hərəkətverici qüvvə qlobal təchizat zəncirlərinin yenidən qurulduğu, dünyanın çoxqütblü nizama keçdiyi və hər dövlətin iqtisadi suverenliyini təmin etmək üçün yeni yollar axtardığı dəyişikliklər dövrüdür. Onilliklər boyunca Mərkəzi Asiya respublikaları üçün ənənəvi iqtisadi və logistik xətlər əsasən şimal qonşusunun nəzarətindən keçirdi. Bu vəziyyət region ölkələrinin dünya bazarlarına çıxışını məhdudlaşdırır, onların xarici siyasət manevrlərini çətinləşdirir və iqtisadiyyatlarını həssas vəziyyətdə saxlayırdı. Qlobal nizamın dəyişməsi şimal marşrutunun etibarlılığını ciddi şübhə altına aldı və onunla bağlı riskləri kəskin şəkildə artırdı. Həmin vəziyyət okeanlara birbaşa çıxışı olmayan Mərkəzi Asiya dövlətlərini iqtisadi həyat proseslərini şaxələndirmək, suverenliklərini möhkəmləndirmək və dünyaya inteqrasiya üçün etibarlı alternativlər axtarmaq kimi kəskin zərurət qarşısında qoydu. Çinin “Bir Kəmər Bir Yol” təşəbbüsü müəyyən imkanlar yaratsa da, eyni zamanda “borc tələsi” diplomatiyası və həddən artıq iqtisadi asılılıq ilə bağlı narahatlıqları da artırdı. Məhz həmin zamanda Cənubi Qafqazda suverenliyini tam bərpa etmiş, güclü iqtisadiyyat və müasir infrastruktura malik, balanslı xarici siyasət yürüdən dövlətimiz Mərkəzi Asiya üçün ən məntiqli strateji tərəfdaş kimi ön plana çıxdı.

Azərbaycanın təklif etdiyi tərəfdaşlıq modeli böyük güclərin patronajlığından (himayəsi) fərqli olaraq, bərabərhüquqluluq, qarşılıqlı hörmət və ortaq post-sovet keçmişinin problemlərini dərindən anlamaq prinsiplərinə söykənirdi. Ölkəmizin 44 günlük Vətən müharibəsindəki Zəfəri isə proses üçün həlledici psixoloji, siyasi təkan rolunu oynadı. Uğur hekayəsi suverenliklərini möhkəmləndirməyə çalışan Mərkəzi Asiya respublikalarının güclü ilham mənbəyinə və əsas inkişaf modelinə çevrildi.

İnteqrasiyanın ən mühüm sütunu enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlıqdır. Ölkəmiz hələ ötən əsrin sonlarından etibarən Ulu öndər Heydər Əliyevin müəllifi olduğu uzaqgörən neft strategiyası sayəsində Xəzər dənizinin enerji potensialını Qərbə və dünya bazarlarına çıxaran etibarlı tərəfdaş kimi özünü təsdiq etmişdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və son illərdə reallaşdırılan Cənub Qaz Dəhlizi (TANAP və TAP kəmərləri ilə birlikdə), sadəcə iqtisadi layihələr olmayıb, Avropanın enerji xəritəsini dəyişdirən, Rusiya qazından asılılığı azaldan və regionun geosiyasi arxitekturasını yenidən formalaşdıran strateji əhəmiyyətli təşəbbüslər idi. Azərbaycan bu layihələri vaxtında və uğurla həyata keçirməklə, həm də bütün Xəzər hövzəsi üçün yeni imkanlar pəncərəsi açdı.

Qazaxıstan və Türkmənistan nəhəng karbohidrogen ehtiyatlarına malik olmalarına baxmayaraq, coğrafi mövqelərinə görə həmin resursları Avropa bazarlarına çıxarmaqda daim çətinliklərlə üzləşiblər. Onların ənənəvi ixrac marşrutları əsasən şimaldan, yəni Rusiyadan keçirdi ki, həmin vəziyyət həm iqtisadi, həm də siyasi asılılıq yaradırdı. Qərb dünyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və Moskvanın enerji resurslarını siyasi təzyiq vasitəsi kimi istifadə etməsi şimal marşrutunun etibarlılığını tamamilə sarsıtdı. Bu məsələyə görə Qazaxıstan və Türkmənistan üçün Avropaya çıxış strategiyalarını şaxələndirmək həyati zərurətə çevrildi. Axtarışların yeganə məntiqli və real cavabı isə Azərbaycandan keçən yoldur.

Ölkəmiz Mərkəzi Asiyanın enerji resurslarını Qərbə nəql etmək üçün hazır, təhlükəsiz və siyasi cəhətdən neytral dəhliz təklif edir. Artıq Qazaxıstan neftinin Bakı–Tbilisi–Ceyhan kəməri vasitəsilə nəqli həcminin artırılması istiqamətində konkret addımlar atılır. Daha strateji hədəf isə onilliklərdir müzakirə olunan, lakin geosiyasi səbəblərdən reallaşmayan Transxəzər Qaz Kəməri layihəsinin həyata keçirilməsidir. Hazırkı beynəlxalq şərait layihənin icrası üçün heç vaxt olmadığı qədər əlverişli zəmin yaradır və Avropa İttifaqı da təşəbbüsdə maraqlı olduğunu açıq şəkildə bəyan edir. Azərbaycan Cənub Qaz Dəhlizi infrastrukturu ilə Trans–Xəzər layihəsinin Avropa hissəsi üçün hazır platforma təqdim edir.

Lakin Azərbaycan–Mərkəzi Asiya enerji tərəfdaşlığı təkcə karbohidrogenlərlə məhdudlaşmır. Bakı qlobal iqlim dəyişmələri ilə mübarizədə və “yaşıl enerji”yə keçid prosesində də regional lider rolunu öz üzərinə götürüb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng külək enerjisi potensialının reallaşdırılması istiqamətində dünyanın aparıcı şirkətləri ilə imzalanan müqavilələr Azərbaycanın gələcəyə baxışının aydın göstəricisidir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış, “yaşıl enerji”nin Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropaya ixracını nəzərdə tutan layihə isə strategiyanın beynəlxalq miqyasda təcəssümüdür. Nəzərə alaq ki, layihə Mərkəzi Asiya üçün də tamamilə yeni üfüqlər açır. Qazaxıstan və Özbəkistan kimi ölkələr nəhəng günəş, külək enerjisi potensialına malikdirlər. Azərbaycanın yaratdığı “yaşıl enerji” dəhlizi gələcəkdə Mərkəzi Asiyada istehsal olunacaq bərpaolunan enerjinin də Xəzər üzərindən keçməklə Avropa bazarlarına çatdırılması üçün unikal imkan yaradır.

İnteqrasiyanın enerji təhlükəsizliyi qədər əhəmiyyətli sütunu isə transkontinental nəqliyyat-dəhliz siyasətidir. Enerji dəhlizlərinin təhlükəsizliyi və səmərəliliyi etibarlı, şaxələndirilmiş nəqliyyat arteriyaları olmadan mümkün deyildir. Məhz bu sahədə Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığı son illərdə misli görünməmiş inkişafa nail olub. Qlobal geosiyasi rəqabətin kəskinləşməsi fonunda Çindən Avropaya uzanan ənənəvi nəqliyyat marşrutları ciddi risklərlə üzləşib. Şimal marşrutu Rusiya üzərindən keçdiyi üçün siyasi cəhətdən sanksiyalara həssasdır. Cənub marşrutu isə okeanlar vasitəsilə həyata keçirilir ki, həmin yol həm uzun, həm də Yaxın Şərqdəki qeyri-sabitliklərə görə təhlükəlidir. Bu şəraitdə Xəzər dənizindən, Azərbaycandan və Gürcüstandan keçərək Türkiyə vasitəsilə Avropaya çatan Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - TİTR) ən qısa, ən təhlükəsiz və ən səmərəli alternativ kimi ön plana çıxıb. Azərbaycan illərdir həmin dəhlizin inkişafına məqsədyönlü şəkildə sərmayə qoyub. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt qəsəbəsində tikilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkə daxilində avtomobil və dəmir yolu şəbəkəsinin tam modernləşdirilməsi kimi addımlar rəsmi Bakının strateji uzaqgörənliyinin nəticəsidir.

44 günlük Vətən müharibəsindəki Zəfər Orta Dəhlizin potensialını reallaşdırmaq üçün unikal imkanlar yaratdı. İşğaldan azad edilmiş ərazilərdə sürətlə qurulan müasir infrastruktur, o cümlədən yeni dəmir və avtomobil yolları, beynəlxalq hava limanları, regionun tranzit xəritəsini kökündən dəyişir. Prosesin pik nöqtəsi isə Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini bərpa etməyəcək. Dəhliz bütün Orta Dəhlizin coğrafiyasını optimallaşdıracaq, marşrutu daha da qısaldacaq və onun rəqabət qabiliyyətini kəskin şəkildə artıracaq. Məhz həmin səbəbdən Zəngəzur dəhlizi bütün Mərkəzi Asiya ölkələrinin, Çinin, Türkiyənin və Avropanın ortaq marağındadır. Ermənistanın həmin layihənin reallaşmasına mane olmaq cəhdləri, əslində İrəvanın bütün regionla və böyük güclərin iqtisadi maraqları ilə toqquşması deməkdir. Ölkənin inteqrasiya proseslərinə qoşulması üçün isə şərtlər aydındır: sülh müqaviləsini imzalamaq, qonşularının ərazi bütövlüyünü tanımaq və bütün kommunikasiyaların açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək. Əks təqdirdə, İrəvan özünü regionda formalaşan yeni əməkdaşlıq və rifah məkanından tamamilə təcrid etmiş olacaq və tarixi fürsəti əldən verəcək. İrəvanda düşünməlidirlər ki, Azərbaycanın və Mərkəzi Asiyanın inteqrasiya qatarı artıq sürət yığıb və yoluna inamla davam edir.

Strateji oxun üçüncü, lakin digərləri qədər mühüm komponenti enerji və nəqliyyat sahələrindən kənara çıxan hərtərəfli iqtisadi inteqrasiyadır. Məqsəd ölkələr arasında sərbəst ticarət mühiti yaratmaq, qarşılıqlı sərmayə qoyuluşunu təşviq etmək, sənaye kooperasiyasını dərinləşdirmək və vahid iqtisadi məkanın təməllərini qoymaqdır. Bu istiqamətdə artıq mühüm addımlar atılır. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Mərkəzi Asiya ölkələrinin enerji sektoruna sərmayə qoymaqda maraqlı olması, eyni zamanda, Mərkəzi Asiya şirkətlərinin Azərbaycandakı azad iqtisadi zonalarda (məsələn, Ələt Azad İqtisadi Zonasında) rezident kimi fəaliyyət göstərməsi kapitalın sərbəst hərəkətinin başlanğıcıdır. Ticarət dövriyyəsinin həcmi sürətlə artır, lakin əsas hədəf ticarətin strukturunu dəyişərək xammal ixracından emal olunmuş sənaye və kənd təsərrüfatı məhsullarının ixracına keçməkdir. Həmin məqsədlə Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu kimi birgə maliyyə institutlarının yaradılması inteqrasiyanın institusional təməllərini möhkəmləndirir.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan strateji tərəfdaşlıq Avrasiya geosiyasətini müəyyən edəcək ən mühüm hadisələrdən biridir. Həmin proses bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir. İnteqrasiya Şərqlə Qərbi birləşdirən etibarlı və proqnozlaşdırılabilən enerji, nəqliyyat dəhlizləri yaradır. Rəsmi Bakı Zəfərlə əldə etdiyi tarixi şansdan məharətlə istifadə edərək, bütün Avrasiya məkanında sülh, sabitlik və rifah arxitekturasının qurulmasına misilsiz töhfə verməkdədir. Bu, heç şübhəsiz, gələcək nəsillərin qürur duyacağı böyük tarixi missiyadır.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət