Berlinin Bakı seçimi

post-img

Qərb Azərbaycanın Cənubi Qafqazda güc mərkəzi olduğunu etiraf edir

Dekabrın 4-də Almaniya Kansleri Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bakı və İrəvan arasında yekun sülh danışıqlarının aparıldığı ərəfədə Almaniya rəhbərliyinin məlumat üçün məhz rəsmi Bakıya müraciət etməsi təsadüfi deyil. Çünki Berlin bu dəfə hansı tərəfin regionda real gündəm yaratdığını, kimin prosesləri istiqamətləndirən aktora çevrildiyini tam aydın dərk edir. Azərbaycan son illərdə yalnız regionun deyil, Avropanın da siyasi koordinat sistemini dəyişən addımlar atdığı üçün Almaniyanın bu zəngi faktiki olaraq yeni geosiyasi reallığın etirafıdır. Telefon zənginin məhz danışıqların həlledici mərhələsinə təsadüf etməsi isə Berlinin bundan sonra Cənubi Qafqazın gələcəyinə dair mövqeyini hansı mənbədən formalaşdıracağını göstərir.

Məlum olduğu kimi, telefon danışığında Kansler Merts Azərbaycan və Ermənistan arasında sülh gündəliyində əldə edilmiş irəliləyişləri xüsusi qeyd edib və bu prosesə verilən dəstəyi ifadə edib. Qərbin aparıcı siyasi mərkəzlərində Azərbaycanın son illərdə formalaşdırdığı diplomatik kursun real təsir gücü bu gün daha aydın sezilir. Çünki regionda sabitlik və təhlükəsizlikdən danışan hər bir Avropa paytaxtı artıq dərk edir ki, bu gündəmin əsas memarı Bakıdır. Prezident İlham Əliyev ötən il Berlində “Petersberq İqlim Dialoqu” çərçivəsində kansler Olaf Şoltsla görüşündə vurğulamışdı: “Almaniya–Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir”.

Prezident İlham Əliyevin bu vurğusu əslində Berlinə ötürülən strateji mesaj idi. Çünki Azərbaycan Cənubi Qafqazda yalnız enerji təchizatçısı deyil, həm də siyasi sabitlik yaradan mexanizmlərin əsas təşəbbüskarına çevrilib. Regionda iqtisadi əlaqələrin bərpası, nəqliyyat dəhlizlərinin açılması və davamlı təhlükəsizlik mühitinin formalaşdırılması üçün ən real baza məhz Bakı tərəfindən irəli sürülmüş konseptual yanaşmadır. Azərbaycanın TANAP, TAP, Bakı–Tbilisi–Qars və TRIPP kimi layihələrlə yaratdığı yeni coğrafi məntiq Avropa üçün alternativ, daha dayanıqlı enerji və nəqliyyat xəritəsi formalaşdırır.

Azərbaycan və Almaniya arasında son illərdə müşahidə olunan ticarət dövriyyəsinin artım meyli, iki ölkə arasında enerji və nəqliyyat istiqamətlərində formalaşan daha geniş strateji əməkdaşlığın təbii nəticəsidir. Məhz buna görə Berlin Azərbaycanın regional sabitlik və enerji təminatında etibarlı tərəfdaş kimi rolunu getdikcə daha real qiymətləndirir. Avropa İttifaqının enerji strategiyasında Azərbaycanın şaxələndirmə üçün “əsas mənbələrdən biri” kimi göstərilməsi də elə bu yanaşmanın institusional təsdiqidir. Üstəlik, Almaniya rəsmiləri çıxışlarında dəfələrlə vurğulayıblar ki, Azərbaycanla enerji və nəqliyyat sahəsində dərinləşən əməkdaşlıq təkcə ikitərəfli münasibətləri möhkəmləndirmir, həm də Avropanın təhlükəsizlik arxitekturasında yaranmış boşluqları dolduran strateji dayaqlardan birinə çevrilir.

Maraqlı məqam ondan ibarətdir ki, Almaniya rəhbərliyinin Ermənistan baş naziri Nikol Paşinyandan əvvəl Prezident İlham Əliyevlə təmas qurması Berlinin regionla bağlı prioritetlərinin hansı istiqamətdə cəmləndiyini aydın şəkildə nümayiş etdirir. Çünki İrəvanın son illərdə ardıcıl siyasi xətt formalaşdıra bilməməsi, daxili sabitliyin zəifləməsi, Moskva ilə münasibətlərin gərgin fazaya keçməsi və Qərbə inteqrasiya cəhdlərinin strateji əsasdan çox emosional addımlarla müşayiət olunması Almaniyanın Ermənistanı dayanıqlı tərəfdaş kimi qəbul etməsini çətinləşdirir. Elə bu fonda Azərbaycanın təqdim etdiyi sülh çərçivəsi, TRIPP dəhlizinin Avropa–Cənubi Qafqaz əlaqələrini yenidən dizayn edən potensialı və regionda iqtisadi koordinasiya imkanlarının məhz Bakıdan qaynaqlanması Berlin üçün Cənubi Qafqazda əməkdaşlıq perspektivlərini müəyyən edən əsas dayağa çevrilir.

Almaniyada fəaliyyət göstərən təhlükəsizlik və xarici siyasət institutlarının son aylarda dərc etdikləri təhlillər də göstərir ki, Cənubi Qafqazda dayanıqlı nizamın qurulması regional reallıqların düzgün oxunması və Azərbaycanla əməkdaşlığın gücləndirilməsi ilə mümkün görünür.

Bütün bu faktorları nəzərə aldıqda, Azərbaycan–Almaniya münasibətlərinin hazırda yeni mərhələyə qədəm qoyduğu tam aydın görünür. Enerji əməkdaşlığı dərinləşir, nəqliyyat-kommunikasiya xəritəsində Azərbaycanın açar rolu artır, Avropanın təhlükəsizlik gündəmi getdikcə Bakının müəyyən etdiyi parametrlərlə uzlaşır.

Almaniya kansleri Fridrix Merts də son aylarda enerji təhlükəsizliyi ilə bağlı çıxışlarında Avropanın alternativ marşrutlara ehtiyacının artdığını bildirir və Almaniya hökumətinə təqdim olunan strateji hesabatlarda Azərbaycan əsas şaxələndirmə tərəfdaşlarından biri kimi qiymətləndirilir. Azərbaycanın təqdim etdiyi sülh modeli, iqtisadi inteqrasiya çərçivəsi və Cənubi Qafqazın gələcək strukturunu müəyyən edən yeni diplomatik xətt Berlinin region siyasətinə tamamilə başqa rakursdan baxmağa vadar edir.

Azərbaycanın regional liderlik rolu Avropa üçün strateji əhəmiyyəti və təqdim etdiyi aydın siyasi konsepsiya bu danışıqda bir daha öz təsdiqini tapdı. Bakı–Berlin xəttinin qarşıdakı illərdə daha fəal, daha çevik və daha dərin siyasi gündəm quracağı şübhə doğurmur. Almaniya artıq anlayır ki, Cənubi Qafqazda davamlı sülh yalnız Azərbaycanın formalaşdırdığı rasional model üzərində mümkündür və bu reallığı nəzərə almadan Avropanın regional siyasəti nəticə verə bilməz.

Tacir SADIQOV
XQ

Siyasət